AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.11.2009
QEYDİYYAT NÖMRƏSİ
181
ADI
"Ərzaq balansının tərtib olunması Qaydası"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2009, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 940)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
20.11.2009
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Ərzaq balansının tərtib olunması Qaydası"nın təsdiq edilməsi haqqında

"Ərzaq balansının tərtib olunması Qaydası"nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 49 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ərzaq balansının tərtib olunması  Qaydası" təsdiq edilsin (əlavə olunur).

2.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

 

Bakı şəhəri, 20 noyabr  2009-cu il

№ 181


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2009-cu il 20 noyabr tarixli 181 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ərzaq balansının tərtib olunması

 

QAYDASI

 

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qayda "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 756-III QD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 49 nömrəli Fərmanına  uyğun olaraq hazırlanmışdır və ərzaq balansının tərtib olunması prosedurunu tənzimləyir.

1.2. Ərzaq balansının tərtib olunması hər il Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış metodologiya əsasında həyata keçirilir. [2]

 

2. ƏRZAQ BALANSININ TƏRKİBİNƏ DAXİL OLAN MƏHSULLAR

 

Ərzaq balansının tərtib olunması aşağıdakı məhsul növləri üzrə aparılır:

 

- buğda

- sair dənlilər

- dənli paxlalılar

- un

- çörək və çörək məmulatları

- düyü

- yarmalar

- makaron məmulatları

- kartof

- soğan

- sair tərəvəzlər

- bostan məhsulları

- meyvə və giləmeyvələr

- ət və ət məhsulları

- süd və süd məhsulları

- pendir

- yumurta

- balıq və balıq məhsulları

- bitki yağları

- marqarin

- kərə yağı

- meyvə və tərəvəz konservləri

- şəkər

- qənnadı məmulatları

- çay

- duz.

 

3. ƏRZAQ BALANSININ TƏRTİB OLUNMASI ÜÇÜN TƏLƏB OLUNAN MƏLUMATLAR

 

3.1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi dövlət ərzaq ehtiyatlarına tələb olunan həcmlərə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müvafiq ərzaq məhsullarının idxal-ixracına, yerli icra hakimiyyəti orqanları kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatları hər il Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim edir.

3.2. Azərbaycan Respublikasının  Dövlət Statistika Komitəsi rəsmi statistika hesabatları ilə əhatə olunması mümkün olmayan müvafiq ərzaq məhsulları üzrə balans göstəricilərinin əldə edilməsi məqsədi ilə xüsusi sorğular aparır.

3.3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi alınmış məlumatlar əsasında hesabat ili üçün ölkənin ərzaq balansını işləyib hazırlayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edir.

 

4. ƏRZAQ BALANSININ VAXTLI-VAXTINDA TƏRTİB OLUNMASINI TƏMİN ETMƏK ÜÇÜN AİDİYYƏTİ ORQANLARIN ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏR

 

4.1. Bu Qaydalara uyğun olaraq, aidiyyəti orqanlar ərzaq balansının tərtibi üçün müvafiq illik məlumatları aşağıdakı qrafik əsasında Azərbaycan Respublikasının  Dövlət Statistika Komitəsinə təqdim edirlər:

- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən dövlət ərzaq ehtiyatlarına dair məlumatları yanvarın 15-dək;

- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq ərzaq məhsullarının idxal-ixracına dair məlumatları yanvarın 15-dək;

- yerli icra hakimiyyəti orqanları bələdiyyələrin də məlumatlarını nəzərə almaqla, kənd təsərrüfatı məhsullarının istehsalına dair məlumatları yanvarın 20-dək.

4.2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi rəsmi statistika hesabatları ilə əhatə olunması mümkün olmayan göstəricilərin əldə edilməsi məqsədi ilə xüsusi sorğular vasitəsilə əldə edilmiş məlumatları martın 15-dək ümumiləşdirir.

4.3. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq metodologiya əsasında hesabat ili üçün tərtib olunmuş ilkin ərzaq balansını yanvarın 30-dək, son  ərzaq balansını isə aprelin 15-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edir.

4.4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hesabat ili üçün hazırlanmış ərzaq balansı əsasında tərtib olunmuş cari ilin gözlənilən ərzaq balansını mayın 15-dək, növbəti ilin proqnoz ərzaq balansını isə "Azərbaycan Respublikasının iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" ilə birlikdə sentyabrın 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.

4.5. Ərzaq balansının tərtibi zamanı dövlət sirri təşkil edən məlumatların mühafizəsi, məxfiləşdirilməsi, istifadə edilməsi və digər məsələlər qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

3.       30 mart 2021-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 aprel 2021-ci il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 299)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 mart 2021-ci il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 aprel 2021-ci il, № 66, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 299) ilə ləğv edilmişdir.

 

[2] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Ərzaq balansının tərtib olunması Qaydası”nın 1.2-ci, 3.3-cü, 4.3-cü və 4.4-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Ərzaq balansının tərtib olunması Qaydası”nın 1.2-ci, 3.3-cü, 4.3-cü və 4.4-cü bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status