250.000.000
"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 478; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 237, maddə 241) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 47-ci maddənin 7-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.".
2. 56-cı maddənin 2-ci bəndinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər.";
həmin maddənin 5-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.".
3. 86-cı maddənin 2-ci bəndində "istifadəsində olan bələdiyyə torpaqları" sözləri "istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları" sözləri ilə əvəz edilsin.
4. 96-cı maddənin 4-cü bəndində "kənd təsərrüfatı məqsədləri üçün satıldıqda torpaq qanunvericiliyindəki güzəştlər nəzərə alınır" sözləri "öz vəsaitləri hesabına yararlı hala salaraq kənd təsərrüfatı məhsulları istehsal edən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satıldıqda bu torpaqlarda torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qiymət güzəştləri tətbiq olunur" sözləri ilə əvəz edilsin.
II. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 7, maddə 390; 2002-ci il, № 5, maddə 241) 9-cu maddəsinin yeddinci hissəsində "və yeni torpaqların mülki dövriyyəyə cəlb edilməsi proqramları barədə əhalini mütəmadi" sözləri ", bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yer göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən" sözləri ilə əvəz edilsin.
III. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 7, maddə 405) 30-cu maddəsinin 2-ci bəndinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar.".
IV. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2002-ci il
№ 393-IIQD