×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
25.12.2009
QEYDİYYAT NÖMRƏSİ
203
ADI
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-12-2009, Nəşr nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2009, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 991)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur). [2]

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

2.1. iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. iki ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. üç ay müddətində Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə istehlakçıların hüquqlarının müdafiəsini və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi haqqında təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, istehlakçıların hüquqlarının müdafiəsi sahəsində səlahiyyətləri daxilində gördükləri işlər, həyata keçirdikləri yoxlama, monitorinq və digər nəzarət tədbirləri haqqında məlumatları ildə bir dəfə - hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin yanvar ayının 31-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etsinlər.

4. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu fərmanın 3-cü bəndinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan məlumatları ümumiləşdirib ölkədə istehlakçıların hüquqlarının müdafiəsi vəziyyəti haqqında hesabatı ildə bir dəfə - hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin mart ayının 31-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

6. "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №12, maddə 1051; 2008-ci il, № 4, maddə 255, № 11, maddə 970, № 12, maddə 1065) 1-ci, 5-ci və 6-cı bəndləri qüvvədən düşmüş hesab edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2009-cu il

     № 203

 


 

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 25 dekabr tarixli, 203 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında [3]

 

ƏSASNAMƏ

 

I. Ümumi müddəalar

 

1. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra — Xidmət) inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınmasını, məhdudlaşdırılmasını və aradan qaldırılmasını, əmtəə və xidmət (o cümlədən maliyyə xidmətləri) bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunmasını, bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən, antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət normalarına və qaydalarına riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. [4]

3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və öz regional bölmələri vasitəsilə həyata keçirir.

4. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan mənbələr hesabına maliyyələşdirilir.

7. Xidmət Bakı şəhərində yerləşir.

 

II. Xidmətin fəaliyyətinin istiqamətləri

 

8. Xidmətin fəaliyyətinin istiqamətləri aşağıdakılardır:

8.1. inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, rəqabətin inkişafı və təşviqi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi sahələrində dövlət siyasətinin hazırlanması ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyinə təkliflər verir və bu sahədə müəyyən olunmuş siyasətin səlahiyyətləri daxilində həyata keçirilməsini təmin edir;

8.2. antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mövcud norma və qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;

8.3. inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin və istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və aradan qaldırılması sahələrində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

8.4. yeyinti məhsullarının Avropa İttifaqı ölkələrinə ixracının tənzimlənməsi sahəsində zəruri tədbirlərin görülməsini təmin edir;

8.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. Xidmətin vəzifələri

 

9. Xidmət bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

9.1. antiinhisar (rəqabət), reklam, istehlakçıların hüquqlarının müdafiəsi və fəaliyyət dairəsinə aid digər sahələrdə normativ tənzimləməni həyata keçirmək məqsədilə müvafiq sənədlərin layihələrini hazırlamaq;

9.2. inhisarsızlaşdırma, bazarda rəqabət mühitinin, ticarətin inkişafı, istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrini hazırlamaq və qəbul (təsdiq) olunduqdan sonra həyata keçirilməsini səlahiyyətləri daxilində təmin etmək;

9.3. rəqabətin təşviq etdirilməsi və qorunması, rəqabət mühiti yaradan iqtisadi strukturların, kiçik və orta müəssisələrin inkişaf etdirilməsi üzrə səlahiyyətləri daxilində tədbirlər görmək;

9.4. inhisarçılıq fəaliyyətinin qarşısının alınması, rəqabətin qorunması, reklam fəaliyyəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının, qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) fəaliyyətlərini səlahiyyətləri daxilində əlaqələndirmək;

9.5. mülkiyyət formasından asılı olmayaraq, əmtəələrin istehsalı, satışı (əldə edilməsi), işlərin görülməsi və xidmətlərin (o cümlədən, maliyyə xidmətləri) göstərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər və ya onların birlikləri (bundan sonra — təsərrüfat subyektləri), dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətini həyata keçirmək, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının alınması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;

9.6. antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektləri tərəfindən tətbiq olunan haqsız rəqabət hallarının aşkarlanması, onların aradan qaldırılması, bazarda ilkin (qeyri-inhisar) vəziyyətin bərpa edilməsi və qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək;

9.7. əmtəə və maliyyə xidmətləri bazarlarında istehsal və xidmətlərin həcmi, idxal-ixrac əməliyyatlarına dair və qanunvericiliyə uyğun olaraq digər mənbələrdən əldə olunan məlumatlar əsasında rəqabətin vəziyyətini araşdırmaq və təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək;

9.8. təsərrüfat subyektlərinin, dövlət və bələdiyyə müəssisələrinin yaradılması, yenidən təşkili, ləğv edilməsi, onlar arasında bağlanmış əqdlərin həyata keçirilməsi, o cümlədən nizamnamə kapitalındakı qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş payların (səhm zərfinin) alınması zamanı antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada razılıq alınmaqla aparılmalı olan belə hərəkətlərin həyata keçirilməsinə razılıq vermək;

9.9. hökmran mövqedən sui-istifadə edən, inhisarçılıq fəaliyyəti göstərən, öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran və istehlakçıların mənafelərini pozan təsərrüfat subyektləri ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görmək;

9.10. qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyə-sənaye qruplarının fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, qanun pozuntusuna yol vermiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görmək;

9.11. maliyyə-sənaye qruplarının dövlət qeydiyyatından keçməsinə, yaradılması haqqında müqavilə şərtlərində və qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərə antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə uyğunluğu barədə rəy vermək;

9.12. qanunvericiliyə uyğun olaraq dövlət satınalmaları zamanı antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə riayət edilməsinə nəzarət etmək;

9.13. təsərrüfat subyektlərinin, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə bağladıqları saziş və müqavilələrin milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda tədbirlər görmək;

9.14. qanunvericiliyə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, onlar tərəfindən istehlakçıların mənafeyinə və rəqabətə mənfi təsir göstərə bilən hərəkətlərin qarşısının alınması və aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.15. təbii inhisar subyektlərinin hər biri üçün tətbiq edilməli olan tənzimləmə üsullarını müəyyən etmək və onların tətbiqini təmin etmək;

9.16. təbii inhisar subyektlərinin qanunvericiliklə müəyyən edilmiş dövlət nəzarətində olan hərəkətlərinin həyata keçirilməsinə razılıq vermək;

9.17. təbii inhisar subyektlərinin siyahısının müəyyən edilməsi məqsədi ilə təkliflər vermək, həmçinin maliyyə-sənaye qruplarının, müvafiq əmtəə bazarında payı qanunvericiliklə müəyyən edilmiş həddən çox olan müəssisələrin dövlət reyestrlərini aparmaq;

9.18. süni şəkildə qiymətlərlə manipulyasiya edilməsinə, qiymət ayrı-seçkiliyinə və qiymətlərin dempinqinə qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.19. qiymətlərin artmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması məqsədilə hər bir əmtəə bazarı üzrə monitorinqlər aparmaq;

9.20. təsərrüfat subyektlərinin antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması nəticəsində əldə etdikləri mənfəətin dövlət büdcəsinə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görmək;

9.21. hüquqi və fiziki şəxslərin reklam fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək, reklam haqqında qanunvericiliyin tələblərinə uyğun gəlməyən, o cümlədən istehlakçıları aldadan, onları çaşdıran, həqiqətə uyğun olmayan reklam yayımlarının qarşısını almaq və səlahiyyətləri daxilində bu sahədə digər tədbirlər həyata keçirmək;

9.22. istehlakçıların hüquqlarını müdafiə etmək, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mövcud norma və qaydalara riayət olunmasına, istehlak bazarında malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək, bu sahədə qanun pozuntularının aradan qaldırılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək, zəruri hallarda aşkar edilmiş nöqsan və qüsurların aradan qaldırılması ilə əlaqədar aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;

9.23. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, insanların həyatı və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, mənşəyi məlum olmayan, saxlanma və yararlılıq müddəti ötmüş malların (işlərin, xidmətlərin) satışının (icrasının) qarşısını almaq üçün və belə malların (işlərin, xidmətlərin) satışı (icrası) ilə məşğul olan şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.24. istehlakçıların hüquqlarının müdafiəsi və haqsız rəqabətin qarşısının alınması məqsədilə saxtalaşdırmaya qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.25. buraxılması və ya satılması qadağan olunmuş malların satılmasına, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun və satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.26. istehlakçıların çəkidə (ölçüdə), qiymətdə, hesabda aldadılmasına, mallar (işlər və xidmətlər) barədə istehlakçılara tam və düzgün məlumatların (keyfiyyəti, kəmiyyəti və s.) verilməməsinə, satış (icra) və mallara (işlərə və xidmətlərə) müvafiq zəmanətlərin verilməsi zamanı istehlakçılarla müqavilə şərtlərinin və qanunvericiliyin tələblərinin pozulmasına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.27. özgənin ticarət markalarından və əmtəə (xidmət) nişanlarından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan qeyri-qanuni istifadə olunmasına qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək, zəruri hallarda aşkar edilmiş nöqsan və qüsurların aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına təqdimatlar vermək;

9.28. qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) satışı (icrası) zamanı qiymət intizamına öz səlahiyyətləri daxilində nəzarət etmək;

9.29. istehlakçıların hüquqlarını məhdudlaşdıran müqavilə şərtlərinin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.30. yolverilməz reklam vasitəsilə satıcılar, istehsalçılar və reklamçılar tərəfindən istehlakçıların aldadılmasının qarşısını almaq üçün qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək və belə reklamların yayımının dayandırılması üçün aidiyyəti təşkilatlara icrası məcburi olan göstərişlər vermək;

9.31. səlahiyyətləri daxilində satılan malların (işlərin, xidmətlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin genişlənməsi barədə təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

9.32. öz səlahiyyətləri daxilində taxıl məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək, onların keyfiyyətinin müəyyən edilmiş qaydada təyin edilmiş ixtisaslaşdırılmış laboratoriyalarda vahid metodika əsasında qiymətləndirilməsini təmin etmək;

9.33. malın mənşə ölkəsini təsdiq edən sertifikat vermək, tabeliyindəki hüquqi şəxs olan qurumlar vasitəsilə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək; [5]

9.34. Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrində infrastruktur və məhsulların təhlükəsizlik meyarları üzrə ekspertizalar keçirmək, müəssisələrə təsdiqedici kod nömrələri və ixracatçılara ekspertizanın nəticələrini təsdiq edən sənədlər vermək (o cümlədən keyfiyyət sertifikatı), həmin məhsulların keyfiyyətinə nəzarət sistemini tətbiq etmək, istehsal və emal müəssisələrinin reyestrini aparmaq və Avropa İttifaqının bu sahədə müvafiq tələblərinin icrasını həyata keçirmək;

9.35. malların (işlərin, xidmətlərin) keyfiyyəti və təhlükəsizliyi sahəsində tələblərin (standartların, təhlükəsizlik normalarının, keyfiyyətə nəzarət sistemlərinin, malların qablaşdırılması qaydalarının, yeyinti məhsullarının daşınması və saxlanması qaydalarının, ekoloji, baytarlıq, sanitar və fitosanitar normaların, malların, işlərin və xidmətlərin göstərilən normalara uyğunluğunun təmin edilməsi metodlarının) tətbiqi məqsədilə müvafiq orqanlarla qarşılıqlı fəaliyyət göstərmək;

9.36. istehlakçıların maarifləndirilməsi, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində mütəxəssislərin hazırlanması üzrə zəruri tədbirlər görmək;

9.37. fəaliyyət istiqamətləri üzrə aparılan araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və onların nəticələri ilə bağlı görülən işlərə dair məlumatları təhlil etmək və vahid informasiya bankı yaratmaq;

9.38. qanun pozuntularına yol vermiş şəxslərin əməllərində cinayət məsuliyyəti yaradan hallar olduqda materialları hüquq mühafizə orqanlarına göndərmək;

9.39. ticarət, ictimai iaşə və digər növ xidmət qaydalarının, istehlak mallarının (xidmətlərin) keyfiyyəti və təhlükəsizliyi üzrə tələblərin pozulması haqqında istehlakçıların şikayət və təkliflərinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxmaq;

9.40. tabeliyindəki hüquqi şəxs olan qurumları vasitəsilə ticarət və ictimai iaşə obyektlərində qida təhlükəsizliyinin idarə edilməsi sistemləri ilə bağlı müvafiq planların hazırlanması, tətbiqi, eləcə də həmin obyektlərin modernləşdirilməsi və texniki cəhətdən yenidən qurulması sahəsində zəruri metodiki və məsləhət xidmətləri göstərmək;

9.41. Xidmətin fəaliyyətinin təşkili ilə bağlı ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və s. maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

9.42. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin icrasını öz səlahiyyətləri daxilində təmin etmək;

9.43. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirlərini görmək;

9.44. qanunvericiliyin pozulması ilə bağlı səlahiyyətlərinə aid edilmiş inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkar şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək;

9.45. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yenilənməsini təmin etmək;

9.46. fəaliyyət istiqamətləri üzrə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;

9.47. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

9.48. daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

9.49. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV. Xidmətin hüquqları

 

10. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

10.1. fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

10.2. fəaliyyət istiqamətləri üzrə iqtisadi və digər sahələrə aid normativ hüquqi aktların və normativ sənədlərin layihələrinə rəy və təkliflər vermək;

10.3. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təkliflər vermək;

10.4 vəzifə və funksiyalarını həyata keçirmək üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, təsərrüfat subyektlərinə, təbii inhisar, dövlət inhisarı subyektlərinə, vəzifəli şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan həmin məlumatları (sənədləri), habelə antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması ilə bağlı yazılı (şifahi) izahatlar almaq;

10.5. qanunvericiliklə müəyyən olunmuş qaydada antiinhisar (rəqabət) siyasəti, istehlakçıların hüquqlarının müdafiəsi və reklam fəaliyyətinin tənzimlənməsi sahəsində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

10.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq analitik materiallar hazırlamaq, rəy vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, təkliflər vermək;

10.7. antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət norma və qaydalarına riayət edilməsinə, istehlak mallarının (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti məqsədilə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada araşdırmalar, monitorinqlər, yoxlamalar, ekspertizalar və digər nəzarət tədbirləri keçirmək, aşkar olunmuş qanun pozuntuları ilə bağlı aktlar tərtib etmək, pozuntuların aradan qaldırılmasını tələb etmək, qərarlar qəbul etmək, icrası məcburi olan göstərişlər və rəsmi xəbərdarlıqlar vermək;

10.8. təbii inhisar subyektlərindən qanunvericiliklə müəyyən edilmiş illik hesabatları, investisiya layihələrini, digər sənədləri, məlumatları almaq və təhlil etmək;

10.9. antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxmaq, pozuntuların dayandırılması və (və ya) onların nəticələrinin aradan qaldırılması, maliyyə sanksiyalarının tətbiq olunması və antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş digər məsuliyyət tədbirlərinin tətbiqi haqqında qərarlar qəbul etmək və icrası məcburi olan göstərişlər vermək;

10.10. hökmran mövqedən sui-istifadə edərək inhisarçılıq fəaliyyəti göstərən, öz hərəkətləri ilə rəqabəti məhdudlaşdıran təsərrüfat subyektlərinin və maliyyə təsisatlarının təşkilati, texnoloji və ərazi şəraitinin imkan verdiyi halda məcburi bölünməsi haqqında qərar qəbul etmək, bölünmə müddətini müəyyən etmək, bölünmə mümkün olmadıqda onların inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericiliyə uyğun müvafiq tədbirlərin tətbiqi haqqında təkliflər vermək;

10.11. antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması barədə verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası , tətbiq olunmuş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması məqsədilə məhkəməyə müraciət etmək; [6]

10.12. təbii inhisar subyektlərinin siyahısının müəyyən edilməsi məqsədi ilə təkliflər vermək, həmçinin maliyyə-sənaye qruplarının və müvafiq əmtəə bazarında payı qanunvericiliklə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrinə daxil edilməsi və ya dövlət reyestrindən çıxarılması barədə qərarlar qəbul etmək üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarından, təsərrüfat subyektlərindən məlumatlar almaq; [7]

10.13. təbii inhisar və ya dövlət inhisarı subyekti qanunvericiliklə müəyyən edilmiş müstəqil tənzimləmə rejiminə tabe olmadıqda, rəqabətin pozulması hallarının qarşısını almaq və aradan qaldırmaq məqsədilə qiymət, istehsalın həcmi və xidmət şərtləri ilə əlaqədar həmin subyektlərə icrası məcburi olan göstərişlər (qərarlar) vermək və bununla bağlı antiinhisar qanunvericiliyində nəzərdə tutulan məsuliyyət tədbirləri həyata keçirmək;

10.14. antiinhisar (rəqabət) və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar təsərrüfat subyektlərinə verilmiş xüsusi razılıq (lisenziya) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün onu vermiş icra hakimiyyəti orqanlarına təqdimatlar vermək;

10.15. antiinhisar (rəqabət) qanunvericiliyini pozan şəxslər maliyyə sanksiyasını vaxtında ödəmədiyi və ya qismən ödədiyi halda, maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək və bu qərarın məcburi qaydada icrası üçün onu icra məmurlarına göndərmək; [8]

10.16. antiinhisar (rəqabət) qanunvericiliyini pozmuş şəxslərdən maliyyə sanksiyalarının dövlət büdcəsinə alınmasını təmin etmək məqsədilə onların hesablaşma, valyuta və ya digər hesablarına həbs qoyulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmədə iddia qaldırmaq; [9]

10.17. maliyyə-sənaye qruplarından, təbii inhisar subyektlərindən, inhisarçı müəssisələrdən qanunvericiliklə müəyyən edilmiş qaydada onların fəaliyyəti haqqında hesabatlar, zəruri olan digər sənədlər və məlumatlar, o cümlədən təbii inhisar subyektlərinin investisiya layihələrini almaq;

10.18. reklam sifarişçilərindən, istehsalçılarından, yayıcılarından və agentliklərindən bütün materialları əldə etmək, onlara qanunvericiliyin pozulmasına yol verdikləri haqqında xəbərdarlıqlar, əks reklam yayımlanması və digər pozuntuların aradan qaldırılması haqqında icrası məcburi olan göstəriş (qərar) vermək;

10.19. antiinhisar (rəqabət) və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə dövlət nəzarətini həyata keçirmək məqsədilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslərin satış, xidmət, saxlama və digər sahələrinə, o cümlədən antiinhisar (rəqabət) qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə istehsal sahələrinə qanunvericiliyə uyğun olaraq sərbəst daxil olmaq, zəruri məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan istehlak mallarının müayinəsini, zəruri hallarda alışını həyata keçirmək;

10.20. müvafiq sənədləşdirmə aparmaqla mallardan sınaq nümunələri götürmək, keyfiyyətinin və təhlükəsizliyinin normativ sənədlərin tələblərinə uyğunluğunu qiymətləndirmək, müvafiq tələblərə cavab verməyən mallar barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək, aşkar edilmiş nöqsan və qüsurların aradan qaldırılması ilə bağlı zəruri hallarda müvafiq dövlət orqanlarına təqdimatlar vermək;

10.21. mallarda (işlərdə, xidmətlərdə) normativ sənədlərin və qanunvericilik aktlarının tələblərinin pozulduğu aşkar edildikdə, pozuntulara yol vermiş şəxslərə iradnamə və tələbnamələr vermək, zəruri hallarda onlara verilmiş sertifikat və şəhadətnamələrə yenidən baxılması üçün müvafiq dövlət orqanlarına təqdimatlar vermək;

10.22. yararlılıq müddəti ötmüş, satışı qadağan olunmuş, saxtalaşdırılmış, mənşəyi məlum olmayan, istifadəyə yararsız, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış, insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli malların (işlərin, xidmətlərin), əmtəə partiyalarının satışının (icrasının) dayandırılması, dövriyyədən (satışdan) çıxarılması, o cümlədən antiinhisar (rəqabət) qanunvericiliyinin tələblərinə əməl olunması və haqsız rəqabət hallarının qarşısının alınması üçün belə malların (işlərin, xidmətlərin) istehsalının dayandırılması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada qərarlar qəbul etmək;

10.23. taxılçılıq fəaliyyəti subyektləri tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq, bu məqsədlə monitorinq, araşdırma və ekspertizalar keçirmək, bu işlərin nəticələri üzrə qanunvericiliyə uyğun qərarlar qəbul etmək, icrası məcburi olan göstərişlər vermək və qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görmək;

10.24. istifadəyə yararsız malların götürülməsi, zərərsizləşdirilməsi, təkrar emalı və ya məhv edilməsi barədə mövcud qanunvericiliyə uyğun olaraq qərar qəbul etmək və həmin qərarların icrasına nəzarət etmək;

10.25. vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmələrə iddialarla (ərizələrlə) müraciət etmək və öz adından məhkəmələrdə iştirak etmək;

10.26. antiinhisar (rəqabət), reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində qanunvericiliyin tələblərinin pozulmasına və pozuntuların aradan qaldırılmasına dair verilmiş icrası məcburi göstərişləri yerinə yetirməyən şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

10.27. fəaliyyət istiqamətləri üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada laboratoriya və məsləhət xidmətləri göstərmək;

10.28. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

10.29. öz vəzifələrini icra edərkən hüquq-mühafizə və digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək;

10.30. qanunvericiliklə müəyyən edilmiş qaydada dövri mətbuat orqanı təsis etmək, xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

10.31. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

V. Xidmətin fəaliyyətinin təşkili

 

11.1. Xidmətə Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

11.2. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və funksiyaların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

11.3. Xidmətin rəisinin Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini vardır.

12. Xidmətin rəisi:

12.1. Xidmətin işini təşkil edir və ona rəhbərlik edir;

12.2. Xidmətin rəis müavinləri arasında vəzifə bölgüsünü aparır;

12.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının, regional bölmələrinin strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edir;

12.4. Xidmətin rəis müavinləri, regional bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini və səlahiyyətləri daxilində tabeliyindəki hüquqi şəxs olan qurumların rəhbər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, barələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

12.5. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsinə dair hesabatları Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim edir;

12.6. tabeliyində olan qurumlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər və göstərişlər verir;

12.7. Xidməti bütün dövlət və yerli özünüidarəetmə orqanları, habelə kommersiya və qeyri-kommersiya təşkilatları, fiziki şəxslərlə münasibətlərdə və məhkəmələrdə etibarnaməsiz təmsil edir;

12.8. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə mütəmadi olaraq hesabat verir;

12.9. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

13. Müəyyən edilmiş əmək haqqı və işçilərin say həddi daxilində Xidmətin regional bölmələri İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılır və ləğv edilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 aprel 2011-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 aprel 2011-ci il, № 78,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 277)

  1. 10 fevral 2014-cü il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 114)
  2. 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)
  3. 14 sentyabr 2015-ci il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 984)
  4. 28 aprel 2016-cı il tarixli 888 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 may 2016-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №4, maddə 693)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə Fərmanın adında, preambulasında, 1, 3, 4 və 5-ci hissələrində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

28 aprel 2016-cı il tarixli 888 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 may 2016-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №4, maddə 693) ilə adından, preambuladan, 3-cü və 4-cü hissələrdən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 28 aprel 2016-cı il tarixli 888 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 4 may 2016-cı il, № 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №4, maddə 693) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[3] 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 1, 2 və 5-ci hissələrində, 8.1, 12.3, 12.5, 12.8-ci bəndlərində və 13-cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz  edilmişdir.

 

[4] 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 2-ci hissəsində, 11.1 və 11.3-cü bəndlərində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[5] 13 aprel 2011-ci il tarixli 408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 14 aprel 2011-ci il, № 78,  Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 04, maddə 277) ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.33-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

9.33. tabeliyindəki hüquqi şəxs olan qurumları vasitəsilə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizalar keçirmək, onların nəticələrini təsdiq edən sənədlər (mənşə sertifikatı) vermək;

 

[6] 14 sentyabr 2015-ci il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 984) ilə 10.11-ci bənddən “, tətbiq olunmuş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması” sözləri çıxarılmışdır.

 

[7] 10 fevral 2014-cü il tarixli 107 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 114) ilə “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 9.17-ci və 10.12-ci yarımbəndlərində “təbii inhisar subyektlərinin,” sözləri “təbii inhisar subyektlərinin siyahısının müəyyən edilməsi məqsədi ilə təkliflər vermək, həmçinin” sözləri ilə əvəz edilmişdir.

 

[8] 14 sentyabr 2015-ci il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 984) ilə 10.15-ci bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

10.15. antiinhisar (rəqabət) qanunvericiliyini pozan şəxslər tərəfindən müəyyən edilmiş qaydada və müddətdə ödənilməyən maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına qanunvericiliklə müəyyən edilmiş qaydada icra sənədi olan göstəriş (qərar) vermək;

 

[9] 14 sentyabr 2015-ci il tarixli 597 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 15 sentyabr 2015-ci il, № 201, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №9, maddə 984) ilə 10.16-cı bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status