AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
04.12.2009
QEYDİYYAT NÖMRƏSİ
930-IIIQ
ADI
Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-12-2009, Nəşr nömrəsi: 290), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2009, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 972)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
370.000.000
380.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 dekabr 2009-cu il

№ 930-IIIQ

 


 

Azərbaycan Respublikasının 2009-cu il

4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Miqrasiya orqanlarında qulluq keçmə haqqında

 

ƏSASNAMƏ

 

Bu Əsasnamə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

 

I fəsil.

 

ÜMUMİ MÜDDƏALAR

 

1. Miqrasiya orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.

2. Miqrasiya orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş miqrasiya orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Miqrasiya orqanlarının işçiləri qulluq keçərkən, qanunun tələblərini rəhbər tutaraq, səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər.

3. Miqrasiya orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Əsasnamə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.

4. Miqrasiya orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Əsasnamə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. [1]

5. Bu Əsasnamə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan işçilərinə şamil edilir.

5-1. Miqrasiya orqanlarında işləyən şəxslər arasında qulluq münasibətlərinin tənzimlənməsi və ixtisas keyfiyyətlərinin müəyyən edilməsi məqsədi ilə bu orqanlarda kiçik, orta, böyük və ali xüsusi rütbələr nəzərdə tutulan vəzifələr və xüsusi rütbələr müəyyən olunur. [2]

6. Əmək münasibətlərinə dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.

 

II fəsil.

 

MİQRASİYA ORQANLARINA QULLUĞA QƏBUL, İŞÇİLƏRİN VƏZİFƏYƏ TƏYİN VƏ VƏZİFƏDƏN AZAD EDİLMƏSİ

 

7. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının miqrasiya orqanlarında qulluq etmək hüququ vardır.

7-1. Miqrasiya orqanlarının orta və böyük xüsusi rütbələr nəzərdə tutulan vəzifələrində qulluğa yalnız ali təhsilli şəxslər, kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrində qulluğa ən azı tam orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər.

8. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə miqrasiya orqanlarında işləməyə qadir olmayan, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə bu orqanlardan xaric edilmiş şəxslər miqrasiya orqanlarına qulluğa qəbul edilə bilməzlər.

9. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər.

10. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş formada ərizə ilə müraciət edirlər.

11. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yoxlanılır.

12. Miqrasiya orqanlarına qulluğa qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin qulluğa qəbul olunmaması və ya qulluq keçməsinə xitam verilməsi üçün əsasdır.

13. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən və ya müsahibədən keçirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə şəxslər müsahibə əsasında qəbul edilirlər. Müsabiqənin və müsahibənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [3]

14. Miqrasiya orqanlarına qulluğa qəbul müvafiq icra hakimiyyəti orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.

15. İlk dəfə miqrasiya orqanlarında qulluğa qəbul olunmuş şəxs işə başlamamışdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlara ciddi əməl edəcəyimə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacağıma, qarşıma qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəyimə, intizamlı olacağıma, dövlət sirrini və xidməti sirri qoruyacağıma and içirəm”.

16. Andı içən şəxs andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

17. İlk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti) müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olduğu halda onun altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur. [4]

18. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla, miqrasiya orqanlarında daimi qulluğa qəbul edilir.

19. Sınaq müddəti miqrasiya orqanına işə qəbula dair əmrdə göstərilir. [5]

20. Sınaq müddətində attestasiyadan keçməmiş işçi daimi qulluğa qəbul edilmir. [6]

21. Miqrasiya orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra “elmi dərəcə”) olan şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda stajorluq və sınaq müddəti müəyyən edilmir. [7]

21-1. Miqrasiya orqanlarına qulluğa qəbul edilən dövlət qulluqçusunun və ya əvvəllər dövlət qulluğunda işləmiş şəxsin malik olduğu ixtisas dərəcəsinin xüsusi rütbələrə uyğunlaşdırılması həyata keçirilərkən onun barəsində sınaq müddəti müəyyən edilmir. [8]

22. Sınaq müddəti miqrasiya orqanlarında iş stajına hesablanır, qulluq illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.

23. Miqrasiya orqanlarında stajorluq və sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. Miqrasiya orqanlarının kadr xidməti tərəfindən miqrasiya orqanları işçisinin şəxsi işi aparılır. Şəxsi işin aparılması və saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Miqrasiya orqanları işçisinin şəxsi işində onun miqrasiya orqanlarında qulluq keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır.

26. Vəzifəyə təyin olunmuş miqrasiya orqanlarının işçisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə xidməti vəsiqə verilir. Miqrasiya orqanları işçisinin xidməti vəsiqəsi onun şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir. Xidməti vəsiqə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlanır və qeydiyyat kitabında imza etdirilməklə işçiyə təqdim edilir.

27. İşçi miqrasiya orqanlarında qulluq etdiyi dövr ərzində xidməti vəsiqədən istifadə edir. Miqrasiya orqanları işçisinin soyadı, vəzifəsi və ya xüsusi rütbəsi dəyişdikdə, habelə xidməti vəsiqənin etibarlıq müddəti qurtardıqda, ona yeni xidməti vəsiqə verilir.

28. Miqrasiya orqanları işçisinin qulluğuna xitam verildikdə, xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.

 

III fəsil.

 

MİQRASİYA ORQANLARI İŞÇİLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

29. Miqrasiya orqanları işçiləri aşağıdakı əsas hüquqlara malikdirlər:

29.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada zəruri informasiya və materiallar tələb etmək və almaq;

29.2. miqrasiya orqanlarına işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılması barədə müraciət etmək;

29.3. əmək haqqı almaq;

29.4. ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsi nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya əmək haqqı məbləğinin artırılması iddiasında olmaq;

29.5. elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə işlədiyi miqrasiya orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;

29.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;

29.7. öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;

29.8. müvafiq orqanlarda və məhkəmədə öz hüquqlarını və qanuni mənafeyini müdafiə etmək;

29.9. həmkarlar ittifaqlarında birləşmək;

29.10. işlədiyi miqrasiya orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi işçidə şübhə doğurursa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək;

29.11. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, miqrasiya orqanları işçilərinin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərin üzvü olmaq;

29.12. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədi ilə məzuniyyət almaq;

29.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər, özünün əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq.

29-1. Miqrasiya orqanlarının işçiləri xidməti vəzifələrini yerinə yetirərkən, qanunla müəyyən edilmiş qaydada və hallarda fiziki qüvvə və xüsusi vasitə tətbiq etmək hüququna malikdirlər. Miqrasiya orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısı və normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [9]

30. Miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər:

30.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etməli;

30.2. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli;

30.3. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;

30.4. başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;

30.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;

30.6. lazım gəldikdə, öz ixtisası hüdudunda miqrasiya orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli;

30.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı;

30.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;

30.9. qulluq etdiyi miqrasiya orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli;

30.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi-həkim komissiyasında müayinə keçməli;

30.11. etik davranış və intizam qaydalarına əməl etməlidir.

31. Miqrasiya orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz.

32. Miqrasiya orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur:

32.1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;

32.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;

32.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;

32.4. işlədiyi miqrasiya orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə;

32.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;

32.6. dini təbliğ etmək üçün öz statusundan istifadə etməyə və miqrasiya orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.

 

IV fəsil.

 

MİQRASİYA ORQANLARINDA QULLUQ KEÇMƏNİN ŞƏRTLƏRİ

 

33. Miqrasiya orqanları işçilərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş və istirahət vaxtı şamil edilir.

34. Zəruri hallarda miqrasiya orqanları işçiləri iş vaxtından sonra, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə qulluq vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara qanunvericiliklə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir.

35. İş günü ərzində miqrasiya orqanları işçilərinə istirahət və nahar etmək üçün fasilə verilir.

36. Miqrasiya orqanlarının işçiləri Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər.

37. Miqrasiya orqanlarının işçisi vəzifədə irəli çəkilə və başqa vəzifəyə keçirilə bilər.

38. Miqrasiya orqanları işçisinin vəzifədə irəli çəkilməsinə, başqa vəzifəyə keçirilməsinə onun razılığı ilə yol verilir. Miqrasiya orqanlarının işçisi vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır.

39. Səhhətinə görə (tibbi-həkim komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə, miqrasiya orqanları işçisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur.

40. Aşağı vəzifəyə keçirilmiş miqrasiya orqanlarının işçisi sonradan xüsusi rütbəsi, peşəkarlığı, vəzifələrin layiqincə yerinə yetirilməsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla yuxarı vəzifəyə təyin oluna bilər. Miqrasiya orqanları işçisinin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, bütün hallarda əsasları göstərilməklə müvafiq icra hakimiyyəti orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və işçiyə elan edilir.

41. Miqrasiya orqanlarında 15 il və daha çox qulluq stajı olan miqrasiya orqanlarının işçisi ştatların ixtisarı və ya səhhətinə görə az maaşlı vəzifəyə keçirilərkən, onun əvvəlki vəzifə maaşı keçirilən vəzifə üzrə saxlanılır. [10]

42. Miqrasiya orqanlarının işçisi dövlət orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrə keçdikdə, miqrasiya orqanlarının kadr ehtiyatında saxlanıla bilər.

43. Miqrasiya orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə, üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə miqrasiya orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Miqrasiya orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır.

44. Miqrasiya orqanlarının işçisi cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərin icrasına buraxılmır.

45. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış miqrasiya orqanlarının işçisi barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrin icrasına buraxılır.

46. Cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir.

47. Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 95-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız miqrasiya orqanlarının işçisinin öz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq, ən geci iki ay müddətində işçi barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına, yaxud intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir.

48. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində işçiyə tam həcmdə əmək haqqı ödənilir.

49. Miqrasiya orqanlarının işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda, müvafiq yuxarı orqana və ya məhkəməyə şikayətlə müraciət edə bilər.

50. Yuxarı orqan qanunla müəyyən olunmuş qaydada və müddətdə şikayətə baxmalı və qəbul olunmuş qərar haqqında işçiyə yazılı məlumat verməlidir.

51. Bu Əsasnamənin 51-1-ci maddəsinə əsasən intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, verilmiş şikayət intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasını dayandırmır. [11]

51-1. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir. [12]

 

V fəsil.

 

MİQRASİYA ORQANLARI İŞÇİLƏRİNİN ATTESTASİYASI VƏ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

 

52. Miqrasiya orqanlarında işçilərin tutduqları vəzifələrə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi, onların potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşə səriştəliliyinin artırılmasının stimullaşdırılması, ixtisaslarının və peşə hazırlıqlarının yüksəldilməsinə və ya təkrar hazırlıq keçmələrinin zərurət dərəcələrinin müəyyənləşdirilməsi, habelə kadrların irəli çəkilməsi proqramının həyata keçirilməsi məqsədi ilə attestasiya keçirilir.

52-1. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan miqrasiya orqanları işçilərinin attestasiyası keçirilə bilər. Hər bir miqrasiya orqanı işçisinin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir. [13]

53. Miqrasiya orqanları işçilərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Miqrasiya orqanları işçilərinin attestasiyası və fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Miqrasiya orqanları işçilərinin attestasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [14]

 

VI fəsil.

 

MİQRASİYA ORQANLARINDA QULLUQDA OLMANIN YAŞ HƏDDİ

 

54. Miqrasiya orqanlarında qulluqda olmanın yaş həddi—60 yaşdır.

55. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifələrə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Yaş həddinə çatmış miqrasiya orqanlarının digər işçilərinin qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən uzadıla bilər. Miqrasiya orqanlarında qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin miqrasiya orqanlarında qulluqda olma müddətinin uzadılmasına yol verilmir.

56. Miqrasiya orqanlarında qulluq keçmiş şəxslər digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə qəbul edilərkən, onların miqrasiya orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş miqrasiya orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri miqrasiya orqanlarında qulluq illərinə daxil edilir. [15]

 

VII fəsil.

 

MİQRASİYA ORQANLARI İŞÇİLƏRİNİN XÜSUSİ RÜTBƏLƏRİ VƏ XÜSUSİ GEYİM FORMASI [16]

 

57. Tutduqları vəzifəyə və miqrasiya orqanlarında qulluq stajına uyğun olaraq miqrasiya orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir:

57.1. Ali xüsusi rütbələr:

57.1.1. I dərəcəli dövlət miqrasiya xidməti müşaviri; [17]

57.1.2. II dərəcəli dövlət miqrasiya xidməti müşaviri;

57.1.3. III dərəcəli dövlət miqrasiya xidməti müşaviri;

57.2. Böyük xüsusi rütbələr:

57.2.1. baş miqrasiya xidməti müşaviri; [18]

57.2.2. miqrasiya xidməti müşaviri;

57.2.3. kiçik miqrasiya xidməti müşaviri;

57.3. Orta xüsusi rütbələr:

57.3.1. I dərəcəli miqrasiya xidməti qulluqçusu; [19]

57.3.2. II dərəcəli miqrasiya xidməti qulluqçusu;

57.3.3. III dərəcəli miqrasiya xidməti qulluqçusu;

57.3.4. kiçik miqrasiya xidməti qulluqçusu.

57.4. Kiçik xüsusi rütbələr: [20]

57.4.1. baş miqrasiya xidməti çavuşu;

57.4.2. miqrasiya xidməti çavuşu;

57.4.3. kiçik miqrasiya xidməti çavuşu.

58. Miqrasiya orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları işçilərinə verilən xüsusi rütbələrə bərabər tutulur.

59. Xüsusi rütbələr fərdi qaydada, təhsili, olduqları xüsusi rütbədə qulluq müddəti və əmək stajı, tutduqları vəzifədə xüsusi rütbə hədləri, həmçinin bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir. Bu Əsasnamənin 68-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xüsusi rütbələr ardıcıl qaydada verilir.

59-1. Kiçik xüsusi rütbələrdə olan miqrasiya orqanları işçiləri orta və böyük xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə təyin olunduqda, onlar mövcud rütbədə qulluq müddətindən asılı olmayaraq, həmin vəzifənin ilk rütbəsinə təqdim edilirlər. [21]

60. Hər bir xüsusi rütbədə olmaq üçün aşağıdakı müddətlər müəyyən olunur:

60.1. miqrasiya xidməti müşaviri — 5 il;

60.2. kiçik miqrasiya xidməti müşaviri — 4 il;

60.3. I dərəcəli miqrasiya xidməti qulluqçusu — 3 il;

60.4. II dərəcəli miqrasiya xidməti qulluqçusu — 3 il;

60.5. III dərəcəli miqrasiya xidməti qulluqçusu — 2 il;

60.6. kiçik miqrasiya xidməti qulluqçusu — 1 il;

60.7. miqrasiya xidməti çavuşu – 2 il;

60.8. kiçik miqrasiya xidməti çavuşu – 1 il. [22]

61. Ali xüsusi rütbələrdə, habelə baş miqrasiya xidməti müşaviri və baş miqrasiya xidməti çavuşu xüsusi rütbələrində olma müddəti müəyyən edilmir. [23]

62. Ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq verilir. Miqrasiya orqanlarının müvafiq vəzifələrinin və bu vəzifələrə uyğun ali xüsusi rütbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

63. Digər xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı rəhbərinin təsdiq etdiyi vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısına uyğun olaraq verilir. Həmin xüsusi rütbələr müvafiq təqdimatlar əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir. [24]

63-1. Böyük və orta xüsusi rütbələr müvafiq təqdimatlar əsasında aşağıdakı vəzifəli şəxslər tərəfindən verilir: [25]

63-1.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatının və tabeliyində olan qurumlarının işçilərinə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən;

63-1.2. Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının işçilərinə - Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən.

63-2. Kiçik xüsusi rütbələr Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri və ya onların müvafiq səlahiyyətlər verdiyi vəzifəli şəxslər tərəfindən verilir.

64. Xüsusi rütbələr verilməsinə dair təqdimatın forması müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən olunur.

65. Növbəti xüsusi rütbə bu Əsasnamənin 60-cı maddəsində nəzərdə tutulmuş müddətlər nəzərə alınmaqla verilir.

66. İşçiyə növbəti xüsusi rütbə verilərkən aşağıdakılar nəzərə alınır:

66.1. tutduğu vəzifə;

66.2. xidməti xasiyyətnamə.

67. Məhkəmə, prokurorluq, hüquq mühafizə, o cümlədən fövqəladə hallar, hərbi və digər dövlət orqanlarından miqrasiya orqanlarına işə keçmiş işçilərə xüsusi rütbə onların vəzifələri, əvvəlki xüsusi, hərbi rütbəsi, ixtisas dərəcəsi nəzərə alınmaqla bu Əsasnaməyə əsasən verilir. Miqrasiya orqanlarına qulluğa qəbul edilən və ya dövlət qulluğundan miqrasiya orqanlarına qulluğa keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır. [26]

68. Vəzifələrini nümunəvi icra etdiyinə və işindəki nailiyyətlərə görə işçilərə mükafatlandırma qaydasında bu Əsasnamənin 60-cı maddəsində nəzərdə tutulmuş müddətdən əvvəl növbəti və ya işçinin daşıdığı xüsusi rütbədən bir pillə yuxarı növbədənkənar xüsusi rütbə verilə bilər.

69. İşçiyə vaxtından əvvəl xüsusi rütbə onun daşıdığı xüsusi rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar xüsusi rütbənin verilməsinə işçinin miqrasiya orqanlarında qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.

70. Vəzifədə irəli çəkilərkən, miqrasiya orqanlarının işçisinə növbəyə riayət edilmədən daşıdığı xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.

71. Elmi dərəcəsi olan miqrasiya orqanları işçilərinə vəzifələri üzrə nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.

72. Miqrasiya orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti yoxlama qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.

73. Xüsusi rütbədə qulluq müddəti həmin xüsusi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.

74. Miqrasiya orqanları işçilərinə növbəti xüsusi rütbənin verilməsi əsassız gecikdirildikdə onun növbəti xüsusi rütbə alması üçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.

75. Miqrasiya orqanları işçilərinin intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə qulluq müddəti bərpa olunmuş xüsusi rütbədə olma müddətinə daxil edilmir.

76. Xüsusi rütbə işçiyə ömürlük verilir və yalnız qanunla müəyyən edilmiş qaydada o, xüsusi rütbədən məhrum oluna bilər.

77. Xüsusi rütbədən asılı olaraq, miqrasiya orqanları işçilərinin vəzifə maaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda əlavə haqq ödənilir.

77-1. Miqrasiya orqanlarında qulluq keçən xüsusi rütbəsi olan işçilər xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

77-2. Xüsusi geyim forması pulsuz verilir. Xüsusi geyim formasının verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir. [27]

 

VIII fəsil.

 

MİQRASİYA ORQANLARI İŞÇİLƏRİNİN HÜQUQİ VƏ SOSİAL MÜDAFİƏSİ VƏ MADDİ TƏMİNATI

 

78. Miqrasiya orqanlarının işçisi bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, miqrasiya orqanlarından xaric edilə bilməz və onun qulluq keçməsinə xitam verilə bilməz. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa miqrasiya orqanları işçisinin qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir və müdaxilə edilməsi yolverilməzdir.

79. Miqrasiya orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir.

80. Miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir.

80-1. Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

80-2. Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində, yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir. [28]

81. Miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir.

82. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya qulluğun davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş miqrasiya orqanlarının işçilərinə və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

83. Yaş həddinə çatanadək miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan miqrasiya işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla) pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. [29]

84. Miqrasiya orqanlarında qulluq etmiş şəxslərin, miqrasiya orqanı işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı məsələləri “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

84-1. Təşkilat-ştat tədbirlərinin keçirilməsi, yaxud pensiya yaşına çatdığına görə öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verməsi və ya səhhəti (bu Əsasnamənin 82-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa) ilə əlaqədar bu Əsasnamənin 111.5-ci və 111.7-ci maddələrinə əsasən miqrasiya orqanlarında qulluq keçməsinə xitam verilmiş miqrasiya orqanı işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxma ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur. [30]

85. Miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisəsi tərəfindən həyata keçirilir.

86. Miqrasiya orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.

87. Miqrasiya orqanları işçilərinin vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

88. Miqrasiya orqanlarının işçilərinə bu orqanlarda fasiləsiz qulluq illərinə görə Azərbaycan Respublikası daxili işlər orqanlarının polis əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğinə bərabər əlavə haqq ödənilir. [31]

88-1. Miqrasiya orqanları işçilərinin fasiləsiz qulluq illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. [32]

89. Əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifə maaşlarının 25 faizindən çox olmamaq şərti ilə əlavələr təyin edilə bilər.

90. Miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər.

90-1. Miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 18 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının hesabına keçirilir. Bu vəsaitlərdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [33]

 

IX fəsil.

 

MİQRASİYA ORQANLARI İŞÇİLƏRİNİN HƏVƏSLƏNDİRİLMƏSİ, ONLARIN MƏSULİYYƏTİ

 

91. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə miqrasiya orqanları işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:

91.1. təşəkkür;

91.2. pul mükafatı;

91.3. qiymətli hədiyyə ilə mükafatlandırma;

91.4. əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl götürülməsi;

91.5. fəxri fərman ilə təltif edilmə;

91.6. növbədənkənar və ya vaxtından əvvəl xüsusi rütbə verilməsi;

91.7. digər həvəsləndirmə vasitələri ilə mükafatlandırma.

92. Miqrasiya orqanlarının işçiləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmaq və fəxri adlar verilmək üçün təqdim edilir, müvafiq icra hakimiyyəti orqanı tərəfindən səlahiyyət verildiyi halda müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən medallarla təltif olunur. [34]

93. Həvəsləndirmə tədbirlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən həyata keçirilir.

94. Həvəsləndirmə tədbiri əmrlə rəsmiləşdirilir və əmr işçinin şəxsi işinə əlavə olunur. Əmr verildikdən sonra 3 gün ərzində həmin şəxsə elan olunur.

95. Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 30-32-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:

95.1. irad tutma;

95.2. töhmət;

95.3. şiddətli töhmət;

95.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;

95.5. aşağı vəzifəyə keçirmə;

95.6. xüsusi rütbənin bir pillə aşağı salınması;

95.7. vəzifədən azad etmə (bu halda miqrasiya orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin miqrasiya orqanlarından xaric edilməsinə əsaslar olmazsa o, miqrasiya orqanlarında işə təyin edilir);

95.8. miqrasiya orqanlarından xaric etmə;

95.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə miqrasiya orqanlarından xaric etmə.

96. Miqrasiya orqanlarının işçisi intizam məsuliyyətinə cəlb edilərkən, onun xidməti və şəxsi keyfiyyətləri, törədilən xətanın xarakteri, törədilməsi şəraiti və digər hallar nəzərə alınır.

97. Xidməti intizamı pozduğuna görə miqrasiya orqanları işçisinin xüsusi rütbəsi (kiçik miqrasiya xidməti qulluqçusu və ali xüsusi rütbələr istisna olmaqla) bir pillə aşağı salına bilər.

98. Bu Əsasnamənin 95-ci maddəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan, işçiyə şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

99. Bu Əsasnamənin 95.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci və 32-ci maddələrində nəzərdə tutulmuş hərəkətlərə görə tətbiq edilə bilər.

100. Bu Əsasnamənin 95.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi cinayət törətdiyinə görə miqrasiya orqanının işçisi barədə məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq edilə bilər.

101. İntizam tənbehlərinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən həyata keçirilir.

102. Miqrasiya orqanları işçisinin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq miqrasiya orqanının rəhbəri öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər.

103. Bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, miqrasiya orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda miqrasiya orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur.

104. Miqrasiya orqanlarının işçisinə intizam tənbehi bu Əsasnamənin 95-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən iki ay keçənədək verilə bilər. Miqrasiya orqanları işçisinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.

105. Bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əmələ görə yalnız bir intizam tənbehi verilə bilər.

106. Bu Əsasnamənin 95-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra miqrasiya orqanları işçisinə intizam tənbehi verilə bilməz.

107. İrad tutma, töhmət və şiddətli töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.

108. Bu Əsasnamənin 91-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, miqrasiya orqanlarının işçisinə verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər.

109. İntizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və miqrasiya orqanları işçisinin şəxsi işinə əlavə olunur. Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir.

110. Miqrasiya orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə şikayət verə bilər.

 

X fəsil.

 

MİQRASİYA ORQANLARINDA QULLUQ KEÇMƏYƏ XİTAM VERİLMƏSİ

 

111. Aşağıdakı əsaslar olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir:

111.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə;

111.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda;

111.3. qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə;

111.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar;

111.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda;

111.6. bu Əsasnamənin 46-cı maddəsində nəzərdə tutulmuş halda;

111.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə;

111.8. bu Əsasnamədə miqrasiya orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda;

111.9. bu Əsasnamənin 12-ci maddəsində göstərilən hal aşkar edildikdə;

111.10. qulluqda olmanın son yaş həddinə çatdıqda;

111.11. miqrasiya orqanlarından xaric edildikdə;

111.12. qanunla nəzərdə tutulmuş digər hallarda.

112. Bu Əsasnamənin 111.2-ci, 111.4-cü və 111.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə işçinin miqrasiya orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya işçi digər vəzifəyə keçirilmədən imtina etdikdə qulluq keçməyə xitam verilir.

113. Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir.

114. Miqrasiya orqanlarının işçisi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (bu Əsasnamənin 111.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla), habelə məzuniyyətdə və ya ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanı rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilə bilməz.

 

XI fəsil.

 

MİQRASİYA ORQANLARI İŞÇİSİNİN XÜSUSİ RÜTBƏSİNİN, VƏZİFƏYƏ VƏ MİQRASİYA ORQANLARINA BƏRPA EDİLMƏSİ

 

115. Miqrasiya orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və miqrasiya orqanlarına bərpa edilməsi ilə əlaqədar məsələlərə müvafiq icra hakimiyyəti orqanı, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən baxılır.

116. Miqrasiya orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və miqrasiya orqanlarına bərpa edilməsinin əsasları aşağıdakılardır:

116.1. xidməti yoxlamanın nəticəsinə dair müsbət rəy;

116.2. məhkəmənin qərarı.

117. Miqrasiya orqanlarına bərpa olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə, yaxud bərabər vəzifəyə təyin edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 mart 2010-cu il tarixli 969-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 273)

2.       11 may 2010-cu il tarixli 1007-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2010-cu il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 385)

3.       8 aprel 2011-ci il tarixli 98-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 21 aprel 2011-ci il, № 81, “Azərbaycan” qəzeti 22 aprel 2011-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 271)

4.       20 aprel 2012-ci il tarixli 344-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 412)

5.       1 oktyabr 2012-ci il tarixli 430-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1042)

6.       16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050)

7.       5 mart 2013-cü il tarixli 581-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 228)

8.       29 oktyabr 2013-cü il tarixli 795-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1468)

9.       17 may 2016-cı il tarixli 241-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 985)

10.    25 aprel 2017-ci il tarixli 644-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1508)

11.    31 may 2017-ci il tarixli 689-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1256)

12.    31 oktyabr 2017-ci il tarixli 838-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2206)

13.    6 mart 2018-ci il tarixli 1024-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 391)

14.    30 oktyabr 2018-ci il tarixli 1318-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2474)

15.    1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521)

16.    09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 902)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 oktyabr 2018-ci il tarixli 1318-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 13 dekabr 2018-ci il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2474) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 4-cü maddəsinə “qulluğa qəbul” sözlərindən sonra “və qulluq keçmə” sözləri və “müddəaları” sözündən sonra “, həmçinin həmin Qanunun 15-1-ci maddəsi” sözləri əlavə edilmişdir.

 

[2] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 5-1-ci və 7-1-ci maddələr əlavə edilmişdir.

 

[3] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə birinci cümlədə “müsabiqədən” sözündən sonra “və ya müsahibədən” sözləri əlavə edilmişdir, üçüncü cümlə dördüncü cümlə hesab edilmişdir və üçüncü cümlə əlavə edilmişdir, dördüncü cümlədə “Müsabiqənin” sözündən sonra “və müsahibənin” sözləri əlavə edilmişdir.

 

[4] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 17-ci maddədə “bir illik stajorluq müddəti” sözlərindən sonra “(kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti)” sözləri əlavə edilmişdir.

29 oktyabr 2013-cü il tarixli 795-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1468) ilə 17-ci maddədə “, bir qayda olaraq, bir illik stajorluq” sözləri “daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq” sözləri ilə əvəz edilmişdir və həmin maddənin ikinci cümləsi çıxarılmışdır.

 

[5] 29 oktyabr 2013-cü il tarixli 795-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1468) ilə 19-cu və 22-ci maddələrdə “Stajorluq və sınaq müddətləri” sözləri “Sınaq müddəti” sözləri ilə əvəz edilmişdir.

 

[6] 29 oktyabr 2013-cü il tarixli 795-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1468) ilə 20-ci maddə yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

20. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olmadıqda o, sınaq müddəti ilə vəzifəyə təyin edilmir, sınaq müddətlərində attestasiyadan keçməmiş işçi isə daimi qulluğa qəbul edilmir.

 

[7] 29 oktyabr 2013-cü il tarixli 795-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1468) ilə 21-ci və 23-cü maddələrdən “stajorluq və” sözləri çıxarılmışdır.

31 oktyabr 2017-ci il tarixli 838-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2017-ci il, № 279, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 12, I kitab maddə 2206) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 21-ci maddəsində “elmlər namizədi” sözləri “fəlsəfə doktoru” sözləri ilə əvəz edilmişdir.

 

[8] 09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 902) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə yeni məzmunda 21-1-ci maddə əlavə edilmişdir.

 

[9] 11 may 2010-cu il tarixli 1007-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2010-cu il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 385) ilə 29-1-ci maddə əlavə edilmişdir.

 

[10] 5 mart 2010-cu il tarixli 969-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 273) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 41-ci maddəsi çıxarılmışdır.

 

[11] 17 may 2016-cı il tarixli 241-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 985) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 51-ci maddədə “Verilmiş şikayət” sözləri “Bu Əsasnamənin 51-1-ci maddəsinə əsasən intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, verilmiş şikayət” sözləri ilə əvəz edilmişdir.

 

[12] 17 may 2016-cı il tarixli 241-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 iyun 2016-cı il, № 138, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 985) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə yeni məzmunda 51-1-ci maddə əlavə edilmişdir.

 

[13] 31 may 2017-ci il tarixli 689-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1256) ilə 52-1-ci maddə əlavə edilmişdir.

 

[14] 31 may 2017-ci il tarixli 689-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1256) ilə 53-cü maddənin ikinci cümləsindən “attestasiyası və” sözləri çıxarılmışdır, yeni redaksiyada üçüncü cümlə əlavə edilmişdir.

 

[15] 1 oktyabr 2012-ci il tarixli 430-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1042) ilə 56-cı maddənin birinci cümləsində “hüquq mühafizə” sözlərindən sonra “, o cümlədən fövqəladə hallar” sözləri əlavə edilmişdir.

 

[16] 11 may 2010-cu il tarixli 1007-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2010-cu il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 385) ilə VII fəslin adında rütbələri sözündən sonra və xüsusi geyim forması sözləri əlavə edilmişdir.

 

[17] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 57.1-ci maddənin ikinci-dördüncü abzasları müvafiq olaraq 57.1.1 – 57.1.3-cü maddələr hesab edilmişdir.

 

[18] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 57.2-ci maddənin ikinci-dördüncü abzasları müvafiq olaraq 57.2.1 – 57.2.3-cü maddələr hesab edilmişdir.

 

[19] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 57.3-cü maddənin ikinci-beşinci abzasları müvafiq olaraq 57.3.1 – 57.3.4-cü maddələr hesab edilmişdir.

 

[20] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 57.4-cü maddə əlavə edilmişdir.

 

[21] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 59-1-ci maddə əlavə edilmişdir.

 

[22] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256) ilə 60.7-ci və 60.8-ci maddələr əlavə edilmişdir.

 

[23] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 61-ci maddədə “xüsusi rütbəsində” sözləri “və baş miqrasiya xidməti çavuşu xüsusi rütbələrində” sözləri ilə əvəz edilmişdir.

 

[24] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 63-cü maddənin ikinci cümləsi çıxarılmışdır.

 

[25] 16 oktyabr 2012-ci il tarixli 442-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1050) ilə 63-1-ci və 63-2-ci maddələr əlavə edilmişdir.

 

[26] 1 oktyabr 2012-ci il tarixli 430-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 17 noyabr 2012-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 11, maddə 1042) ilə 67-ci maddədə “hüquq mühafizə,” sözlərindən sonra “o cümlədən fövqəladə hallar,” sözləri əlavə edilmişdir.

09 iyul 2021-ci il tarixli 362-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 902) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 67-ci maddədən “, ixtisas dərəcəsi” sözləri çıxarılmışdır və həmin maddəyə yei məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[27] 11 may 2010-cu il tarixli 1007-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2010-cu il, № 107, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 5, maddə 385) ilə 77-1 və 77-2-ci maddələr əlavə edilmişdir.

 

[28] 29 oktyabr 2013-cü il tarixli 795-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 dekabr 2013-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1468) ilə yeni məzmunda 80-1-ci və 80-2-ci maddələr əlavə edilmişdir.

 

[29] 6 mart 2018-ci il tarixli 1024-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 mart 2018-ci il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 3, maddə 391) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 83-cü maddəsində “25 il qulluq etmiş işçilər” sözləri “35 il qulluq stajı olan miqrasiya işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya işçiləri istisna olmaqla)” sözləri ilə əvəz edilmişdir.

 

[30] 20 aprel 2012-ci il tarixli 344-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də yeni məzmunda 84-1-ci maddə əlavə edilmişdir.

 

[31] 20 aprel 2012-ci il tarixli 344-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 412) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də 88-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

88. Miqrasiya orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq əlavə haqq verilir.

 

[32] 20 aprel 2012-ci il tarixli 344-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 11 may 2012-ci il, № 102, “Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 412) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də yeni məzmunda 88-1-ci maddə əlavə edilmişdir.

 

[33] 8 aprel 2011-ci il tarixli 98-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 21 aprel 2011-ci il, № 81, “Azərbaycan” qəzeti 22 aprel 2011-ci il, № 85, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 4, maddə 271) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə yeni məzmunda 90-1-ci maddə əlavə edilmişdir.

25 aprel 2017-ci il tarixli 644-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 may 2017-ci il, № 94, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1508) ilə 90-1-ci maddənin birinci cümləsində “miqrasiya orqanları işçilərinin” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanının hesabına” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının hesablarına” sözləri ilə, ikinci cümləsində “vəsaitdən” sözü “vəsaitlərin bölgüsü və onlardan” sözləri ilə əvəz edilmişdir.

 

1 may 2020-ci il tarixli 71-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 521) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 90-1-ci maddənin birinci cümlədə “25 faizi müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “18 faizi müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə və “orqanlarının hesablarına” sözləri “orqanının hesabına” sözləri ilə əvəz edilmişdir və ikinci cümlədə “vəsaitlərin bölgüsü və onlardan” sözləri “vəsaitlərdən” sözü ilə əvəz edilmişdir.

 

[34] 5 mart 2013-cü il tarixli 581-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 mart 2013-cü il, № 61; “Azərbaycan” qəzeti, 28 mart 2013-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 228) ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 92-ci maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

92. Miqrasiya orqanlarının işçiləri xüsusi xidmətlərinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının orden və medalları və fəxri adları ilə təltif olunmaq üçün müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən təqdim oluna bilərlər.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status