180.000.000
"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 2008-ci il 4 noyabr tarixli, 27 nömrəli Sərəncamının və 2009-cu il 17 avqust tarixli, 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar Azərbaycan Respublikasının telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
[1]
1. Azərbaycan Respublikasının telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi, habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi məqsədi ilə səhmləri dövlətə məxsus "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilsin.
[2]
2. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətində (bundan sonra - Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
[3]
2.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
2.1.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
[4]
2.1.3. Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
2.1.4. Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
[5]
2.1.5. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
2.1.6. Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi;
2.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:
[6]
2.2.1. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
2.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
2.2.3. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
2.2.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;
[7]
2.2.5. Cəmiyyətin işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi;
2.2.6. Cəmiyyətin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:
[8]
2.3.1. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi;
2.3.2. bu Sərəncamda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
3. Müəyyən edilsin ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
[9]
4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
4.1. Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
4.2. Telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması və beynəlxalq tələblərə uyğun tikintisi üçün qaytarılmaq şərti ilə növbəti illərin Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;
4.3. Azərbaycan Respublikasının telekommunikasiya peyki orbitə çıxarılanadək, Cəmiyyətin saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;
4.4. Əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi üçün Cəmiyyətə müvafiq torpaq sahəsinin ayrılması üçün iki ay müddətində zəruri tədbirlər görsün;
4.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasında kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə müvafiq Şura yaratsın.
[10]
7. Cəmiyyətə tapşırılsın ki, bu Sərəncamın 4.2-ci bəndinə uyğun olaraq ayrılmış vəsaitin qaytarılması məqsədi ilə xüsusi yığım fondu yaratsın və telekommunikasiya peykinin xidmətindən əldə olunan vəsaitin həmin fonda toplanmasını və Azərbaycan Respublikasının dövlət büdcəsinə qaytarılmasını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2010-cu il
№ 885
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
2.
26 fevral 2016-cı il tarixli 1821 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 341)
3.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
4.
17 oktyabr 2017-ci il tarixli 3303 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 18 oktyabr 2017-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1847)
5.
1 mart 2018-ci il tarixli 3738 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 463)
6.
13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601)
7.
5 avqust 2022-ci il tarixli 3412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5 avqust 2022-ci il, “Xalq” qəzeti 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 913)
8.
29 oktyabr 2022-ci il tarixli 3559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 30 oktyabr 2022-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1208)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
1 mart 2018-ci il tarixli 3738 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 463) ilə preambulada və 1-ci hissədə “peykinin” sözləri hər iki halda “, Yer müşahidə və digər təyinatlı peyklərinin” sözləri ilə əvəz edilmişdir.
[2]
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə, 2.2-ci bənddə və 6-cı hissədə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 1-ci hissəyə, 2.2-ci bəndə və 6-cı hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.
17 oktyabr 2017-ci il tarixli 3303 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 18 oktyabr 2017-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1847) ilə 1-ci hissədə “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilmişdir, “həyata keçirilməsi” sözlərindən sonra “, habelə beynəlxalq kosmik layihələr çərçivəsində yerinə yetirilən işlərin əlaqələndirilməsi və onlarda iştirak edilməsi, aidiyyəti beynəlxalq təşkilatlarla, həmçinin xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edilməsi” sözləri əlavə edilmişdir.
[3]
29 oktyabr 2022-ci il tarixli 3559 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 29 oktyabr 2022-ci il, “Xalq” qəzeti, 30 oktyabr 2022-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 10, maddə 1208) ilə 2-ci, 3-cü, 7-ci hissələri və 4.2-ci bəndi ləğv edilmişdir.
[4]
17 oktyabr 2017-ci il tarixli 3303 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 18 oktyabr 2017-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1847) ilə yeni məzmunda 2.1.2-2.1.6-cı yarımbəndlər əlavə edilmişdir.
[5]
13 may 2020-ci il tarixli 2040 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 601) ilə 2.1.4-cü yarımbəndində “mühasibat balanslarının, mənfəət və zərər hesablarının” sözləri “maliyyə hesabatlarının” sözləri ilə əvəz edilmişdir.
[6]
17 oktyabr 2017-ci il tarixli 3303 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 18 oktyabr 2017-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1847) ilə 2.2-ci bənd ləğv edilmişdir.
[7]
26 fevral 2016-cı il tarixli 1821 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 341) ilə 2.2.4-cü yarımbəndində “bağlanmasına razılıq verilməsi” sözləri “, eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz edilmişdir.
[8]
5 avqust 2022-ci il tarixli 3412 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 5 avqust 2022-ci il, “Xalq” qəzeti 6 avqust 2022-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 913) ilə 2.3-cü bəndində “Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “İqtisadiyyat Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.
[9]
17 oktyabr 2017-ci il tarixli 3303 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 18 oktyabr 2017-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1847) ilə 3-cü hissəyə “sədrinin” sözündən sonra “və onun müavinlərinin” sözləri əlavə edilmişdir.
[10]
17 oktyabr 2017-ci il tarixli 3303 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 18 oktyabr 2017-ci il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1847) ilə 6-cı hissədə “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə” sözləri “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri ilə əvəz edilmişdir.