160.000.000
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
[1]
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. "Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2003-cü il
№ 855
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 20 fevral tarixli, 855 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında
ƏSASNAMƏ
I. ÜMUMİ MÜDDƏALAR
1. Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 16 may tarixli, 583 nömrəli Fərmanı ilə yaradılmışdır.
2. Agentlik Azərbaycan Respublikasında dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirən və hüquqi statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanıdır.
[2]
3. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
4. Agentlik müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Agentliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
[3]
6. Agentlik Bakı şəhərində yerləşir.
II. Agentlİyİn vəzİfələrİ
7. Agentliyin əsas vəzifələri aşağıdakılardır:
7.1. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) satın alınması sahəsində dövlət siyasətini həyata keçirmək;
7.2. Azərbaycan Respublikasında dövlət satınalmalarını tənzimləyən normativ hüquqi bazanın yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək, dövlət satınalmalarına dair qaydaları, təlimatları, digər sənədləri hazırlamaq və təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
7.3. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin pozulması hallarını aşkar etdikdə, satınalma prosedurlarını qanunla müəyyən edilmiş müddətə dayandırmaq və lazım gəldikdə satınalan təşkilat qarşısında tenderin nəticələrinin ləğv edilməsi barədə məsələ qaldırmaq;
7.4. dövlət satınalmaları sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;
[4]
7.5. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirmək, dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;
[5]
7.6. dövlət satınalmaları üzrə illik hesabatları hazırlamaq və Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;
7.7. dövlət satınalmaları sahəsində məlumat bazasını yaratmaq;
7.8. dövlət satınalmaları sahəsində xarici ölkələrin müvafiq təşkilatları ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkdaşlıq etmək;
7.9. dövlət satınalma prosedurlarında mübahisəli məsələləri araşdırmaq, qanunvericiliyin tələbləri pozulduğu hallarda "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun tədbirlər görmək;
7.10. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
III. Agentlİyİn funksİyaları
8. Agentlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:
8.1. dövlət vəsaiti hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satın alınmasının qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir;
8.2. dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir, məsləhətlər verir, satınalan təşkilatların mütəxəssislərinin dövlət satınalma sahəsində əlavə təhsili məqsədi ilə kurslar təşkil edir,
seminarlar, treyninqlər və konfranslar keçirir, müvafiq tədris-metodiki materiallar hazırlayır, bu məqsədlə öz səlahiyyətləri çərçivəsində digər tədbirləri keçirir;
8.3. dövlət satınalmaları sahəsində Azərbaycan Respublikasının xarici dövlətlərlə əməkdaşlığı çərçivəsində qanunvericiliklə müəyyən edilmiş qaydada danışıqlar aparır və beynəlxalq sazişlərin hazırlanmasında iştirak edir;
8.4. dövlət satınalmalarında qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada Azərbaycan Respublikasının dövlət maraqlarının və mənafeyinin qorunmasını təmin edir və bu məqsədlə lazımi tədbirlər görür;
8.5. güzəştli düzəlişlərin həcmi və tətbiqi qaydasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;
8.6. dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların, sənədlərin və məlumatların ictimaiyyətə çatdırılmasını təmin edir;
8.7. dövlət satınalmaları üzrə illik hesabatlar hazırlayır, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;
8.8. baxılan şikayətlər üzrə qanunvericilikdə müəyyən olunmuş müddətdə yazılı qərar çıxarır, həmin qərarda onun səbəblərini əsaslandırır və təqdim edilmiş hüquqi müdafiə vasitələrini, əgər belə müdafiə vasitələri təqdim edilirsə, göstərir;
8.9. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tululmuş digər funksiyaları həyata keçirir.
IV. Agentlİyİn hüquqları
9. Agentliyin öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
9.1. öz səlahiyyətləri çərçivəsində dövlət satınalmalarını tənzimləyən normativ hüquqi aktların yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək, hazırlamaq və təsdiq etmək;
9.2. dövlət vəsaitləri hesabına malların (işlərin və xidmətlərin) müsabiqə əsasında satınalınmasının qanuniliyinə, müqavilələrin icrasına nəzarət etmək, mübahisəli məsələləri araşdırmaq və qanunvericiliyin pozulması hallarının qarşısını almaq məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada tədbirlər görmək;
9.3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada satınalma metodlarının tətbiqinə və satınalan təşkilatların tender prosedurlarının keçirilməsi və satınalma müqavilələrinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq qərarlarını təsdiq etmək;
9.4. dövlət satınalmaları sahəsində institusional bazanın yaradılmasına kömək göstərmək məqsədi ilə beynəlxalq maliyyə təşkilatları tərəfindən Agentliyə ayrılan qrantlardan və kreditlərdən istifadə etmək;
9.5. tender komissiyalarının işində qanun pozuntuları müəyyən olunduğu hallarda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək;
9.6. qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq etmək;
9.7. qanunvericilikdə nəzərdə tutulmuş qaydada öz vəzifələrinin yerinə yetirilməsi, o cümlədən normativ hüquqi aktların işlənib hazırlanması, ekspertizaların keçirilməsi və məsləhətləşmələrin aparılması üçün dövlət orqanlarından mütəxəssislər dəvət etmək və ya müstəqil ekspertləri müqavilə əsasında işə cəlb etmək;
9.8. dövlət satınalmaları sahəsində elmi-texniki, iqtisadi və normativ hüquqi məlumat bazalarını yaratmaq, məsləhət xidmətlərinin göstərilməsini təşkil etmək, dövlət satınalmaları sahəsində əldə olunmuş təcrübəni öyrənmək və geniş yaymaq məqsədi ilə müvafiq tədbirlər keçirmək, məlumatlar vermək və bülletenlər dərc etdirmək;
9.9. öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə, dövlət satınalmaları ilə əlaqədar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət edilməsinə, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə dair müəyyən edilmiş qaydada müvafiq təkliflər və məlumatlar təqdim etmək;
9.10. satınalan təşkilat dövlət mənafelərinin qorunması məqsədilə, qanunla müəyyən edilmiş bütün tender təkliflərini, oferta və kotirovkaların aksept olunana qədər rədd edilməsi barədə qəbul edilmiş qərarı təsdiq etmək;
9.11. satınalan təşkilat satınalma prosedurları ilə bağlı hər hansı qərarın qəbul olunmasına təsir göstərmək məqsədi ilə malgöndərənin (podratçının) saxtakarlıqla məşğul olmasını müəyyənləşdirdikdə qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda tədbirlər görmək;
9.12. malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilən minimum məbləğdən yuxarı olduqda, onların digər satınalma metodlarının tətbiqi ilə həyata keçirilməsini təsdiq etmək;
9.13. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda satınalan təşkilatın bir mənbədən satınalma üsulundan istifadə edilməsi qərarını təsdiq etmək;
9.14. hər hansı tender təklifinin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənirsə, həmin təklifin rədd edilməsi barədə satınalan təşkilat tərəfindən qəbul edilmiş qərarı təsdiq etmək;
9.15. satınalan təşkilatın qanunvericiliklə müəyyən olunmuş vəzifələrini yerinə yetirməməsi nəticəsində itkiyə və ya zərərə düşdüyünü və ya düşəcəyini bəyan edən malgöndərənin (podratçının) qanunvericiliklə müəyyən olunmuş hallarda verilmiş şikayətlərinə baxmaq və şikayət alındıqdan sonra dərhal bu barədə satınalan təşkilata (və ya təsdiq edən orqana) bildiriş göndərmək;
9.16. qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hallarda şikayət verildikdən sonra satınalma prosedurlarında iştirak edən və bu şikayətə aidiyyəti olan bütün malgöndərənlərə (podratçılara) şikayətin verilməsi və onun məzmunu barədə bildiriş göndərmək;
9.17. şikayəti vermiş malgöndərənə (podratçıya), satınalan təşkilata və şikayətin baxılmasında iştirak etmiş hər hansı digər malgöndərənə (podratçıya) və ya dövlət orqanına çıxarılmış qərarın bir nüsxəsini qanunvericiliklə müəyyən olunmuş müddətdə göndərmək;
9.18. alınmış şikayət rədd edilmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən birini və ya bir neçəsini tövsiyə etmək;
9.19. tenderin yekun protokolunun surətini və satınalmalar barədə hesabatı almaq;
9.20. satınalma müqaviləsi imzalanarkən satınalan təşkilat malların (işlərin və xidmətlərin) hər vahidinin qiymətlərini və meyarlarını dəyişdirməmək şərti ilə malların (işlərin və xidmətlərin) həcmini 15 faizə qədər artırıb-azaldılmasına razılıq vermək;
9.21. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Agentlİyİn fəalİyyətİnİn təşkİlİ
10. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən, Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyan direktor rəhbərlik edir.
10-1. Agentliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
[6]
11. Agentliyin direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.
12. Agentliyin direktoru aşağıdakı səlahiyyətlərə malikdir:
12.1. Agentliyin işini təşkil etmək və ona rəhbərlik etmək;
12.2. qüvvədə olan qanunvericiliyə uyğun olaraq Agentliyin əmlakına və vəsaitinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam vermək;
12.3. Agentlikdə kargüzarlığın qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;
12.4. Agentlikdə mühasibat uçotu və hesabat işlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmasını təşkil və ona nəzarət etmək;
12.5. Agentliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq etmək, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim etmək;
[7]
12.5-1. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq etmək;
[8]
12.6. Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların işçilərini işə qəbul etmək və işdən azad etmək, onların barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək;
[9]
12.7. səlahiyyətləri çərçivəsində Agentliyin aparatının və onun tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar vermək, müvafiq təlimatları və digər normativ hüquqi aktları imzalamaq (təsdiq etmək), onların icrasını təşkil etmək və yoxlamaq;
12.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquqları həyata keçirmək.
13. Agentlikdə direktordan (kollegiya sədri), vəzifəsinə görə kollegiyanın tərkibinə daxil olan direktor müavinindən, qurumlarının rəhbərlərindən ibarət olan kollegiya yaradılır.
[10]
14. Agentliyin kollegiya üzvlərinin sayı və şəxsi heyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
15. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və onlar haqqında müvafiq qərarlar qəbul edir.
Agentliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
Kollegiyanın qərarları protokolla rəsmiləşdirilir və bir qayda olaraq direktorun əmri ilə həyata keçirilir.
16. Kollegiyanın sədri və kollegiya üzvləri arasında fikir ayrılığı olduqda, kollegiyanın sədri öz əsaslandırılmış qərarını həyata keçirir və bu haqda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir.
17. Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət satınalma strukturu Agentliyin ümumi strukturuna daxildir.
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)
2.
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)
3.
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
4.
28 oktyabr 2013-cü il tarixli 13 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1158)
5.
20 may 2016-cı il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 860)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
20 may 2016-cı il tarixli 899 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 may 2016-cı il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 860) ilə “Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 855 nömrəli Fərmanı ləğv edilmişdir.
[2]
28 oktyabr 2013-cü il tarixli 13 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1158) ilə “Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”nin 2-ci hissəsində “mərkəzi icra hakimiyyəti orqanıdır” sözləri “və hüquqi statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanıdır” sözləri ilə əvəz edilmişdir.
[3]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»nin 5-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5. Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.
[4]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»nin 7.4-cü bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
7.4. satınalan təşkilatların mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrini artırmaq məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər həyata keçirmək;
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə 7.4-cü bəndində “ixtisasının artırılması” sözləri və 8.2-ci bəndində “ixtisas səviyyəsini artırmaq” sözləri “əlavə təhsili” sözləri ilə əvəz edilmişdir.
[5]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»nin 7.5-ci bənddə «çatdırılmasını» sözündən sonra «, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini» sözləri əlavə edilmişdir.
[6]
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»yə yeni məzmunda 10-1-ci bənd əlavə edilmişdir.
[7]
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»yə 12.5-ci bənddə «əsasnamələrini» sözündən sonra «(nizamnamələrini)» sözü əlavə edilmişdir.
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»nin 12.5-ci bənd yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
12.5. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və Agentliyin tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və əsasnamələrini (nizamnamələrini) müəyyən edilmiş qaydada təsdiq etmək;
[8]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»yə 12.5-1-ci bənd əlavə edilmişdir.
[9]
21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»nin 12.6-cı bənddən «mərkəzi» sözü çıxarılmışdır.
[10]
11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə»yə 13-cü bənddə «struktur bölmələrinin» sözləri «qurumlarının» sözü ilə əvəz edilmişdir.