"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
həmin Qanunun 3.3-cü maddəsində nəzərdə tutulmuş dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısını, mühafizə rejimi və təhlükəsizliyi üzrə təsnifatını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş dövlət energetika və su nəqliyyatı sistemi müəssisələrinin tərkibində fəaliyyət göstərən hidrotexniki qurğuların, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğularının təhlükəsizliyinin təmin olunmasının xüsusiyyətlərini müəyyən edən əsasnaməni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin tərtib olunma qaydalarını və formasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş hidrotexniki qurğuların təhlükəsizlik bəyannaməsinin ekspertizasının layihə mərhələsi də daxil olmaqla keçirilmə qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş hidrotexniki qurğuların təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
öz səlahiyyətləri daxilində "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü, 5.2-ci, 6.2-ci, 6.4-cü, 9.3-cü, 10.1-ci, 11.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
3. "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və şəhər (rayon) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.
[1]
4. "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.8-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və şəhər (rayon) icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər. [2]
5. "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 9.4-cü və 10.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər. [3]
6. "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci, 14.2-ci, 14.3-cü və 14.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.
[4]
7. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2003-cü il
№ 858
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87)
- 16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769)
- 20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498)
- 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)
- 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)
- 31 oktyabr 2014-cü il tarixli 308 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1193)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 3-cü bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 3-cü bəndində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi” sözləri çıxarılmışdır.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 3-cü, 4-cü, 5-ci və 6-cı hissələrində “Sənaye və Energetika Nazirliyi” sözləri “Energetika Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[2]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 4-cü bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
20 iyun 2008-ci il tarixli 780 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 498) ilə 4-cü bəndində "Dövlət Tikinti və Arxitektura Komitəsi" sözləri "Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilmişdir.
[3]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 5-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 5-ci bəndində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[4]
2 fevral 2007-ci il tarixli 521 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 87) ilə 6-ci bəndində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi" sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.
16 avqust 2007-ci il tarixli 621 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 769) ilə 3–6-cı bəndlərində «Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi» sözləri «Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi» sözləri ilə əvəz edilmişdir.
6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719) ilə 6-cı bəndində “Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
31 oktyabr 2014-cü il tarixli 308 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 09 noyabr 2014-cü il, № 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1193) ilə 6-cı hissəsindən “14.2-ci,” sözləri çıxarılmışdır və həmin hissədə “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər” sözləri “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir” sözləri ilə əvəz edilmişdir.