AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.10.2010
QEYDİYYAT NÖMRƏSİ
341
ADI
Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 05-10-2010, Nəşr nömrəsi: 217), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2010, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 853)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrinin Aparılması Qaydalarının Təsdiq Edilməsi Haqqında

Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydalarının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Fərdi məlumatların informasiya sistemləri barədə vahid məlumat bazasının yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 oktyabr 2010-cu il

     № 341

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2010-cu il 4 oktyabr tarixli 341 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması

 

QAYDALARI

 

I. Ümumi müddəalar

 

1. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən hazırlanmışdır və fərdi məlumatların informasiya sistemlərinin (bundan sonra – İnformasiya sistemləri) dövlət reyestrinin tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir.

2. Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri (bundan sonra - Dövlət reyestri) İnformasiya sistemləri barədə məlumatları əks etdirən dövlət informasiya ehtiyatıdır.

3. Dövlət reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir.

4. Dövlət reyestrinin aparılması ilə bağlı xərclər dövlət büdcəsi hesabına maliyyələşdirilir.

 

II. Dövlət reyestrinin formalaşdırılmasının əsas prinsipləri

 

5. Dövlət reyestrinin formalaşdırılmasının və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

5.1. mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;

5.2. informasiyanın aktuallığının və təhlükəsizliyinin təmin edilməsi;

5.3. Dövlət reyestrinin proqram-texniki komponentlərinin inkişaf imkanlarının təmin edilməsi.

 

III. Reyestrin operatoru

 

6. Dövlət reyestri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Reyestrin operatoru) tərəfindən aparılır. [1]

7. Reyestrin operatoru:

7.1. İnformasiya sistemlərinin dövlət qeydiyyatına alınmasının və dövlət qeydiyyatının ləğv edilməsinin kağız daşıyıcı üzərində və elektron formada təşkili və idarə olunmasını təmin edir;

7.2. Dövlət reyestrinə metodik, informasiya-linqvistik, proqram-texniki dəstəyi təmin edir;

7.3. Dövlət reyestrindən çıxarışlar verir;

7.4. Dövlət reyestrinə daxil edilmiş məlumatların arxivləşdirilməsini və saxlanılmasını təşkil edir;

7.5. Dövlət reyestrinin dayanıqlı işləməsini və informasiya təhlükəsizliyini təmin edir.

 

IV. Dövlət reyestrinin formalaşdırılması və aparılması

 

8. Dövlət qeydiyyatına alınmış İnformasiya sistemləri haqqında məlumatlar Dövlət reyestrinə daxil edilir.

9. Dövlət reyestrinə daxil edilən məlumatlar İnformasiya sistemlərinin dövlət qeydiyyatı və ya dövlət qeydiyyatının ləğv edilməsi ilə bağlı məlumatlardan, habelə “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 15.4-cü maddəsində nəzərdə tutulmuş məlumatlardan ibarətdir.

10. Reyestrin operatoru elektron və ya kağız daşıyıcılarda təqdim olunmuş məlumatları Dövlət reyestrinə daxil edir və İnformasiya sisteminin mülkiyyətçisinə Dövlət reyestrindən çıxarış verir.

11. İnformasiya sisteminin mülkiyyətçisi Dövlət reyestrinə daxil edilmək üçün təqdim etdiyi məlumatların tam və düzgün olmasını təmin etməlidir.

12. Reyestrin operatoru İnformasiya sistemi haqqında məlumatları dəqiqləşdirmək məqsədi ilə əlavə məlumat tələb edə bilər və ya İnformasiya sistemi ilə bilavasitə tanış ola bilər.

13. İnformasiya sistemində dəyişiklik edildikdə və ya həmin sistem ləğv edildikdə, İnformasiya sisteminin mülkiyyətçisi Dövlət reyestrində müvafiq düzəlişlər edilməsi üçün üç iş günü müddətində Reyestrin operatoruna yazılı surətdə müraciət etməlidir.

14. Reyestrin operatoru, bir qayda olaraq, ən azı beş ildə bir dəfə Dövlət reyestrində İnformasiya sistemləri haqqında mövcud olan müvafiq məlumatların tam və düzgün olmasını İnformasiya sisteminin mülkiyyətçisinə sorğu verməklə və ya yerində tanış olmaqla dəqiqləşdirir.

15. Dövlət reyestrində hər bir informasiya sisteminə ardıcıllıq qaydasında növbəti qeydiyyat nömrəsi verilir.

16. Dövlət reyestrinin elektron formada təşkili və idarə olunması məlumatların avtomatlaşdırılmış qaydada toplanılması, işlənilməsi və mühafizəsini həyata keçirməyə imkan verən xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

17. Dövlət reyestrində mövcud informasiya ehtiyatının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onun aktual ehtiyat nüsxəsinin mövcudluğu və saxlanılması təmin olunur.

18. Dövlət reyestrində fərdi məlumatların informasiya sistemləri haqqında məlumatların arxivləşdirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

 

V. İnformasiya sistemləri haqqında məlumat

 

19. Hüquqi və fiziki şəxslər İnformasiya sistemləri haqqında məlumat almaq hüququna malikdirlər.

20. İnformasiya sistemləri haqqında məlumat Reyestrin operatorunun İnternet informasiya ehtiyatında yerləşdirilir.

21. İnternet informasiya ehtiyatında İnformasiya sistemləri haqqında yerləşdirilən məlumatın tərkibi Reyestrin operatoru tərəfindən müəyyən edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

2.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

3.       31 may 2022-ci il tarixli 1702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın 6-cı hissəsində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın 6-cı hissəsinə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

31 may 2022-ci il tarixli 1702 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116) ilə “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması Qaydaları”nın 6-cı hissəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status