×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Mərkəzi bankın qərarı
QƏBUL EDİLDİYİ TARİX
25.06.2010
QEYDİYYAT NÖMRƏSİ
002
ADI
Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair Tələblər
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-08-2010, Nəşr nömrəsi: 07-08)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
390.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
3925
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Dövlət qeydiyyatına alınmışdır”

“Dövlət qeydiyyatına alınmışdır”

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Mərkəzi Bankı yanında Maliyyə

Qeydiyyat № 3925

                  Monitorinqi Xidməti

06 iyul 2010-cu il

Qərar № 002

 

25 iyun 2010-cu il

Nazir müavini ________Toğrul Musayev

Direktor ________Adışirin Qasımov

 

 

Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair [1]

 

TƏLƏBLƏR

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1. Bu Tələblər Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 iyul tarixli, 122 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə”nin 10.6-cı bəndinə əsasən hazırlanmışdır.

2. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 12-ci maddələrinə uyğun olaraq, hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxs cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemini hazırlamalı və həyata keçirməlidir.

3. Bu Tələblər “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş hüquqi şəxs olan monitorinq iştirakçısı və monitorinqdə iştirak edən digər şəxs tərəfindən yaradılan daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxsin (bundan sonra - məsul şəxs) peşə ixtisasına və təcrübəsinə dair tələbləri müəyyən edir.

4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 12.1.8-ci maddəsinə uyğun olaraq, məsul şəxs:

4.1. hüquqi şəxs olan monitorinq iştirakçısında və monitorinqdə iştirak edən digər şəxsdə (bundan sonra - monitorinq subyekti) rəhbərlik, habelə struktur bölmələrinin rəhbərliyi səviyyəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili qayda və prosedurların həyata keçirilməsinə nəzarət edir;


4.2. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (bundan sonra - Maliyyə Monitorinqi Xidməti) ilə məlumat mübadiləsini həyata keçirir;

4.3. monitorinq olunmalı əməliyyatlarla bağlı müvafiq hesabatlan hazırlayır və təqdim edir.

5. Monitorinq subyektinin strukturu daxilində məsul şəxs yalnız monitorinq subyektinin rəhbərliyinə hesabat verməlidir.

 

II. MƏSUL ŞƏXSİN PEŞƏ İXTİSASI VƏ TƏCRÜBƏSİ

 

6. Məsul şəxsin peşə ixtisasına və təcrübəsinə dair aşağıdakı tələblər gözlənilməlidir:

6.1. ali təhsilə və monitorinq subyektinin əsas fəaliyyəti çərçivəsində azı 2 illik iş stajına malik olması;

6.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində milli qanunvericiliyi, beynəlxalq standartları və tələbləri bilməsi;

6.3. monitorinq subyektinin fəaliyyətinin ayrı-ayrı başlıca sahələri haqqında məlumatlı olması;

6.4. Azərbaycan Respublikasının dövlət dilini mükəmməl bilməsi;

6.5. törədilmiş cinayətə görə məhkumluğun olmaması.

7. Aşağıdakı şəxslər məsul şəxs ola bilməzlər:

7.1. digər monitorinq subyektində əmək fəaliyyətinə cəlb olunmuş şəxslər;

7.2. monitorinq subyektinin rəhbərliyinin üzvləri ilə yaxın qohumluq münasibətlərində olan şəxslər.

8. Bu Tələblərin 7.2-ci bəndinin məqsədləri üçün “yaxın qohumluq münasibətləri” dedikdə ər, arvad, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları başa düşülür.

9. Monitorinq subyektinin strukturu daxilində məsul şəxsin müəyyən edilməsi müvafiq qərarla (əmr, sərəncam və s.) rəsmiləşdirilir. Həmin qərarda məsul şəxsin 6-cı bənddə nəzərdə tutulmuş tələblərə uyğunluğunu göstərən məlumatlar qeyd olunmalıdır. Monitorinq subyektinin rəhbərliyi tərəfindən imzalanmış qərarın bir surəti 2 (iki) iş günü müddətində Maliyyə Monitorinqi Xidmətinə təqdim olunur.

 

III. YEKUN MÜDDƏALAR

 

10. Məsul şəxsin peşə ixtisası və təcrübəsinin bu Tələblərin 6-cı bəndində nəzərdə tutulmuş tələblərə uyğun olmasına nəzarət müvafiq nəzarət orqanları tərəfindən həyata keçirilir.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1475)

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 iyul 2017-ci il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1475) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status