AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.03.2003
QEYDİYYAT NÖMRƏSİ
36
ADI
"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2003, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 168)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.03.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə

"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "İnteqral sxem topologiyalarının Dövlət Reyestrinin aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 mart 2003-cü il

  № 36

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 13 mart  tarixli 36 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

 

İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi

 

QAYDALARI [1]

 

Bu Qaydalar "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının icrası məqsədilə hazırlanmışdır və inteqral sxem topologiyalarının (bundan sonra - topologiyanın) dövlət qeydiyyatından keçirilməsi qaydalarını, onun qeydiyyatı haqqında şəhadətnamənin verilməsini, topologiyanın qeydiyyatı üçün iddia sənədinə əlavə olunan material və sənədlərin siyahısını müəyyən edir.

1. Ümumİ müddəalar

1.1. Topologiya onun qorunduğu müddətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra - Agentlik) könüllü olaraq dövlət qeydiyyatından keçirilə bilər. [2]

1.2. Aşağıdakı şəxslər topologiyanı dövlət qeydiyyatından keçirilə bilərlər:

Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri olan hüquq sahibləri;

topologiyanın hüquq sahibləri olan və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq, başqa dövlətlərin və hüquqi şəxsləri;

bu bənddə göstərilən şəxslərin varisləri, həmçinin müqavilə ilə müstəsna əmlak hüququnu almış şəxslər.

2. Topologİyanın qeydİyyatı üçün İddİa sənədİnə əlavə olunan materİal və sənədlərİn sİyahısı

2.1. Topologiyanın dövlət qeydiyyatından keçirilməsi üçün iddia sənədinə aşağıdakı material və sənədlər əlavə olunur:

2.1.1. ərizə;

2.1.2. topologiyanı eyniləşdirən materialların ifadə formasından biri (rəsm, çertyoj), foto, topologiyanın özü referatla birlikdə aydın şəkildə göstərilməklə);

2.1.3. qeydiyyat üçün ödənilmiş rüsum haqqında sənəd;

2.1.4. sənədlər təmsilçi vasitəsilə təqdim edilərsə, təmsilçiliyi təsdiq edən sənəd.

Qeydlər.

Sənədlər Azərbaycan dilində təqdim edilməlidir. Sənədlərdən hər hansı biri digər dildə olarsa, həmin sənədin Azərbaycan dilinə mövcud qaydada təsdiq edilmiş tərcüməsi əlavə olunmalıdır;

topologiyanın dövlət qeydiyyatı üçün sənədlər bilavasitə müstəsna hüquq sahibi tərəfindən, yaxud qanunvericiliklə müəyyən edilmiş qaydada onun təmsilçisi vasitəsilə təqdim edilə bilər;

topologiyanın dövlət qeydiyyatı üçün iddia sənədi bir topologiya aid olmaqla, Agentliyə bilavasitə təqdim olunur və ya poçtla göndərilir;

qeydiyyat üçün iddia sənədi bir nüsxədə təqdim edilir və materialların düzgünlüyünə görə məsuliyyəti sənədi təqdim edən iddiaçı daşıyır;

iddia sənədinə daxil olan material və sənədlərin forma və məzmununa dair təlimat Agentlik tərəfindən müvafiq qaydada təsdiq edilir.

3. Topologİyaya əmlak hüquqlarının keçməsİnİn qeydİyyatı

3.1. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüququnun başqa fiziki və ya hüquqi şəxsə tam keçməsi haqqında müqavilə Agentlikdə qeydiyyatdan keçirilir və həmin andan qüvvəyə minir.

3.2. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüququnun tam keçməsi haqqında müqavilənin qeydiyyatının aparılması üçün iddiaçı ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

tərəflər arasında imzalanmış müqavilənin surəti və ya qanunvericiliyə uyğun olaraq müqavilədən təsdiqlənmiş çıxarış, o cümlədən zəruri olan məlumatlar (müqavilənin müddəti, topologiyanın istifadəsinə aid müddəti, həcmi və istifadə üsulları, ödəniş qaydaları, tərəflərin adı və ünvanı) daxil olmaqla;

topologiyanın dövlət qeydiyyatı haqqında şəhadətnamənin əsli;

qeydiyyat üçün ödənilmiş rüsum haqqında sənəd.

3.3. Topologiyaya əmlak hüququnun başqa fiziki və hüquqi şəxslərə verilməsi barədə müqavilə tərəflərin razılığı əsasında Agentlikdə qeydiyyatdan keçirilə bilər. Belə razılıq olduğu halda tərəflər ərizə təqdim edirlər və ərizəyə bu Qaydaların 3.2-ci bəndində göstərilən müvafiq sənədlərin surəti əlavə olunur.

3.4. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüquqları vərəsəlik üzrə keçdikdə, iddiaçı ərizə təqdim edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

qeydiyyat üçün ödənilmiş rüsum haqqında sənəd;

vərəsəlik haqqında şəhadətnamənin surəti.

4. Dövlət qeydİyyatı üçün sənədlərə baxılması

4.1. Agentliyə təqdim edilən qeydiyyat üçün iddia sənədinə daxilolma nömrəsi qoyulur və onun daxilolma tarixi qeydə alınır. Qeydiyyat üçün sənədlər bu Qaydaların 2-ci bəndinin tələblərinə uyğundursa, iddia sənədi baxılmaq üçün qəbul edilir.

İddiaçıya, yaxud onun təmsilçisinə qeydiyyat üçün sənədin qəbulu barədə (daxilolma nömrəsi, tarixi və qəbul olunan sənədlərin siyahısı göstərilməklə) arayış verilir.

4.2. Qeydiyyat üçün sənədlərə Agentlikdə bir ay müddətində baxılır. Həmin sənədlər bu Qaydaların 2-ci bəndinin tələblərinə uyğun olaraq yoxlanılır, yoxlamanın müsbət nəticəsinə əsasən Agentlik tərəfindən iddiaçıya müəyyən formada (əlavə olunur) inteqral sxem topologiyasının dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.

Qeyd. Qeydiyyatdan keçirilmiş topologiyaya əmlak hüququnun vərəsəlik və ya müqavilə əsasında fiziki və ya hüquqi şəxsə tam keçməsi faktı Agentlikdə dövlət qeydiyyatından keçirildikdən sonra, topologiyaya əmlak hüququ sahibinin dövlət qeydiyyatı haqqında yeni şəhadətnamə almaq hüququ vardır.

4.3. Qeydiyyata alınmış topologiya haqqında məlumat müəyyən edilmiş qaydada Dövlət Reyestrinə daxil edilir və qeydiyyat haqqında məlumatlar rəsmi dərc olunur.

Məlumatın mətnini və annotasiyaların məzmununu iddiaçı hazırlayır və Agentliklə razılaşdırır.

Rəsmi məlumatın dərc olunması ilə bağlı xərcləri iddiaçı ödəyir. Agentlik depozitə götürülmüş materialların lazımi qaydada saxlanılmasını təmin edir. Agentliyin sorğusuna əsasən, yaxud iddiaçının təşəbbüsü ilə dövlət qeydiyyatı haqqında məlumat rəsmi dərc olunanadək ərizədə göstərilən materiallara düzəliş və əlavələr etmək və ya onlarda dəqiqləşdirmə aparmaq olar.

5. Topologİyanın və müqavİlənİn dövlət qeydİyyatına alınmasından İmtİna

Bu Qaydalara uyğun olaraq qeydiyyat üçün müvafiq sənədlər təqdim edilmədikdə, habelə ilkin dövlət qeydiyyatından keçirilməmiş topologiyaya müstəsna hüquqların vərəsəlik və ya müqavilə əsasında keçməsi təqdirdə, topologiyanın qeydiyyatdan keçirilməsindən imtina edilir.

 


 

"İnteqral sxem topologiyalarının dövlət

qeydiyyatına alınması və şəhadətnamənin

verilməsi Qaydaları"na əlavə

AZƏRBAYCAN RESPUBLİKASININ

ƏQLİ MÜLKİYYƏT [3]

 

Untitled-1 copy


 

İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüquq sahib(lər)inin adı_____________

_________________________________________________________________________________

_________________________________________________________________________________

İnteqral sxem topologiyasının adı____________________________________________________

Qeydiyyat nömrəsi________________________________________________________________

Qeydiyyat tarixi___________________________________________________________________

İfadə forması_____________________________________________________________________

İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququn fəaliyyət müddətinin başlandığı tarix_______________________________________________________________________

İddia №______________

"İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq və "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanı ilə verilən səlahiyyətlər əsasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi

_________________________________________________________________________________

(inteqral sxem topologiyasından istifadəyə müstəsna hüquq sahibi(lər)nin soyadı, adı, atasının adı)

_________________________________________________________________________________

_______________________________________inteqral sxem topologiyasını

200_____il____________________ tarixdə qeydiyyatdan keçirilmiş və bu şəhadətnaməni verilmişdir.

SƏDR ___________________________

M.Y.

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 13 mart  tarixli 36 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Qeydiyyata alınmış inteqral sxem topologiyalarının Dövlət Reyestrinin aparılması

QAYDALARI

 

Bu Qaydalar "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 16 noyabr tarixli 814 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanmışdır və qeydiyyata alınmış topologiyaların Dövlət Reyestrinin aparılması qaydalarını tənzimləyir.

1. Qeydiyyata alınmış topologiyaların Dövlət Reyestri (bundan sonra – Reyestr) topologiyaların qeydiyyata alınması, qeydiyyata alınması haqqında şəhadətnamənin verilməsi və qeydiyyata aid dəyişikliklərin edilməsi üçün rəsmi sənəddir.

2. Reyestr Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində saxlanılan nömrələnmiş, qaytalanmış və möhürlə təsdiqlənmiş kitabdır. [4]

3. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq standartlarına əsaslanaraq qeydiyyat zamanı Reyestrə aşağıdakı göstəricilər daxil edilir:

qeydiyyatdan keçirilmiş topologiyaya verilən şəhadətnamənin nömrəsi;

qeydiyyatdan keçirilmiş topologiyanın qeydiyyat nömrəsi;

qeydiyyat tarixi;

qeydiyyatdan keçirilmiş topologiyanın adı;

topologiyanın qeydiyyatdan keçirilməsi üçün iddia sənədinin nömrəsi və tarixi;

topologiyadan ilkin istifadə tarixi və qeydiyyata alındığı tarix;

müəllif(lər)in və ya istifadəyə müstəsna hüququn digər sahibi(lər)nin soyadı, adı, atasının adı, ünvanı, ölkənin kodu (hüquqi şəxs olduğu halda – adı, ünvanı, ölkənin kodu).

4. Reyestrə aşağıdakı məlumatlar əlavə edilə bilər:

topologiyaya əmlak hüququnun digər şəxsə tam keçməsinə və ya qismən verilməsinə dair müqavilənin və ya vərəsəlik haqqında şəhadətnamənin olması barədə məlumat;

müstəsna hüquq sahibi(lər)nin adlarının dəyişdirilməsi haqqında məlumat;

5. Reyestrlə yanaşı müstəsna hüquq sahibi(lər)nin xüsusi arxiv qovluğunda aşağıdakı məlumatlar saxlanılır:

qeydiyyata alınmaqla bağlı iddia ərizəsi;

maddi daşıyıcıda olan (əks etdirilən) inteqral sxem topologiyası (referatla birgə);

lazım olduğu halda əmlak hüquqlarını təsdiq edən sənəd;

lazım olduğu halda nümayəndənin etibarnaməsinin surəti;

lazım olduğu halda topologiyaya və onun rəsmi qeydiyyatına dair sənədlərin notariat qaydada təsdiq olunmuş təcrübəsi.

6. İnteqral sxem topologiyalarının Reyestrinə daxil edilən məlumatlar əks hal sübut olunmayıbsa, doğru sayılır. Reyestrə daxil edilmiş məlumatların doğruluğuna iddiaçı məsuliyyət daşıyır.

7. İstənilən şəxs Reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və müəyyən ödəniş haqqı ödəməklə Reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 may 2013-cü il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 579)

2.       19 sentyabr 2018-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1932)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 may 2013-cü il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 579) ilə təsdiq edilmiş “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları”nın 2.1.3-cü yarımbəndində, 3.2-ci bəndinin dördüncü abzasında və 3.4-cü bəndinin ikinci abzasında “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.

 

[2] 19 sentyabr 2018-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1932) ilə “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları”nın 1.1-ci bəndində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[3] 19 sentyabr 2018-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1932) ilə “İnteqral sxem topologiyalarının dövlət qeydiyyatına alınması və şəhadətnamənin verilməsi Qaydaları”na Əlavədə - hər iki halda “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[4] 19 sentyabr 2018-ci il tarixli 404 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 21 sentyabr 2018-ci il, № 211, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1932) ilə “Qeydiyyata alınmış inteqral sxem topologiyalarının Dövlət Reyestrinin aparılması Qaydaları”nın 2-ci hissəsində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status