Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
I fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət anlayışı
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət - bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri (bundan sonra – “bələdiyyələr” adlandırılacaq) tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının, onları yaradan səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir.
[1]
Maddə 2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilik
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, bələdiyyələrin fəaliyyətini tənzimləyən digər qanunlardan və normativ-hüquqi aktlardan ibarətdir.
Maddə 3. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan
3.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
3.2. Bələdiyyələrin müvafiq komissiyaları və seçicilər bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinə cəlb edilə bilərlər.
3.3. Bələdiyyələrin fəaliyyətinin inzibati nəzarət qaydasında araşdırılmasının nəticələri bələdiyyə tərəfindən əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.
[2]
Maddə 4. İnzibati nəzarətin həyata keçirilməsinin şərtləri
4.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş qaydada və hallarda həyata keçirilir.
4.2. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət yalnız qanunçuluğa əməl olunması baxımından həyata keçirilir.
4.3. Qanunvericilik və icra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq bələdiyyələrə verilən əlavə səlahiyyətlərin həyata keçirilməsinə nəzarəti həmin hakimiyyətlər inzibati nəzarəti həyata keçirən orqana həvalə edə bilərlər.
4.4. İnzibati nəzarət bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst surətdə həll etmək hüququnu məhdudlaşdıra bilməz.
4.5. İnzibati nəzarət həyata keçirilərkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilə qanunda nəzərdə tutulan məqsədə mütənasib olmalıdır.
4.6. Azərbaycan Respublikasının Hesablama Palatası bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda audit yoxlamasını həyata keçirir.
[3]
II fəsil
İnzİbatİ nəzarətİn həyata keçİrİlməsİ qaydası
Maddə 5. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar
5.0. İnzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır:
5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda;
[4]
5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda.
[5]
Maddə 6. İnzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktları
6.1. Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aşağıdakı aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər:
[6]
6.0.1. bələdiyyələrin normativ aktları;
[7]
6.1.2. dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin istifadəsi barədə aktlar;
6.1.3. bələdiyyə mülkiyyətində olan əmlaka dair mülkiyyət hüququnun həyata keçirilməsi barədə aktlar;
6.1.4. birdəfəlik yerli vergilərin və ödənişlərin tətbiqi barədə aktlar;
[8]
6.1.5. yerli rəy sorğusunun nəticələrini əks etdirən qərarlar.
6.1.6. bələdiyyələr üçün xərclər və maliyyə öhdəlikləri doğuran aktlar.
6.1.7. bələdiyyələrin birləşməsi və ayrılması ilə bağlı keçirilmiş yığıncağın (yığıncaqların) nəticələrinin rəsmiləşdirilməsinə dair qərarlar.
[9]
6.1.8. qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar.
[10]
6.2. İnzibati nəzarəti həyata keçirən orqan ona göndərilmiş bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğunluğunu müəyyənləşdirmək məqsədilə həmin akta daxil olduğu tarixdən 15 iş günü müddətində baxılmasını təmin edir.
[11]
Maddə 7. Müraciətlər üzrə həyata keçirilən inzibati nəzarət
7.1. Bu Qanunun 5.0.2-ci maddəsində nəzərdə tutulmuş müraciət ərizəçinin hüquqlarının və ya qanuni mənafelərinin pozulduğu, yaxud ona bu barədə məlum olduğu gündən 6 ay ərzində verilə bilər.
7.2. İnzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 iş günü müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç iş günü ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır.
[12]
7.3. İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə dair aşağıdakı iki qərardan birini qəbul edir:
7.3.1. bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş icraata başlayır;
7.3.2. müraciətə baxmaqdan imtina edir və bu barədə müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab göndərir.
Maddə 8. İnzibati nəzarət icraatı
8.1. İnzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir.
[13]
8.1-1. İnzibati nəzarət icraatının həyata keçirilməsi zamanı inzibati nəzarəti həyata keçirən orqan dövlət orqanlarına (qurumlarına) sorğular verə və məlumatlar ala bilər.
[14]
8.2. İnzibati nəzarəti həyata keçirən orqan inzibati nəzarət icraatı zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv öyrənilməsi üçün yerində araşdırma aparmaq və bələdiyyələrin vəzifəli şəxslərindən, bələdiyyə qulluqçularından və digər aidiyyəti şəxslərdən bununla bağlı yazılı şəkildə məlumatlar, arayışlar almaq hüququna malikdir. Bu cür araşdırmalar aparılmasına bələdiyyələr tərəfindən maneə törədilməməlidir.
[15]
8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.
8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir.
[16]
8.5. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir.
[17]
8.6. Hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ağır ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir.
[18]
8.7. Bələdiyyənin fəaliyyətində cinayət əlamətlərini aşkar etdikdə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq tədbirlər görülməsi üçün səlahiyyətli dövlət orqanına müraciət edir.
[19]
Maddə 9. İnzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi
İnzibati nəzarəti həyata keçirən orqan hər ilin yekunu üzrə öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məruzə təqdim edir. Bu məruzədə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı təkliflər verə bilər.
[20]
Maddə 10. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələri
10.1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir.
[21]
10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur.
[22]
III fəsil
YEKUN MÜDDƏALAR
Maddə 11. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın hərəkətlərindən şikayət verilməsi
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin qanuna zidd qərar və ya hərəkətlərindən (hərəkətsizliyindən) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və məhkəməyə qanunla müəyyən edilmiş qaydada şikayət verilə bilər.
[23]
Maddə 12. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.
[24]
Maddə 13. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 may 2003-cü il
№ 454-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 67)
2.
17 mart 2009-cu il tarixli 777-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2009-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 213)
3.
25 oktyabr 2011-ci il tarixli 219-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti, 30 dekabr 2011-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1078)
4.
27 iyun 2019-cu il tarixli 1622-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1365)
5.
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194)
6.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 1-ci maddəyə “hallarının” sözündən sonra “, onları yaradan səbəb və şəraitin” sözləri əlavə edilmişdir.
[2]
25 oktyabr 2011-ci il tarixli 219-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti, 30 dekabr 2011-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1078) ilə yeni məzmunda 3.3-cü maddə əlavə edilmişdir.
[3]
23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 67) ilə 4.6-cı maddə əlavə edilmişdir.
27 iyun 2019-cu il tarixli 1622-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 avqust 2019-cu il, № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №8, maddə 1365) ilə 4.6-cı maddə ləğv edilmişdir.
[4]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 5.0.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
5.0.1. bələdiyyələrin normativ aktlarının və bu Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş aktların bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olması barədə kifayət qədər əsas olduqda;
[5]
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 5.0.2-ci maddəyə “dövlət orqanının” sözlərindən sonra “(qurumunun)” sözü əlavə edilmişdir.
[6]
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 6.1-ci maddədə “15 gündən” sözləri “5 iş günündən” sözləri ilə əvəz edilmişdir.
[7]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 6.0.1-ci maddə ləğv edilmişdir.
[8]
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 6.1.4-cü maddədən “birdəfəlik” sözü çıxarılmışdır, həmin maddədə “rüsumların” sözü “ödənişlərin” sözü ilə əvəz edilmişdir.
[9]
17 mart 2009-cu il tarixli 777-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2009-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 213) ilə yeni məzmunda 6.0.7-ci maddə əlavə edilmişdir.
[10]
25 oktyabr 2011-ci il tarixli 219-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti, 30 dekabr 2011-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1078) ilə yeni məzmunda 6.0.8-ci maddə əlavə edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 6.0-cı, 6.0.2 – 6.0.8-ci maddələr müvafiq olaraq 6.1-ci, 6.1.2 – 6.1.8-ci maddələr hesab edilmişdir.
[11]
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə yeni məzmunda 6.2-ci maddə əlavə edilmişdir.
[12]
25 oktyabr 2011-ci il tarixli 219-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 23 dekabr 2011-ci il, № 278, “Azərbaycan” qəzeti, 30 dekabr 2011-ci il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1078) ilə 7.2-ci maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
7.2. İnzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu andan 15 gün müddətində, əlavə araşdırmalar tələb olunursa, 30 gün müddətində baxır. Müraciətə baxılması müddətinin uzadılması barədə ərizəçiyə dərhal məlumat verilməlidir.
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 7.2-ci maddənin ikinci cümləsində “uzadıla bilər” sözləri “uzadılır” sözü ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 7.2-ci maddənin birinci (hər iki halda), ikinci və dördüncü cümlələrində “gün” sözü “iş günü” sözləri ilə, üçüncü cümləsində isə “gündən” sözü “iş günündən” sözləri ilə əvəz edilmişdir.
[13]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 8.1-ci maddənin birinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 8.1-ci maddədə “15 gün” sözləri “5 iş günü” sözləri ilə əvəz edilmişdir.
[14]
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə yeni məzmunda 8.1-1-ci maddə əlavə edilmişdir.
[15]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 8.2-ci maddənin birinci cümləsində “apara bilər” sözləri “aparır” sözü ilə əvəz edilmişdir.
[15]
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 8.2-ci maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.2. İnzibati nəzarəti həyata keçirən orqan ona təqdim olunmuş müraciətə baxarkən zəruri hallarda yerində araşdırmalar aparır.
[16]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 8.3-cü və 8.4-cü maddələr yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
8.3. İnzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanuna zidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin 15 gün müddətində dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə müvafiq bələdiyyəyə müraciət edir.
8.4. İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın 15 gün ərzində dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir.
[17]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 8.5-ci maddəyə “
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 8.5-ci və 8.6-cı maddələrdə “gün” sözü “iş günü” sözləri ilə əvəz edilmişdir.
[18]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 8.6-cı maddənin birinci cümləsindən “ağır” sözü çıxarılmışdır və həmin cümləyə “edilməsini” sözündən sonra “(dəyişdirilməsini)” sözü əlavə edilmişdir.
[19]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 8.7-ci maddəyə “cinayət” sözündən sonra “əlamətlərini” sözü əlavə edilmişdir və həmin maddədə “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilmişdir.
[20]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 9-cu maddənin ikinci cümləsində “qanunvericilik aktlarına dəyişikliklər və əlavələr” sözləri “qanunlarda dəyişikliklərin” sözləri ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 9-cu maddədə “sonunda” sözü “yekunu üzrə” sözləri ilə əvəz edilmişdir.
[21]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 10.1-ci maddədə “apara və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edə bilər” sözləri “aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir” sözləri ilə əvəz edilmişdir.
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 10.1-ci maddəyə “ümumiləşdirmələr” sözündən əvvəl “təhlil və” sözləri əlavə edilmişdir.
[22]
29 iyun 2020-ci il tarixli 143-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 855) ilə 10.2-ci maddəyə “tövsiyələr” sözündən sonra “alındığı gündən 5 iş günü ərzində” sözləri əlavə edilmişdir.
[23]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 11-ci maddədə ikinci halda “və ya” sözləri “və” sözü ilə əvəz edilmişdir.
[24]
9 iyul 2019-cu il tarixli 1630-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2019-cu il, № 162, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1194) ilə 12-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri “qanuna” sözü ilə əvəz edilmişdir.