AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.07.2010
QEYDİYYAT NÖMRƏSİ
143
ADI
"Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar"ın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2010, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 708)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.07.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar"ın təsdi

"Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar"ın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 187 nömrəli Fərmanının 3.6-cı bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar" təsdiq edilsin (əlavə olunur).

1-1. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılsın, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, aidiyyəti üzrə: [2]

beynəlxalq maliyyə (maliyyə-kredit) təşkilatlarını;

dövlət müəssisələrini və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar-cəmiyyətlərini;

- qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxsləri; [3]

lizinq şirkətlərini (təşkilatlarını);

bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya almış kredit təşkilatlarını, onların filial və şöbələrini, yerli və xarici bankların nümayəndəliklərini bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş Qaydaların tələbləri barədə məlumatlandırsınlar. [4]

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 28 iyul 2010-cu il

                № 143

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 28 iyul tarixli 143 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən

 

QAYDALAR

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Dövlət borcu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 187 nömrəli Fərmanının 3.6-cı bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin daxili və ya xarici borclanmasını tənzimləmə (Azərbaycan Respublikasının adından borc alması və borca dövlət zəmanətinin verilməsi hallan istisna olmaqla) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat almayan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olmayan hüquqi şəxslərin xarici və ya daxili borclanmasına şamil olunmur.

1.3. Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”na uyğun olaraq həyata keçirilir. [5]

 

2. Əsas anlayışlar

 

Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

benefisiar - dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslər;

dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslər - dövlət zəmanəti verilmiş öhdəlik üzrə borclu olan, habelə dövlət borcalmaları yolu ilə alınmış borc vəsaitindən təkrar müqavilə əsasında istifadə edən hüquqi şəxslər və ya dövlət orqanları;

xarici və daxili borclanma - benefisiarın adından Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borclanma, qiymətli kağızlarla əqdlər üzrə borclanma, dövlət müəssisəsi və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan benefisiarlar tərəfindən 3-cü şəxslərin öhdəliklərinin təmin edilməsinə dair verilmiş zəmanət üzrə borclanma və lizinq müqaviləsinin öhdəlikləri üzrə borclanma;

dövlət borcunu idarə edən orqan - Azərbaycan Respublikasının Maliyyə Nazirliyi.

 

3. Benefisiarın borclanmasının tənzimlənməsi

 

3.1. Benefisiarın borclanmasına razılıq verilməsi onun borclanma üzrə öhdəliklərinə dövlət zəmanəti verilməsi kimi başa düşülməməlidir.

3.2. Benefısiarın xarici və ya daxili borclanması dövlət borcunu idarə edən orqanın razılığı əsasında həyata keçirilir.

3.3. Benefisiarın dövlət borcunu idarə edən orqanın razılığı olmadan daxili və ya xarici borclanmasına yol verilmir.

 

4. Benefisiar tərəfindən razılığın alınması qaydası

 

4.1. Benefisiar borclanma niyyəti barədə dövlət borcunu idarə edən orqana borclanmanın zəruriliyini və məqsədəuyğunluğunu əsaslandırmaqla yazılı müraciət edir.

4.2. Müraciətlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

4.2.1. borclanmaya səbəb olan layihə və ya tədbirin texniki-iqtisadi əsaslandırması və benefisiarın borcverənlə borclanmaya dair müqaviləsinin (sazişin) layihəsi;

4.2.2. borclanmanın benefisiarın dövlət büdcəsi qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacağını təsdiq edən auditor yoxlamasından keçmiş maliyyə hesabatları;

4.2.3. müraciət olunan il üçün müvafiq qaydada təsdiq edilmiş benefisiarın gəlir və xərclər smetası;

4.2.4. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyi;

4.2.5. kredit bürosundan benefisiara aid kredit hesabatı, həmçinin benefisiarın kredit hesabatında əksini tapmayan digər borcları haqqında məlumat. [6]

4.3. Dövlət borcunu idarə edən orqan borclanmaya razılıq verilməsi ilə bağlı benefisiardan təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər.

4.4. Dövlət borcunu idarə edən orqan benefisiar tərəfindən təqdim olunmuş müraciətə və bu Qaydaların 4.2-ci bəndində nəzərdə tutulmuş sənədlərə onların təqdim edildiyi gündən başlayaraq, 30 iş günündən gec olmayaraq baxır və müvafiq qərar qəbul edir.

4.5. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə benefisiara 10 iş günündən gec olmayaraq, yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, onlara 20 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

4.6. Borclanma layihə ilə bağlı həyata keçirildikdə, dövlət borcunu idarə edən orqan layihənin xüsusiyyətlərindən asılı olaraq, benefisiardan aidiyyəti dövlət orqanlarının (dövlət təşkilatlarının) rəyinin alınmasını tələb edə bilər. Borclanma investisiya layihəsi ilə bağlı həyata keçirildikdə, Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin rəyi alınır. Zərurət yarandıqda, müvafiq rəylərin alınması üçün dövlət orqanlarına (dövlət təşkilatlarına) dövlət borcunu idarə edən orqan tərəfindən də müraciət edilə bilər. Bu halda borclanmaya razılıq verilməsinə dair müraciətə baxılma müddəti bu Qaydaların 4.7-ci bəndində göstərilən müddətə uzadılır. [7]

4.7. Rəy alınması üçün aidiyyəti dövlət orqanına (dövlət təşkilatına) göndərilmiş müraciətə 10 iş günü müddətində baxılaraq müvafiq rəy verilir.

4.8. Borclanmanın benefisiarın dövlət büdcəsi qarşısında olan öhdəliklərinin yerinə yetirilməsinə mane olacağına dair əsaslı risklər aşkar olunduqda, bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə, təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda və rəy alınması üçün aidiyyəti dövlət orqanına (dövlət təşkilatına) göndərilmiş layihəyə mənfi rəy verildikdə, borclanmaya razılıq verilməsindən imtina edilir.

4.9. Borclanmaya razılıq verilməsindən imtina edildikdə, bu barədə benefisiara imtinanın səbəbləri göstərilməklə, 5 iş günü müddətində yazılı məlumat verilir.

4.10. Dövlət borcunu idarə edən orqan borclanmanın benefisiarın dövlət büdcəsi qarşısında olan öhdəliklərinin icrasına risk yaratmayacağı qənaətinə gələrsə, bu halda benefisiarın borclanmasına razılıq verir.

4.11. Borclanmaya verilmiş razılığın müddəti 180 təqvim günüdür. Borclanma bu müddət ərzində həyata keçirilmədikdə, müddətin bitməsinə 30 təqvim günü qalmış benefisiarın yazılı müraciəti əsasında və maliyyə vəziyyəti nəzərə alınmaqla, göstərilən müddət 90 təqvim günü uzadıla bilər.

4.12. Benefisiar borc müqaviləsi imzalandıqdan sonra, 3 (üç) iş günündən gec olmayaraq, bu barədə dövlət borcunu idarə edən orqana məlumat verir. Benefisiar borc müqaviləsinin qüvvədə olma müddətində hər il üçün illik gəlir və xərclər smetasını dövlət borcunu idarə edən orqanla razılaşdırmaqla təsdiq edir və bütün xərclərini təsdiq edilmiş gəlir-xərc smetasına uyğun həyata keçirir.

4.13. Borclanmaya razılıq verildikdən sonra benefisiar borc müqaviləsinin qüvvədə olma müddətində hər rüb üçün maliyyə hesabatlarını, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hər ilin yekunu üzrə auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor rəyini dövlət borcunu idarə edən orqana təqdim edir.

 

5. Yekun müddəa

 

Daxili və xarici borclanma üzrə bu Qaydaların tələblərini pozan təşkilatlara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada təsir (təshih) tədbirləri və sanksiyalar tətbiq edilir.

Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [8]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

2.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

3.       23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1449)

4.       28 oktyabr 2016-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 noyabr 2016-cı il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1743)

5.       2 noyabr 2016-cı il tarixli 433 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 noyabr 2016-cı il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1921)

6.       19 may 2017-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 may 2017-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 985)

7.       2 avqust 2018-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2018-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1791)

8.       26 fevral 2022-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 186)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 fevral 2022-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 186) ilə yeni məzmunda 1-1-ci hissə əlavə edilmişdir.

 

[2] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə 2-ci hissədə “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə 2-ci hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1449) ilə 2-ci hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri  ilə əvəz edilmişdir.

26 fevral 2022-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 186) ilə 2-ci hissənin birinci abzasından “, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri çıxarılmışdır.

 

[3] 2 noyabr 2016-cı il tarixli 433 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 noyabr 2016-cı il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1921) ilə 2-ci hissənin dördüncü abzası yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

müvafiq fəaliyyətin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) almış qiymətli kağızlar bazarının peşəkar iştirakçılarını;

 

[4] 28 oktyabr 2016-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 noyabr 2016-cı il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1743) ilə 2-ci hissənin altıncı abzasında “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilmişdir.

 

[5] 19 may 2017-ci il tarixli 214 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 may 2017-ci il, № 110, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 985) ilə “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”a yeni məzmunda 1.3-cü bənd əlavə edilmişdir.

 

[6] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1449) ilə Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın 4.2.5-ci yarımbəndində “Mərkəzi Bankının” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri ilə əvəz edilmişdir.

2 avqust 2018-ci il tarixli 338 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 3 avqust 2018-ci il, № 171, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1791) ilə “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın 4.2.5-ci yarımbəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.2.5. benefisiarın kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarış və digər borcları haqqında məlumat.

 

[7] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın 4.6-cı bəndinin ikinci cümləsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın 4.6-cı bəndinin ikinci cümləsindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[8] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1449) ilə Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın 5-ci hissənin mətnindən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

26 fevral 2022-ci il tarixli 62 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 mart 2022-ci il, № 49, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 2, maddə 186) ilə “Dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslərin xarici və ya daxili borclanmasını tənzimləyən Qaydalar”ın “Qeyd” hissəsi ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status