2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 noyabr 2010-cu il tarixli 416 saylı müraciətə baxılması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə qeydə alınmış namizəd Həsənli Cəmil Poladxan oğlu və digərləri 2010-cu il noyabrın 8-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, səsvermə günü adı çəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, habelə müvafiq dairə seçki komissiyasının sədri tərəfindən həmin dairənin hüdudlarında yerləşən qapalı müəssisələrdə onların seçicilərlə görüşünün keçirilməsini təşkil etməməklə qanunsuz hərəkətsizlik etdiyini bildirib, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişlər.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydalara haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma nəticəsində müraciətin seçki məntəqələrində baş vermiş qanun pozuntularına münasibətdə Seçki Məcəlləsinin və müvafiq təlimatın aidiyyata dair tələblərinin pozulması ilə daxil olması müəyyən edildiyindən o, araşdırılması üçün aidiyyatı üzrə səlahiyyətli dairə seçki komissiyasına göndərilməlidir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 31.1.1-ci maddəsinə əsasən seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət olunmasına nəzarəti müvafiq dairə seçki komissiyası həyata keçirir. Eyni zamanda Seçki Məcəlləsinin 31.1.2-ci maddəsinə uyğun olaraq dairə seçki komissiyaları bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar daxil olmuş şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir.
Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq şikayət və ya müraciət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə və aidiyyat qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aiddiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir. Buna görə də qeydə alınmış namizəd Həsənli Cəmil Poladxan oğlu və digərlərinin müraciəti adı çəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verməsi ehtimalı ilə bağlı hissədə aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməli, müraciətə əlavə olunmuş aktlar isə kserosurət olduğundan hüquqi əhəmiyyət daşımadığı üçün müvafiq dairə seçki komissiyası tərəfindən işə alınmalıdır.
Bundan başqa, müraciət müvafiq seçki dairəsinin hüdudlarında yerləşən qapalı müəssisələrdə namizədlərin seçicilərlə görüşünün keçirilməsini təşkil etməməklə dairə seçki komissiyasi sədrinin qanunsuz hərəkətsizlik etməsi hissədə şikayətçilərə geri qaytarılmalıdır. Ona görə ki, göstərilən məsələ ilə bağlı 2010-cu il noyabrın 3-də ərizəçilərdən biri olan qeydə alınmış namizəd Əhməd Orucovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 343 saylı eyni məzmunlu müraciət müvafiq seçki komissiyasının 53/481 saylı Qərarı ilə əsassız olduğundan təmin edilməmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:
1. 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə qeydə alınmış namizəd Həsənli Cəmil Poladxan oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 noyabr 2010-cu il tarixli 416 saylı müraciət adı çəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verməsi ehtimalı ilə bağlı hissədə aidiyyatı üzrə baxılması üçün 18 saylı Nərimanov-Nizami seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Müvafiq seçki dairəsinin hüdudlarında yerləşən qapalı müəssisələrdə namizədlərin seçicilərlə görüşünün keçirilməsini təşkil etməməklə dairə seçki komissiyası sədrinin qanunsuz hərəkətsizlik etməsi hissəsində müraciət ərizəçilərə geri qaytarılsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr
|
Məzahir Pənahov
|
|
Müavin
|
Şaitdin Əliyev
|
|
Katib
|
Natiq Məmmədov
|
|
Üzvlər:
|
||
Fuad Cavadov
|
Nizami Nadirov
|
|
Ramiz İbrahimov
|
Tamam Cəfərova
|
|
Validə Kazımova
|
Almas Qəhramanlı
|
|
Qabil Orucov
|
Mikayıl Rəhimov
|
|
Tofiq Həsənov
|
Gülağa Aslanlı
|
|
İlham Məmmədov
|
Arifə Muxtarova
|
|
Bakı şəhəri 08 noyabr 2010-cu il
№ 58/546