AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARLARI, TƏLİMATLARI VƏ İZAHLARI
QƏBUL EDİLDİYİ TARİX
21.11.2010
QEYDİYYAT NÖMRƏSİ
67/678
ADI
2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 noyabr 2010-cu il tarixli 518 saylı müraciətə baxılması barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-11-2010, Nəşr nömrəsi: 256)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.11.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Fərdi Məlumatların İnformasiya Sistemlərinin Dövlət Reyestrinin Aparılması Qaydalarının Təsdiq Edilməsi Haqqında

2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 noyabr 2010-cu il tarixli 518 saylı müraciətə baxılması barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI

 

2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənli Cəmil Poladxan oğlu, Orucov Əhməd Abdul oğlu, Ağazadə Ənvər Sərdar oğlu və Abdullayev Rafiq Bəylər oğlu 2010-cu il noyabrın 13-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 18 saylı Nərimanov-Nizami seçki dairəsi dairə seçki komissiyasının 11 noyabr 2010-cu il tarixli iclasının qərarından şikayət verərək seçki dairəsini əhatə edən 31 seçki məntəqəsindən 22-də səsvermə günü seçkini müşahidə etmiş müşahidəçilərin bildirdiklərinə görə qanun pozuntularının olduğunu, o cümlədən 2 saylı seçki məntəqəsində səsvermə başa çatdıqdan sonra səs vermiş seçicilərin, seçici siyahılarında imzaların və küncləri kəsilmiş bülletenlərin sayı 207 olduğu halda, səsvermə qutuları açıldıqdan sonra oradan 501 bülleten çıxdığını, 3 saylı seçki məntəqəsində səsvermə başlayana qədər bülletenlərin sayılmasına icazə verilmədiyini və digər pozuntuların qeydə alındığını göstərərək dairə seçki komissiyasının 11 noyabr 2010-cu il tarixli qərarının ləğv edilməsini və həmin seçki dairəsinin 31 seçki məntəqəsindən 22-də kütləvi saxtakarlıq faktları müvafiq sənədlərlə öz təsdiqini tapdığı üçün dairə üzrə seçkilərin nəticələrinin ləğvinə dair qərar qəbul olunmasını xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Şikayətdə göstərilən halların hərtərəfli araşdırılması və iş üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün seçki qanunvericiliyinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə araşdırma müddəti uzadılmışdır.

Araşdırma prosesində ərizəçilərin müraciətlərində göstərdikləri telefonla əlaqə yaradılmış, araşdırmada iştirak etmək hüququ barədə onlara məlumat verilmiş, araşdırmaya yardım etmək üçün dəvət olunmuş və müraciətdə qeyd olunan hallarla əlaqədar əlavə sübutlar təqdim etməsi təklif olunmuşdur.

Şikayətçilər yaradılan şəraitdən istifadə edərək şikayətdə qeyd olunan hallarla əlaqədar əlavə sübutlar təqdim etməmişlər.

Deputatlığa namizədlər tərəfindən şikayətə əlavə olunaraq təqdim edilmiş və özündə ehtimal olunan seçki pozuntularını əks etdirən 61 akt seçki dairəsinin 22 məntəqəsini əhatə edir. Özündə ehtimal olunan seçki pozuntularını əks etdirən həmin aktlarda səsvermə günü və səslərin sayılması prosesində baş verməsi ehtimal olunan seçki pozuntuları böyük əksəriyyətlə ümumi xarakterli olmaqla konkret faktları əhatə etmir. Həmin aktlarda müşahidənin aparılması prinsipinə uyğun olmayaraq ümumi şəkildə məntəqədə seçki qutularına topa bülletenlərin atılması, seçicilərin təkrar səsverməsi, müşahidəçilərin saydıqları səsverməyə gəlmiş seçicilərin sayı ilə səsvermə qutularından çıxmış bülletenlərin sayının üst-üstə düşməməsi, seçki məntəqələrində seçicilərin sənədlərinin və barmaqlarının yoxlanılmaması, müşahidəçilərə normal şəraitin yaradılmaması, səsvermə başlamamışdan əvvəl bülletenlərin sayılmaması və.s. göstərilir.

Araşdırma ilə əldə olunmuş sübutlarla təsdiq edilir ki, məntəqə seçki komissiyalarında səsvermə prosesi başa çatdıqdan sonra səsvermənin nəticələrinə dair protokollar tərtib edilmiş, təsdiq olunmuş, imzalanmış və surətləri arzu edən şəxslərə verilmiş və bundan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dairə seçki komissiyasına təqdim olunmuşdur. Dairə seçki komissiyasında isə protokollar və ona əlavə edilmiş digər sənədlərin qəbul olunması prosesi seçki dairəsində müşahidə aparan şəxslər tərəfindən müşahidə edilmişdir. Belə ki, seçki dairəsinin 3 saylı seçki məntəqəsində müşahidəçi olmuş Lalə Səfərova, 4 saylı seçki məntəqəsində səsverməni müşahidə etmiş Emin Səfərov, 5 saylı seçki məntəqəsində müşahidə aparmış Elnarə Şamilova, 6 saylı seçki məntəqəsində müşahidəçi olmuş Pakizə Nəcəfova, 7 saylı seçki məntəqəsində müşahidə aparmış Gülnarə Məmmədova, 9 saylı seçki məntəqəsində səsverməni müşahidə etmiş Araz Qurbanov və Gülnar Səfərova, 12 saylı seçki məntəqəsində müşahidəçi olmuş Yeganə Əliyeva, 14 saylı seçki məntəqəsində müşahidə aparmış Nərminə Babayeva, 15 saylı seçki məntəqəsində müşahidəçi olmuş Ofeliya Mirzəməmmədova, 19 saylı seçki məntəqəsində müşahidəçi olmuş Nigar Əliyeva, 20 saylı seçki məntəqəsində müşahidə aparmış Ramiz Orucov, 25 saylı seçki məntəqəsində müşahidəçi olmuş Rafael Əhmədov, 26 saylı seçki məntəqəsində müşahidə aparmış Məryəm Ramazanova, 27 saylı seçki məntəqəsində müşahidəçi olmuş Səidə Əhmədova, 30 saylı seçki məntəqəsində müşahidə aparmış Vüsal Həsənov və dairə üzrə müşahidəçi qismində qeydə alınaraq səsverməni müşahidə etmiş Bağırov Sabit Aydın oğlu izahat verərək səsvermə günü seçki məntəqələrində seçki prosesinin normal şəraitdə və şəffaf keçdiyini, səsvermənin nəticələrinə təsir edə biləcək hər hansı bir qanun pozuntusunu müşahidə etmədiklərini göstərmişlər.

Səsvermə günü seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində baş verməsi ehtimal olunan, müşahidənin nəticələrinə dair müşahidə aparmış şəxslər tərəfindən tərtib olunması iddia edilən, göstərilən qüsurların aradan qaldırılması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada şikayətə əlavə olunmaqla ilkin olaraq məntəqə seçki komissiyalarına təqdim edilməli olan aktlar (yuxarıda göstərildiyi kimi, həmin aktların kserosurətləri) Seçki Məcəlləsinin 112.3-cü maddəsinin tələbləri pozulmaqla birbaşa Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq baş vermiş qanun pozuntuları ilə bağlı şikayətlər ilk olaraq məntəqə seçki komissiyalarına, məntəqə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) dairə seçki komissiyalarına, dairə seçki komissiyalarının qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) isə Mərkəzi Seçki Komissiyasına təqdim edilir.

Səsvermə günü baş vermiş qanun pozuntuları ilə bağlı müraciətlərin aidiyyəti üzrə müvafiq məntəqə seçki komissiyasına və dairə seçki komissiyasına verilməsinin vacibliyi Seçki Məcəlləsinin 106.7 və 107.4-cü maddələrinin tələblərindən də aydın görünür.

Araşdırma aparılarkən toplanmış sübutların mötəbərliyinə və mümkünlüyünə xüsusi əhəmiyyət verilmiş, həmin sübutların mənbələrinin və əldə edilmə üsullarının qanunvericiliyin tələblərinə tam cavab verməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, sübutlar buna səlahiyyəti olan subyektlər tərəfindən toplanmış, iş üzrə əhəmiyyət kəsb edən yazılı izahatlar, məlumatlar, aktlar, arayışlar və s. bu kimi digər sübutlar zəruri məlumatlara malik olan mənbələrdən seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilmiş və bu fəaliyyət qanunvericiliyin tələblərinə riayət edilməklə həyata keçirilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin müşahidənin aparılmasının prinsiplərini tənzimləyən 41-ci maddəsinin tələbinə görə müşahidə açıq aparılmalıdır, müşahidənin yekunları faktlara əsaslanmalıdır.

Həmin Məcəllənin 42.2.8-ci maddəsində göstərilir ki, müşahidəçinin səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək hüququ vardır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 106.6-cı maddəsində göstərilir ki, səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur.

Həmin Məcəllənin 106.7-ci maddəsində göstərilir ki, protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar və.s... əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsinə görə dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayır:

170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Tam, obyektiv və qərəzsiz araşdırma ilə əldə edilmiş yazılı sübutlarla şikayətdə göstərilən hallar təkzib olunduğundan və şikayətin təmin edilərək seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 41-ci, 106-cı, 112-ci, 112-1-ci və 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı, 7-ci və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədlər Həsənli Cəmil Poladxan oğlu, Orucov Əhməd Abdul oğlu, Ağazadə Ənvər Sərdar oğlu və Abdullayev Rafiq Bəylər oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 noyabr 2010-cu il tarixli 518 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

Sədr

Məzahir Pənahov

Müavin

Şaitdin Əliyev

Katib

Natiq Məmmədov

Üzvlər:

Fuad Cavadov

Nizami Nadirov

Ramiz İbrahimov

Azər Tağıyev

Validə Kazımova

Tamam Cəfərova

Qabil Orucov

Oktay Hümbətli

Tofiq Həsənov

Arifə Muxtarova

İlham Məmmədov

 

 

 

Bakı şəhəri 21 noyabr 2010-cu il

№ 67/678

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status