Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması, respublikanın xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə və "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci, 17-ci və 21-ci maddələrini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu inzibati ərazisinin əlavə olunan xəritədə göstərilmiş 3139 hektarlıq sahəsində Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğu yaradılsın.
[1]
2. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu inzibati ərazisinin əlavə olunan xəritədə göstərilmiş 12131 hektarlıq sahəsində Azərbaycan Respublikasının Ordubad Milli Parkı yaradılsın.
3. Azərbaycan Respublikasının Ordubad Milli Parkına akademik Həsən Əliyevin adı verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyun 2003-cü il
№ 1249
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 25 noyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 26 noyabr 2009-cu il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 931)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 25 noyabr 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti 26 noyabr 2009-cu il, № 265, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 931) ilə “Azərbaycan Respublikasının Şahbuz Dövlət Təbiət Qoruğunun və Ordubad Milli Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1249 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilmişdir.