×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.11.2010
QEYDİYYAT NÖMRƏSİ
220
ADI
“Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2010, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1047)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.11.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 284 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 25 noyabr 2010-cu il

      № 220

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 25 noyabr tarixli 220 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə

 

QAYDASI

 

1. Ümumi müddəa

 

Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 5.5-ci maddəsinə əsasən hazırlanmışdır və eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə edilməsi qaydasını tənzimləyir.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.1.1. eksperimental aviasiya və dövlət aviasiyası aerodromları - müvafiq dövlət orqanlarının tabeliyində olan aerodromlar;

2.1.2. siyahı - uçuşların kommersiya məqsədləri ilə yerinə yetirilməsinə buraxılan eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarının və hava gəmilərinin qeydiyyata alınan və təsdiq edilən siyahısı;

2.1.3. xüsusi xarakterli aviasiya fəaliyyəti - kənd təsərrüfatı, tikinti, səhiyyə, aerofotoçəkiliş, topoqrafik və spektrofotometrik çəkiliş, müşahidə və keşikçəkmə, axtarış və xilasetmə, hava reklamı və s. sahələrdə xüsusi xidmətləri təmin etmək üçün həyata keçirilən uçuşlar;

2.1.4. kommersiya məqsədləri - qanunla qadağan edilməyən fəaliyyət zamanı gəlirlərin əldə edilməsinə yönəlmiş məqsədlər;

2.1.5. müvafiq dövlət orqanları - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. [1]

 

3. Eksperimental aviasiya və dövlət aviasiyasının kommersiya məqsədləri ilə istifadə edilməsi

 

3.1. Yüklərin və poçtun qeyri-müntəzəm kommersiya daşımaları, habelə xüsusi xarakterli aviasiya fəaliyyətinin yerinə yetirilməsi üçün eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarının və hava gəmilərinin istifadəsi Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir. Bu zaman Azərbaycan Respublikasının qanunvericiliyində, beynəlxalq qanunvericilikdə mülki aviasiyaya dair və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş digər tələblər (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Standartları və Tövsiyə Olunan Təcrübəsi, digər beynəlxalq təşkilatların tələbləri) mütləq yerinə yetirilməlidir.

3.2. Eksperimental aviasiya və dövlət aviasiyası hava gəmilərinin kommersiya məqsədləri ilə beynəlxalq uçuşları (zəruri hallarda) Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir. Belə uçuşların yerinə yetirilməsi üçün icazə (Flight Permission) diplomatik kanallar vasitəsilə əvvəlcədən alınır.

3.3. Kommersiya məqsədləri ilə istifadəsi nəzərdə tutulan eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarının və hava gəmilərinin siyahısı, habelə sözügedən siyahıya vaxtaşırı edilən dəyişikliklər (aerodromların mümkün dislokasiyası, hava gəmiləri parkının təzələnməsi, digər aerodromların və ya hava gəmilərinin kommersiya məqsədləri ilə istifadəsinə dair müvafiq dövlət orqanlarının qərar qəbul etməsi ilə əlaqədar və s.) müvafiq dövlət orqanları tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq qərar qəbul olunması üçün təqdim edilir.

3.4. Müvafiq siyahıya daxil edilməyən eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarının və hava gəmilərinin kommersiya məqsədləri ilə istifadəsi qadağandır.

3.5. Zəruri hallarda eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarından mülki aviasiya hava gəmilərinin kommersiya uçuşları üçün qanunla müəyyən edilmiş qaydada istifadə edilə bilər.

 

4. Kommersiya fəaliyyəti ilə bağlı tariflər və əldə olunan vəsaitlərin istifadə edilməsi

 

4.1. Bu Qaydada kommersiya fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş tədbirlər üzrə tariflər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur.

4.2. Dövlət orqanları tərəfindən eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə edildikdə, əldə olunan gəlirlər müvafiq dövlət orqanlarının büdcədənkənar vəsaitlərində nəzərə alınır və onlar tərəfindən büdcədənkənar vəsaitlərin istifadəsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış xərclər smetaları çərçivəsində tabeliyində olan qurumların istismar və digər xərclərinin ödənilməsinə istifadə oluna bilər.

4.3. Müvafiq dövlət orqanları bu vəsaitlərin daxil olması və istifadəsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ildə bir dəfə hesabat təqdim edirlər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 oktyabr 2012-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1014)

2.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

3.       21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162)

4.       4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387)

5.       25 avqust 2022-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1023)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 oktyabr 2012-ci il tarixli 233 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 1014) ilə “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndinə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti,” sözləri əlavə edilmişdir.

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin yarımbəndə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,” sözləri əlavə edilmişdir.

4 aprel 2022-ci il tarixli 137 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 387) ilə “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

21 yanvar 2019-cu il tarixli 18 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 162) ilə “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

25 avqust 2022-ci il tarixli 336 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 31 avqust 2022-ci il, “Xalq” qəzeti, 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1023) ilə “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nın 2.1.5-ci yarımbəndində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status