Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2010-cu il
№ 366
|
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 29 dekabr tarixli 366 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi haqqında
ƏSASNAMƏ
1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanlarının rəmzidir. Rəsmi emblem Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hər bir işçisinə miqrasiya orqanlarının fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə öz vəzifələrini vicdanla və layiqincə yerinə yetirmək borcunu xatırladır.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi miqrasiya orqanları işçilərinin, habelə xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə mənsubiyyətini bildirən nişandır.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi Xidmətin blanklarında, miqrasiya orqanlarının inzibati binalarının adı göstərilən lövhələrində, xüsusi geyim formasında yerləşdirilir.
4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemindən istifadəyə aşağıdakı hallarda yol verilir:
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin çap məhsullarında, kino, video, foto materiallarında;
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).
|
Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 29 dekabr tarixli 366 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi embleminin
TƏSVİRİ
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi dairə formasındadır. Dairənin yuxarı hissəsində “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT MİQRASİYA XİDMƏTİ” sözləri, aşağı hissəsində “STATE MIGRATION SERVICE OF THE REPUBLIC OF AZERBAIJAN” sözləri qara rəngli fonda həkk edilmişdir.
|
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi emblemi
|
Dairənin daxilində yuxarıdan aşağıya doğru genişlənən tünd qızılı və açıq boz rəngli qövs formasında iki zolaq vardır. Həmin zolaqların daxilində qızılı rəngli səkkizguşəli ulduz, onun ətrafı boyunca göy, qırmızı və yaşıl rəngli çevrə formasında zolaqlar təsvir olunmuşdur. Çevrə formasında olan qırmızı rəngli zolağın üzərində səkkiz düymə bərkidilmişdir.
Səkkizguşəli ulduzun daxilində qabarıq şəkildə mavi rəngli kürə təsvir olunmuşdur. Kürənin mərkəzində paralel və meridianların kəsişməsi fonunda yaşıl rəngli Azərbaycan Respublikasının xəritəsi həkk edilmişdir.