430.000.000
"Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" Konvensiyanın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 1990-cı il noyabrın 8-də Strasburq şəhərində imzalanmış "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" Konvensiya müvafiq bəyanatlar və qeyd-şərtlər ilə (bəyanatların və qeyd-şərtlərin mətnləri əlavə olunur) təsdiq edilsin.
II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2003-cü il
№ 420-IIQ
Avropa Şurası
Avropa Müqavilələri № 141
Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında
KONVENSİYA
Strasburq 8 noyabr 1990-cı il
Preambula
Avropa Şurasının üzv dövlətləri və bu Konvensiyanı imzalayan digər dövlətlər
Avropa Şurasının məqsədi onun üzvləri arasında daha böyük birliyə nail olmaq hesab edərək,
cəmiyyətin müdafiəsinə yönələn ümumi cinayət siyasətinin aparılması zərurətinə əmin olaraq,
geniş miqyaslı beynəlxalq xarakter alan cinayətkarlığın təhlükəli formalarına qarşı mübarizədə səmərəli və müasir üsulların beynəlxalq miqyasda istifadə olunması tələbatını nəzərə alaraq,
bu üsullardan biri kimi cinayətkarı cinayət yolu ilə əldə etdiyi gəlirdən məhrum etməkdən ibarət olduğunu güman edərək,
bu məqsədə nail olmaq üçün səmərəli beynəlxalq əməkdaşlıq sisteminin yaradılması zərurətini nəzərə alaraq,
Aşağıdakılar barədə razılığa gəldilər:
Fəsil I
Termİnlərİn İstİfadəsİ
Maddə 1
Terminlərin istifadəsi
Bu Konvensiyanın məqsədləri üçün:
a) «gəlir» dedikdə, cinayət hüquq pozuntusunun törədilməsi nəticəsində əldə edilən hər hansı bir iqtisadi mənfəət başa düşülür. Bu mənfəət həmin maddənin (b) yarımbəndində müəyyən edilən hər bir əmlakı özünə daxil edə bilər;
b) «əmlak» dedikdə, hər bir növ əmlak, maddi və ya qeyri-maddi, daşınar və ya daşınmaz əmlak, habelə bu cür əmlaka hüquq verən hüquqi akt və ya sənəd başa düşülür;
c) «vasitə» dedikdə, istənilən üsulla, ümumilikdə və ya qismən cinayət hüquqpozmasını və ya cinayət hüquqpozmalarını törətmək məqsədi ilə istifadə etmək üçün nəzərdə tutulan və ya istifadə olunan hər bir əşya başa düşülür;
d) «müsadirə» dedikdə, cinayət işi və ya cinayət işləri üzrə məhkəmə icraatı nəticəsində məhkəmə tərəfindən təyin edilən və əmlakdan məhrum etməkdən ibarət olan cəza və ya tədbir başa düşülür;
e) «əsas hüquqpozma» dedikdə, bu Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq hüquqpozma obyekti ola bilən və nəticəsində gəlir əldə olunan hər bir hüquqpozma başa düşülür.
Fəsil II
Mİllİ səvİyyədə görülən tədbİrlər
Maddə 2
Müsadirə tədbirləri
1. Hər bir Tərəf, dəyəri gəlirlərə uyğun olan vasitələrin, gəlirlərin və ya əmlakın müsadirə edilməsini mümkün edən qanunverici və digər zəruri tədbirlər görür.
2. Hər bir Tərəf, bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, Avropa Şurası Baş Katibinin adına ünvanladığı bəyannamə vasitəsi ilə bəyan edə bilər ki, bu maddənin 1-ci bəndi yalnız həmin bəyannamədə qeyd olunan hüquqpozmalara və ya hüquqpozmaların kateqoriyalarına tətbiq edilir.
Maddə 3
İstintaq tədbirləri və ibtidai tədbirlər
Hər bir Tərəf, 2-ci maddənin 1-ci bəndinə uyğun olaraq müsadirə ediləcək əmlakın aşkar edilməsini və axtarışını mümkün edən və bu cür əmlakla hər hansı bir əməliyyatın həyata keçirilməsinin, onun ötürülməsinin və ya ona sərəncam verilməsinin qarşısını almaq üçün qanunverici və digər zəruri tədbirlər görür.
Maddə 4
Xüsusi istintaq səlahiyyətləri və üsulları
1. Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə qeyd olunan hərəkətləri yerinə yetirmək məqsədi ilə öz məhkəmələrinə və digər səlahiyyətli orqanlarına bank, maliyyə və kommersiya sənədlərini tələb etmək və ya onların üzərinə həbs qoymaq hüququnu verən qanunverici və digər zəruri tədbirlər görür. Tərəf bank sirri bəhanəsi ilə bu maddənin müddəalarının yerinə yetirilməsindən imtina edə bilməz.
2. Hər bir Tərəf, ona gəlirlərin aşkar edilməsini və axtarışını, eləcə də bununla bağlı sübutların toplanmasını asanlaşdıran xüsusi istintaq üsullarından istifadə etməyə səlahiyyət verən qanunverici və digər zəruri tədbirlərin görülməsi haqqında məsələyə baxacaq. Bu üsullar özünə məxfi nəzarət haqqında qərarı, müşahidə, rabitə qovşaqlarından keçən məlumatın tutulması, kompüter sistemlərinə çıxış və müvafiq sənədlərin hazırlanması haqqında sərəncamları daxil edə bilər.
Maddə 5
Hüquqi müdafiə vasitələri
Hər bir Tərəf, 2-ci və 3-cü maddədə nəzərdə tutulan tədbirlərə məruz qalan maraqlı şəxslərin öz hüquqlarını müdafiə etməyə səmərəli müdafiə vasitələri ilə təmin olunması üçün qanunverici və digər zəruri tədbirlər görür.
Maddə 6
Vasitələrin leqallaşdırılması ilə əlaqədar hüquqpozmalar
Hər bir Tərəf, qəsdən törədildiyi halda aşağıdakıları daxili hüququnda cinayət hüquqpozması kimi tanıyan qanunvericilik və digər zəruri tədbirlər görür:
a) əmlakın qeyri-qanuni mənbəyini gizlətmək və ya əsas hüquq pozuntusunun törədilməsində iştirak edən hər bir şəxsə öz əməllərinə görə hüquqi məsuliyyətdən qaçmaq üçün yardım etmək məqsədi ilə əmlakın verilməsi və ya mübadiləsi, əgər məlumdursa ki, həmin əmlak cinayət yolu ilə əldə edilən gəlirdir;
b) əmlakın həqiqi xüsusiyyətlərinin, mənşəyinin, olduğu və yerləşdiyi yerin, hərəkətinin və ya ona olan hüquqların gizlədilməsi və ya ört-basdır edilməsi, əgər məlumdursa ki, həmin əmlak cinayət yolu ilə əldə edilən gəlirdir;
c) öz konstitusional prinsiplərin və öz hüquqi sisteminin əsas konsepsiyalarını nəzərə alaraq;
d) əmlakın əldə olunması, ona sahiblik və ya onun istifadə edilməsi, əgər onu alan zaman məlum idi ki, o, cinayət yolu ilə əldə edilən gəlirdir;
e) bu maddədə müəyyən edilən hər hansı bir hüquqpozmanın törədilməsində və ya ona sui-qəsddə iştirakçılıq və ya birgə iştirakçılıq, eləcə də bu cür cinayətin törədilməsi ilə əlaqədar yardım, təhrikçilik, kömək və ya məsləhət vermə.
2. Bu maddənin 1-ci bəndinin tətbiq edilməsi və ya yerinə yetirilməsi üçün:
a) əsas hüquqpozmanın Tərəfin cinayət yurisdiksiyasına aid olub-olmaması əhəmiyyət kəsb etmir;
b) nəzərdə tutula bilər ki, bu bənddə göstərilən hüquqpozmalar əsas hüquqpozmanı törədən şəxslərə tətbiq edilmir;
c) hüquqpozmanın elementi kimi bu bənddə nəzərdə tutulan məlumat, məqsəd və ya motiv obyektiv faktiki hallardan çıxarıla bilər.
3. Hər bir Tərəf, öz daxili qanunvericiliyinə uyğun olaraq 1-ci maddədə göstərilən bütün və ya bəzi hərəkətləri aşağıda sadalanan hər bir halda (və ya bütün bu hallarda) hüquqpozma kimi tanımaq üçün özünün zəruri hesab etdiyi tədbirlər görə bilər, əgər hüquqpozan şəxs:
a) əmlak cinayət yolu ilə əldə edilən əmlak olduğunu bilməlidirsə;
b) mənfəət əldə etmək məqsədi ilə hərəkət etmişdirsə;
c) cinayət fəaliyyətinin davam etməsinə yardım etmək məqsədi ilə hərəkət etmişdirsə.
4. Hər bir Tərəf, Konvensiyanı imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən Avropa Şurasının Baş Katibinin adına ünvanladığı bəyannamədə bəyan edə bilər ki, bu maddənin 1-ci bəndi yalnız həmin bəyannamədə qeyd olunan əsas hüquqpozmalara və ya belə hüquqpozmaların kateqoriyalarına tətbiq edilir.
Fəsil III
Beynəlxalq əməkdaşlıq
Bölmə I
Beynəlxalq əməkdaşlığın prİnsİplərİ
Maddə 7
Beynəlxalq əməkdaşlıq sahəsində ümumi prinsiplər və tədbirlər
1. Tərəflər, vasitələrin və gəlirlərin müsadirə olunması məqsədi ilə istintaqların və məhkəmə icraatlarının aparılmasında bir-biri ilə mümkün qədər geniş şəkildə əməkdaşlıq edirlər.
2. Hər bir Tərəf, aşağıdakı müraciətlərin bu Fəsildə razılaşdırılmış şərtlərlə təmin edilməsini mümkün etmək üçün qanunverici və digər zəruri tədbirlər görür:
a) gəlir və ya vasitə kimi çıxış edən konkret əmlakın müsadirəsi, eləcə də gəlirlərin dəyərinə uyğun olan müvafiq pul məbləğinin ödənilməsindən ibarət olan gəlirlərin müsadirəsi haqqında müraciətləri;
b) istintaqın aparılmasına yardım haqqında və yuxarıdakı (a) bəndində göstərilən hər hansı bir müsadirə formasının məqsədi ilə müvəqqəti tədbirlərin görülməsi haqqında müraciətləri.
Bölmə 2
İstİntaqın aparılmasında yardım
Maddə 8
Yardım göstərmək öhdəliyi
Tərəflər, sorğu əsasında, müsadirə edilməli vasitələrin, gəlirlərin və digər əmlakın müəyyən edilməsində və aşkar olunmasında bir-birinə mümkün qədər geniş şəkildə yardım edirlər. Bu yardıma yuxarıda adı çəkilən əmlakın mövcud olmasına, olduğu yerinə və ya hərəkətinə, xarakterinə, hüquqi statusuna və dəyərinə aid olan dəlillərin toplanılması və təqdim edilməsinə dair tədbirlər də daxildir.
Maddə 9
Yardımın göstərilməsi
8-ci maddədə nəzərdə tutulan yardım, sorğu alan Tərəfin daxili qanunvericiliyinə uyğun olaraq, həmin qanunvericiliyə zidd olmayan və sorğuda göstərilən prosedurlara uyğun qaydada həyata keçirilir.
Maddə 10
Məlumatın sorğusuz ötürülməsi
Tərəf öz istintaqına və araşdırmasına xələl gətirmədən, sorğu almadan digər Tərəfə vasitələr və gəlirlər haqqında məlumat təqdim edə bilər, əgər o, hesab edirsə ki, bu cür məlumatın açıqlanması Sorğu edilən Tərəf üçün istintaqın və ya işin başlanmasına və həyata keçirilməsinə yardım edə bilər və ya həmin Tərəfi bu Fəsilə uyğun olaraq istiqamətləndirə bilər.
Bölmə 3
İbtİdaİ tədbİrlər
Maddə 11
İbtidai tədbirləri görmək öhdəliyi
1. Tərəf, müsadirə etmək məqsədi ilə tədbirlər görən və ya cinayət işi açmış digər Tərəfin sorğusu ilə, sonradan müsadirə haqqında sorğunun obyekti ola biləcək və ya belə bir tələbə cavab verə biləcək əmlakın ötürülməsinin və ya ona sərəncam verilməsinin qarşısını almaq üçün onun dondurulması və ya həbs edilməsi kimi zəruri ibtidai tədbirlər görür.
2. 13-cü maddəyə uyğun olaraq müsadirə haqqında sorğu alan Tərəf, əgər ondan bu barədə xahiş olunursa, müsadirə haqqında sorğunun obyekti ola biləcək və ya belə bir tələbə cavab verə biləcək hər hansı bir əmlak barəsində bu maddənin 1-ci bəndində göstərilən tədbirləri görür.
Maddə 12
İbtidai tədbirlərin həyata keçirilməsi
1. 11-ci maddədə nəzərdə tutulan ibtidai tədbirlər, sorğu alan Tərəfin daxili qanunvericiliyinə uyğun olaraq və onun əsasında və ya bu cür qanunvericiliyə zidd olmadığı təqdirdə sorğuda göstərilən prosedurlara uyğun olaraq həyata keçirilir.
2. Bu maddəyə uyğun olaraq hər hansı bir ibtidai tədbiri ləğv etməmişdən öncə, sorğu alan Tərəf, bu mümkün olduğu təqdirdə, həmin tədbirin müddətinin uzadılmasına dair sorğu edən Tərəfə öz mülahizələrini təqdim etməyə imkan yaradır.
Bölmə 4
Müsadİrə
Maddə 13
Müsadirə etmək öhdəliyi
1. Tərəf digər Tərəfdən onun ərazisində olan vasitələrin və ya gəlirlərin müsadirə edilməsi haqqında sorğu alarkən:
a) belə vasitə və ya gəlirlərin müsadirə edilməsinə dair sorğu edən Tərəfin məhkəməsinin çıxardığı qərarı icra edir; və ya
b) sorğunu öz səlahiyyətli orqanlarına təqdim edir ki, onlar müsadirə haqqında qərar çıxarsınlar və əgər bu cür qərar çıxarılıbdırsa onu icra edir.
2. Bu maddənin 1b) bəndinin tətbiq edilməsi məqsədi ilə hər bir Tərəf öz qanunvericiliyinə uyğun olaraq lazım gəldikdə, müsadirə haqqında iş üzrə məhkəmə icraatını başlaya bilər.
3. Bu maddənin 1-ci bəndinin müddəaları eyni zamanda, gəlirin dəyərinə uyğun olan pul məbləğinin ödənilməsi tələbi şəklində olan müsadirəyə də tətbiq olunur, əgər müsadirə oluna bilən əmlak sorğu alan Tərəfin ərazisindədirsə. Belə olduğu təqdirdə, 1-ci bəndə uyğun olaraq müsadirə edərkən sorğu alan Tərəf tələb olunan məbləğ ödənilmədikdə, həmin tələbi bu məqsədlə mövcud olan hər hansı bir əmlaka yönəldir.
4. Əgər müsadirə haqqında sorğuda əmlak konkret göstərilibdirsə, Tərəflər razılığa gələ bilər ki, sorğu alan Tərəf müsadirəni əmlakın dəyərinə uyğun olan pul məbləğinin ödənilməsi tələbi şəklində edə bilər.
Maddə 14
Müsadirənin həyata keçirilməsi
1. 13-cü maddəyə uyğun olaraq müsadirəyə və müsadirənin həyata keçirilməsinə icazənin alınması prosedurları sorğu alan Tərəfin qanunvericiliyi ilə tənzimlənir.
2. Sorğu alan Tərəf, sorğu edən Tərəfin hökmündə və ya məhkəmə qərarında göstərildiyi yaxud bilavasitə onlara əsaslandığı təqdirdə, təqdim olunmuş faktlar haqqında qərarı ilə bağlıdır.
3. Hər bir Tərəf, bu Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən Avropa Şurasının Baş Katibinin adına ünvanladığı bəyannamədə bəyan edə bilər ki, bu maddənin 2-ci bəndi yalnız onun konstitusional prinsipləri və onun hüquqi sisteminin əsas konsepsiyaları nəzərə alınmaqla tətbiq edilir.
4. Əgər müsadirə müəyyən pul məbləğinin ödənilməsi tələbindən ibarətdirsə, sorğu alan Tərəfin səlahiyyətli orqanı həmin məbləği bu Tərəfin valyutasına müsadirə haqqında sorğunun təmin edilməsinə dair qərarın qəbul edildiyi tarixdə mövcud olan mübadilə kursuna uyğun şəkildə konversiya edir.
5. 13-cü maddənin 1 a) bəndində nəzərdə tutulan halda, yalnız sorğu edən Tərəfin müsadirəyə dair qərarın yenidən baxılması haqqında hər hansı bir vəsatət üzrə qərar qəbul etməyə hüququ vardır.
Maddə 15
Müsadirə olunan əmlak
Əgər müvafiq Tərəflər digər razılığa gəlməyiblərsə, Sorğu alan Tərəf hər hansı bir müsadirə etdiyi əmlaka sərəncamı öz qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
Maddə 16
Müsadirə haqqında qərarı icra etmək hüququ və müsadirənin maksimal məbləği
1. 13-cü maddəyə uyğun olaraq edilmiş müsadirə haqqında sorğu, sorğu alan Tərəfin özü tərəfindən müsadirəyə dair qərarı icra etmək hüquqlarına toxunmur.
2. Bu Konvensiyada heç nə müsadirə olunmuş əmlakın ümumi dəyərinin müsadirə haqqında qərarda göstərilən məbləğdən yuxarı olmasına icazə kimi şərh edilməməlidir. Bu və ya digər hər hansı bir Tərəf, belə bir nəticəyə gəlsə ki, bu baş verə bilər, o halda Tərəflər bu cür nəticələrin baş verməməsi məqsədi ilə məsləhətləşmələrə başlayır.
Maddə 17
İttiham hökmündə müəyyən edilən əmlak sanksiyalarının yerinə yetirilməməsi ilə əlaqədar azadlıqdan məhrumetmə
Sorğu alan Tərəf, 13-cü maddəyə uyğun təqdim olunmuş sorğuya cavab olaraq, sorğu edən Tərəfin sorğuda göstərmədiyi təqdirdə, ittiham hökmündə müəyyən edilən əmlak sanksiyalarının yerinə yetirilməməsi ilə əlaqədar azadlıqdan məhrum etmə və ya azadlıqdan məhrum edən hər hansı bir tədbir görməyəcək.
Bölmə 5
Əməkdaşlıqdan İmtİna etmək və onu təxİrə salmaq
Maddə 18
İmtina etmək üçün əsaslar
1. Bu Fəsilə uyğun olaraq əməkdaşlıqdan imtina etmək olar, əgər:
a) sorğu, sorğu alan Tərəfin hüquq sisteminin əsas hüquqi prinsiplərinə ziddirsə; və ya
b) sorğunun icrası, sorğu alan Tərəfin suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər əhəmiyyətli maraqlarına xələl gətirə bilərsə; və ya
c) sorğu alan Tərəf hesab edirsə ki, sorğunun edilməsi ilə əlaqədar olan iş xahiş olunan tədbirin qəbul edilməsi üçün kifayət qədər əhəmiyyətli deyildir; və ya
d) sorğunun edilməsi ilə əlaqədar olan hüquqpozma siyasi və ya vergi ilə bağlı hüquqpozmadırsa; və ya
e) sorğu alan Tərəf hesab edirsə ki, xahiş olunan tədbir ne bis in idem prinsipinə ziddir; və ya
f) sorğunun edilməsi ilə əlaqədar olan hüquqpozma, sorğu alan Tərəfin yurisdiksiyası altında olan ərazidə törədilsəydi o, onun qanunvericiliyində hüquqpozma hesab edilməzdi. Lakin, əməkdaşlıqdan imtina etmək üçün yuxarıda göstərilən səbəb 2-ci bölmədə göstərilən əməkdaşlığa şamil edilmək üçün, yalnız xahiş olunan yardımın məcburi tədbirlər tələb etdiyi təqdirdə irəli sürülə bilər.
2. 2-ci bölmədə nəzərdə tutulmuş əməkdaşlıqdan onun məcburi tədbirlər tələb etdiyi halda və 3-cü bölmədə nəzərdə tutulan əməkdaşlıqdan isə sorğu alan Tərəfin daxili qanunvericiliyində analoji daxili işlə bağlı ibtidai araşdırma və ya məhkəmə icraatı məqsədi ilə tələb olunan tədbirlərin həyata keçirilməsi mümkün olmadığı halda imtina edilə bilər.
3. Sorğu alan Tərəfin qanunvericiliyi bunu tələb etdiyi halda, 2-ci bölməyə uyğun olaraq istənilən yardımın özünə daxil etdiyi məcburi tədbirlər həcmində əməkdaşlıqdan və həmçinin bu fəslin 3-cü bölməsinə uyğun olaraq əməkdaşlıqdan imtina edilə bilər, əgər istənilən tədbirlərin və ya bu nəticəyə gətirib çıxaran hər hansı bir digər tədbirlərin görülməsinə sorğu alan Tərəfin qanunvericiliyi ilə icazə verilmirsə və ya əgər sorğu sorğu alan Tərəfin hakimi və ya cinayət mühakiməsi sahəsində fəaliyyət göstərən orqanı tərəfindən, o cümlədən prokurorluq tərəfindən təsdiqlənməmişdirsə.
4. Bu fəslin 4-cü bölməsinə uyğun olaraq əməkdaşlıqdan imtina oluna bilər, əgər:
a) sorğunun edilməsi ilə əlaqədar olan hüquqpozmaya dair sorğu alan qanunvericiliyi analoji hüquqpozmalara görə müsadirə etməyi nəzərdə tutmursa; və ya
b) 13-cü maddənin 3-cü bəndinə uyğun olan öhdəliklərə xələl gətirmədən, o, müsadirənin hüdudlarına aid olan hissədə hüquqpozma və:
i) gəlir kimi qiymətləndirilə bilən iqtisadi mənfəətlə; və ya
ii) vasitə kimi qiymətləndirilə bilən əmlakla əlaqəni nəzərə alaraq, sorğu alan Tərəfin daxili qanunvericiliyinin prinsiplərinə zidd olarsa; və ya
c) sorğu alan Tərəfin qanunvericiliyinə əsasən müsadirə haqqında qərar cinayət məsuliyyətinə cəlb etmə müddətinə görə qəbul və ya icra edilə bilməzsə; və ya
d) sorğunun əvvəl çıxarılan hökmlə, məhkəmə xarakterli qərar və ya bu cür qərarda əks olunan hüquqpozma və ya hüquqpozmaların təkmilləşdirilməsi haqqında müraciətlə əlaqəsi yoxdursa, hansının ki, əsasında müsadirə haqqında qərar çıxarılıb və ya sorğu verilibdir; və ya
e) müsadirə haqqında qərar sorğu alan Tərəf tərəfindən icra edilməməlidirsə və ya adi üsullarla ona etiraz oluna bilərsə; və ya
f) sorğunun şəxsin şəxsi iştirakı olmadan çıxarılan qərar əsasında müsadirə haqqında qərarla əlaqəsi varsa və əgər sorğu alan Tərəfin fikrincə sorğu edən Tərəfin keçirdiyi araşdırma zamanı və bu araşdırmanın nəticəsi kimi qərarın çıxarılmasına səbəb olan həmin araşdırma zamanı hüquqpozmanın törədilməsində şübhəli bilinən hər bir şəxsə təqdim olunan minimal müdafiə hüquqlarına riayət olunmayıbdırsa.
5. Bu maddənin 4 f) bəndinin məqsədləri üçün qərar şəxsin şəxsi iştirakı olmadan qəbul edilmiş hesab edilir:
a) əgər qərar müvafiq şəxsin etirazından sonra təsdiq və ya qəbul edilmişdirsə, və ya
b) əgər qərar apellyasiya qaydasında qəbul edilmişdirsə, bir şərtlə ki, həmin apellyasiya şikayəti həmin şəxs tərəfindən verilmiş olsun.
6. Bu maddənin 4 f) bəndinin məqsədləri üçün minimal müdafiə hüquqlarına riayət olunub-olunmaması məsələsi müzakirə edilərkən, sorğu alan Tərəf belə bir faktı nəzərə alır ki, müvafiq şəxs ədalət mühakiməsindən qaçmağa çalışmış və ya onun şəxsi iştirakı olmadan çıxarılmış qərarı şikayət etmək imkanı ola-ola bunu etməmişdir. Bu həmçinin müvafiq şəxs müəyyən olunmuş qaydada məhkəməyə çağırıldıqda da məhkəməyə gəlməməyi üstün tutması və məhkəməyə gəlmə vaxtını digər vaxta keçirməyi xahiş etmədiyi hallarına da aid edilir.
7. Tərəf, bu Fəsilə uyğun olaraq hər hansı bir əməkdaşlıqdan imtina etmək üçün bank sirrinə əsas kimi istinad edə bilmsz. Onun qanunvericiliyi bunu nəzərdə tutursa, Tərəf bank sirrinin açılması ilə nəticələnə bilən əməkdaşlıq haqqında sorğunun icra olunmasını hakim və ya cinayət mühakiməsi sahəsində fəaliyyət göstərən digər məhkəmə orqanı, o cümlədən prokurorluq tərəfindən təsdiqlənməsini tələb edə bilər.
8. Bu maddənin 1 a) bəndində göstərilən imtina etmək əsaslarına xələl gətirmədən:
a) sorğu alan Tərəf, bu Fəsilə uyğun olaraq əməkdaşlıq üçün maneə kimi, belə bir fakta istinad edə bilməz ki, istintaq altında olan və ya barəsində sorğu edən Tərəfin orqanları tərəfindən müsadirə haqqında qərar çıxarılan şəxs hüquqi şəxsdir;
b) barəsində gəlirlərin müsadirə olunması haqqında qərar çıxarılan fiziki şəxsin ölməsi faktı və ya barəsində gəlirlərin müsadirə olunması haqqında qərar çıxarılan hüquqi şəxsin öz fəaliyyətini dayandırması faktı 13-cü maddənin 1 a) bəndinə uyğun olaraq yardımın göstərilməsi üçün maneə ola bilmaz.
Maddə 19
Təxirə salma
Sorğu alan Tərəf sorğuya dair tədbirlərin görülməsini təxirə sala bilər, əgər bu cür tədbirlər onun orqanları tərəfindən həyata keçirilən istintaqa və ya araşdırmaya xələl gətirə bilərsə.
Maddə 20
Sorğunun qismən və ya şərti təmin edilməsi
Bu Fəsilə uyğun olaraq əməkdaşlığa imtina etməmişdən və ya onu təxirə salmamışdan öncə sorğu alan Tərəf lazım gəldikdə sorğu edən Tərəflə məsləhətləşmə apararaq, sorğunun qismən və ya onun zəruri hesab etdiyi şərtlərlə təmin edilib-edilməməsi məsələsini müzakirə edir.
Bölmə 6
Sənədlərİn verİlməsİ və üçüncü şəxslərİn hüquqlarının müdafİəsİ
Maddə 21
Sənədlərin verilməsi
1. Tərəflər ibtidai tədbirlərə və müsadirəyə aid olan məhkəmə sənədlərinin verilməsinə dair bir-birinə hərtərəfli köməklik göstərirlər.
2. Bu maddədə heç nə aşağıdakıları məhdudlaşdırmaq üçün nəzərdə tutulmayıbdır:
a) məhkəmə sənədlərinin poçt vasitəsi ilə xaricdə olan şəxslərə birbaşa göndərilməsi imkanını;
b) göndərən Tərəfin məhkəmə məmurları, vəzifəli şəxsləri və ya digər səlahiyyətli orqanları üçün həmin Tərəfin konsulluq idarələri va ya alan Tərəfin məhkəmə məmurları, vəzifəli şəxsləri və ya digər səlahiyyətli orqanları vasitəsi ilə məhkəmə sənədlərinin birbaşa təqdim edilməsi imkanını, əgər alan Tərəf bu Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini Avropa Şurasının Baş Katibinə təqdim edərkən əks məzmunlu bəyanat etməzsə.
3. Göndərən Tərəfin qəbul etdiyi ibtidai tədbirlər və ya müsadirə haqqında çıxardığı qərarlara aid olan məhkəmə sənədlərini xaricdə olan şəxslərə təqdim edəndə, həmin Tərəf öz qanunvericiliyinə uyğun olaraq bu şəxslərin sərəncamında hansı hüquqi müdafiə tədbirlərinin olmasını göstərir.
Maddə 22
Xarici qərarların tanınması
1. Sorğu alan Tərəf 3-cü və 4-cü bölmələrə uyğun olaraq əməkdaşlıq haqqında sorğunu müzakirə edərkən, üçüncü şəxslərin hüquqları barəsində sorğu edən Tərəfin çıxardığı hər bir məhkəmə qərarını tanıyacaq.
2. Bu cür tanınmadan imtina oluna bilər, əgər:
a) üçüncü şəxslər öz hüquqlarını bəyan etmək üçün kifayət qədər imkanlara malik olmayıblarsa; və ya
b) qərar artıq eyni məsələyə dair sorğu alan Tərəfindən çıxarılan qərarla ziddiyyət yaradırsa; və ya
c) bu qərar sorğu alan Tərəfin dövlətçilik əsasları (ordre public) ilə uzlaşmırsa; və ya
d) qərar sorğu alan Tərəfin qanunvericiliyində nəzərdə tutulan müstəsna yurisdiksiyasına aid olan müddəalara zidd olaraq qəbul edilmişdirsə.
Bölmə 7
Prosessual və dİgər ümumİ normalar
Maddə 23
Mərkəzi orqan
1. Tərəflər, bu Fəsilə uyğun olaraq sorğuların göndərilməsinə və onlara cavabların alınmasına, bu cür sorğuların icra edilməsinə və ya onların icra edilməsi üçün müvafiq səlahiyyətə malik olan orqanlara ötürülməsinə görə cavabdeh olan mərkəzi orqan və ya, əgər bu zəruridirsə, orqanlar təyin edirlər.
2. Hər bir Tərəf, bu Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, bu maddənin 1-ci bəndinə uyğun olaraq təyin etdiyi orqanların adı və ünvanları barədə Avropa Şurasının Baş Katibini məlumatlandırır.
Maddə 24
Birbaşa əlaqələr
1. Mərkəzi orqanlar bir-biri ilə birbaşa əlaqə saxlayır.
2. Təxirə salınmaz hallarda sorğular və məlumatlar bu fəsilə uyğun olaraq sorğu edən Tərəfin məhkəmə orqanları, o cümlədən prokurorluğu tərəfindən birbaşa göndərilə bilər. Belə hallarda sorğunun və ya məlumatın surəti eyni zamanda sorğu edən Tərəfin mərkəzi orqanı vasitəsi ilə sorğu alan Tәrәfin mərkəzi orqanına göndərilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq hər bir sorğu və ya məlumat Beynəlxalq cinayət polisi təşkilatı (İNTERPOL) vasitəsi ilə göndərilə bilər.
4. Əgər sorğu, bu maddənin 2-ci bəndi ilə edilirsə və əgər bu sorğunu alan orqan onu baxmağa səlahiyyətli deyilsə, o, sorğunu öz ölkəsinin səlahiyyətli orqanına ötürür və bu barədə bilavasitə sorğu edən Tərəfi məlumatlandırır.
5. Bu fəslin 2-ci bölməsinə uyğun olaraq məcburi tədbirlər nəzərdə tutmayan sorğu və məlumatlar sorğu edən Tərəfin səlahiyyətli orqanları tərəfindən bilavasitə sorğu alan Tərəfin səlahiyyətli orqanlarına göndərilə bilər.
Maddə 25
Sorğunun forması və dillər
1. Bu fəsilə uyğun olaraq bütün sorğular yazılı şəkildə olur. Telefaks kimi müasir elektrik rabitə vasitələrindən istifadə etməyə icazə verilir.
2. Bu maddənin 3-cü bəndini nəzərə alaraq sorğuların və ya köməkçi sənədlərin tərcüməsi tələb olunmur.
3. Hər bir Tərəf, bu Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, tasdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən Avropa Şurasının Baş Katibinə ünvanladığı bəyannamədə bəyan edə bilər ki, o, ona göndərilən sorğuların və köməkçi sənədlərin onun doğma dilində, Avropa Şurasının hər hansı bir rəsmi dilində və ya onun qeyd etdiyi hər hansı bir dildə olan tərcümə ilə müşayiət olunmasına tələb etmək hüququnu özündə saxlayır. Bununla əlaqədar, o, onun göstərdiyi hər hansı bir digər dilə tərcümə olunmasına hazır olduğunu bəyan edə bilər. Digər Tərəflər qarşılıqlı qaydalarını tətbiq edə bilər.
Maddə 26
Leqallaşdırma
Bu fəsilə uyğun olaraq göndərilən sənədlər leqallaşdırmağa dair bütün formallıqlardan azaddır.
Maddə 27
Sorğunun məzmunu
1. Əməkdaşlıq haqqında hər bir sorğuda bu fəsilə uyğun olaraq aşağıdakılar göstərilir:
a) sorğu edən orqan və istintaqı və ya araşdırmanı aparan orqan;
b) sorğunun predmeti və sorğu üçün əsas;
c) məhkəmə sənədlərinin verilməsi istisna olmaqla suallar, o cümlədən ibtidai araşdırma və ya məhkəmə icraatı ilə əlaqədar işə aid olan faktlar (məsələn, hüquqpozmanın tarixi, yeri və törədilmə şəraiti);
d) əgər əməkdaşlıq məcburi tədbirlərin görülməsini tələb edirsə;
i) əsasnamələrin və ya qanunların mətnləri və ya bu mümkün olmadıqda tətbiq edilən qanunun xülasəsi; və
ii) analoji nəticələrə gətirib çıxaran istənilən tədbirin və ya hər hansı bir digər tədbirin sorğu edən Tərəfin ərazisində onun öz qanunvericiliyinə uyğun olaraq görülə bilməsi barədə müraciət;
e) Lazım gəldikdə və mümkün qədər:
i) müəyyən şəxs və ya şəxslərin adını, doğulduğu tarixi və yeri, milliyyətini, olduğu yeri göstərilməklə, habelə əgər söhbət hüquqi şəxsdən gedirsə onun qərargahı haqqında məlumat;
ii) sorğunun obyekti olan əmlak barəsində məlumat, onun olduğu yer, onun müvafiq şəxs və ya şəxslərlə, eləcə də hüquqpozma ilə əlaqəsi, habelə digər şəxslərin bu əmlaka olan hüquqları barədə hər hansı bir məlumat; və
f) sorğu edən Tərəfin fikrincə müvafiq hesab etdiyi hər hansı bir konkret prosedur.
2. Müəyyən məbləğin ödənilməsi tələbi formasında olan müsadirə haqqında qərarın obyekti ola bilən əmlakın üzərinə həbs qoyma ilə əlaqədar III bölməyə uyğun olaraq ibtidai tədbirlərin görülməsi haqqında sorğuda həmin əmlaka görə alınmalı maksimal məbləğ də göstərilir.
3. 1-ci bənddə göstərilən məlumatdan savayı IV bölməyə uyğun olaraq verilən sorğu aşağıdakıları əks edir:
a) 13-cü maddənin 1 a) bəndi ilə əlaqədar:
i) sorğu edən Tərəfin məhkəməsi tərəfindən çıxarılan müsadirə haqqında qərarın təsdiq olunmuş surəti və bu qərarın çıxarılmasını əsaslandıran səbəblərin açıqlanması, əgər onlar qərarın özündə açıqlanmırsa;
ii) müsadirə haqqında qərarın icra oluna bilməsi və ona adi qaydada şikayət verilə bilməməsi haqqında sorğu edən Tərəfin səlahiyyətli orqanının təsdiqi;
iii) qərarın hansı dərəcədə icra ediləcəyi haqqında məlumatlar;
iv) ibtidai tədbirlərin görülməsi zərurətinə dair məlumatlar;
b) 13-cü maddənin 1b) bəndi ilə əlaqədar sorğu edən Tərəfin əsaslandığı və sorğu alan Tərəf üçün öz qanunvericiliyi əsasında qərarın qəbul edilməsi üçün kifayət qədər əsaslı olan faktların açıqlanması;
c) əgər üçüncü şəxslərin öz hüquqlarını bəyan etməyə imkanları olmuşdursa, həmin imkanları təsdiq edən sənədlər.
Maddə 28
Düzgün edilməyən sorğular
1. Sorğu bu fəslin müddəalarına uyğun gəlmirsə və ya əgər onda göstərilən məlumat sorğu alan Tərəfə onun əsasında qərar qəbul etmək üçün kifayət qədər deyilsə, həmin Tərəf, sorğu edən Tərəfi sorğuda dəyişikliklərin edilməsini və ya ona lazımi məlumatın əlavə edilməsini xahiş edə bilər.
2. Sorğu alan Tərəf bu cür dəyişikliklərin və əlavələrin alınması üçün müddət müəyyən edə bilər.
3. Bu fəslin IV bölməsinə uyğun olaraq edilmiş sorğu ilə əlaqədar tələb olunan dəyişikliklərin və əlavələrin alınması üçün sorğu alan Tərəf, bu fəsilin 2-ci va 3-cü bölmələrində göstərilən hər bir tədbiri görə bilər.
Maddə 29
Sorğuların çoxluğu
1. Əgər sorğu alan Tərəf, bu fəslin 3-cü və 4-cü bölməsinə uyğun olaraq eyni şəxs və ya eyni əmlak barəsində birdən çox sorğu alırsa, sorğuların çoxluğu, sorğu alan Tərəf üçün ibtidai tədbirlərin görülməsini tələb edən sorğular üzrə hərəkətlərin edilməsinə mane olmur.
2. Bu fəslin 4-cü bölməsinə uyğun olaraq göndərilən sorğular çoxluq təşkil etdikdə, sorğu alan Tərəf sorğu edən Tərəflərlə məsləhətləşmələr aparır.
Maddə 30
Səbəblərin göstərilməsi vacibliyi
Sorğu alan Tərəf, bu fəsilə uyğun olaraq əməkdaşlıq haqqında sorğuya dair etdiyi imtinanın, təxirə salmanın və ya müəyyən şərtlərin qoyulmasının səbəblərini göstərməlidir.
Maddə 31
İnformasiya
1. Sorğu alan Tərəf sorğu edən Tərəfi təxirəsalmadan aşağıdakılar barədə məlumatlandırır:
a) bu Fəsilə uyğun olaraq edilmiş sorğu əsasında görülən hərəkətlər;
b) sorğu əsasında görülən hərəkətlərin yekun nəticələri;
c) bu Fəsilə uyğun olaraq edilmiş sorğuya tam və ya qismən imtina, təxirə salma və ya şərtlər;
d) istənilən tədbirlərin yerinə yetirilməsini mümkün edə bilməyən və ya onun yerinə yetirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirən hər bir hallar;
e) bu Fəslin 2-ci və 3-cü bölmələrinə uyğun olaraq edilmiş sorğu əsasında ibtidai tədbirlər görməyə zərurət yarandıqda, öz daxili qanunvericiliyinin həmin tədbirlərin avtomatik ləğv olunmasını tələb edən müddəaları.
2. Sorğu edən Tərəf sorğu alan Tərəfi təxirəsalmadan aşağıdakılar barədə məlumatlandırır:
a) müsadirə haqqında qərarın öz qüvvəsinin tam və ya qismən itirməsi ilə əlaqədar olan hər bir təkrar müzakirə, qərar və ya digər məsələlər;
b) bu Fəsilə uyğun olaraq hər hansı bir hərəkətin haqsız olduğunu əsaslandıran hər hansı bir faktiki və ya hüquqi dəyişikliklər;
3. Əgər Tərəf eyni qərar əsasında əmlakın bir neçə Tərəfdə müsadirəsi haqqında vəsatət verirsə, o, bu barədə qararın icrası ilə əlaqəsi olan digər Tərəfləri məlumatlandırır.
Maddə 32
İstifadənin məhdudlaşdırılması
1. Sorğu alan Tərəf, sorğunun icrası üçün sorğuda göstəriləndən fərqli olaraq alınmış məlumatın və ya sübutun, sorğu edən Tərəfin orqanları tərəfindən ibtidai araşdırma və ya məhkəmə icraatı üçün onun əvvəlcədən razılığı olmadan istifadə olunmaması və ya ötürülməməsi barədə şərt qoya bilər.
2. Hər bir Tərəf, bu Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən Avropa Şurasının Baş Katibinə ünvanladığı bəyannamədə bəyan edə bilər ki, bu Fəsilə uyğun olaraq təqdim edilmiş məlumat və ya sübutlar sorğu edən Tərəfin orqanları tərəfindən, sorğuda göstərilənlərdən savayı ibtidai araşdırma və ya məhkəmə icraatı üçün onun əvvəlcədən razılığı olmadan istifadə edilə və ya ötürülə bilməz.
Maddə 33
Məxfilik
1. Sorğu alan Tərəf sorğu edən Tərəfdən tələb edə bilər ki, o faktları və sorğunun məzmununu gizli saxlasın və yalnız onu sorğunun icrası üçün lazım olan həcmdə açıqlasın. Əgər sorğu alan Tərəf məxfiliyin tələblərini yerinə yetirə bilmirsə, o, təxirə salmadan bu barədə sorğu edən Tərəfi məlumatlandırır.
2. Sorğu alan Tərəf, əgər onu bu barədə xahiş edirlərsə və əgər bu onun daxili qanunvericiliyinin əsas prinsiplərinə zidd deyilsə, sorğu edən Tərəfin təqdim etdiyi sübutları və məlumatı gizli saxlayır və yalnız onu ibtidai araşdırma və ya məhkəmə icraatı üçün lazım olan sorğuda göstərilən həcmdə açıqlayır.
3. 10-cu maddəyə uyğun olaraq məlumat almış Tərəf, (əvvəlcədən sorğu təqdim etmədən) öz daxili qanunvericiliyinin müddəalarını nəzərə alaraq məxfiliyə dair həmin məlumatı təqdim etmiş Tərəfin bütün tələblərini yerinə yetirir. Əgər o, bu tələbləri yerinə yetirə bilmirsə, o, bu barədə məlumatı təqdim etmiş Tərəfi məlumatlandırır.
Maddə 34
Məsrəflər
Sorğunun icrası ilə əlaqədar olan adi məsrəflər sorğu alan Tərəfdən ödənilir. Əgər məsrəflər həddindən artıqdırsa və ya fövqəladə xarakter daşıyırsa, Tərəflər sorğunun icra edilməsi şərtləri və məsrəflərin ödənilməsi barədə razılığa gəlirlər.
Maddə 35
Zərər
1. Əgər hər hansı bir şəxs, bu Fəsilə uyğun olaraq əməkdaşlıqla əlaqədar hərəkət və ya hərəkətsizliklə dəyən zərərin yetirilməsinə görə məsuliyyət haqqında iddia verərsə, Tərəflər lazım gəldikdə, bu zərərin ödənilməsi üçün hər hansı bir məbləğin bölüşdürülməsi məqsədi ilə bir-biri ilə məsləhətləşmələrin aparılması mümkünlüyünü müzakirə edəcəkdir.
2. Zərərin yetirilməsinə görə məsuliyyət haqqında iddia almış Tərəf, əgər Tərəfin bu işə aidiyyatı varsa, bu barədə digər Tərəfi məlumatlandırmaq üçün tədbirlər görür.
Fəsil IV
Yekun müddəalar
Maddə 36
İmzalama və qüvvəyə minmə
1. Bu Konvensiya Avropa Şurasının üzv-dövlətləri və onun işlənib hazırlanmasında iştirak edən digər üzv olmayan dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.
Bu Tərəflər öz bağlılığını aşağıdakılarla ifadə edə bilər:
a) ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqqında qeyd-şərt etmədən imzalama, və ya
b) sonradan ratifikasiya, qəbuletmə və ya təsdiqetmə ilə ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqqında qeyd-şərt etməklə imzalama.
2. Ratifikasiya, qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Avropa Şurasının Baş Katibinə saxlanca verilir.
3. Bu Konvensiya, üç dövlət, hansılardan ki, ikisi Avropa Şurasının üzv-dövlətidir, 1-ci bəndin müddəalarına uyğun olaraq bu Konvensiyaya öz bağlılığını ifadə etdiyi tarixdən etibaran üç aydan sonra gələn ayın birinci günü qüvvəyə minir.
4. Bu Konvensiyanı imzalayan hər bir dövlətə münasibətdə, hansı ki, sonradan ona öz bağlılığını ifadə edəcək, bu Konvensiya, onlar 1-ci bəndin müddəalarına uyğun olaraq bu Konvensiyaya öz bağlılığını ifadə etdiyi tarixdən etibarən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
Maddə 37
Konvensiyaya qoşulma
1. Konvensiya qüvvəyə mindikdən sonra, Avropa Şurasının Nazirlər Komitəsi, Konvensiyanın İştirakçı-dövlətləri ilə masləhətləşmələr apararaq Şuranın üzvü olmayan və onun işlənib hazırlanmasında iştirak etməyən istənilən dövləti Konvensiyaya qoşulmağa dəvət edə bilər, bu şərtlə ki, müvafiq qərar Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulduğu kimi səs çoxluğu ilə qəbul edilsin və Komitədə Tərəflərin nümayəndələri tərəfindən yekdil səslə bəyənilsin.
2. Konvensiyaya qoşulan hər bir dövlət üçün bu Konvensiya qoşulmaq haqqında sənədi Avropa Şurasının Baş Katibinə saxlanca verdiyi tarixdən etibarən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
Maddə 38
Ərazi üzrə tətbiq
1. Hər bir dövlət, bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən bu Konvensiyanın hansı ərazi və ya ərazilərə tətbiq edilməsini göstərə bilər.
2. Hər bir Tərəf, hər bir sonrakı dövrdə Avropa Şurası Baş Katibinin adına bəyanat verməklə, bu Konvensiyanın təsirinin həmin bəyanatda göstərilmiş hər hansı bir digər əraziyə tətbiq edilməsini genişləndirə bilər. Konvensiya bu cür əraziyə münasibətdə Baş Katib tərəfindən bu cür bəyanat alınan tarixdən etibarən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
3. Yuxarıda göstərilən iki bəndə uyğun olaraq göndərilmiş hər bir bəyanat həmin bəyanatda göstərilən hər hansı bir əraziyə dair Baş Katibin adına bildiriş təqdim etməklə geri götürülə bilər. Geriyə götürmə Baş Katib tərəfindən bu cür bəyanat alınan tarixdən etibarən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
Maddə 39
Digər konvensiya və sazişlərlə əlaqə
1. Bu Konvensiya konkret məsələlər üzrə çoxtərəfli beynəlxalq konvensiyalardan irəli gələn hüquq və öhdəliklərə toxunmur.
2. Konvensiyanın Tərəfləri, bu Konvensiyada toxunan məsələlərə dair onun müddəalarına əlavə etmək və ya möhkəmləndirmək və ya onda əks olunan prinsiplərin tətbiqini asanlaşdırmaq məqsədi ilə öz aralarında ikitərəfli və çoxtərəfli sazişlər bağlaya bilər.
3. Əgər iki və ya bir neçə Tərəf, artıq bu Konvensiyanın toxunduğu hər hansı bir məsələyə dair saziş və ya müqavilə bağlayıblarsa və ya bu məsələyə dair öz əlaqələrini digər qaydada müəyyənləşdiriblərsə, onlar, əgər bu beynəlxalq əməkdaşlığa yardım edirsə, bu Konvensiyanın əvəzinə həmin sazişi və ya müqaviləni tətbiq edə bilər və ya müvafiq qaydada öz əlaqələrini tənzimləyə bilər.
Maddə 40
Qeyd-şərtlər
1. Hər bir dövlət, bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya, qəbuletmə, təsdiqetmə haqqında sənədini saxlanca təqdim edərkən 2-ci maddənin 2-ci bəndi: 6-cı maddənin 4-cü bəndi; 14-cü maddənin 3-cü bəndi; 21-ci maddənin 2-ci bəndi; 25-ci maddənin 3-cü bəndi; və 32-ci maddənin 2-ci bəndinə uyğun olaraq bir və ya bir neçə qeyd-şərtin tətbiq edilməsi haqqında bəyan edə bilər. Digər hər hansı bir qeyd-şərtlər edilə bilməz.
2. Yuxarıda göstərilən bəndə uyğun olaraq qeyd-şərt etmiş hər bir dövlət təqdim etdiyi qeyd-şərti Avropa Şurası Baş Katibinin adına bildiriş göndərməklə tam və ya qismən geri çağıra bilər. Geriyə götürmə, Baş Katib bu cür bildirişi aldığı gün qüvvəyə minir.
3. Bu Konvensiyanın hər hansı bir müddəasına dair qeyd-şərt etmiş Tərəf həmin müddəanın digər hər hansı bir Tərəf tərəfindən tətbiq edilməsini tələb edə bilməz, lakin, əgər bu qeyd-şərt hissəvi xarakter daşıyırsa və ya şərtidirsə, bu cür qeyd-şərti etmiş Tərəf həmin müvafiq müddəanın yerinə yetirilməsini özü qəbul etdiyi həcmdə tələb edə bilər.
Maddə 41
Düzəlişlər
1. Bu Konvensiyaya düzəlişlər edilməsi haqqında təkliflər hər bir Tərəfdən təqdim edilə bilər, təqdim edilən təkliflər Avropa Şurasının Baş Katibi tərəfindən Şuranın üzv-dövlətlərinə və 37-cı maddənin müddəalarına uyğun olaraq, bu Konvensiyaya qoşulan və ya qoşulmaq təklifi alan Şuranın üzvü olmayan hər bir dövlətə ötürülür.
2. Bu və ya digər Tərəfdən təqdim edilən düzəliş Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinə ötürülür, hansı ki, öz növbəsində həmin düzəlişə dair öz rəyini Nazirlər Komitəsinə təqdim edir.
3. Nazirlər Komitəsi təklif edilən düzəlişi və Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinin təqdim etdiyi rəyini müzakirə edərək həmin düzəlişi qəbul edə bilər.
4. Bu maddənin 3-cü bəndinə uyğun olaraq Nazirlər Komitəsi tərəfindən təsdiq edilmiş hər hansı bir düzəlişin mətni qəbul olunmaq üçün Tərəflərə göndərilir.
5. Bu maddənin 3-cü bəndinə uyğun olaraq təsdiq edilmiş hər hansı bir düzəliş, bütün Tərəflər bu düzəlişin qəbul edilməsi barədə Baş Katibi məlumatlandırdıqları tarixdən sonra gələn otuzuncu gün qüvvəyə minir.
Maddə 42
Mübahisələrin həll edilməsi
1. Avropa Şurasının cinayətkarlıq problemləri üzrə Avropa Komitəsi müntəzəm əsaslarla bu Konvensiyanın şərhi və tətbiqi barədə məlumatlandırılır.
2. Bu Konvensiyanın şərhi və tətbiqi ilə əlaqədar Tərəflər arasında fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər həmin fikir ayrılığını danışıqlar və ya öz seçimlərinə uyğun şəkildə hər hansı bir digər dinc üsulla həll etməyə, o cümlədən mübahisənin Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinə, qərarları Tərəflər üçün məcburi olan arbitraj məhkəməsinə və ya müvafiq Tərəflərin razılığa gəldiklərinə əsasən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edilməsinə çalışırlar.
Maddə 43
Denonsasiya
1. Hər bir Tərəf, Avropa Şurasının Baş Katibinin adına bildiriş göndərməklə bu Konvensiyanı istənilən zaman denonsasiya edə bilər.
2. Bu cür denonsasiya Baş Katib bildirişi aldığı tarixdən etibarən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
3. Lakin barəsində bu cür denonsasiya qüvvəyə minənə qədər, bu Konvensiyanın müddəalarına uyğun olaraq xahiş olunan müsadirənin 14-cü maddəyə uyğun olaraq icra edilməsinə dair bu Konvensiyanın tətbiqi davam edir.
Maddə 44
Bildirişlər
Avropa Şurasının Baş Katibi Şuranın üzv-dövlətlərinə və bu Konvensiyaya qoşulan digər hər hansı bir dövlətə aşağıdakılar barədə bildirir:
a) hər bir imzalama;
b) hər hansı bir ratifikasiya fərmanlarının, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədlərin saxlanca təqdim edilməsi;
c) 36-cı və 37-ci maddələrə uyğun olaraq bu Konvensiyanın hər hansı bir qüvvəyə minmə tarixi;
d) 40-cı maddənin 1-cı bəndinə uyğun olaraq edilmiş hər hansı bir qeyd-şərt;
e) bu Konvensiyaya aid olan hər hansı bir hərəkət, bildiriş və ya məlumat.
Buna təsdiq olaraq, lazımi qaydada təyin edilmiş aşağıda imza edənlər, bu Konvensiyanı imzaladılar.
08 noyabr 1990-cı il tarixdə Strasburqda ingilis və fransız dillərində imzalanmışdır, hər iki mətn bir nüsxədə eyni qüvvəyə malikdir, həmin nüsxə Avropa Şurasının arxivlərində saxlanılacaqdır. Avropa Şurasının Baş Katibi Konvensiyanın təsdiq edilmiş surətlərini Avropa Şurasının hər bir üzv-dövlətinə, Konvensiyanın hazırlanmasında iştirak edən Şuranın üzvü olmayan dövlətlərə və Konvensiyaya qoşulmaq haqqında təklif alan hər bir dövlətə göndərəcəkdir.
«Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında» Konvensiyaya
qeyd-şərtlər və bəyanatlar haqqında
(1990-cı ildə qəbul edilmişdir, 1993-cü ildə qüvvəyə minmişdir)
QEYD-ŞƏRTLƏR
1. «Konvensiyanın 6-cı maddəsinin 4-cü bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, 6-cı maddənin 1-ci bəndi yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyində müəyyən edilmiş əməllərə tətbiq edilir».
2. «Konvensiyanın 14-cü maddəsinin 3-cü bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın 14-cü maddəsinin 2-ci bəndi Azərbaycan Respublikasının konstitusion prinsiplərinə riayət olunmaqla tətbiq ediləcək».
3. «Konvensiyanın 21-ci maddəsinin 2-ci bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, bütün məhkəmə sənədlərinin təqdim edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vasitəsi ilə həyata keçirilməlidir».
4. «Konvensiyanın 25-ci maddəsinin 3-cü bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, sorğular və ona əlavə edilən sənədlər Azərbaycan və ya ingilis dilinə tərcümə edilməklə təqdim olunmalıdır».
5. «Konvensiyanın 32-ci maddəsinin 2-ci bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, Azərbaycan Respublikasının təqdim etdiyi məlumat və ya sübutlar, onun ilkin razılığı olmadan sorğu edən Tərəfin səlahiyyətli orqanları tərəfindən sorğuda göstərilməmiş ibtidai istintaq və ya məhkəmə icraatı məqsədləri üçün istifadə oluna və ya ötürülə bilməz».
BƏYANATLAR:
1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)».
2. «Konvensiyanın 23-cü maddəsinin 2-ci bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, 23-cü maddənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının mərkəzi orqanı kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilir.
Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, 3700073, İnşaatçılar prospekti, 1».