AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
03.02.2011
QEYDİYYAT NÖMRƏSİ
24
ADI
“Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2011, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 152)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.02.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə

“Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 3 fevral 2011-ci il

№ 24

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 3 fevral tarixli 24 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması

 

 Q A Y D A L A R I

 

 1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 10.2-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət metroloji nəzarətinin şamil edildiyi sahələrdə istismar edilən ölçmə vasitələrinin dövlət reyestrinin aparılması qaydasını müəyyən edir.

1.2. Ölçmə vasitələrinin dövlət reyestri (bundan sonra - Reyestr) Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən tipi təsdiq edilmiş ölçmə vasitələrinin qeydiyyatı üçün nəzərdə tutulmuşdur və ölçmə vasitələrinin sınaqları və tipinin təsdiqi üzrə aparılan işlərin nəticələri haqqındakı rəsmi məlumat mənbəyidir.

1.3. Reyestr aşağıdakı məqsədlər üçün yaradılır:

- Azərbaycan Respublikası ərazisində tətbiqinə icazə verilən ölçmə vasitələrinin təsdiq edilmiş tipinin dövlət uçotunun təmin edilməsi;

- dövlət orqanlarının, hüquqi şəxslərin və fərdi sahibkarların ölçmə vasitələrinin tipləri (modifikasiyaları, icraları) haqqında informasiya təminatı;

- mərkəzləşdirilmiş məlumat-axtarış verilənlər bazasının yaradılması.

1.4. Reyestrin aparılmasına ölçmə vasitələrinin tipinin Reyestrə daxil edilməsi, Reyestrdən çıxarılması və Reyestrdə dəyişikliklərin edilməsi daxildir.

1.5. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

- ölçmə vasitəsinin adı və tipi, modifikasiyaları və icraları, təyinatı və tətbiq sahəsi, əsas texniki xarakteristikaları;

- ölçmə vasitəsinin qeydiyyat nömrəsi;

- beynəlxalq sazişlərə və dövlətlərarası standartlaşdırma qaydalarına uyğun olaraq, sınaqların nəticələrinin tanınması və tipin təsdiqi zamanı digər dövlətin ölçmə vasitələrinin dövlət reyestrindəki qeydiyyat nömrəsi;

- ölçmə vasitəsinin Reyestrə daxil edilmə tarixi;

- ölçmə vasitəsinin istehsalçısının adı və olduğu yer;

- ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatın qeydiyyat nömrəsi və qüvvədə olma müddəti;

- əsasında ölçmə vasitəsinin tipi hazırlanan normativ sənədin, yoxlama metodikasının adı və yoxlamalararası intervalın müddəti;

- ölçmə vasitəsinin tipinin Reyestrə daxil edilməsi və ya oradan çıxarılması, onun Reyestrdə qalma müddətinin dəyişdirilməsi və Reyestr sənədində dəyişikliklər edilməsi haqqında Komitənin qəbul etdiyi qərarın nömrəsi və tarixi (ölçmə vasitələrinin dövlət reyestri kitabının forması əlavə olunur).

 

 2. Ölçmə vasitələrinin tipinin Reyestrə daxil edilməsinin əsasları

 

2.1. Ölçmə vasitələrinin tipi Komitənin qərarı ilə təsdiq edilir və Reyestrə daxil edilir.

Aşağıdakı hallardan biri ölçmə vasitələrinin tipinin təsdiq edilməsi və Reyestrə daxil edilməsi üçün əsas hesab edilir:

- ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə aparılan dövlət sınaqlarının müsbət nəticələri;

- beynəlxalq sazişlərə və dövlətlərarası standartlaşdırma qaydalarına uyğun olaraq, ölçmə vasitələrinin digər dövlətlərdə aparılmış dövlət sınaqlarının nəticələrinin tanınması və tipinin təsdiqi məqsədi ilə dövlət sınaqları materiallarının ekspertizası.

2.2. Ölçmə vasitələrinin tipinin Reyestrə daxil edilməsi Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatla təsdiq edilir.

2.3. Dövlət qeydiyyatı Komitənin müvafiq struktur bölməsinə tipin təsdiqi barədə qərarın daxil olduğu gündən başlayaraq, 5 gün müddətində aparılır.

2.4. Ölçmə vasitələrinin tipi Reyestrə 5 (beş) il müddətinə daxil edilir.

Ölçmə vasitələrinin tipinin Reyestrdə qalma müddəti Komitənin qərarına əsasən onların Reyestrə daxil edilməsi üçün müəyyən edilmiş qaydada uzadıla bilər.

2.5. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatın verilməsinə və tipin Reyestrə daxil edilməsinə görə dövlət rüsumu "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

3. Reyestrdə dəyişikliklər edilməsi qaydası

 

3.1. Reyestrdə dəyişikliklər edilməsi aşağıdakı məqsədlərlə həyata keçirilir:

- ölçmə vasitələrinin tipinin Reyestrdə qalma müddətinin uzadılması;

- ölçmə vasitələrini istehsal edən hüquqi şəxsin adının və olduğu yerin dəyişməsi;

- ölçmə vasitələrinin əsas xarakteristikalarının təyinatının və tətbiq sahəsinin dəqiqləşdirilməsi;

- ölçmə vasitələrinin yoxlamalararası intervalının artırılması (azaldılması).

3.2. Reyestrdə dəyişiklik edilməsi Komitənin qərarı əsasında həyata keçirilir.

 

 4. Ölçmə vasitələrinin tipinin Reyestrdən çıxarılması qaydası

 

4.1. Aşağıdakı hallarda ölçmə vasitələrinin tipi Reyestrdən çıxarılmalıdır:

- ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatın qüvvədə olma müddəti qurtardıqda;

- ölçmə vasitələri onlara şamil edilən texniki normativ hüquqi aktların tələblərinə və onlar haqqında Reyestrə daxil edilmiş məlumatlara uyğun gəlmədikdə;

- 5 (beş) ildən artıq müddətdə seriyalı istehsal mənimsənilmədikdə.

4.2. Ölçmə vasitələrinin tipinin Reyestrdən çıxarılması Komitənin qərarı əsasında həyata keçirilir.

4.3. Tipi Reyestrdən çıxarılmış ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır.

Tipi Reyestrdən çıxarılmış ölçmə vasitələrinin yalnız müqayisəli yoxlamadan və ya kalibrləmədən keçdikdən sonra istifadəsinə yol verilir.

4.4. Reyestrdən çıxarılmış ölçmə vasitələrinin tipinin qeydiyyat nömrəsi ölçmə vasitələrinin yeni təsdiq edilmiş tipinə verilmir.

 

 5. Reyestrin məlumatları üzrə informasiya xidməti

 

5.1 Ölçmə vasitələrinin Reyestri həm kağız, həm də elektron daşıyıcılarda aparılır.

5.2. Reyestrdə olan məlumatlar bazasında maraqlı hüquqi və fiziki şəxslərə, o cümlədən xarici ölkələrə elektron qeydiyyat jurnalı əsasında müəyyən edilmiş qaydada informasiya xidməti həyata keçirilir.

5.3. Reyestrin məlumatı Komitənin dövri nəşrlərində və xüsusi informasiya məcmuələrində (göstəricilərində, məlumat kitabçalarında, kataloqlarda) çap olunur və Komitənin saytında yerləşdirilir.

5.4. Komitənin müvafiq struktur bölməsi ölçmə vasitələri haqqında məlumatları hazırlayır və rübdə bir dəfədən az olmayaraq, bu məlumatların mətbuatda dərc edilməsini təşkil edir.

5.5. Komitənin müvafiq struktur bölməsi Reyestrlə bağlı malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın Komitənin saytında yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin edir.

5.6. Komitənin müvafiq struktur bölməsi Reyestrdəki dəyişikliklər haqqında məlumatların bir aydan gec olmayaraq mətbuatda rəsmi dərc olunmasını təşkil edir.

5.7. Reyestrdən istifadə edən fiziki və hüquqi şəxslərin müraciətlərinə 5 (beş) gün müddətində baxılır.

 

6. Sənədlərin saxlanması qaydası

 

6.1. Ölçmə vasitələrinin tipinin Reyestrdən çıxarılması barədə sənədlər Azərbaycan Respublikası qanunvericiliyinin müəyyən etdiyi müddət ərzində Reyestrin arxivində saxlanılmalıdır.

6.2. Reyestrin sənədlərinin saxlanması Komitə tərəfindən aparılan sənədlərin saxlanmasının müəyyən edilmiş şəraitinə riayət etməklə və informasiyaya girişin məhdudluğu tələblərini təmin etməklə, arxivin ayrı-ayrı anbarında həyata keçirilir.

 

"Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları"na əlavə

 

 Ölçmə vasitələrinin dövlət reyestri kitabının forması

 

Sıra

№-si

Ölçmə vasitəsinin adı və tipi, modifikasiyaları və icraları, təyinatı və tətbiq sahəsi, əsas texniki xarakteristikaları

Ölçmə vasitəsinin qeydiyyat nömrəsi

Beynəlxalq sazişlərə və dövlətlərarası standartlaşdırma qaydalarına uyğun olaraq, sınaqların nəticələrinin tanınması və tipin təsdiqi zamanı digər dövlətin ölçmə vasitələrinin dövlət reyestrindəki qeydiyyat nömrəsi

Ölçmə vasitəsinin Reyestrə daxil edilmə tarixi

Ölçmə vasitəsinin istehsalçısının adı və olduğu yer

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında Sertifikatın qeydiyyat nömrəsi və qüvvədə olma müddəti

Əsasın-da ölçmə vasitəsinin tipi hazırlanan normativ sənədin, yoxlama metodikasının adı və yoxlamalararası intervalın müddəti

Ölçmə vasitəsinin tipinin Reyestrə daxil edilməsi və ya oradan çıxarılması, onun Reyestrdə qalma müddətinin dəyişdirilməsi və Reyestr sənədinə dəyişikliklər edilməsi haqqında Komitənin qəbul etdiyi qərarın nömrəsi və tarixi

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 iyun 2014-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2014-cü il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 741)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 9 iyun 2014-cü il tarixli 187 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 iyun 2014-cü il, № 133, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 741) ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status