×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.03.2003
QEYDİYYAT NÖMRƏSİ
421-IIQ
ADI
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasının və ona əlavə protokolun təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2003, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 175)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasının və ona əlavə protokolun təsdiq edilməsi barədə

"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasının və ona əlavə protokolun təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 1959-cu il aprelin 20-də Strasburq şəhərində imzalanmış "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyası müvafiq bəyanatlar və qeyd-şərtlər ilə (bəyanatların və qeyd-şərtlərin mətnləri əlavə olunur) və 1978-ci il martın 17-də Strasburq şəhərində imzalanmış "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına Əlavə Protokol müvafiq bəyanat və qeyd-şərtlə (bəyanatın və qeyd-şərtin mətni əlavə olunur) təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2003-cü il
№ 421-IIQ

 

 

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında

 

AVROPA KONVENSİYASI

 

Strasburq, 20 aprel 1959-cu il

 

Preambula

 

 Avropa Şurasının üzvləri bu Konvensiyanı imzalayan Hökumətlər

 hesab edərək ki, Avropa Şurasının məqsədi onun üzvləri arasında daha böyük birliyə nail olmaqdır,

 əmin olaraq ki, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində ümumi qaydaların qəbul edilməsi bu məqsədin nail olunmasına yardım edəcək,

 hesab edərək ki, bu cür qarşılıqlı yardım artıq 13 dekabr 1857-ci ildə imzalanmış Konvensiyanın predmeti olan verilmə məsələsi ilə əlaqədardır,

 Aşağıdakılar barədə razılığa gəldilər:

 

Bölmə I

Ümumİ müddəalar

Maddə 1

 

 1. Razılığa gələn Tərəflər bu Konvensiyanın müddəalarına uyğun olaraq, cəzası yardım haqqında sorğu edilən zaman sorğu edən Tərəfin məhkəmə orqanlarının cinayət yurisdiksiyası altına düşən cinayətlərə görə, cinayət təqibi məsələsində qarşılıqlı əsaslarla bir-birinə ən geniş hüquqi yardımın göstərilməsini öz öhdələrinə götürürlər.

 2. Bu Konvensiya həbsetmələrə, hökmlərin icrasına, habelə ümumi cinayət hüququna əsasən bu kimi cinayətlərə aid olmayan hərbi cinayətlərə tətbiq edilmir.

 

Maddə 2

 

 Yardımdan imtina edilə bilər:

 a) əgər sorğu, sorğunu alan Tərəfin siyasi cinayət, siyasi cinayətlə əlaqəsi olan cinayət və ya maliyyə cinayəti hesab etdiyi cinayətə aiddirsə;

 b) əgər sorğunu alan Tərəf hesab edirsə ki, sorğunun yerinə yetirilməsi onun ölkəsinin suverenliyinə, təhlükəsizliyinə, ictimai asayişinə və ya digər əhəmiyyətli maraqlarına zərər yetirə bilər.

 

Bölmə II

Məhkəmə tapşırıqları

Maddə 3

 

 1. Sorğunu alan Tərəf onun qanunvericiliyi ilə müəyyən edilən qaydada cinayət işlərinə aid olan və şahid ifadələrinin alınması və ya maddi sübutların, materialların və ya sənədlərin ötürülməsi məqsədi ilə sorğu edən Tərəfin məhkəmə orqanları tərəfindən ona göndərilən istənilən məhkəmə tapşırıqlarını yerinə yetirir.

 2. Əgər sorğu edən Tərəf istəyirsə ki, şahidlər və ekspertlər ifadəni and içərək versinlər, onda o, bu barədə xüsusi olaraq xahiş edir, sorğunu alan Tərəf isə, əgər onun ölkəsinin qanunvericiliyi bunu qadağan etmirsə, bu xahişi yerinə yetirir.

 3. Sorğunu alan Tərəf tələb edilən materialların və ya sənədlərin təsdiqlənmiş surətlərini və ya təsdiqlənmiş fotosurətlərini ötürə bilər, əgər ancaq sorğu edən Tərəf xüsusi olaraq orijinalları tələb etmirsə, sorğunu alan Tərəf xahişi yerinə yetirmək üçün bütün səyləri göstərir.

 

Maddə 4

 

 1. Sorğu edən Tərəfin xüsusi xahişinə əsasən sorğunu alan Tərəf məhkəmə tapşırıqlarının tarixini və icra edildiyi yeri göstərir. Əgər sorğunu alan Tərəfin buna razılığı olarsa, rəsmi və maraqlı şəxslər iştirak edə bilərlər.

 

Maddə 5

 

 1. İstənilən razılığa gələn Tərəf bu Konvensiyanı imzalayarkən və yaxud öz ratifikasiya fərmanını və ya qoşulmaq haqqında sənədini saxlanca verərkən Avropa Şurası Baş Katibinə ünvanladığı bəyannamə vasitəsi ilə axtarış və ya əmlak üzərinə həbs qoyma ilə əlaqədar olan məhkəmə tapşırıqlarının icra edilməsi hüququnu aşağıdakı bir və ya bir neçə şərtlərə riayət etməklə özündə saxlaya bilər:

 a) məhkəmə tapşırığı ilə əlaqəsi olan cinayət istər sorğu edən Tərəfin qanunu, istərsə də sorğunu alan Tərəfin qanunu ilə cəzalandırılan cinayətdirsə;

 b) məhkəmə tapşırığı ilə əlaqəsi olan cinayət sorğunu alan Tərəfdə verilməni nəzərdə tutan cinayətdirsə;

 c) məhkəmə tapşırığının yerinə yetirilməsi sorğunu alan Tərəfin qanunvericiliyinə zidd deyilsə.

 2. Razılığa gələn Tərəf bu maddənin 1-ci bəndinə uyğun olaraq bəyanat verərsə, istənilən digər Tərəf qarşılılıq qaydasını tətbiq edə bilər.

 

Maddə 6

 

 1. Sorğunu alan Tərəf tələb edilən əşyaların, materialların və ya sənədlərin verilməsini təxirə sala bilər, əgər göstərilən əşyalar, materiallar və ya sənədlər cari cinayət məhkəmə icraatı ilə bağlı onun özünə lazımdırsa.

 2. Məhkəmə tapşırıqlarının yerinə yetirilməsi üçün verilmiş hər bir əşyaların, habelə materialların və sənədlərin əsliləri, əgər sorğunu alan Tərəf onlardan imtina etməzsə, sorğu edən Tərəfdən sorğunu alan Tərəfə olduqca qısa müddət ərzində qaytarılır.

 

 Bölmə III

Məhkəmə sənədlərİnİn və qərarlarının verİlməsİ, şahİdlərİn, ekspertlərİn və təqsİrləndİrİlən şəxsİn məhkəməyə gəlməsİ

Maddə 7

 

 1. Sorğunu alan Tərəf sorğu edən Tərəfdən, ona bu məqsədlə ötürülmüş məhkəmə sənədlərinin və qərarlarının verilməsini həyata keçirir.

 Sənədlərinin və ya qərarın ünvan sahibinə sadəcə təqdim edilmə vasitəsi ilə həyata keçirilir. Əgər sorğu edən Tərəf xüsusi olaraq bu barədə xahiş edirsə, onda təqdimetmə sorğunu alan Tərəf tərəfindən analoji sənədlər üçün öz qanunvericiliyi ilə müəyyən edilən qaydada və ya bu cür qanunvericiliyə uyğun gələn xüsusi qaydada həyata keçirilir.

 2. Təqdimetmə faktı ünvan sahibi tərəfindən tarixi qoyulan və imzalanan qəbzlə və ya sorğunu alan Tərəfin təqdimetmənin baş tutması haqqında olan təqdimetmənin formasını və tarixini göstərdiyi ərizəsi ilə təsdiqlənir. Müvafiq sənəd təxirəsalınmadan sorğu edən Tərəfə göndərilir. Sorğunu alan Tərəf sorğu edən Tərəf xahiş etdiyi təqdirdə, təsdiq edir ki, təqdimetmə sorğunu alan Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilmişdir. Təqdimetmə mümkün olmadığı təqdirdə, səbəblər təcili olaraq sorğunu alan Tərəf tərəfindən sorğu edən Tərəfə bildirilir.

 3. İstənilən Razılığa gələn Tərəf bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya fərmanını və ya qoşulma haqqında sənədini saxlanca verərkən Avropa Şurası Baş Katibinin adına ünvanladığı bəyanatda xahiş edə bilər ki, onun ərazisində olan təqsirləndirilən şəxsin məhkəməyə gəlməsi haqqında çağırış vərəqəsi məhkəməyə gəlmək tarixi müəyyən edilənə qədər onun səlahiyyətli orqanlarına müəyyən müddət ərzində ötürülsün. Bu müddət yuxarıda adı çəkilən ərizədə göstərilir və həmin müddət 50 gündən yuxarı ola bilməz.

 Bu müddət, məhkəməyə gəlmə tarixi müəyyən edilərkən və ya çağırış vərəqəsi verilərkən nəzərə alınır.

 

Maddə 8

 

 Təqdim olunması haqqında Razılığa gələn Tərəf tərəfindən xahiş edilən məhkəməyə gəlmə haqqında çağırış vərəqəsinə cavab verə bilməyən şahid və ya ekspert, hətta məhkəmə çağırışında sanksiyalar haqqında xəbərdarlıq mövcud olsa belə, heç bir cəzaya və ya məhdudiyyətlərə məruz qala bilməz, bu şərtlə ki, o, sonradan könüllü şəkildə sorğu edən Tərəfin ərazisində olmasın və yenidən orada müvafiq qaydada məhkəməyə çağırılmasın.

 

Maddə 9

 

 Şahidə və ya ekspertə sorğu edən Tərəf tərəfindən verilən müavinətlər, o cümlədən ödənilən gündəlik xərclər və nəqliyyat xərcləri onun yaşayış yerindən ən azı işə baxılacaq ölkədə mövcud olan tarif və qaydalarla nəzərdə tutulan normalara bərabər tutulan normalar əsasında hesablanır.

 

Maddə 10

 

 1. Əgər sorğu edən Tərəf şahidin və ya ekspertin şəxsən məhkəməyə gəlməsini xüsusilə vacib hesab edirsə, o, bunu çağırış vərəqəsinin verilməsi haqqında xahişində qeyd edir və sorğu edən Tərəf şahidə və ya ekspertə məhkəməyə gəlməyi təklif edir.

 Sorğunu alan Tərəf şahidin və ya ekspertin cavabı haqqında sorğu edən Tərəfi məlumatlandırır.

 2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallarda, xahişdə və ya çağırış vərəqəsində ödənilməli müavinətlərin, habelə nəqliyyat xərclərinin və gündəlik xərclərin təqribi məbləği göstərilir.

 3. Əgər sorğu edən Tərəf xüsusi olaraq bu barədə xahiş edirsə, sorğunu alan Tərəf şahidə və ya ekspertə avans verə bilər. Avansın məbləği məhkəmə çağırışında göstərilir və sorğu edən Tərəf tərəfindən ödənilir.

 

Maddə 11

 

 1. Həbs altında olan şəxs, kimin ki, şahid qismində və ya üzləşmə üçün şəxsən gəlməyini sorğu edən Tərəf xahiş edir, müvəqqəti olaraq işin baxılacağı əraziyə təslim edilir, bu şərtlə ki, o, sorğunu alan Tərəfin göstərdiyi müddət ərzində və 12-ci maddənin tətbiq oluna biləcəyi həcmdə olan müddəalarına riayət etməklə geri göndəriləcəkdir.

 Təslim etmədən imtina edilə bilər:

 a) əgər həbs altında olan şəxs buna razılıq vermirsə;

 b) əgər sorğunu alan Tərəfin ərazisində cinayət məhkəmə icraatı üçün onun iştirakı zəruridirsə;

 c) əgər ötürmə onun həbs altında olma müddətini artıra bilərsə; və ya

 d) əgər onu sorğu edən Tərəfin ərazisinə ötürülməməsi üçün digər qəti əsaslar varsa.

 2. 2-ci maddənin müddəalarını nəzərə alaraq əvvəlki bənddə nəzərdə tutulan hallarda, həbs altında olan şəxsin bu Konvensiyanın Tərəf-dövləti olan üçüncü dövlətin ərazisindən tranzitinə, sorğu edən Tərəfin ədliyyə nazirliyi tərəfindən tranzit üçün razılığı soruşulan Tərəfin ədliyyə nazirliyinə ünvanlanan vəsatət və ona əlavə edilmiş bütün zəruri sənədlər əsasında icazə verilir. Razılığa gələn Tərəf öz vətəndaşlarının tranziti üçün icazə verməkdən imtina edə bilər.

 3. Ötürülmüş şəxs, əgər ancaq ötürülməsi xahiş edilən Tərəf onun azad edilməsini tələb etməzsə, sorğu edən Tərəfin ərazisində və müvafiq halda tranzit üçün icazəsi xahiş edilən Tərəfin ərazisində tutularaq saxlanılır.

 

Maddə 12

 

 1. Vətəndaşlığından asılı olmayaraq məhkəmə çağırış vərəqəsi əsasında sorğu edən Tərəfin məhkəmə orqanları qarşısında duran şahid və ya ekspert bu Tərəfin ərazisində, sorğu edilən Tərəfin ərazisini tərk edənə qədər törətdiyi əməllərə görə və məhkumluğa görə cinayət təqibinə, tutulma və ya şəxsi azadlıq məhdudiyyətlərinə məruz qala bilməz.

 2. Vətəndaşlığından asılı olmayaraq məhkəmə çağırış vərəqəsi əsasında barəsində başlanmış məhkəmə işi əsasında olan əməllərə görə cavab vermək üçün sorğu edən Tərəfin məhkəmə orqanları qarşısında duran şəxs, məhkəmə çağırış vərəqəsində göstərilmədiyi təqdirdə, Sorğu edilən Tərəfin ərazisini tərk etməmişdən əvvəl törətdiyi əməllərə və məhkumluğa görə cinayət təqibinə, tutulma və ya şəxsi azadlıq məhdudiyyətlərinə məruz qala bilməz.

 3. Əgər şahid, ekspert və ya cinayət təqibinə məruz qalan şəxs onun iştirakına hüquqi orqanlar tərəfindən daha zərurət olmadığı tarixdən sonra sonrakı 15 gün ərzində sorğu edən Tərəfin ərazisini tərk etməyə imkanının olmasına baxmayaraq, bu ərazidə qalmışdırsa və ya onu tərk etdikdən sonra geri qayıtmışdırsa, bu maddədə nəzərdə tutulan immunitet qurtarır.

 

 Bölmə IV

Məhkəmə materİalları

Maddə 13

 

 1. Sorğu alan Tərəf, oxşar hallarda öz məhkəmə orqanlarının əldə edə biləcəyi həcmdə, razılığa gələn Tərəfin məhkəmə orqanları tərəfindən soruşulan və cinayət işinin baxılmasında zəruri olan məhkəmə materiallarından çıxarışları və bununla bağlı məlumatları onlara təqdim edir.

 2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulan hallardan başqa, sorğuya, sorğu alan Tərəfin qanunvericiliyinə, normativ hüquqi aktlarına və təcrübəsinə uyğun cavab veriləcək.

 

 Bölmə V

Prosedur

Maddə 14

 

 1. Qarşılıqlı yardım haqqında sorğu özünə aşağıdakı məlumatları daxil edir:

 a) sorğunu göndərən orqanın adı;

 b) sorğunun predmeti və səbəbi;

 c) imkan daxilində, aidiyyatı olan şəxsin şəxsiyyəti və vətəndaşlığı haqqında məlumat; və

 d) zəruri olduqda bu şəxsin soyadı və ünvanı;

 2. Bundan əlavə 3, 4 və 5-ci maddələrdə nəzərdə tutulan məhkəmə tapşırıqlarında ittiham və faktların qısa məzmunu əks etdirilir.

 

Maddə 15

 

 1. 3, 4 və 5-ci maddələrdə qeyd edilən məhkəmə tapşırıqları, habelə 11-ci maddədə qeyd edilən vəsatətlər sorğu edən Tərəfin ədliyyə nazirliyi tərəfindən sorğunu alan Tərəfin Ədliyyə nazirliyinə göndərilir, onlara cavab isə həmin kanallarla geri qaytarılır.

 2. Təxirəsalınmaz hallarda məhkəmə tapşırıqları bilavasitə sorğu edən Tərəfin məhkəmə orqanları tərəfindən sorğunu alan Tərəfin məhkəmə orqanlarına göndərilir. Onlara cavablar müvafiq sənədlərlə birlikdə bu maddənin 1-ci bəndində göstərilən yollarla geri qaytarılır.

 3. 13-cü maddənin 1-ci bəndində nəzərdə tutulan xahişlər maraqlı məhkəmə orqanları tərəfindən bilavasitə sorğunu alan Tərəfin müvafiq orqanlarına göndərilə bilər və cavablar bilavasitə bu orqanlar vasitəsi ilə geri qaytarıla bilər. 13-cü maddənin 2-ci bəndində nəzərdə tutulan xahişlər sorğu edən Tərəfin ədliyyə nazirliyi tərəfindən sorğunu alan Tərəfin ədliyyə nazirliyinə göndərilir.

 4. Bu maddənin 1-ci və 3-cü bəndlərində nəzərdə tutulanlardan başqa, qarşılıqlı yardım haqqında xahişlərin və xüsusilə də ittiham irəli sürülənə qədər istintaqın aparılması haqqında xahişlərin ötürülməsi bilavasitə hüquqi orqanlar arasında həyata keçirilə bilər.

 5. Bu Konvensiya əsasında birbaşa təqdim edilməyə icazə verilən hallarda, bu, Beynəlxalq Cinayət Polisi Təşkilatı (İnterpol) vasitəsi ilə həyata keçirilə bilər.

 6. Razılığa gələn Tərəf bu Konvensiyanı imzalayarkən və ya ratifikasiya fərmanını və ya qoşulma haqqında sənədi saxlanca verərkən Avropa Şurası Baş Katibinin adına bəyanat vasitəsi ilə bildirə bilər ki, yardım haqqında bir neçə və ya bütün sorğular bu maddədə nəzərdə tutulandan fərqli olaraq ona digər kanallar vasitəsilə göndərilməlidir və yaxud tələb edə bilər ki, bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallarda məhkəmə tapşırığının surəti eyni zamanda onun ədliyyə nazirliyinə göndərilsin.

 7. Bu maddənin müddəaları razılığa gələn Tərəflər arasında mövcud olan, onların müvafiq orqanları arasında yardım haqqında xahişlərin birbaşa ötürülməsini nəzərdə tutan ikitərəfli sazişlərin və ya razılaşmaların müddəalarına toxunmur.

 

Maddə 16

 

 1. Bu maddənin 2-ci bəndinin müddəalarına əməl edilməsi şərtilə sorğuların və əlavə edilmiş sənədlərin tərcüməsi tələb olunmur.

 2. Hər bir razılığa gələn Tərəf, imzalayarkən və ya öz ratifikasiya fərmanını və ya qoşulma haqqında sənədini saxlanca verərkən Avropa Şurası Baş Katibinin adına bəyanat vasitəsilə belə bir tələb etmək hüququnu özündə saxlaya bilər ki, xahişlər və əlavə edilən sənədlər ona onun ana dilinə və ya Avropa Şurasının rəsmi dillərindən birinə yaxud da onun göstərdiyi dillərdən birinə tərcümə ilə birlikdə göndərilsin. Digər razılığa gələn Tərəflər qarşılıqlı prinsipini tətbiq edə bilərlər.

 3. Bu maddə, iki və daha artıq Razılığa gələn Tərəflər arasında qüvvədə olan və ya onlar tərəfindən hazırlanan sazişlərdə və ya razılaşmalarda əks olunan xahişlərin və ya əlavə olunan sənədlərin tərcümə olunması haqqında müddəalara toxunmur.

 

Maddə 17

 

 Bu Konvensiyaya uyğun olaraq göndərilmiş şahid ifadələrinin və ya sənədlərin əsli ilə düzgün olmasının təsdiq edilməsi tələb olunmur.

 

Maddə 18

 

 Əgər yardım haqqında xahişi alan orqan onu icra etməyə səlahiyyətli deyilsə, onda ex officio sorğunu öz ölkəsinin səlahiyyətli orqanına ötürür və bu barədə birbaşa kanallarla, əgər sorğu həmin kanallarla göndərilmişdirsə, sorğu edən Tərəfi məlumatlandırır.

 

Maddə 19

 

 Qarşılıqlı yardımın göstərilməsinə edilən hər hansı bir imtinaların səbəbi barəsində xəbər verilməlidir.

 

Maddə 20

 

 10-cu maddənin 3-cü bəndinin müddəalarına əməl olunması şərtilə qarşılıqlı yardım haqqında xahişlərin yerinə yetirilməsi, sorğunu alan Tərəfin ərazisində ekspertlərin iştirakı və ya 11-ci maddəyə əsasən tutulan şəxsin aparılması ilə əlaqədar olan xərclər istisna olmaqla, xərclərin ödənilməsinə səbəb olmur.

 

 Bölmə VI

Məhkəmə baxışı İlə bağlı məlumatın təqdİm edİlməsİ

Maddə 21

 

 1. Razılığa gələn Tərəf tərəfindən digər Tərəfin məhkəmələrində işin araşdırılması ilə bağlı təqdim edilən məlumatın ötürülməsi, əgər ancaq Razılığa gələn Tərəf 15-ci maddənin 6-cı bəndində nəzərdə tutulan seçim hüququndan istifadə etmirsə, maraqlı ədliyyə nazirlikləri arasında həyata keçirilir.

 2. Sorğunu alan Tərəf onun tərəfindən bu cür məlumat əsasında görülən hər hansı bir tədbirlər haqqında sorğu edən Tərəfi xəbərdar edir və çıxarılmış hökmə aid olan məhkəmə qərarının surətini göndərir.

 3. 16-cı maddənin müddəaları, bu maddənin 1-ci bəndinə uyğun olaraq təqdim edilən məlumatlara münasibətdə tətbiq edilir.

 

 Bölmə VII

Məhkəmə hökmlərİ haqqında məlumatların mübadİləsİ

Maddə 22

 

 Razılığa gələn hər bir Tərəf onun məhkumluq haqqında əməliyyat-statistik informasiya orqanında qeydə alınmış digər Tərəfin vətəndaşları ilə bağlı bütün cinayət hökmləri və müvafiq tədbirlər haqqında həmin Tərəfə məlumat verir. Ədliyyə Nazirlikləri belə məlumatları ən azı ildə bir dəfə mübadilə edirlər. Əgər aidiyyəti olan şəxs iki və ya daha çox Razılığa gələn Tərəflərin vətəndaşları hesab edilirsə və ərazisində məhkum edilən Tərəfin vətəndaşı deyilsə, məlumat maraqlı Tərəflərin hər birinə göndərilir.

 

 Bölmə VIII

Yekun müddəalar

Maddə 23

 

 1. İstənilən Razılığa gələn Tərəf bu Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya fərmanını və ya qoşulmaq haqqında sənədini saxlanca verərkən Konvensiyanın istənilən müddəasına və ya müddəalarına münasibətdə qeyd-şərt edə bilər.

 2. Qeyd-şərt etmiş istənilən Razılığa gələn Tərəf, buna şərait imkan verdikdə qeyd-şərti geri götürür. Qeyd-şərtin geri götürülməsi Avropa Şurasının Baş Katibini xəbərdar etməklə həyata keçirilir.

 3. Konvensiyanın müddəalarına münasibətdə qeyd-şərt etmiş Razılığa gələn Tərəf göstərilən müddəanın digər Tərəf tərəfindən tətbiq edilməsini yalnız özü bu müddəa ilə razılaşdığı həcmdə təkid edə bilər.

 

Maddə 24

 

 Razılığa gələn Tərəf bu Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya fərmanını və ya qoşulmaq haqqında sənədini saxlanca verərkən Avropa Şurası Baş Katibinin adına ünvanlandığı bəyanat vasitəsi ilə Konvensiyanın məqsədləri üçün hansı orqanı məhkəmə orqanı kimi hesab edəcəyini müəyyən edə bilər.

 

Maddə 25

 

 1. Bu Konvensiya Razılığa gələn Tərəflərin metropoliya ərazilərinə tətbiq edilir.

 2. Fransaya münasibətdə bu, həmçinin Əlcəzairə və dəniz departamentlərinə, İtaliyaya münasibətdə isə İtaliya administrasiyası altında olan Somali ərazilərinə də tətbiq edilir.

 3. Almaniya Federativ Respublikası, bu Konvensiyanın tətbiqini Avropa Şurası Baş Katibinin adına ünvanlanmış xəbərdarlıq vasitəsi ilə Berlin torpağına şamil edə bilər.

 4. Niderland Krallığına münasibətdə Konvensiya onun Avropa ərazilərinə tətbiq edilir. Niderland Avropa Şurası Baş Katibinin adına ünvanladığı xəbərdarlıq vasitəsi ilə bu Konvensiyanın tətbiqini Niderlandın Antil adalarına, Surinam, Niderlandın Yeni Qvineyasına yayıla bilər.

 5. İki və daha çox Razılığa gələn Tərəflər arasında birbaşa razılaşmaya əsasən və bu razılaşmada şərh edilən şərtlərə riayət etməklə, bu Konvensiyanın tətbiqi bu maddənin 1, 2, 3 və 4-cü bəndlərində göstərilən istənilən bu cür Tərəfin beynəlxalq münasibətlərə görə məsuliyyət daşıdığı ərazilərdən savayı, Tərəflərdən birinin istənilən ərazisinə yayıla bilər.

 

Maddə 26

 

 1. 15-ci maddənin 7-ci bəndinin müddəalarına və 16-cı maddənin 3-cü bəndinin müddəalarına riayət etməklə bu Konvensiya tətbiq edildiyi ölkələrə münasibətdə istənilən iki Razılığa gələn Tərəflər arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımı nizamlayan istənilən müqavilələrin, konvensiyaların yaxud da ikitərəfli sazişlərin müddəalarını əvəz edir.

 2. Bu Konvensiya müəyyən sahədə qarşılıqlı yardımın konkret aspektlərini tənzimləyən maddələri nəzərdə tutan və ya nəzərdə tuta bilən istənilən digər ikitərəfli və ya çoxtərəfli beynəlxalq konvensiyaların şərtlərinə uyğun olaraq götürülmüş öhdəliklərə xələl gətirmir.

 3. Razılığa gələn Tərəflər öz aralarında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında ikitərəfli və ya çoxtərəfli sazişləri yalnız bu Konvensiyanın müddəalarının tamamlanması və ya onda nəzərdə tutulan prinsiplərin tətbiqinə yardım edilməsi məqsədi ilə bağlaya bilərlər.

 4. Əgər hər iki və ya daha çox Razılığa gələn Tərəflər arasında cinayət işləri üzrə qarşılıqlı yardım ümumi qanunvericilik və ya onların müvafiq ərazilərində birgə qarşılıqlı yardım tədbirlərinin qarşılıqlı tətbiq edilməsini nəzərdə tutan xüsusi sistem əsasında həyata keçirilirsə, həmin Tərəflər bu Konvensiyanın müddəalarından asılı olmayaraq bu sahədə öz qarşılıqlı münasibətlərini xüsusilə bu cür qanunvericiliyə və sistemə uyğun şəkildə tənzimləyə bilər. Bu bəndə uyğun olaraq Konvensiyanın qarşılıqlı tətbiqinin mümkünlüyünü istisna edən Razılığa gələn Tərəflər müvafiq olaraq bu barədə Avropa Şurasının Baş Katibini xəbərdar edirlər.

 

Maddə 27

 

 1. Bu Konvensiya Avropa Şurasının üzvləri tərəfindən imzalanmaq üçün açıqdır. O, ratifikasiya edilməlidir. Ratifikasiya fərmanları Avropa Şurasının Baş Katibinə saxlanca verilir.

 2. Konvensiya üçüncü ratifikasiya fərmanının saxlanca verilməsindən 90 gün sonra qüvvəyə minir.

 3. Konvensiyanı imzalayan və sonradan onu ratifikasiya edən istənilən dövlətə münasibətdə Konvensiya onun ratifikasiya fərmanını saxlanca verilməsindən 90 gün sonra qüvvəyə minir.

 

Maddə 28

 

 1. Avropa Şurasının Nazirlər Komitəsi Şuranın üzvü olmayan istənilən dövləti, yalnız o şərtlə bu Konvensiyaya qoşulmağa dəvət edə bilər ki, bu dəvəti əks etdirən qətnamə Konvensiyanı ratifikasiya etmiş Şura üzvləri tərəfindən yekdilliklə bəyənilsin.

 2. Qoşulma, Avropa Şurasının Baş Katibinə qoşulma haqqında sənədin saxlanca verilməsi ilə həyata keçirilir və bu sənəd onu saxlanca verilməsindən 90 gün sonra qüvvəyə minir.

 

Maddə 29

 

 İstənilən Razılığa gələn Tərəf bu Konvensiyanı özünə aid olduğu həcmdə Avropa Şurasının Baş Katibinə bildiriş göndərməklə denonsasiya edə bilər. Denonsasiya Avropa Şurasının Baş Katibi bu cür bildiriş aldığı tarixdən altı ay sonra qüvvəyə minir.

 

Maddə 30

 

 Avropa Şurasının Baş Katibi Şura üzvlərini və bu Konvensiyaya qoşulan istənilən dövlətin hökumətini aşağıdakılar barədə xəbərdar edir:

 a) onu imzalamış Tərəflərin adları və istənilən ratifikasiya fərmanının və ya qoşulmaq haqqında sənədin saxlanca verilməsi;

 b) bu Konvensiyanın qüvvəyə mindiyi tarix;

 c) 5-ci maddənin 1-ci bəndinə, 7-ci maddənin 3-cü bəndinə, 15-ci maddənin 6-cı bəndinə, 16-cı maddənin 2-ci bəndinə, 24-cü maddəyə, 25-ci maddənin 3-cü və 4-cü bəndlərinə və ya 26-cı maddənin 4-cü bəndinin müddəalarına uyğun olaraq hər hansı bir bildiriş;

 d) 23-cü maddənin 1-ci bəndinə uyğun olaraq edilən hər hansı bir qeyd-şərt;

 e) 23-cü maddənin 2-ci bəndinə uyğun olaraq istənilən qeyd-şərtin geri götürülməsi;

 f) 29-cu maddənin müddəalarına uyğun olaraq denonsasiya haqqında alınan istənilən bildiriş və bu cür denonsasiyanın qüvvəyə mindiyi tarix.

 Buna təsdiq olaraq, lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər, bu Konvensiyanı imzaladılar.

 20 aprel 1959-cu ildə Strasburqda ingilis və fransız dillərində imzalanmışdır, hər iki mətn bir nüsxədə eyni qüvvəyə malikdir, həmin nüsxə Avropa Şurasının arxivlərində saxlanılacaq. Avropa Şurasının Baş Katibi Konvensiyanın təsdiq olunmuş surətlərini onu imzalayan və ya ona qoşulan hər bir hökumətə təqdim edir.

 

Avropa Şurası

Avropa müqavilələri

№ 099

 

Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım

haqqında Avropa konvensiyasına

 

ƏLAVƏ PROTOKOL

 

Strasburq, 17 mart 1978-ci il

 

 Bu Protokolu imzalayan Avropa Şurasının Üzv-dövlətləri,

 20 aprel 1959-cu ildən Strasburqda imzalanmaq üçün açıq olan Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyasını (bundan sonra Konvensiya kimi adlanacaq) maliyyə cinayətləri sahəsində tətbiq edilməsini asanlaşdırılmasını arzulayaraq;

 habelə Konvensiyaya müvafiq müddəaların əlavə edilməsini məqsədə müvafiq hesab edərək;

 aşağıdakılar barədə razılığa gəldilər:

 

 HİSSӘ I

 

Maddə 1

 

 Razılığa gələn Tərəflər Konvensiyanın 2(a) maddəsində nəzərdə tutulan hüququ, xahişin yalnız sorğunu alan Tərəfin maliyyə cinayəti hesab etdiyi cinayətə aid olmasına görə, yardımdan imtina etmək üçün istifadə etmirlər.

 

Maddə 2

 

 1. Əgər Razılığa gələn Tərəf axtarışa və ya əmlak üzərinə həbs qoymağa dair məhkəmə tapşırıqlarının icra edilməsini bu şərtlə əsaslandırır ki, məhkəmə tapşırığı üçün əsas olmuş cinayət, həm sorğunu alan Tərəfin qanunvericiliyi, həm də sorğu edən Tərəfin qanunvericiliyi ilə cəzalandırılan cinayətdir, onda bu şərt maliyyə cinayətlərinə o zaman şamil edilir ki, cinayət sorğu edən Tərəfin qanunları ilə cəzalandırılmalı olsun və sorğunu alan Tərəfin qanunları ilə nəzərdə tutulan analoji cinayətə uyğun gəlsin.

 2. Xahişdən imtina edilə bilməz yalnız o əsasla ki, sorğunu alan Tərəfin qanununda vergilərin və ya rüsumların tutulması nəzərdə tutulmur və ya onda sorğu edən Tərəfin qanununda nəzərdə tutulan vergilərə, yığımlara, gömrük rüsumlarına və valyuta mübadiləsi qaydalarına oxşar vergilər, yığımlar, gömrük rüsumları və valyuta mübadiləsi qaydaları nəzərdə tutulmur.

 

 HİSSӘ II

 

Maddə 3

 

 Konvensiya həmçinin aşağıdakılara tətbiq olunur:

 a. hökmün icrasına aid olan materialların ötürülməsinə, cərimələrin tutulmasına və ya məhkəmə xərclərinin ödənilməsinə;

 b. hökmün elan edilməsinin və ya onun icrasının dayandırılmasına, şərti azadetməyə, hökmün icrasının başlanmasının təxirə salınmasına, müddətinin uzadılmasına və ya onun icrasının dayandırılmasına aid olan tədbirlərə.

 

 HİSSӘ III

 

Maddə 4

 

 Konvensiyanın 22-ci maddəsi aşağıdakı mətnlə əlavə olunur, Konvensiyanın 22-ci maddəsi 1-ci bəndlə əvəz edilir və aşağıda gələn əlavə 2-ci bəndlə əvəz edilir:

 «2. Bundan əlavə, yuxarıda göstərilən məlumatı təqdim edən Razılığa gələn Tərəf, milli səviyyədə müvafiq tədbirlərin görülməsi vacibliyinin müzakirə edilməsini mümkün etmək məqsədi ilə digər Tərəfə, sonuncunun sorğusuna əsasən ittiham hökmünün surətini, sonrakı tədbirlər haqqında məlumatı, eləcə də işə aid olan digər məlumatı təqdim edir. Bu cür məlumat mübadiləsi müvafiq ədliyyə nazirlikləri arasında həyata keçirilir.»

 

 HİSSӘ IV

 

Maddə 5

 

 1. Bu Protokol, Konvensiyanı imzalayan Avropa Şurasının üzv-dövlətləri tərəfindən imzalanmaq üçün açıqdır. Bu Protokol ratifikasiya, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları, qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Avropa Şurasının Baş Katibinə saxlanca verilir.

 2. Bu Protokol, üçüncü ratifikasiya fərmanının, qəbuletmə və ya təsdiqetmə haqqında sənədin saxlanca təqdim edilməsindən 90 gün sonra qüvvəyə minir.

 3. Bu Protokolu imzalamış və sonradan onu ratifikasiya, qəbul və ya təsdiq etmiş hər bir dövlətə münasibətdə, o, ratifikasiya fərmanının, qəbuletmə və ya təsdiqetmə haqqında sənədin saxlanca təqdim etdiyi tarixdən 90 gün sonra qüvvəyə minir.

 4. Avropa Şurasının üzv-dövləti, Konvensiyanı eyni zamanda və ya əvvəlcədən ratifikasiya etməmiş, bu Protokolu ratifikasiya, qəbul və ya təsdiq edə bilməz.

 

Maddə 6

 

 1. Konvensiyaya qoşulan istənilən Dövlət bu Protokola, Protokol qüvvəyə mindikdən sonra qoşula bilər.

 2. Bu cür qoşulma, qoşulma haqqında sənədin Avropa Şurasının Baş Katibinə saxlanca təqdim etməklə həyata keçirilir və onun saxlanca təqdim olunduğu tarixdən 90 gün sonra qüvvəyə minir.

 

Maddə 7

 

 1. İstənilən dövlət, imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca verərkən, bu Protokolun tətbiq edilməli ərazini və ya əraziləri göstərə bilər.

 2. İstənilən dövlət öz ratifikasiya fərmanını və ya qəbuletmə və ya təsdiqetmə, qoşulma haqqında sənədini saxlanca verərkən və ya hər hansı bir sonrakı zaman Avropa Şurası Baş Katibinin adına bəyanat verməklə, bu Protokolun tətbiqini bəyanatda əks olunan hər hansı bir digər əraziyə və ya beynəlxalq əlaqələrinə görə onun məsuliyyət daşıdığı və ya adından öhdəliklər verməyə səlahiyyəti olduğu ərazilərə şamil edə bilər.

 3. Yuxarıda göstərilən bəndlərə uyğun olaraq təqdim edilmiş hər hansı bir bəyanat, onda göstərilən hər hansı bir əraziyə dair Avropa Şurası Baş Katibinin adına bildiriş təqdim etməklə geri götürə bilər. Bu cür geriyə götürmə, Avropa Şurasının Baş Katibi bildiriş aldığı tarixdən altı ay sonra qüvvəyə minir.

 

Maddə 8

 

 1. Konvensiyanın müddəalarına dair Razılığa gələn Tərəfin etdiyi qeyd-şərt, əgər Tərəf imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən digər barədə bəyan etmirsə, eyni zamanda bu Protokola da tətbiq edilir. Analoji prosedur Konvensiyanın 24-cü maddəsinə əsasən edilmiş bəyanatlara da aid edilir.

 2. İstənilən Dövlət imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən bəyan edə bilər ki, o,:

 a. I hissəni qəbul etməmək və ya onu yalnız 1-ci maddədə qeyd olunan müəyyən cinayətlərə və ya müəyyən kateqoriya cinayətlərə dair qəbul etmək və ya maliyyə cinayətlərinə dair əmlak üzərinə həbs qoyma və ya axtarış haqqında məhkəmə tapşırıqlarını yerinə yetirməmək;

 b. II Hissəni qəbul etməmək;

 c. III Hissəni qəbul etməmək;

 hüqüqunu özündə saxlayır.

 3. İstənilən Razılığa gələn Tərəf, yuxarıda göstərilən bəndlərə uyğun olaraq etdiyi bəyanatı Avropa Şurası Baş Katibinin adına bəyanat verməklə geri götürə bilər, hansı ki, alınan gündən qüvvəyə minir.

 4. Konvensiyanın müddəalarına dair etdiyi qeyd-şərti, bu Protokolun müddəalarına tətbiq etmiş və ya bu Protokola qeyd-şərt etmiş Razılığa gələn Tərəf, bu müddəaların digər Razılığa gələn Tərəf tərəfindən tətbiq edilməsini tələb edə bilməz, lakin, əgər bu qeyd-şərt qisməndirsə və ya şərtidirsə, o. həmin müddəanın özü bu müddəa ilə razılaşdığı həcmdə yerinə yetirilməsini tələb edə bilər.

 5. Bu Protokolun müddəalarına dair heç bir digər qeyd-şərtlər edilə bilməz.

 

Maddə 9

 

 Bu Protokolun müddəaları, Konvensiyanın 26-cı maddəsinin 3-cü bəndində nəzərdə tutulana dair Razılığa gələn Tərəflər arasında bağlanmış ikitərəfli və ya çoxtərəfli sazişlərin daha geniş olan müddəalarının tətbiq edilməsinə mane olmur.

 

Maddə 10

 

 Cinayət işləri üzrə Avropa Şurasının Avropa Komitəsi bu Protokolun tətbiqinə dair müntəzəm olaraq məlumatlandırılır və onun tətbiqi ilə bağlı yarana bilən hər bir çətinliklərin barışıq vasitəsi ilə həll edilməsinə yardım etmək üçün bütün lazımi tədbirlər görür.

 

Maddə 11

 

 1. İstənilən Razılığa gələn Dövlət Avropa Şurasının Baş Katibinə bildiriş göndərməklə bu Protokolu özünə aid olan həcmdə denonsasiya edə bilər.

 2. Bu cür denonsasiya, Avropa Şurasının Baş Katibi bu barədə bildiriş aldığı tarixdən altı ay sonra qüvvəyə minir.

 3. Konvensiyanın denonsasiyası avtomatik olaraq bu Protokolun denonsasiyasına səbəb olur.

 

Maddə 12

 

 Avropa Şurasının Baş Katibi Şuranın üzv-dövlətlərinə və bu Konvensiyaya qoşulan istənilən Dövlətə aşağıdakılar barədə bildirir:

 a) Bu Protokol əsasında hər hansı bir imzalama;

 b) hər hansı bir ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədin saxlanca təqdim edilməsi;

 c) 5-ci və 6-cı maddələrə uyğun olaraq bu Protokolun qüvvəyə minmə tarixi;

 d) 7-ci maddənin 2-ci və 3-cü bəndlərinə uyğun olaraq alınmış hər hansı bir bəyanat;

 e) 8-ci maddənin 1-ci bəndinə uyğun olaraq alınmış hər hansı bir bəyanat;

 f) 8-ci maddənin 2-ci bəndinə uyğun olaraq edilmiş hər hansı bir qeyd-şərt;

 g) 8-ci maddənin 3-cü bəndinə uyğun olaraq edilmiş hər hansı bir qeyd-şərtin çıxarılması;

 h) 11-ci maddənin müddəalarına uyğun olaraq denonsasiya haqqında alınmış hər hansı bir bildiriş və denonsasiyanın qüvvəyə mindiyi tarix.

 Buna təsdiq olaraq, lazımi qaydada təyin edilmiş aşağıda imza edənlər, bu Protokolu imzaladılar.

 17 mart 1978-ci il tarixdə Strasburqda ingilis və fransız dillərində imzalanmışdır, hər iki mətn bir nüsxədə eyni qüvvəyə malikdir, həmin nüsxə Avropa Şurasının arxivlərinə saxlanca veriləcəkdir. Avropa Şurasının Baş Katibi təsdiq olunmuş surətləri onu imzalayan və ya ona qoşulan hər bir Dövlətə göndərir.

 

«Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında»

Avropa Konvensiyası

 

Qeyd-şərt VƏ BƏYANATLAR HAQQINDA

 

(1959-cu ildə qəbul edilmişdir, 1962-ci ildə qüvvəyə minmişdir.)

 

QEYD-ŞƏRT:

 

 «Azərbaycan Respublikası Konvensiyanın 23-cü maddəsinin 1-ci bəndinə uyğun olaraq bəyan edir ki, bu Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa aşağıdakı hallarda da yardımdan imtina edilə bilər:

 yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət hesab edilməyən əməllə bağlı verildikdə; sorğu edən dövlətdə cinayətin törədilməsində şübhə edilən və ya təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının və ya üçüncü dövlətin məhkəməsinin həmin cinayət ilə bağlı qüvvəyə minmiş hökmü olduqda; yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikasında istintaq edilən və ya məhkəmə baxışında olan cinayət barəsində verildikdə və həmin sorğunun icrasının təxirə salınması mümkün olmadıqda.

 1. «Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)».

 2. «Azərbaycan Respublikası bəyan edir ki, bu Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş cinayət işlərinə aid olan və şahid ifadələrinin alınması üçün məhkəmə tapşırıqları» Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinin müddəaları nəzərə alınmaqla yerinə yetiriləcəkdir».

 «Azərbaycan Respublikası Konstitusiyasından çıxarış:

Maddə 66. Qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi

 «Heç kəs özünə, arvadına (ərinə) övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz.

 Əleyhinə ifadə verməsi məcbur olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir.»

 3. «Azərbaycan Respublikası bəyan edir ki, axtarış və əmlak üzərində həbsin qoyulması ilə bağlı məhkəmə tapşırıqlarını bu Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin «a» və «c» yarımbəndlərində qeyd olunan şərtə uyğun olaraq icra ediləcəkdir».

 4. «Azərbaycan Respublikası Konvensiyanın 7-ci maddəsinə uyğun olaraq bəyan edir ki, şəxsin məhkəməyə gəlməsi haqqında çağırış vərəqəsi məhkəməyə gəlmə üçün müəyyən olunmuş tarixdən ən azı 50 gün qabaqcadan təqdim edilməlidir».

 5. «Azərbaycan Respublikası Konvensiyanın 15-ci maddəsinin 6-cı bəndinə uyğun olaraq bəyan edir ki, məhkəmə orqanları arasında birbaşa mübadilə edilən yardım haqqında sorğular və digər müşayiətedici sənədlər eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməlidir».

 6. «Azərbaycan Respublikası Konvensiyanın 16-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq bəyan edir ki, sorğu sənədləri və ya Konvensiyanın tətbiqi ilə əlaqədar hər hansı digər sənəd Azərbaycan və ya ingilis dilinə tərcümə edilməklə təqdim edilməlidir».

 7. «Azərbaycan Respublikası Konvensiyanın 24-cü maddəsinə uyğun olaraq bəyan edir ki, Konvensiyanın məqsədləri üçün aşağıdakıları məhkəmə orqanları kimi müəyyən edir:

 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; Azərbaycan Respublikasının Baş Prokurorluğu; Azərbaycan Respublikasının məhkəmələri (Konstitusiya Məhkəməsi istisna olmaqla)».

 

«Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyası»nın Əlavə Protokolu

Qeyd-şərt VƏ BƏYANATLAR HAQQINDA

(1978-ci ildə qəbul edilmişdir, 1982-ci ildə qüvvəyə minmişdir.)

 

QEYD-ŞƏRT:

 «Protokolun 8-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası I Fəsli yalnız onun cinayət qanunvericiliyinə əsasən cinayət sayılan əməllər barəsində qəbul etmək, II və III Fəsilləri isə qəbul etməmək hüququnu özündə saxlayır».

 

BƏYANAT:

 

 «Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur)».

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status