1504 - “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
16.05.2011
QEYDİYYAT NÖMRƏSİ
1504
ADI
“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-05-2011, Nəşr nömrəsi: 105), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2011, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 409)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında

“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsini, iqtisadi subyektlərə və əhaliyə təqdim olunan maliyyə xidmətlərinin daha da genişləndirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilsin. [1]

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 may 2011-ci il

               № 1504

 


 

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 16 may tarixli 1504 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı

 

1. Giriş

Azərbaycan Respublikasında son illər aparılan iqtisadi islahatlar azad bazar münasibətləri əsasında fəaliyyət göstərən iqtisadi sistemin bərqərar olmasını təmin etmişdir. Bazar iqtisadiyyatının fundamental institutları, o cümlədən, yeni iqtisadi münasibətləri təsbit edən qanunvericilik bazası, bu münasibətlərin tənzimlənməsini həyata keçirən dövlət təsisatları və yeni iqtisadi sistemin əsas subyektləri olan fərdi sahibkarlar təbəqəsi formalaşmışdır. Bu dövrdə qiymət və məzənnə siyasəti liberallaşdırılmış, geniş miqyaslı özəlləşdirmə proqramı həyata keçirilmiş və bütövlükdə sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit, makroiqtisadi sabitlik və ölkənin yüksək investisiya cəlbediciliyi təmin edilmişdir.

Nəticədə, son 10 il ərzində ölkənin ümumi daxili məhsulu təxminən 9 dəfə, ixracat 15 dəfədən çox, strateji valyuta ehtiyatları 31 dəfə artmış, yüz minlərlə yeni iş yeri açılmış, yoxsul əhalinin nisbi sayı 5 dəfədən çox azalmışdır.

Bu dövrdə, həmçinin səmərəli maliyyə sektorunun formalaşması və institusional inkişafı istiqamətində əhatəli islahatlar həyata keçirilmiş, bu sektorda idarəetmə, nəzarət və tənzimləmə beynəlxalq standartlara uyğun təkmilləşdirilmiş və nəticədə, bankların rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Təkcə onu demək kifayətdir ki, son 10 il ərzində, bank aktivləri 15, əhalinin əmanətləri 36, iqtisadiyyata kredit qoyuluşları isə 19,6 dəfə çoxalmışdır.

Maliyyə sisteminin mühüm sahəsi kimi qiymətli kağızlar bazarının inkişafı da daim diqqət mərkəzində olmuş, bu sahədə mütərəqqi hüquqi və təşkilati tədbirlər həyata keçirilmişdir. Qiymətli kağızlar bazarında zəruri normativ hüquqi baza və tənzimləmə mexanizmləri, ticarət, klirinq və hesablaşma sistemləri, maliyyə vasitəçiliyi institutları yaradılmışdır.

Son 5 ildə mütəşəkkil qiymətli kağızlar bazarında ticarət dövriyyəsi 4,3 dəfə, o cümlədən, dövlət istiqrazları ilə ticarətin həcmi 6,7 dəfə, korporativ istiqrazlar ilə əməliyyatların həcmi 54 dəfə artmışdır. Bütövlükdə, qiymətli kağızlar bazarı ümumi iqtisadi artımı üstələyən artım nümayiş etdirmiş və Bakı Fond Birjasının ticarət dövriyyəsinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti 41% artaraq 12,1%-ə yüksəlmişdir.

Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının, o cümlədən, xarici təsirlərə daha həssas olan maliyyə sektorunun dayanıqlılığı təmin olunmuşdur. Son onilliklərin ən dərin maliyyə-iqtisadi böhranı şəraitində belə ölkə iqtisadiyyatının dinamik inkişafı davam etmişdir. Maliyyə sektorunun sabitliyi, yüksək kapitallaşma dərəcəsi və likvidlik qorunub saxlanmışdır. Təsadüfi deyil ki, bu nəticələr beynəlxalq maliyyə institutları tərəfindən də tanınmış və ölkə tarixində ilk dəfə investisiya reytinqi əldə edilmişdir.

Hazırda ölkəmiz daha yüksək sosial-iqtisadi dirçəliş mərhələsinə qədəm qoymaqdadır. Artıq inzibati-amirlik üsul-idarəsinə söykənən formasiyadan yeni, azad sahibkarlıq və bazar münasibətlərinə əsaslanan sosial-iqtisadi quruluşa keçid tamamlanmışdır. Bu gün başlıca hədəf kimi bərqərar olmuş yeni iqtisadi sistemin daha da yetkinləşməsi gündəlikdədir.

Dünya təcrübəsi göstərir ki, inkişaf etmiş bazar münasibətləri modeli üçün şaxələnmiş maliyyə sektoru və xüsusən də, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının mövcudluğu zəruridir. Qiymətli kağızlar bazarının keyfiyyətcə yeni səviyyəyə qaldırılması iqtisadiyyatın tənzimlənməsi imkanlarını genişləndirir, maliyyə resurslarının real sektora cəlb edilməsini və sahələrarası sərmayə axınlarını asanlaşdırır, həmçinin, korporativ idarəetmə, təsərrüfat fəaliyyətində şəffaflığın artırılması kimi zəruri tələblər irəli sürməklə bütövlükdə iqtisadi sistemin daha səmərəli fəaliyyətini təmin edir.

Ölkəmizdə iqtisadi inkişafın müasir mərhələsi iqtisadi subyektlərin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə büdcədən maliyyələşmə və kredit vəsaitləri hesabına maliyyələşmə mənbələri ilə bərabər daha ucuz, inflyasiya yaratmayan və uzunmüddətli mənbə kimi yığımların birbaşa investisiyalara transformasiyasını təmin edən kapitallaşma mexanizmləri daha da inkişaf etdirilməli və təkmilləşdirilməlidir.

Bununla yanaşı, investisiya prosesinin kütləviliyinin təmin edilməsi, kiçik və orta ölçülü iqtisadi subyektlərə və əhaliyə öz yığım vəsaitlərini iqtisadiyyata qoymaq imkanlarının təqdim edilməsi, fond bazarının ölkə əhalisinin orta təbəqəsini genişləndirmək kimi vacib sosial əhəmiyyətini ön plana çəkir.

2. Məqsəd və vəzifələr

“2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının (bundan sonra – Dövlət Proqramı) başlıca məqsədi müasir, beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən və risklərin etibarlı idarə edilməsini təmin edən, yüksək səmərə ilə fəaliyyət göstərən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır.

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

- qiymətli kağızlar bazarının tənzimlənməsi mexanizmlərinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, qiymətli kağızlar bazarının institusional inkişaf səviyyəsinin yüksəldilməsi və onun beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;

- ölkə iqtisadiyyatında kapitallaşma dərəcəsinin yüksəldilməsinə nail olunması, iqtisadi layihələrin maliyyələşdirilməsində qiymətli kağızlar bazarı vasitəsilə cəlb olunan qeyri-inflyasiya mənşəli investisiya vəsaitlərindən istifadənin genişləndirilməsi;

- iqtisadi subyektlərin və əhalinin yığımlarının fond bazarında səmərəli yerləşdirilməsi üçün investisiyaların qorunduğu və risklərin etibarlı idarə olunduğu müvafiq şəraitin yaradılması;

- ölkənin qiymətli kağızlar bazarının tədricən beynəlxalq kapital bazarlarına inteqrasiya olunması üçün müvafiq şəraitin formalaşdırılması.

Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarının inkişafı üçün müəyyən olunmuş vəzifələrin mərhələlərlə həyata keçirilməsi reallaşdırılacaqdır.

Birinci mərhələdə qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, bu məqsədlə normativ hüquqi bazanın təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, habelə qiymətli kağızlar bazarında insan kapitalının inkişafı üçün zəruri imkanların yaradılması nəzərdə tutulur. Ölkənin qiymətli kağızlar bazarının əhəmiyyətli dərəcədə optimallaşdırılmasına istiqamətlənmiş bu mərhələnin 2011–2014-cü illəri əhatə etməklə Dövlət Proqramının ilk 4 ili ərzində tamamlanması planlaşdırılır.

İkinci mərhələdə, qiymətli kağızlar bazarında əməliyyatların tam avtomatlaşdırılması və konsolidə edilməsi, eyni zamanda, yeni alət və xidmətlərin təqdim olunması üçün zəruri bazanın formalaşdırılması nəzərdə tutulur. 2015–2017-ci illər daxil olmaqla Dövlət Proqramının növbəti 3 ilini əhatə edəcək bu mərhələdə geniş avtomatlaşdırma vasitəsilə maliyyə xidmətlərinin regional əhatə dairəsinin artırılmasına da nail olunacaqdır.

Üçüncü mərhələdə, yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə qiymətli kağızlar bazarının dərinliyinin artırılması, eyni zamanda sistem risklərinin səmərəli idarə edilməsi mexanizmlərinin yaradılması nəzərdə tutulur. Dövlət Proqramının son 3 ilini (2018–2020-ci illər) əhatə edəcək bu mərhələnin tamamlanması ilə Azərbaycan kapital bazarları beynəlxalq maliyyə bazarlarına inteqrasiyaya hazır olacaqdır.

3. Dövlət Proqramının əsas istiqamətləri

Qiymətli kağızlar bazarının inkişafı üçün müəyyən olunmuş məqsəd və vəzifələrin əlaqələndirilmiş şəkildə aşağıdakı əsas istiqamətlərdə həyata keçirilməsi nəzərdə tutulur.

3.1. Qiymətli kağızlar bazarının institusional inkişafı

Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarı yeni təşkilati, texniki və kapital tələblər əsasında təkmilləşdiriləcək, çevik və səmərəli kapital bazarı institutlarının fəaliyyəti təmin ediləcəkdir.

Fond birjasının ticarət imkanlarının genişləndirilməsi həyata keçiriləcək, onun müxtəlif maliyyə alətləri ilə ticarət imkanları təqdim edən vahid instituta çevrilməsi məqsədilə zəruri hüquqi və təşkilati tədbirlər görüləcəkdir.

Həmçinin, ticarət sisteminin avtomatlaşdırılması prosesləri başa çatdırılacaqdır.

Qiymətli kağızların depozitar-uçot sistemi, o cümlədən, qiymətli kağızlar və onlar üzərində hüquqların qeydiyyatı mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə Milli Depozit Mərkəzinin bazasında dövlət və korporativ qiymətli kağızların mərkəzi depozitar sistemi yaradılacaq, qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı sistemi sadələşdiriləcəkdir. Qiymətli kağızların girovla yüklənməsinin mərkəzi depozitar sistemi vasitəsilə həyata keçirilməsi mexanizmi tətbiq olunacaqdır.

Qiymətli kağızlarla ticarətin səmərəliliyinin artırılması və risklərin azaldılması məqsədilə qiymətli kağızların ticarəti üzrə mərkəzləşdirilmiş klirinq sistemi yaradılacaq və onun elektron ödəniş sistemlərinə inteqrasiyası təmin ediləcəkdir.

Dövlət Proqramının ikinci mərhələsində qiymətli kağızlar bazarında vahid elektron platformanın formalaşdırılması başa çatdırılacaq. Bununla da ticarət, klirinq-hesablaşma, depozitar uçot prosedurlarının tam avtomatlaşdırılması və konsolidə edilməsi əməli olaraq həyata keçiriləcəkdir.

Qiymətli kağızlar bazarının inkişaf xəttinə uyğun olaraq, klirinq fondu, investorların kompensasiya fondu kimi institutların yaradılması planlaşdırılır ki, bu da qiymətli kağızlar bazarının ticarət və hesablaşma sistemlərinin dayanıqlılığının təmin edilməsinə və risklərin etibarlı idarəedilməsi üçün zəruri mexanizmlərin formalaşmasına xidmət edəcəkdir.

Bazarın əməliyyat infrastrukturunun köklü surətdə təkmilləşdirilməsi və avtomatlaşdırılması vasitəsilə kapital bazarı xidmətlərinin coğrafi əhatəsinin və bu xidmətlərə çıxış imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsi təmin olunacaqdır.

3.2. Maliyyə vasitəçiliyi fəaliyyətinin və kollektiv investisiya sxemlərinin təşkili və təşviqi

Proqramda nəzərdə tutulmuş tədbirlər çərçivəsində müasir maliyyə vasitəçilərinin - investisiya şirkətlərinin, aktivlərin idarəedilməsi şirkətlərinin və kastodian təsisatlarının formalaşması üçün zəruri hüquqi və təşkilati mexanizmlər formalaşdırılacaqdır. Maliyyə vasitəçiləri tərəfindən əsas və yardımçı investisiya xidmətləri (əməliyyatları), investisiya təhlili, anderraytinq və digər əlaqədar funksiyaların kompleks şəkildə həyata keçirilməsi üzrə fəaliyyət təşviqləndiriləcəkdir. [2]

Sərmayələrin peşəkar idarə olunmasının və fərdi yığımların səmərəli investisiyalara yönləndirilməsinin təmin edilməsində institusional investorların fəaliyyəti mühüm rol oynayır. Bununla əlaqədar olaraq, investisiya fondları və digər kollektiv investisiya sxemlərinin səmərəli fəaliyyət mexanizmlərinin formalaşdırılması üzrə tədbirlər həyata keçiriləcəkdir.

Bununla bərabər, bank və sığorta şirkətlərinin qiymətli kağızlar bazarında fəal iştirakını təşviq edən prudensial tələblər müəyyənləşdirilərək tətbiq olunacaqdır.

Daşınmaz əmlak sektorunda fəallığın dayanıqlı şəkildə təmin olunmasına xidmət edən kapital bazarı mexanizmlərinin, o cümlədən, daşınmaz əmlak investisiya fondlarının fəaliyyətinin təşviqi, habelə bu sahədə mövcud bazar alətlərinin (mənzil sertifikatları, ipoteka istiqrazları və sair) səmərəliliyinin artırılması üçün əlavə tədbirlər görüləcəkdir.

Orta müddətli perspektivdə sığorta-pensiya sistemində əmək pensiyalarının yığım hissəsinin fəallaşdırılması, yığım əsaslı pensiya fondlarının yaradılması və yığımların kapital bazarlarına investisiya imkanlarının genişləndirilməsi reallaşdırılacaqdır.

3.3. Qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi

Qiymətli kağızlar bazarının səmərəli fəaliyyət göstərməsi üçün fond bazarında ticarətin artırılması və bunun üçün əlverişli mühitin yaradılması, mövcud kapital bazarı alətlərindən istifadənin genişləndirilməsi, yeni maliyyə alətlərinin buraxılışının təşviqi tələb olunur.

Müasir kapital bazarının formalaşması ilk növbədə dövlət istiqrazlarının likvid və dərin bazarının təmin edilməsi ilə bağlıdır. Bu istiqamətdə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, monetar və fiskal siyasət alət və vasitələrindən optimal şəkildə istifadə olunması, o cümlədən, ilkin mərhələdə dövlət qiymətli kağızlarının likvidliyinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qiymətli kağızlar bazarında ticarətin genişləndirilməsi məqsədilə qiymətli kağızlar bazarlarından maliyyələşməyə hazır olan bir sıra dövlət müəssisələrinin qiymətli kağızlarının fond birjasında təklif edilməsi və bunun üçün müvafiq hüquqi və təşkilati mexanizmlərin yaradılması nəzərdə tutulur. Həmçinin, özəl sektora dövlət maliyyə dəstəyinin fond bazarı alətləri ilə göstərilməsi, dövlət xətti ilə sərmayələrin qoyulmasında fond birjasında kotirovka olunan şirkətlərə üstünlük verilməsi və sərmayələrin çıxış dəyərinin kapital bazarı alətləri ilə müəyyənləşdirilməsi həyata keçiriləcəkdir.

Kiçik və orta sahibkarlığın kapital bazarlarından maliyyələşməsi imkanlarının artırılması məqsədilə Bakı Fond Birjasında alternativ ticarət platforması yaradılması nəzərdə tutulur.

Bütün bunlarla bərabər, fond birjasında təqdim edilən investisiya alətlərinin çeşidinin artırılması və fərdi investorların bazara marağının təmin edilməsi məqsədilə xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda, habelə yerli qiymətli kağızların xarici kapital bazarlarında təklif edilməsi, bunun üçün müvafiq hüquqi və təşkilati tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Qiymətli kağızlar bazarında yüksək rəqabət gücünə malik maliyyə alətlərinin təklifinin genişləndirilməsi, xarici investorların Azərbaycan qiymətli kağızlar bazarına marağının artırılması məqsədilə infrastruktur layihələrinin fond bazarı alətləri ilə maliyyələşdirilməsi təcrübəsinin tətbiq olunması, müxtəlif borc kağızlarının və müddətli kontraktların ticarəti mexanizmlərinin də yaradılması nəzərdə tutulur. Kapital bazarlarının səmərəli fəaliyyəti, özəl sektorun kapital bazarlarından maliyyələşmə və bütövlükdə investisiya imkanlarının genişlənməsi üçün əlverişli vergi mühitinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, qiymətli kağızlar bazarında vergiyə cəlb olunma şərtlərinin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi, o cümlədən, qiymətli kağızlardan əldə edilən investisiya gəlirlərinə, qiymətli kağızların alqı-satqısından əldə olunan gəlirlərə vergi güzəştlərinin tətbiq olunması gündəlikdə olacaqdır. Həmçinin, investisiya fondlarının fəaliyyətini, şirkətlərin fond birjasının listinqinə çıxmasını təşviq edən əlverişli fiskal şəraitin yaradılması nəzərdə tutulur.

3.4. Maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi

Kapital bazarlarının yetkinləşməsi və ucuz və uzunmüddətli maliyyələşmə vasitələrindən faydalanmaq imkanlarının yaradılması şirkətlərdə qabaqcıl maliyyə hesabatlığı və idarəetmə standartlarının tətbiqinin genişləndirilməsi ilə birbaşa bağlıdır. Bunu nəzərə alaraq, maliyyə şəffaflığı və korporativ idarəetmə prinsiplərinin yayılması prioritet istiqamət olaraq qiymətli kağızlar bazarının iştirakçılarını, maliyyə vasitəçisi qismində çıxış edən investisiya şirkətlərini və müxtəlif növ kollektiv investisiya fondlarını əhatə etməlidir.

Bununla yanaşı, maliyyə hesabatlığının beynəlxalq standartları və korporativ idarəetmə təcrübəsinin tədricən və planlı şəkildə korporativ sektorda, o cümlədən, iri dövlət müəssisələrində genişləndirilməsi üçün tədbirlər həyata keçiriləcəkdir.

Maliyyə şəffaflığının artırılması məqsədilə qiymətli kağızlar bazarında audit tələbləri təkmilləşdiriləcək. Eyni zamanda qiymətli kağızlar bazarında audit işini həyata keçirən şirkətlərə dair tənzimləyici tələblər müəyyən ediləcəkdir. Orta müddətli perspektivdə reytinq agentliklərinin yaradılması nəzərdə tutulur ki, bu da qiymətli kağızlar bazarında məlumatların əhatəli açıqlanmasını təmin etməklə şəffaflığın daha da artırılmasına xidmət göstərəcəkdir.

3.5. Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın  təkmilləşdirilməsi

Qiymətli kağızlar bazarının institusional inkişafı, fond bazarı alətlərinin ticarətinin genişləndirilməsi və bütövlükdə kapital bazarlarının fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi bazara dair normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsini tələb edir. İlk növbədə, qiymətli kağızlar bazarı və fond birjasına dair müasir tələblərə uyğun yeni qanunun hazırlanması və qəbul edilməsi vacib əhəmiyyət kəsb edir.

Bununla yanaşı, qiymətli kağızların buraxılışı və qeydiyyatı, ilkin və təkrar bazarda qiymətli kağızlarla aparılan əməliyyatların adekvat tənzimləməsi məsələləri diqqət mərkəzində olacaq. Qiymətli kağızların ədalətli bazar dəyərinin formalaşmasının təmin edilməsi, kapital bazarında hüquqpozmalara qarşı məsuliyyət və cərimə mexanizmlərinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması təmin ediləcəkdir.

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının lisenziyalaşdırılmasının qayda və prosedurları qabaqcıl beynəlxalq standartlar əsasında təkmilləşdiriləcək, maliyyə vasitəçilərinin fəaliyyətinə dair adekvat kapital, risk idarəetməsi və hesabatlıq tələbləri müəyyən ediləcəkdir.

Maliyyə vasitəçiləri və emitentlərin məlumatlarının dəqiq, dolğun və vaxtında açıqlanmasını təmin edən vahid elektron nəzarət və hesabatlıq sistemi yaradılacaq. Qiymətli kağızlar bazarında inteqrasiya olunmuş nəzarət və sistem risklərinin etibarlı idarəedilməsi mexanizmləri formalaşdırılacaqdır.

Qiymətli kağızlar bazarının dərinləşməsi, onun alət və vasitələrinin çeşidinin genişlənməsi sektorun dövlət tənzimlənməsi mexanizmlərinin əhəmiyyətli dərəcədə inkişaf etdirilməsini tələb edir. Bununla əlaqədar, sektorun dovlət tənzimlənməsi strukturunun təşkilati və funksional cəhətdən gücləndirilməsi təmin ediləcək, kadr potensialının artırılması məqsədilə geniş təlim proqramları, treninq və seminarlar təşkil ediləcəkdir.

3.6. Qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi

Qiymətli kağızlar bazarının səmərəli fəaliyyət göstərməsi üçün həm maliyyə vasitəçilərinin, həm də potensial emitentlərin və investorların bazar haqqında biliklərinin artırılması, bütövlükdə kapital bazarlarında yüksək peşəkarlığın və məlumatlılığın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Dövlət Proqramı çərçivəsində bilik və məlumatların ötürülməsi mexanizmlərinin yaradılması və bu məqsədlərlə əlaqələndirilmiş tədbirlərin görülməsi planlaşdırılır.

Qiymətli kağızlar bazarında peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə kapital bazarlarına dair təlim və məsləhət kursları təşkil ediləcək, qiymətli kağızlar bazarı iştirakçıları, o cümlədən, maliyyə vasitəçiləri və emitentlər üçün xüsusi təlim və sertifikat proqramları tədris ediləcəkdir. Belə kurs və proqramlar, eyni zamanda, potensial emitentləri kapital bazarlarından maliyyələşmə proseslərinə hazırlayacaqdır.

Orta müddətli perspektivdə orta və ali təhsil müəssisələrinin tədris proqramlarına qiymətli kağızlar bazarı haqqında fənlərin daxil edilməsi və iqtisadi təhsil proqramlarının yeni tələblərə uyğunlaşdırılması da nəzərdə tutulur.

Qiymətli kağızlar bazarına dair məlumatlılığın artırılması məqsədilə kütləvi informasiya vasitələrində xüsusi proqramların, məqalə və nəşrlərin yayımlanması təşkil ediləcək, mütəmadi müsabiqə və sorğular keçiriləcəkdir.

Yerli və xarici investorlar, habelə akademik və biznes dairələri üçün Azərbaycan kapital bazarlarının imkanlarına dair konfrans, seminar və təlim proqramları təşkil olunacaq, şirkətlərin fəaliyyətində qiymətli kağızların istifadə edilməsini təşviq etmək üçün xüsusi məlumatlandırma proqramları həyata keçiriləcəkdir.

 

4. Dövlət Proqramının maliyyələşdirilməsi

 

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçiriləcəkdir.

 

5. Dövlət Proqramının yata keçirilməsi üzrə tədbirlər planı [3]

 

dbirin adı

İcra müddəti

İcraçı

1. Qiymətli kağızlar bazarının institusional inkişafı

1.1

Fond birjasının hüquqi və təşkilati cəhətdən qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, yeni ticarət sisteminin tətbiqi ilə baza və törəmə maliyyə alətlərinin ticarəti imkanlarının genişləndirilməsi

2011 - 2020

MBNP

1.2.

Qiymətli kağızların və onlar üzərində hüquqların qeydiyyatı və uçotu mexanizmlərinin sadələşdirilməsi

2011 - 2013

QKDK

1.3.

Dövlət və korporativ qiymətli kağızların vahid mərkəzi depozitar sisteminin yaradılması

2012 - 2014

QKDK

1.4.

Qiymətli kağızların girovla yüklənməsi prosedurlarının optimallaşdırılması və avtomatlaşdırılması

2012 - 2014

QKDK, MB

1.5.

Birjadankənar mütəşəkkil qiymətli kağızlar bazarının əməliyyat-hesablaşma sistemlərinin klirinq sisteminə inteqrasiya edilməsi

2013 - 2016

MBNP, MB

1.6.

Qiymətli kağızlarla ticarət, klirinq-hesablaşma proseslərinin sadələşdirilməsi və optimallaşdırılması, bu sistemlərinin əlaqələndirilməsi və birbaşa emal  prinsipi əsasında inteqrasiya olunmuş elektron ticarət platformasının yaradılması

2013 - 2016

MBNP

1.7.

Qiymətli kağızlarla ticarət və hesablaşma sistemlərinin dayanıqlılığının təmin edilməsi və risklərin etibarlı idarəedilməsi sisteminin yaradılması

2016 - 2020

MBNP

1.8.

Maliyyə vasitəçiliyi xidmətlərinin regional əhatəsinin və bu növ xidmətlərə çıxış imkanlarının genişləndirilməsi

mütəmadi

MBNP

1.9.

Bazarda lisenziyalaşdırılan şəxslərin və maraqlı tərəflərin peşəkar assosasiyalarının yaradılmasının təşviqi [4]

2014 – 2016

MBNP

2. Maliyyə vasitəçiliyi və kollektiv investisiya sxemlərinin fəaliyyətinin təşkili və təşviqi

2.1.

İnvestisiya şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi

2012 – 2013

QKDK

2.2.

Aktivlərin idarəedilməsi şirkətlərinin fəaliyyətini tənzimləyən zəruri normativ  hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi

2011 – 2013

QKDK

2.3.

Kastodian fəaliyyəti nzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması

2012 – 2014

QKDK, MB

2.4.

İnvestisiya fondları və digər kollektiv investisiya sxemlərinin (daşınmaz əmlak investisiya fondları və s.)   fəaliyyətini tənzimləyən zəruri normativ hüquqi bazanın formalaşdırılması və onların fəaliyyətinin təşviqi

2011 - 2013

QKDK

2.5.

Bank və sığorta şirkətlərinin qiymətli kağızlar bazarında aktiv iştirakını təşviq edən prudensial tələblərin müəyyən edilməsi

2011 - 2013

MB, MN, QKDK

3. Qiymətli kağızlar bazarında tələb və təklifin dəstəklənməsi

3.1

Dövlət istiqrazlarının stabil, proqnozlaşdırılan ilkin və likvid təkrar bazarının formalaşdırılması

2011 - 2013

MN, MB, QKDK

3.2.

İndikativ məbləğdə avroistiqrazların buraxılması

2012

MN

3.3.

Marketmeyker institutlarının fəaliyyətinin normativ hüquqi bazasının yaradılması və onların fəaliyyətinin təşviqi

2013 - 2015

QKDK

3.4.

Kiçik və orta sahibkarlar üçün alternativ birja ticarəti platformasının yaradılması, onların fond bazarından maliyyələşmə imkanlarının artırılması və təşviqi

2012 - 2014

QKDK, İSN [5]

3.5.

Xarici fond bazarlarında ticarət olunan qiymətli kağızların yerli bazarda və yerli qiymətli kağızların xarici fond bazarlarında ticarətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması və müvafiq ticat sisteminin tətbiq edilməsi

2013 - 2017

MBNP

3.6.

İri dövlət müəssisə və şirkətlərinin fond bazarı vasitəsilə sərmayə cəlb etməsi və listinqinin təşviqi, onların qiymətli kağızlarının fond birjasında  ticarətinin təmin edilməsi

mütəmadi

İN, ƏMDK, MBNP

3.7.

İnfrastruktur layihələrinin maliyyələşdirilməsində fond bazarı alətlərindən istifadənin təmin edilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi

mütəmadi

İN, MN, MBNP

3.8.

Özəl sektora dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədilə fond bazarı alətlərindən istifadə edilməsi, dövlət tərəfindən özəl şirkətlərin sərmayəsinə edilən investisiyaların dəyərinin fond bazarı vasitəsilə formalaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi

mütəmadi

İN, MBNP

3.9.

Sekyuritizasiya üzrə normativ hüquqi bazanın yaradılması və müxtəlif baza aktivli qiymətli kağızlarının buraxılışı və ticarətinin təşviqi

2016 - 2020

MBNP

3.10.

Qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə təkliflərin hazırlanması və təqdim edilməsi

2012 - 2013

MN, VN,  QKDK

4.  Maliyyə şəffaflığı prinsiplərinin və korporativ idarəetmənin tətbiqinin genişləndirilməsi

4.1.

Dövlət müəssisələrində və özəl sektorda maliyyə hesabatlığı təcrübəsinin inkişaf etdirilməsi, milli və beynəlxalq maliyyə hesabatlığı standartlarının tətbiqinin təmin olunması

2011 - 2014

MN

4.2.

Dövlət müəssisələrində və özəl sektorda korporativ idarəetmə standartlarının tətbiqinin genişləndirilməsi

2011 - 2014

İSN, QKDK, ƏMDK

4.3.

Qiymətli kağızlar bazarında audit işinin təkmilləşdirilməsi, audit şirkətlərinə dair xüsusi tənzimləyici tələblərin müəyyən edilməsi

2014

QKDK, AP

4.4.

Qiymətli kağızlar bazarında məlumatların dəqiq, dolğun və vaxtında açıqlanması sisteminin yaradılması və avtomatlaşdırılması

2012 - 2014

QKDK

4.5.

Reytinq agentliklərinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, onların fəaliyyətinin təşviq edilməsi

2016 - 2018

MBNP

5. Qiymətli kağızlar bazarına dair normativ hüquqi bazanın təkmilləşdirilməsi

5.1.

Qiymətli kağızlar bazarı haqqında mütərəqqi beynəlxalq təcrübəyə uyğun yeni qanun layihəsinin hazırlanması və təqdim edilməsi

2011 - 2012

QKDK, ƏN, ƏMDK

5.2.

Qiymətli kağızların optimal buraxılış və qeydiyyat sisteminin yaradılması, qiymətli kağızların beynəlxalq nömrələnməsi (İSİN kodlar) sisteminin tətbiqi

2013

QKDK

5.3.

Qiymətli kağızların ilkin və təkrar bazarda ədalətli bazar dəyərinin formalaşmasını təmin edən hüquqi və tənzimləyici tələblərin müəyyən edilməsi və tətbiqi

2013

QKDK

5.4.

İnvestorların hüquqlarının səmərəli müdafiəsi sisteminin yaradılması

2012 - 2014

QKDK

5.5.

Qiymətli kağızlar bazarında hüquqpozmalar üzrə təsir mexanizmlərinin, cərimə və sanksiyaların beynəlxalq standartlar əsasında təkmilləşdirilməsi

2014

QKDK, ƏN

5.6.

Qiymətli kağızlar bazarı iştirakçılarının müflisləşməsi prosedurlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması

2015

QKDK, ƏN

5.7.

Qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin lisenziyalaşdırılması prosedurlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması

2012

QKDK, İİN

5.8.

Maliyyə vasitəçiləri, fond birjası, depozitar və klirinq-hesablaşma təsisatlarına dair adekvat kapital tələblərinin müəyyən edilməsi və tətbiqi

2013

QKDK

5.9.

Maliyyə vasitəçiləri, fond birjası, depozitar və klirinq-hesablaşma təsisatlarında risklərin idarə edilməsi sistemlərinə dair prudensial tələblərin müəyyən edilməsi və tətbiqi

2014

QKDK

5.10.

Maliyyə vasitəçiləri, fond birjası, depozitar və klirinq-hesablaşma təsisatlarının prudensial hesabatlıq sisteminin yaradılması və avtomatlaşdırılması

2014

QKDK

5.11.

Qiymətli kağızlar bazarına dair elektron nəzarət-hesabatlıq sisteminin yaradılması

2015

QKDK, RYTN

5.12.

MBNP-da sistem risklərinin müəyyən edilməsi və səmərəli idarəolunması sisteminin yaradılması

2016 - 2018

MBNP

6. Qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi

6.1.

MBNP-nın təşkilati-funksional cəhətdən gücləndirilməsi və kadr potensialının inkişaf etdirilməsi

mütəmadi

MBNP

6.2.

MBNP yanında ixtisasartırma kurslarının potensialının gücləndirilməsi, təlim proqramlarının təkmilləşdirilməsi və səmərəliliyinin təmin edilməsi

mütəmadi

MBNP

6.3.

Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər üçün ixtisaslaşmış təlim proqramlarının həyata keçirilməsi [6]

mütəmadi

MBNP

6.4.

Kapital bazarlarına dair sertifikat proqramlarının təşkil edilməsi

mütəmadi

MBNP

6.5.

Şirkətlərin kapital bazarlarına çıxış üçün hazırlanması, bu sahədə məsləhət xidmətlərinin göstərilməsi

mütəmadi

MBNP, İN

6.6.

Şirkətlərin motivasiya mexanizmlərində qiymətli kağızların istifadəsinin təşviq edilməsi və tətbiqinə yardım göstərilməsi

mütəmadi

MBNP, İN

6.7.

Orta və ali təhsil müəssisələrində qiymətli kağızlar bazarına dair biliklərin tədrisinin təmin edilməsi

mütəmadi

TN, MBNP

6.8.

Kapital bazarları haqqında biliklərin müxtəlif nəşrlər, elektron və yazılı media ilə yayılmasının təmin edilməsi

mütəmadi

MBNP, MN, NRYTN [7]

6.9.

Qiymətli kağızlar bazarı haqqında mütəmadi müsabiqə, yarış və sorğuların keçirilməsi

mütəmadi

MBNP

6.10.

Azərbaycan kapital bazarlarının imkanlarına dair yerli və beynəlxalq konfransların, seminarların və müşavirələrin təşkili

mütəmadi

MBNP, İN, MN

 

 

Akronimlər

 

MBNP

Maliyyə Bazarlarına Nəzarət Palatası [8]

İN

İqtisadiyyat Nazirliyi

MN

Maliyyə Nazirliyi

MB

Mərkəzi Bank

ƏMDK

Əmlak Məsələləri Dövlət Komitəsi

VN

Vergilər Nazirliyi

AP

Auditorlar Palatası

ƏN

Ədliyyə Nazirliyi

NRYTN

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi [9]

TN

Təhsil Nazirliyi

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

2.             2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

3.             16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

4.             7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470)

5.             18 oktyabr 2016-cı il tarixli 2385 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1675)

6.             7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470) ilə 2-ci hissədə “Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatasına” sözləri ilə əvəz edilmişdir.

 

[2] 18 oktyabr 2016-cı il tarixli 2385 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1675) ilə “20112020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın 3.2-ci bəndin birinci abzasının birinci cümləsindən “, aktivlərin idarəedilməsi şirkətlərinin” sözləri çıxarılmışdır və ikinci cümlədə “broker, diler” sözləri “əsas və yardımçı investisiya xidmətləri (əməliyyatları)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı” hissəsinin 5.11-ci və 6.8-ci bəndlərinin “İcraçılar” sütununda “RİTN” akronimi “RYTN” akronimi ilə, “Akronimlər” hissəsində “RİTN – Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “RYTN – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın 3.6-3.8-ci, 6.5-ci, 6.6-cı və 6.10-cu bəndlərində “İSN” akronimi “İN” akronimi ilə, “Akronimlər” hissəsində isə “İSN-İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri “İN - İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470) ilə 1.1-ci, 1.5-1.9-cu, 3.5-3.9-cu, 4.5-ci, 5.12-ci, 6.1-6.7-ci, 6.9-cu və 6.10-cu yarımbəndlərin “İcraçı” sütununda “QKDK” akronimi “MBNP” akronimi ilə, 5.12-ci, 6.1-ci və 6.2-ci yarımbəndlərdə “Tədbirin adı” sütununda ismin müvafiq hallarında “QKDK” akronimi ismin müvafiq hallarında “MBNP” akronimi ilə əvəz edilmişdir.

 

[4] 18 oktyabr 2016-cı il tarixli 2385 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1675) ilə “20112020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın 5-ci hissənin 1.9-cu bəndin “Tədbirin adı” sütununda “Bazarın peşəkar iştirakçılarının” sözləri “Bazarda lisenziyalaşdırılan şəxslərin” sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın 3.4-cü, 3.6-cı−3.8-ci, 4.2-ci, 6.5-ci, 6.6-cı və 6.10-cu bəndlərində “İİN” akronimi “İSN” akronimi ilə, “Akronimlər” hissəsində isə “İİN - İqtisadi İnkişaf Nazirliyi” sözləri “İSN - İqtisadiyyat və Sənaye Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[6] 18 oktyabr 2016-cı il tarixli 2385 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1675) ilə “20112020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın 5-ci hissənin 6.3-cü bəndin “Tədbirin adı” sütununda “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları” sözləri “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər” sözləri ilə əvəz edilmişdir.

 

[7] 7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470) ilə 6.8-ci yarımbəndin “İcraçı” sütununda “QKDK, MB” akronimləri “MBNP” akronimi ilə əvəz edilmişdir.

 

[8] 7 sentyabr 2016-cı il tarixli 1033 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1470) ilə “Akronimlər” hissəsində “QKDK Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “MBNP Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.

 

[9] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı”nın “5. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı” hissəsinin 6.8-ci bəndinin “İcraçılar” sütununda “RYTN” akronimi “NRYTN” akronimi ilə, “Akronimlər” hissəsində “RYTN – Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri “NRYTN – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status