Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Patent müvəkkilləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 15 fevral 2000-ci il
№ 21
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Patent müvəkkilləri haqqında
ƏSASNAMƏ
[1]
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində patent müvəkkillərinin peşə fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Patent müvəkkillərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunları və bu Əsasnamə ilə tənzimlənir.
1.3. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının dövlət dilini bilən, ali təhsili olan, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.
1.4. Patent müvəkkili məsləhət verdiyi və ya ona verilən səlahiyyət daxilində həyata keçirdiyi fəaliyyətlə bağlı ixtira, faydalı model və sənaye nümunəsi obyektləri üzrə müəllif və ya şərikli müəllif ola bilməz. [2]
1.5. Patent müvəkkili öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin Fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını, bu Əsasnaməni və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.
2. Patent müvəkkili ilə vəkalət verən arasında qarşılıqlı münasibətlər
2.1. Patent müvəkkili ilə Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri, iddiaçılar, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin sahibləri (bundan sonra - vəkalət verən) arasındakı münasibətlər müqavilə əsasında tənzimlənir. Patent müvəkkilinin səlahiyyəti vəkalət verən tərəfindən ona verilən "Etibarnamə" ilə təsdiq edilir. Patent müvəkkili yalnız "Etibarnamə"də göstərilən ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici çərçivəsində səlahiyyətlərə malik olur.
2.2. Vəkalət verən üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına, patent müvəkkilinin peşəkarlıq etikasına qarşı çıxan tələblər irəli sürdükdə, patent müvəkkili müqavilə ilə ondan aldığı tapşırığı yerinə yetirməkdən imtina edə bilər.
Vəkalət verənlə patent müvəkkili arasında yaranan mübahisələrə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasında (bundan sonra - Apellyasiya şurası) baxılır. Tərəflər Apellyasiya şurasının qərarı ilə razı olmadıqda məhkəməyə müraciət edə bilərlər. [3]
2.3. Patent müvəkkili müqavilə üzrə tapşırıqları yerinə yetirərkən vəkalət verəndən aldığı informasiyanı məxfi saxlamalıdır.
3. Patent müvəkkilinin fəaliyyəti
3.1. Patent müvəkkili:
vəkalət verənin tapşırığına əsasən ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə iddia sənədinin tərtibi, verilməsi, müvafiq mühafizə sənədinin alınması, qüvvədə saxlanması və digər hüquqi əhəmiyyətli işləri yerinə yetirir;
ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici üzrə hüquqların həyata keçirilməsində, o cümlədən hüquqların verilməsi, lisenziya müqavilələrinin bağlanması məsələlərində vəkalət verəni təmsil edir;
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra – Agentlik) və onun tabeliyində olan təşkilatlarda, məhkəmədə, digər orqanlarda iddiaçı və ya cavabdeh kimi öz səlahiyyətləri çərçivəsində vəkalət verəni təmsil edir;
[4]
sənaye mülkiyyətinin mühafizəsi sahəsində vəkalət verənə məsləhətlər verir.
4. Patent müvəkkilinin hüququ
4.1. Patent müvəkkili aşağıdakı hüquqlara malikdir:
vəkalət verənə xidmət göstərərkən ondan haqq almaq;
ona verilən hüquqlar çərçivəsində müvəkkillik işini yerinə yetirməklə bağlı öz adından idarə və təşkilatlardan sənədlər tələb etmək, bu sənədləri və ya onların surətini vəkalət verənə təqdim etmək;
müəyyən edilmiş qaydaya uyğun patent xidməti üzrə müəssisə yaratmaq və ya hüquqi şəxs olmadan peşə fəaliyyəti ilə məşğul olmaq.
5. Patent müvəkkilinin ixtisas dərəcəsinə olan tələblər
5.1. Patent müvəkkili kimi aşağıdakı şəxslər attestasiya oluna bilər:
sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kurs bitirən və ya həmin sahədə ən azı iki il stajı olan şəxslər, hüququn tətbiqi və tədrisi sahəsində ən azı iki il stajı olan hüquqşünaslar.
Patent müvəkkili kimi attestasiya olunan şəxslər SMPDK tərəfindən müəyyən edilən həcmdə, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinə görə hüquqların qorunması sahəsində Azərbaycan Respublikasının normativ hüquqi aktları, beynəlxalq müqavilələri üzrə zəruri biliklərə malik olmalıdır.
[5]
6. Patent müvəkkilinin attestasiyası və qeydiyyata alınması
6.1. Patent müvəkkili statusu almaq istəyən fiziki şəxs attestasiyadan keçmək üçün Agentliyə ərizə ilə müraciət edir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri haqqında arayış, xüsusi kursu bitirməyə dair sənəd, bu Əsasnamənin 5.1-ci bəndinin 2-ci abzasına uyğun iki il iş stajı barədə müvafiq arayış, şəxsiyyət vəsiqəsinin surəti və patent müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması üçün müəyyən edilən haqqın ödənilməsini təsdiqləyən sənəd əlavə olunur.
[6]
Patent müvəkkili statusu almaq istəyən şəxs ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin hər hansı biri və ya bir neçəsi sahəsində məhdud fəaliyyət göstərmək niyyətində olduqda onu ərizədə qeyd edir. [7]
6.2. Attestasiya komissiyasının tərkibi və aparılma qaydası Agentlik tərəfindən müəyyən edilir.
[8]
Attestasiyanın aparılması üçün ən azı 5 (beş) nəfərdən ibarət Attestasiya komissiyası təşkil olunur.
Namizəd tərəfindən təqdim edilmiş sənədlər Attestasiya komissiyası tərəfindən qeydiyyata alınır. Sənədlər bu Əsasnamənin 6.1-ci bəndinin tələblərinə uyğun olmadıqda, namizədə 5 (beş) iş günü müddətində bildiriş göndərilir.
Namizəd bildirişi aldığı tarixdən 10 (on) gün müddətində bildirişə cavabı və ya tələb olunan zəruri sənədləri Attestasiya komissiyasına təqdim etməlidir. Bildirişlə tələb olunan cavabı və ya sənədləri göstərilən müddətdə Attestasiya komissiyasına təqdim etməyən namizəd attestasiyaya buraxılmır.
Sənədlər bu Əsasnamənin 6.1-ci bəndinin tələblərinə uyğun olduğu halda namizədə 5 (beş) iş günü müddətində attestasiyaya buraxılması, attestasiyanın keçirilmə vaxtı və yeri barədə bildiriş göndərilir və ən geci 3 (üç) ay müddətində namizədin attestasiyası həyata keçirilir.
Namizəd üzrlü səbəb olmadan attestasiyaya gəlmədikdə və bu barədə məlumat vermədikdə, attestasiyadan keçməmiş hesab edilir. Namizəd üzrlü səbəbdən attestasiyada iştirak etmədikdə, attestasiya komissiyası tərəfindən attestasiyanın keçirilməsi üçün yeni vaxt təyin edilir və namizədə məlumat verilir.
[9]
Attestasiya zamanı şəxsə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərlə bağlı Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə və qeyd olunan obyektlərə dair hüquqların mühafizəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənməsinə dair suallar verilir. Verilmiş suallar və namizədin cavabları attestasiya vərəqəsində yazılır. Attestasiyanın aparılması zamanı namizədin etirazı olmadığı halda videoçəkiliş aparılır.
Attestasiya və səsvermə nəticəsində namizədin patent müvəkkili kimi attestasiyadan keçməsi və ya keçməməsi haqqında qərar qəbul olunur. Səsvermənin nəticələrinə dair qərar Attestasiya komissiyası üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Səsvermə namizədin iştirakı olmadan keçirilir və nəticələr protokolla rəsmiləşdirilir.
[10]
Attestasiyanın nəticələrinə dair qərar bir nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri və Attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan attestasiya vərəqinə yazılır.
Attestasiya Komissiyasının sədri tərəfindən imzalanan attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildiriş səsvermədən sonra dərhal namizədə təqdim olunur. Attestasiyanın nəticələri ilə razı olmayan şəxs Attestasiya nəticəsində qəbul edilmiş qərar barədə bildirişi aldığı vaxtdan 30 gün müddətində Agentliyin Apellyasiya şurasına yazılı formada etirazını təqdim edə bilər.
[11]
Şəxs il ərzində yalnız bir dəfə attestasiyadan keçmək üçün müraciət edə bilər.
6.3. Attestasiya komissiyası patent müvəkkilliyinə namizədi attestasiyadan keçirərkən onu seçdiyi sənaye mülkiyyəti obyektləri sahəsində "məhdud fəaliyyət"lə bağlı ərizəsini də nəzərə alır.
6.4. Şəhadətnamə müddətsiz verilir. Attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində patent müvəkkillərinin qeydiyyata alınması üçün müəyyən edilmiş haqqın, şəhadətnamə verilməsi üçün dövlət rüsumunun və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün müəyyən edilmiş haqqın ödənilməsini təsdiq edən sənədləri Agentliyə təqdim etməlidir. Qeyd olunan müddətdə dövlət rüsumunun və haqların ödənilməsini təsdiq edən sənədlər Agentliyə təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab edilir. Müəyyən edilmiş dövlət rüsumunun və haqların ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və ona şəhadətnamə verilir. [12]
Patent müvəkkili seçdiyi sənaye mülkiyyəti obyektləri sahəsində məhdud fəaliyyət göstərməli olarsa, bu barədə məlumat Dövlət reyestrinə daxil edilir və şəhadətnamədə qeyd olunur.
[13]
6.5. Patent müvəkkilləri üçün şəhadətnamənin forması Agentlik tərəfindən müəyyən edilir.
6.6. Patent müvəkkili Dövlət reyestrində qeydə alındığı tarixdən fəaliyyət göstərmək hüququ əldə edir və bu barədə məlumat rəsmi bülletendə dərc olunur.
Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu sahədə yaranan ziddiyyətlərlə bağlı dövlət orqanlarından, fiziki və hüquqi şəxslərdən Apellyasiya şurasına etiraz və şikayətlər daxil olduqda və şikayətdə göstərilən hal Apellyasiya şurasının qərarı ilə təsdiq edildiyi halda, həmin qərardan qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilmədikdə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Apellyasiya şurasının qərarının ləğv edilməsi barədə şikayət təmin olunmadıqda, patent müvəkkili patent müvəkkillərinin dövlət reyestrindən çıxarılır.
[14]
6.7. Apellyasiya şurasına daxil olan etiraz və şikayətlərə Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə uyğun baxılır.
Apelyasiya şurasının qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə qaydasında şikayət verilə bilər. [15]
7. Patent müvəkkilinin məsuliyyəti
7.1. Patent müvəkkili vəkalət verənlə bağladığı müqaviləni yerinə yetirən zaman müqavilə şərtlərinin pozulduğuna görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
7.2. Patent müvəkkili peşə öhdəliyini lazımi səviyyədə yerinə yetirmədikdə, vəkalət verən istənilən hüquqi və ya fiziki şəxs Apellyasiya şurasına şikayət verə bilər. Apellyasiya şurası bu cür şikayətin daxil olması barədə patent müvəkkilinə bildiriş göndərir.
7.3. Apellyasiya şurasına daxil olan şikayətlərə üç ay müddətində baxılır. Agentlik Apellyasiya şurasının gəldiyi nəticələrdən asılı olaraq bu Əsasnaməyə uyğun tədbirlər görür. [16]
7.4. Patent müvəkkili üçün qoyulan tələbləri pozan patent müvəkkilinə qarşı aşağıdakı tədbirlər görülür:
xəbərdarlıq edilir;
yenidən attestasiya edilir, attestasiyanın nəticəsi qənaətbəxş olmadıqda reyestrdən çıxarılır.
8. Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması üçün əsas
8.1. Patent müvəkkili aşağıdakı əsaslara görə Agentliyin qərarı ilə patent müvəkkillərinin Dövlət reyestrindən çıxarılır:
[17]
patent müvəkkilinin ərizəsi əsasında;
patent müvəkkilinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi və ya daimi yaşayış yerinin Azərbaycan Respublikası ərazisindən dəyişməsi; [18]
vəkalət verənlə müqavilə şərtlərini kobud şəkildə pozması Apellyasiya şurası tərəfindən təsdiq olunduğu (vəkalət verən tərəfindən əsaslandırılmış şikayət ərizəsi daxil olarsa) hallarında;
patent müvəkkili tərəfindən bilərəkdən məzmunu həqiqətə uyğun olmayan sənədlər və məlumatlar verildiyi və ya onların dəyişdirildiyi təsdiq olunarsa;
sənaye mülkiyyətinin mühafizəsi sahəsində kargüzarlıq işlərini yerinə yetirən zaman Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini pozduğu hallarda;
yenidən attestasiyanın nəticələri qənaətbəxş olmadıqda;
patent müvəkkili vəfat etdikdə.
8.2. Bu Əsasnamənin 8.1-ci bəndində nəzərdə tutulmuş fəaliyyətində nöqsanlara yol verilməsi ilə əlaqədar əsaslardan biri ilə patent müvəkkillərinin dövlət reyestrindən çıxarılmış şəxs 1 (bir) il müddətində növbəti attestasiyalarda iştirak edə bilməz.
[19]
9. Yekun müddəalar
9.1. Patent müvəkkili müqavilə üzrə vəkalət verənin tapşırıqlarını icra edən bilmədiyi halda, o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, həmin müqavilədə göstərilən işlərin icrasını başqa patent müvəkkilinə verə bilər.
Patent müvəkkilinin yeni vəkalət verəndən aldığı tapşırıqlar ondan daha əvvəl müraciət etmiş vəkalət verənin mənafelərinə toxunursa, patent müvəkkili yeni vəkalət verəndən aldığı tapşırıqları yerinə yetirməkdən imtina etməlidir.
İşlərin icrasını öz üzərindən götürən patent müvəkkili bu barədə vəkalət verənə bildiriş göndərir.
9.2. Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması barədə qərar qüvvəyə mindikdən sonra bu barədə məlumat rəsmi bülletendə dərc olunur.
9.3. Patent müvəkkili yaşayış yerini dəyişdiyi halda Dövlət reyestrində müvafiq qeydlər aparmaq üçün Agentliyə məlumat verir.
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148)
2.
10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193)
3.
21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
4.
19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752)
5.
1 mart 2010-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 255)
- 16 may 2014-cü il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 may 2014-cü il, № 109; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 578)
- 03 dekabr 2014-cü il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 09 dekabr 2014-cü il, № 269, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1661)
- 25 may 2016-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 961)
9.
30 yanvar 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 132)
10.
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735)
- 29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2097)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 2.2-ci, 3.1-ci, 5.1-ci, 6.1-ci, 6.2-ci, 6.5-ci, 7.3-cü, 9.3-cü bəndlərində "DETK" sözləri "SMPDA" sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 2.2-ci, 3.1-ci, 5.1-ci, 6.1-ci, 6.2-ci, 6.5-ci, 7.3-cü, 9.3-cü bəndlərində "SMPDA" ifadəsi "SMPDK" ifadəsi ilə əvəz edilmişdir.
[2]
1 mart 2010-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 255) ilə «Patent müvəkkilləri haqqında Əsasnamə»nin 1.4-cü bəndi aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.4. Patent müvəkkili patent sahibi və sənaye mülkiyyəti obyektinin müəllifi ola bilməz.
[3]
19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 2.2-ci, 6.6-cı bəndlərin ikinci abzaslarında, 6.7-ci bəndin birinci və ikinci abzaslarında, 7.2-ci, 7.3-cü bəndlərində və 8.1-ci bəndin dördüncü abzasında ismin müvafiq hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası" sözləri ilə əvəz edilmişdir.
25 may 2016-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 961) ilə 2.2-ci bəndin ikinci abzasında “SMPDK-nin Apellyasiya şurasında” sözləri “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra - SMPDK) Apellyasiya şurasında” sözləri ilə əvəz edilmişdir.
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 2.2-ci bəndin ikinci abzasının birinci cümləsində “Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – SMPDK)” sözləri “Əqli Mülkiyyət Agentliyinin” sözləri ilə əvəz edilmişdir.
[4]
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 3.1-ci bəndin dördüncü abzasında “SMPDK-də” abreviaturası “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.
[5]
1 mart 2010-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 255) ilə «Patent müvəkkilləri haqqında Əsasnamə»nin 2.1-ci bəndin birinci və üçüncü cümlələrində, 3.1-ci bəndin ikinci və üçüncü abzaslarında və 5.1-ci bəndin üçüncü abzasında ismin müvafiq hallarında "sənaye mülkiyyəti obyektləri" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstərici" sözləri ilə əvəz edilmişdir.
30 yanvar 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 132) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 5.1-ci bəndin üçüncü abzasından “SMPDK tərəfindən müəyyən edilən həcmdə,” sözləri çıxarılmışdır və həmin abzasda “qanunvericiliyi və normativ” sözləri “normativ hüquqi” sözləri ilə əvəz edilmişdir.
[6]
25 may 2016-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 961) ilə 6.1-ci bəndin birinci abzasının ikinci cümləsində “5-ci maddəsinin” sözləri “5.1-ci bəndinin” sözləri ilə əvəz edilmişdir və həmin cümləyə “müvafiq arayış” sözlərindən sonra “, şəxsiyyət vəsiqəsinin surəti” sözləri əlavə edilmişdir.
30 yanvar 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 132) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.1-ci bəndin birinci abzasında “müvəkkillərinin attestasiyası, qeydiyyatı” sözləri “müvəkkilliyinə namizədin patent müvəkkili kimi attestasiya olunması” sözləri ilə əvəz edilmişdir.
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.1-ci bəndin birinci abzasının birinci cümləsində “SMPDK-ya” abreviaturası “Agentliyə” sözü ilə əvəz edilmişdir.
29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2097) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.1-ci bəndinin birinci abzasının ikinci cümləsində “dövlət rüsumu ödənilməsi” sözləri “haqqın ödənilməsini” sözləri ilə əvəz edilmişdir.
[7]
1 mart 2010-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 255) ilə «Patent müvəkkilləri haqqında Əsasnamə»nin 6.1-ci bəndin ikinci abzasında "sənaye mülkiyyəti obyektlərinin (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici və s.)" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricinin" sözləri ilə əvəz edilmişdir.
[8]
25 may 2016-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 961) ilə 6.2-ci bəndin birinci abzasının birinci cümləsi çıxarılmışdır, ikinci abzası ləğv edilmişdir və həmin bəndə yeni məzmunda ikinci - doqquzuncu abzaslar əlavə edilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Müəyyən edilmiş tələblərə uyğun sənədləri təqdim edən fiziki şəxsə attestasiyanın tarixi barədə bildiriş göndərilir və o, attestasiya komissiyası qarşısında attestasiyadan keçir.
Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən şəxs attestasiyaya buraxılmır.
30 yanvar 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 132) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.2-ci bəndin birinci abzasından “və aparılma qaydası” sözləri çıxarılmışdır.
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.2-ci bəndin birinci abzasında və onuncu abzasının ikinci cümləsində, 6.5-ci bənddə, 7.3-cü bəndin ikinci cümləsində və 9.3-cü bənddə ismin müvafiq hallarında “SMPDK” abreviaturası ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.
[9]
30 yanvar 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 132) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.2-ci bəndinə yeni məzmunda altıncı və yeddinci abzaslar əlavə edilmişdir.
[10]
30 yanvar 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 132) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.2-ci bəndin altıncı abzasına ikinci cümlədən sonra yeni məzmunda cümlə əlavə edilmişdir.
[11]
30 yanvar 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 132) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.2-ci bəndin səkkizinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Attestasiyanın nəticələri səsvermədən sonra dərhal attestasiyadan keçən şəxsə bildirilir.
[12]
23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 6.1-ci bəndinin birinci abzasında "ödənişi" sözü "dövlət rüsumu ödənilməsi" sözləri ilə, 6.4-cü bəndinin birinci abzasında "ödənişdən" sözü "dövlət rüsumu ödənildikdən" sözləri ilə əvəz edilmişdir.
25 may 2016-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 961) ilə 6.4-cü bəndin birinci abzasına yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
30 yanvar 2017-ci il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 yanvar 2017-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 1, maddə 132) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.4-cü bəndin birinci abzasının birinci cümləsi çıxarılmışdır və həmin abzasa yeni məzmunda cümlələr əlavə edilmişdir.
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.4-cü bəndin birinci abzası yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6.4. Attestasiyadan keçən fiziki şəxs, attestasiya komissiyasının qərarına əsasən, qərarın verildiyi tarixdən bir ay ərzində patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra ona şəhadətnamə verilir. Şəhadətnamə müddətsiz verilir. Attestasiyadan keçmiş şəxs patent müvəkkili kimi attestasiyadan keçməsi barədə qərarla bağlı bildirişi aldıqdan sonra 1 (bir) ay müddətində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq patent müvəkkillərinin qeydiyyata alınması, şəhadətnamə verilməsi və qeydiyyata alınmış patent müvəkkili barədə məlumatların dərc olunması üçün dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədləri SMPDK-ya təqdim etməlidir. Qeyd olunan müddətdə dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər SMPDK-ya təqdim olunmadıqda, attestasiyanın nəticələri ləğv edilmiş hesab olunur. Dövlət rüsumlarının ödənilməsini təsdiq edən sənədlər təqdim edildikdən sonra 3 (üç) gün müddətində şəxs patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınır və şəhadətnamə verilir.
29 dekabr 2019-cu il tarixli 517 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, № 293, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2097) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”də 6.4-cü bəndin birinci abzasında ikinci cümləyə “alınması” sözündən sonra “üçün müəyyən edilmiş haqqın” sözləri, “verilməsi” sözündən sonra “üçün dövlət rüsumunun” sözləri, üçüncü cümləyə “müddətdə” sözündən sonra “dövlət rüsumunun və” sözləri, dördüncü cümləyə “edilmiş” sözündən sonra “dövlət rüsumunun və” sözləri əlavə edilmişdir.
[13]
1 mart 2010-cu il tarixli 44 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 3, maddə 255) ilə «Patent müvəkkilləri haqqında Əsasnamə»nin 6.3-cü bənddən və 6.4-cü bəndin ikinci abzasından «obyektləri» sözü çıxarılmışdır.
[14]
25 may 2016-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 961) ilə 6.6-cı bəndin ikinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu sahədə yaranan ziddiyyətlərlə bağlı Apellyasiya şurasına etiraz və şikayətlər daxil olduqda, patent müvəkkili yenidən attestasiyadan keçirilir.
[15]
16 may 2014-cü il tarixli 151 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 may 2014-cü il, № 109; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 578) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 6.7-ci bəndinin ikinci abzasında “Apelyasiya şurasının qərarından qüvvədə olan qanunvericiliyə uyğun” sözləri “Apelyasiya şurasının qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilmişdir.
[16]
19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 7.3-cü bəndin birinci cümləsində "iki" sözü "üç" sözü ilə əvəz edilmişdir.
[17]
25 may 2016-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 961) ilə 8.1-ci bəndin birinci abzasında “görə” sözündən sonra “SMPDK sədrinin əmri ilə” sözləri əlavə edilmişdir və həmin bəndin beşinci abzasından “bilərəkdən” sözü çıxarılmışdır.
18 dekabr 2018-ci il tarixli 539 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2018-ci il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2735) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 8.1-ci bəndin birinci abzasında “SMPDK sədrinin əmri ilə” sözləri “Agentliyin qərarı ilə” sözləri ilə əvəz edilmişdir.
[18]
03 dekabr 2014-cü il tarixli 383 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 09 dekabr 2014-cü il, № 269, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1661) ilə “Patent müvəkkilləri haqqında Əsasnamə”nin 8.1-ci bəndinin üçüncü abzasında “vətəndaşlığını itirməsi” sözləri “vətəndaşlığına xitam verilməsi” sözləri ilə əvəz edilmişdir.
[19]
25 may 2016-cı il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 may 2016-cı il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 961) ilə 8-ci hissəyə yeni məzmunda 8.2-ci bənd əlavə edilmişdir.