180.000.000
Sərnişinlərin icbari sığortası haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Sərnişinlərin icbari sığortasının məqsədi
Sərnişinlərin icbari sığortası əhalinin sosial müdafiəsinə əlavə təminat olaraq hava, dəmiryolu, dəniz və avtomobil (avtobus ilə şəhərlərarası daşımalar) nəqliyyatı vasitələrindən (bundan sonra - nəqliyyat vasitəsi) istifadə etdikləri, habelə aeroportlarda, dəmiryolu vağzallarında, stansiyalarında və platformalarında, dəniz vağzalları və körpülərində, avtobus vağzallarında olduqları zaman sərnişinlərə sığorta hadisələri nəticəsində onların ölümü və ya səhhətinə zərər vurulması ilə əlaqədar sığorta təminatı vermək məqsədilə aparılır.
Maddə 2. Sərnişinlərin icbari sığortası haqqında qanunvericilik
Sərnişinlərin icbari sığortası haqqında qanunvericilik bu qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir.
[2]
Maddə 3. Sığortaçı
Sığortaçı sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziyaya malik olan, sərnişinlərin icbari sığortası növü üzrə sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir.
[3]
Maddə 4. Sığorta olunan
Sığorta olunan - Azərbaycan Respublikasının ərazisində hərəkət etmək və ya Azərbaycan Respublikasından xarici ölkələrə getmək və Azərbaycan Respublikasına gəlmək üçün sığorta etdirənin (daşıyıcının) nəqliyyat xidmətindən istifadə edən və nəqliyyatda gediş üçün icazə sənədi (gediş bileti) olan, habelə biletsiz getmək hüququ olan sərnişinlərdir.
Maddə 5. Sığorta etdirən
Sığorta etdirən (daşıyıcı) - mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində nəqliyyat vasitələri olan və Azərbaycan Respublikasında sərnişin daşımaları üzrə fəaliyyət göstərən yerli və xarici hüquqi və fiziki şəxslərdir.
Maddə 6. Sığorta hadisəsi
6.1. Nəqliyyat vasitəsindən istifadə etməklə sərnişin daşınması, habelə dayanacaqda olduğu dövrdə aeroportların, dəmiryolu vağzallaının, stansiyalarının və platformalarının, dəniz vağzallarının və körpülərinin, avtobus vağzallarının ərazisində nəqliyyat vasitəsinin istismarı zamanı baş verən fərdi qəza (bədbəxt hadisə) nəticəsində sərnişinin həyatına, yaxud səhhətinə zərərin vurulması sığorta hadisəsi sayılır.
6.2. Sərnişinin özünə qəsd etməsi, nəqliyyat vasitəsindən istifadə qaydalarına riayət etməməsi, cinayət tərkibli hadisə törətməsi, habelə sərxoş halda ehtiyatsız hərəkəti nəticəsində ölümü və ya səhhətinə zərərin vurulması sığorta hadisəsi hesab olunmur.
6.3. Müharibə, hərbi əməliyyat, tətil, mülki çaxnaşma və təxribat nəticəsində sərnişinlərin ölməsinə və ya səhhətinə zərər vurulmasına görə sığortaçılar sığorta ödənişi vermək öhdəliyindən azad edilirlər.
Maddə 7. Sığorta müqaviləsinin bağlanması qaydası və müddəti
7.1. Sığorta müqaviləsi sərnişin daşımaq hüququna malik olan hüquqi və fiziki şəxslər (sığortalı) ilə sığorta təşkilatları (sığortaçı) arasında bir il müddətinə bağlanılır.
7.2. sığortalı sığortaçını seçməkdə sərbəstdir.
7.3. Hesablanmış sığorta haqqı sərnişin daşınması üçün icazə verən biletin dəyərinə daxil edilməklə sığorta müqaviləsi bağlamış sığortalı sərnişinlərə satılmış biletlər üzrə sığorta haqlarını hər ayın yekunu üzrə hesablamaqla sığortaçının hesabına köçürməyə borcludur.
7.4. Nəqliyyat vasitəsindən istifadə zamanı hər bir sərnişinlə sığorta müqaviləsi bağlanması tələb olunmur.
7.5. Sığortaçı gediş üçün bilet almış sərnişinlər qarşısında nəqliyyat vasitəsinin hərəkəti (gedişi və ya uçuşu) üzrə xəbərdarlıq (qeydiyyat) elan olunduğu andan sərnişinlərin gediş biletlərində göstərilən marşrut üzrə nəqliyyat vasitələrinin son təyinat məntəqəsinə çatdığı, aeroportların, dəmiryolu vağzallarının, stansiyalarının və platformalarının, dəniz vağzallarının və körpülərinin, avtobus vağzallarının ərazisindən çıxdığı və ya çıxmalı olduğu anadək məsuliyyət daşıyır.
Maddə 8. Sığorta məbləği və sığorta haqqı
8.1. Sığorta məbləği hər sığorta olunan üçün on milyon (10 000 000) manat məbləğində müəyyən edilir.
8.2. Sığorta haqları aşağıdakı kimi müəyyən olunur:
8.2.1. hava nəqliyyatında - satılmış biletin qiymətinin 0,1 faizi (1000 manatdan aşağı olmamaq şərtilə);
8.2.2. dəmiryolu, dəniz və avtomobil nəqliyyatında - satılmış biletin qiymətinin 1,5 faizi.
8.3. Sərnişinlərin icbari sığortası üzrə risklər yalnız Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən sığortaçılar arasında təkrar sığortalana bilər.
8.4. Daxil olan sığorta haqlarının 85 faizi miqdarında sığorta qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sığorta ehtiyatları formalaşdırılır.
8.4.1. Sığorta haqlarının sığorta ehtiyatlarının formalaşdırılmasından sonra qalan hissəsi aşağıdakı qaydada bölüşdürülür:
8.4.1.1. sığortaçının işlərinin aparılması xərclərinə - 14,7 faiz;
8.4.1.2. sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə - 0,3 faiz.
[4]
Maddə 9. Sığorta ödənişinin müəyyən edilməsi və ödənilməsi
9.1. Sığorta hadisəsi nəticəsində sığorta olunan öldükdə və ya səhhətinə zərər vurulduqda hər bir sığorta olunana sığorta ödənişi sığorta məbləğindən aşağıdakı faizlərlə verilir:
9.1.1. ölüm 100 faiz;
9.1.2. I qrup əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu 80 faiz;
[5]
9.1.3. II qrup əlillik 60 faiz;
9.1.4. III qrup əlillik 40 faiz;
9.1.5. ağır xəsarət 25 faiz;
9.1.6. yüngül xəsarət 5 faiz
9.2. Bu qanunda göstərilən sənədlər təqdim edildikdən sonra 10 gün ərzində sığortaçı sığorta ödənişini verməli və ya sığorta ödənişini verməkdən imtina etməsinin səbəblərini yazılı şəkildə təqdim etməlidir.
9.3. Sığorta olunan sığorta hadisəsi nəticəsində səhhətinə vurulmuş zərərdən bu hadisənin baş verdiyi gündən 1 il müddətində ölərsə, sığorta olunanın aldığı müvafiq sığorta ödənişi ilə sığorta məbləği arasındakı fərq onun varisinə ödənilir.
[6]
9.4. Sığorta olunan səhhətinə vurulmuş zərərə görə sığorta ödənişini sağlığında almamışdırsa, həmin məbləğ onun varisinə ödənilir.
9.5. Sığorta olunan, yaxud onun varisi sığorta ödənişini sığorta hadisəsinin baş verdiyi gündən 3 il müddətində sığortaçıdan tələb etmək hüququna malikdir.
9.6. Sığorta müddəti ərzində sığortaçının bir və ya bir neçə sığorta hadisəsinə görə sığorta olunana verdiyi sığorta ödənişlərinin ümumi məbləği sığorta məbləğindən artıq ola bilməz.
9.7. Sığorta olunanın həyatına və ya sağlamlığına vurulmuş zərərə görə sığorta ödənişi dövlət sosial sığorta, tibbi sığorta və digər sığorta müqavilələri üzrə ödənişlərin verilməsindən asılı olmayaraq verilir.
Maddə 10. Sığorta ödənişinin ödənilməsi üçün tələb olunan sənədlər
10.1. Sığorta ödənişinin alınması üçün ərizə və ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:
10.1.1. Sığorta olunanın ölümü halında:
10.1.1.1. daşıyıcının sığorta hadisəsini təsdiq edən aktı;
10.1.1.2. bilet, yaxud onun kötüyü;
10.1.1.3. sığorta olunanın ölümü haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
10.1.1.4. vərəsəlik hüququnu təsdiq edən sənəd.
10.1.2. Sığorta olunanın səhhətinə zərər vurulduğu halda:
10.1.2.1. daşıyıcının sığorta hadisəsini təsdiq edən aktı;
10.1.2.2. əlillik və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu barədə müvafiq icra hakimiyyəti orqanının arayışı, yaxud xəsarətin alınma səbəbləri və tarixini göstərən tibbi arayış;
[7]
10.1.2.3. bilet, yaxud onun kötüyü.
10.2. Sığorta olunanın bileti və ya onun kötüyü olmadığı halda bədbəxt hadisəni araşdıran müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin hadisə zamanı sığorta olunanın nəqliyyat vasitəsində olması faktını təsdiq edən sənəd təqdim edilməlidir.
Maddə 11. Sığorta hadisəsi haqqında məlumat verilməsi və aktın tərtibi
11.1. Bu qanuna müvafiq olaraq sərnişinləri icbari sığorta etdirməli olan bütün daşıyıcılar həmin qanunda göstərilən sığorta hadisələri ilə əlaqədar aktı tərtib etməyə və onun surətini sığortaçıya, həmçinin sığorta olunana, yaxud onun varisinə verməyə borcludur.
11.2. Bu qanunun 11.1-ci maddəsinin tələblərinə əsasən tərtib edilən aktda sığorta hadisəsinin baş verdiyi yer, tarix və sığorta olunanın həyatına və ya səhhətinə zərər vurulması faktı göstərilməlidir.
11.3. sığortalı və ya sığorta olunan sığorta hadisəsi haqqında sığortaçıya məlumat verməyə borcludur.
Maddə 12. Bu qanunun icrasına nəzarət və pozulmasına görə məsuliyyət
12.1. Bu qanunun icrasına nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.
12.2. sığortalılar və sığortaçılar bu qanunu pozduqlarına görə qanunvericiliklə müəyyən edilmiş məsuliyyəti daşıyırlar.
[8]
Maddə 13. Mübahisələrə baxılma
Sığorta ilə əlaqədar mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2003-cü il
№ 474-IIQ
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)
2.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960)
3.
24 iyun 2011-ci il tarixli 165-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 788)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
24 iyun 2011-ci il tarixli 165-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 788) ilə ləğv edilmişdir.
[2]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 2-ci maddədə "Sığorta haqqında" sözləri "Sığorta fəaliyyəti haqqında" sözləri ilə əvəz edilmişdir.
[3]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 3-cü maddənin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Sığortaçı - mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericiliyə uyğun olaraq sərnişinlərin icbari sığortasını aparan sığorta təşkilatıdır.
[4]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 8.4-cü maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
8.4. Sığortaçı baş verə biləcək qəzaların qarşısının alınması və ehtiyat tədbirlərinin görülməsi üçün ilin yekunu üzrə alınmış sığorta haqları məbləğindən 7 faizi miqdarında ayırmaları sığorta etdirənə verir.
[5]
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 9.1.2-ci maddədə “əlillik” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.
[6]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 9.3-cü maddədə "sığortanın tam məbləği" sözləri "sığorta məbləği" sözləri ilə əvəz edilmişdir.
[7]
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 10.1.2.2-ci maddədə “əlillik” sözündən sonra “və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu” sözləri əlavə edilmişdir.
[8]
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 960) ilə 4-cü maddədə, 5-ci maddənin adında və mətnində, 7.1-ci, 7.2-ci, 7.3-cü, 11.3-cü və 12.2-ci maddələrdə ismin müvafiq hallarında "sığorta etdirən" və "sığorta etdirənlər" sözləri ismin müvafiq hallarında "sığortalı" və "sığortalılar" sözləri ilə əvəz edilmişdir.