Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli 695-IQ nömrəli qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 478; 2001-ci il, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 237, maddə 241; 2003-cü il, № 1, maddə 11; Azərbaycan Respublikasının 2003-cü il 25 mart tarixli, 426-IIQD nömrəli Qanunu) 46-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Maddənin 1-ci bəndində aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
"Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqlar;"
yeddinci - onuncu abzaslar müvafiq olaraq səkkizinci - on birinci abzaslar hesab edilsin;
2. Maddəyə aşağıdakı məzmunda 2-1-ci bənd əlavə edilsin:
"2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. İstifadəyə və icarəyə verilən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələri hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilməz və dənizin sahilinə gediş-gəliş məhdudlaşdırıla bilməz. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2003-cü il
№ 483-IIQD