AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.09.2011
QEYDİYYAT NÖMRƏSİ
149
ADI
“Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2011, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 859)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.09.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201109220149
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
23.09.2011
“Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 580-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 759 nömrəli Fərmanının 1.3-cü bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 22 sentyabr 2011-ci il

                     № 149

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 41-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və müəlliflərin və əlaqəli hüquqların sahiblərinin (bundan sonra – hüquq sahibləri) əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların (bundan sonra - təşkilat) qeydiyyatdan (akkreditasiyadan) (bundan sonra - akkreditasiya) keçirilməsi qaydalarını müəyyən edir. [1]

1.2. Akkreditasiyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nin 3.1.28-3.1.32-ci yarımbəndlərinə uyğun olaraq, təşkilata onun nizamnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyalar çərçivəsində müvafiq dairədə fəaliyyət səlahiyyətlərinin verilməsindən ibarətdir. [2]

1.3. Təşkilatın akkreditasiyası Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən həyata keçirilir. [3]

1.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış və müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatlar, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatlar akkreditasiyadan keçməlidirlər.

1.5. Təşkilat Agentlik tərəfindən 5 il müddətinə akkreditasiya olunur.

 

2. Akkreditasiya Komissiyası

 

2.1. Təşkilatın akkreditasiyası üçün Agentlikdə Akkreditasiya Komissiyası (bundan sonra - Komissiya) yaradılır. Komissiyanın tərkibi Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir. [4]

2.2. Komissiyanın işinə Agentliyin məsul işçiləri, əlaqədar dövlət orqanları və istifadəçi təşkilatların nümayəndələri, hüquq sahibləri, həmçinin müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər.

2.3. Komissiyanın iclası onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.

2.4. İclasın keçirilmə tarixi, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə rəsmi qaydada məlumat verilir və həmin informasiya Komissiyanın iclasının keçirilmə tarixindən 30 iş günü əvvəl Agentliyin internet saytında yerləşdirilir.

2.5. Komissiyanın iclaslarında müzakirə olunan məsələlər açıq səsvermə qaydasında sadə səs çoxluğu ilə qəbul edilir. Sədr sonuncu səs verir və səslər bərabər olduqda, sədrin səsi həlledici sayılır.

2.6. Komissiyanın qərarları iclasda iştirak etmiş Komissiya üzvlərinin hər biri tərəfindən imzalanır. Komissiya üzvləri qəbul edilmiş qərar barədə xüsusi rəylərini yazılı şəkildə qərara əlavə edə bilərlər.

2.7. Təşkilatın akkreditasiyası barədə Komissiyanın qərarı Agentliyin əmri ilə rəsmiləşdirilir.

 

3. Akkreditasiyanın keçirilməsi qaydası

 

3.1. Akkreditasiya üçün ərizə təşkilatın rəhbəri, yaxud onu əvəz edən vəzifəli şəxs tərəfindən imzalanaraq, özü və ya onun müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən Agentliyə təqdim edilməlidir. Ərizə poçt vasitəsilə də göndərilə bilər.

3.2. Ərizə təşkilatın möhürü ilə təsdiqlənməlidir.

3.3. Ərizəçi Komissiyanın iclasının keçirildiyi tarixədək ərizəsini geri götürmək hüququna malikdir.

3.4. Akkreditasiya üçün ərizədə aşağıdakı məlumatlar göstərilir:

3.4.1. ərizəçinin adı, hüquqi ünvanı, əlaqə telefonları;

3.4.2. hüquq sahiblərinin kateqoriyaları, kollektiv əsasda idarəetməyə verilmiş hüquqların əhatə dairəsi və müddəti.

3.5. Ərizəyə aşağıda göstərilən sənədlər və məlumatlar əlavə edilməlidir:

3.5.1. təşkilatın təsis edilməsi barədə sənədin (nizamnamənin) notariat qaydasında təsdiq edilmiş surəti;

3.5.2. vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

3.5.3. əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətinin verilməsi barədə hüquq sahibləri ilə bağlanmış müqavilələrin notariat qaydasında təsdiq edilmiş surətləri (müqavilədə hüquq sahibinin adı, soyadı, atasının adı, əsərdən və ya əlaqəli hüquqların obyektlərindən istifadə üsulları (müqavilə üzrə verilən konkret hüquqlar), hüquqların verildiyi müddət və ərazi, qonorar ödənişi ilə bağlı şərtlər və tərəflərin rekvizitləri dəqiq göstərilməklə);

3.5.4. əsərlərdən və ya əlaqəli hüquqların obyektlərindən istifadəyə görə müəllif müqavilələrinin (müstəsna və qeyri-müstəsna lisenziya) notariat qaydasında təsdiq edilmiş surətləri və onların siyahısı;

3.5.5. əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini təşkilata üzv olmaqla vermiş hüquq sahiblərinin təsdiq edilmiş siyahısı;

3.5.6. təşkilatın eyni sahədə fəaliyyət göstərən xarici təşkilatlarla bağladığı müqavilələrin notariat qaydasında təsdiq edilmiş surətləri və onların siyahısı;

3.5.7. ərizənin verilmə tarixindən 12 ay əvvəl əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə yığılan qonorarın və həmin qonorardan hüquq sahiblərinə ödənilmiş hissənin məbləğləri barədə məlumat;

3.5.8. illik balans, illik hesabat və təşkilatın fəaliyyətinin audit yoxlanması haqqında məlumat;

3.5.9. son üç ildə bölünməmiş və ya ödənilməmiş qonorarın məbləği və bu qonorarın bölünməməsinin və ya ödənilməməsinin səbəbləri barədə məlumat;

3.5.10. xarici analoji təşkilatlarla qarşılıqlı təmsilçilik barədə müqavilələr üzrə yığılan qonorarın məbləği və həmin qonorardan hüquq sahiblərinə ödənilmiş, yaxud ödənilməli olan məbləğ barədə məlumat;

3.5.11. əsərlərdən və ya əlaqəli hüquqların obyektlərindən istifadəyə görə təşkilata təmsilçilik səlahiyyəti verməmiş hüquq sahibləri üçün yığılan qonorarın məbləği barədə məlumat və həmin hüquq sahiblərinin siyahısı;

3.5.12. qorunma müddəti bitmiş əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadəyə görə yığılan qonorarın məbləği barədə məlumat;

3.5.13. qonorarın yığılması, bölüşdürülməsi və ödənilməsi ilə əlaqədar təşkilatın çəkdiyi xərclərin ödənilməsi üçün yığılan qonorardan ayırmaların məbləği və bunun hüquqi əsasları, həmçinin təşkilat tərəfindən yaradılan xüsusi fondlara yönəldilən vəsaitlər barədə məlumatlar.

3.6. Akkreditasiya üçün təqdim olunmuş sənədlər Azərbaycan dilində olmalı və ya həmin sənədlərin Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilməlidir.

3.7. Bu Qaydaların 3.5-ci bəndində göstərilən sənədlərin və məlumatların elektron variantı da ərizə ilə birlikdə Agentliyə təqdim olunmalıdır.

3.8. Ərizəçi akkreditasiya üçün təqdim edilmiş məlumatların doğruluğuna məsuliyyət daşıyır.

3.9. Ərizəyə Agentliyə daxil olduğu gündən sonra ən geci 30 iş günü müddətində baxılır.

3.10. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 10 iş günü müddətində yazılı bildiriş göndərilir. Bu müddət ərzində ərizəçiyə bildiriş göndərilməzsə, sənədlər Komissiyada baxılmaq üçün qəbul edilmiş hesab olunur.

3.11. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlərə 5 iş günü müddətindən gec olmayaraq yenidən baxılır, ərizənin surəti (əlavə edilən sənədlərlə birlikdə) rəsmi qaydada Komissiyanın üzvlərinə göndərilir və Agentliyin internet saytında yerləşdirilir.

3.12. Çatışmazlıqlar, nöqsanlar və ya imtina bu Qaydaların 4-cü hissəsində nəzərdə tutulan hallar aşkar edilmədikdə, 15 iş günü müddətində Komissiya təşkilatın akkreditasiya olunması barədə qərar qəbul edir və bu Qaydaların 2.7-ci bəndinə uyğun olaraq Agentliyin əmri ilə rəsmiləşdirilir.

3.13. Təşkilatın akkreditasiyası barədə Agentliyin əmrinin surəti 2 iş günü müddətində ərizəçiyə təqdim olunur və ya poçtla göndərilir.

3.14. Akkreditasiyadan keçmiş təşkilat, qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilatın təmsil etdiyi hüquq sahibləri, təşkilata verilmiş hüquqların əhatə dairəsi, kollektiv əsasda idarəetmə üçün alınan əsərlər və əlaqəli hüquqların obyektləri barədə məlumatlar Agentliyin internet saytında yerləşdirilir və digər kütləvi informasiya vasitələri ilə yayılır.

 

4. Akkreditasiyadan imtina edilməsi

 

4.1. Təşkilatın akkreditasiyasından aşağıdakı hallarda imtina edilir:

4.1.1 akkreditasiya üçün tələb olunan sənədlər tam təqdim edilmədikdə;

4.1.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

4.1.3. müvafiq səlahiyyətli orqanlar tərəfindən təşkilatın fəaliyyətində ciddi nöqsanların aşkar edilməsi barədə Komissiyaya rəsmi məlumat daxil olduqda.

4.2. Akkreditasiyadan imtina barədə Komissiya müvafiq qərar qəbul edir. Komissiyanın qərarından çıxarış 2 iş günü müddətindən gec olmayaraq, ərizəçiyə göndərilir və ya Agentlikdə ərizəçiyə, yaxud onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.

4.3. Akkreditasiyadan imtina edilmiş təşkilat qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditasiya üçün Agentliyə təkrar müraciət edə bilər.

 

5. Akkreditasiyanın ləğv edilməsi üçün əsaslar

 

5.1. Təşkilatın akkreditasiyası Agentlik tərəfindən aşağıdakı hallarda ləğv edilir:

5.1.1. yol verilmiş hüquq pozuntularının aradan qaldırılması barədə Agentliyin yazılı tələbləri icra edilmədikdə;

5.1.2. təşkilat akkreditasiyadan könüllü imtina barədə Komissiyaya rəsmi müraciət etdikdə;

5.1.3. akkreditasiya olunmaq üçün təşkilat tərəfindən təqdim edilmiş sənədlərdə faktların (məlumatların) bilərəkdən təhrif olunduğu və ya həqiqətə uyğun olmadığı aşkar edildikdə.

5.2. Akkreditasiyası ləğv edilmiş təşkilat Qanunun 42-ci və 43-cü maddələrində nəzərdə tutulan funksiya və vəzifələri yerinə yetirə bilməz, lakin akkreditasiyanın ləğv edilməsi barədə qərarın qəbul edildiyi tarixədək üzərinə götürdüyü öhdəliklərin tam yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

5.3. Təşkilatın akkreditasiyasının ləğv edilməsi barədə məlumat Agentliyin internet saytında yerləşdirilir və kütləvi informasiya vasitələri ilə yayılır.

 

6. Yekun müddəalar

 

6.1. Akkreditasiya müddəti uzadılmadıqda və ya təşkilat ləğv edildikdə, onun akkreditasiyası bitmiş hesab olunur.

6.2. Komissiyanın akkreditasiya ilə bağlı qərarlarından qüvvədə olan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 dekabr 2017-ci il tarixli 558 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2506)

2.       27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1809)

  1. 18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1809) ilə “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın 1.1-ci bəndində “bəndinə” sözü “hissəsinə” sözü ilə əvəz edilmişdir.

 

[2] 15 dekabr 2017-ci il tarixli 558 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2506) ilə “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın 1.2-ci bəndində “Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 8.34-8.37-ci və 8.49-8.50-ci bəndlərinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi”nin 3.1.23-3.1.29-cu yarımbəndlərinə” sözləri ilə əvəz edilmişdi.

 

18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın 1.2-ci bəndində “2017-ci il 6 sentyabr tarixli 1593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi”nin 3.1.23-3.1.29-cu” sözləri “2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”nin 3.1.28-3.1.32-ci” sözləri ilə əvəz edilmişdir.

 

[3] 27 avqust 2018-ci il tarixli 358 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2018-ci il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1809) ilə “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın 1.3-cü bəndində “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[4] 15 dekabr 2017-ci il tarixli 558 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 dekabr 2017-ci il, № 278, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2506) ilə “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”nın 2.1-ci bəndin ikinci cümləsinə “Agentliyin” sözündən sonra “İdarə Heyətinin” sözləri əlavə edilmişdi.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status