Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nda dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq, Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanmasını tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 232) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4.4.7-ci yarımbəndində "ev heyvanlarının" sözlərindən əvvəl "olan şəxs tərəfindən" sözləri əlavə edilsin;
1.2. 4.4.9-cu və 4.4.10-cu yarımbəndləri aşağıdakı redaksiyada verilsin:
"4.4.9. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsi, tibbi və texniki üsulların tətbiq edilməsi;
4.4.10. ev heyvanlarının xarici görkəmini dəyişdirmək məqsədi ilə və ya digər qeyri‑müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması və s.) aparılması.";
1.3. 4.5-ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Baytar həkiminin rəyinə əsasən qeyri-müalicəvi proses heyvanın faydası üçün və ya baytarlıq-sanitariya tibbi baxımından lazım olduqda, habelə axtalama məqsədi ilə bu Qaydaların 4.4.10-cu yarımbəndində nəzərdə tutulan cərrahi əməliyyatlar aparıla bilər.";
1.4. 5.1.3-cü yarımbəndində "qeydiyyatdan" sözü "müayinədən" sözü ilə əvəz edilsin;
1.5. 5.1.4-cü yarımbəndində "ev heyvanlarını müayinədən keçirməli, quduzluğa qarşı müalicə-profilaktik tədbirlər həyata keçirməli" sözləri "ev heyvanları üçün quduzluğa qarşı müalicə-profilaktik tədbirləri həyata keçirməli" sözləri ilə əvəz edilsin;
1.6. 6.3-cü bəndindən mötərizədəki "qeydiyyat vəsiqəsi," sözləri çıxarılsın;
1.7. 8.1.1-ci yarımbəndində "qeydiyyatında" sözü "uçotunda" sözü ilə əvəz edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 19 oktyabr 2011-ci il
№ 166