“Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi bu qərardan irəli gələn məsələlərin həlli üçün öz səlahiyyəti daxilində müvafiq tədbirlər həyata keçirsin.
[1]
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 noyabr 2011-ci il
№ 183
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 10 noyabr tarixli 183 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma qaydalarını müəyyən edir.
1.2. Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsi (bundan sonra - məxfi ixtira, faydalı model və sənaye nümunəsi) dövlət sirri təşkil edən məlumat daşıyıcısı hesab edilir.
1.3. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinin dövlət sirrinə aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyinin açılması dövlət sirri haqqında normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir.
2. Məxfi olması ehtimal edilən ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinin qəbulu, məxfiliyinin müəyyənləşdirilməsi və ekspertizası
2.1. Məxfi olması ehtimal edilən ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədi fiziki və ya hüquqi şəxslər tərəfindən “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun tərtib edilərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik) dövlət sirrinin mühafizəsi üzrə bölməsinə (bundan sonra -DSMB) təqdim edilir. Bu zaman məxfi olması ehtimal edilən ixtira, faydalı model və sənaye nümunəsinə aid bütün digər məlumat daşıyıcıları - vərəqlər, audio, video, foto və kinolentlər, disklər, disketlər və digər materiallar (bundan sonra - digər materiallar) da təqdim edilməlidir. Təqdim oluna bilməyən, lakin yayılmasına səbəb ola bilən daşıyıcılardakı məlumatlar onların bərpa olunmasına imkan verməyən üsulla məhv edilməlidir (silinməlidir).
[2]
2.2. Məxfi olması ehtimal edilən ixtira, faydalı model və sənaye nümunəsinə dair məlumatların açıqlanıb-açıqlanmaması müəyyənləşdirilir və materialların hamısının təqdim edilməməsi faktı xidməti qaydada araşdırılır.
2.3. Məxfi olması ehtimal edilən ixtira, faydalı model və sənaye nümunəsinin dövlət sirri təşkil edib-etməməsinin qiymətləndirilməsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Məlumatların dövlət sirrinə aid edilməsi Qaydaları”na uyğun olaraq Agentlikdə yaradılmış Ekspert Komissiyası (bundan sonra - Komissiya) tərəfindən həyata keçirilir.
[3]
Qiymətləndirmə təqdim olunmuş iddia sənədi və iddia sənədinin mahiyyətini açıqlayan digər materiallar, xidməti araşdırmaların nəticələri əsasında onların daxil olduğu tarixdən 2 (iki) ay ərzində həyata keçirilir. Zəruri hallarda Agentlik dövlət sirrinə aid edilən məlumatlar barədə sərəncam vermək səlahiyyətinə malik olan digər dövlət orqanlarına rəy alınması üçün müraciət edə və ya bu orqanların mütəxəssislərini Komissiyanın işinə cəlb edə bilər.
2.4. Komissiya məxfi olması ehtimal edilən ixtira, faydalı model və sənaye nümunəsinin məxfiləşdirilməsi barədə qərar qəbul etdiyi halda, onların hansı məxfilik dərəcəsinə uyğun gəldiyini də müəyyən etməlidir. Bundan sonra bu cür ixtira, faydalı model və sənaye nümunəsinin ilkin ekspertizası onların məxfilik dərəcəsi nəzərə alınmaqla, “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Agentliyin ixtira, faydalı model və sənaye nümunəsinin ekspertizasını həyata keçirən müvafiq qurumu (bundan sonra - Agentliyin müvafiq qurumu) tərəfindən həyata keçirilir.
2.5. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinin surəti malik olduğu məlumatlar bazası üzrə araşdırılaraq, əsaslandırılmış rəy hazırlanması məqsədi ilə Agentliyin müvafiq qurumu tərəfindən ixtira, faydalı model və sənaye nümunəsinin istifadəsini zəruri hesab edən aidiyyəti dövlət orqanına (bundan sonra - aidiyyəti orqan) göndərilir.
2.6. Aidiyyəti orqan məxfi ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədini Agentliyin müvafiq qurumundan qəbul edərək qeydiyyata alır və 4 (dörd) ay müddətində malik olduğu məlumatlar bazasında onlarla əlaqədar məlumat axtarışını yerinə yetirir. Aidiyyəti orqan məlumat axtarışının nəticəsi üzrə əsaslandırılmış rəy hazırlayaraq Agentliyin müvafiq qurumuna göndərir.
2.7. Agentliyin müvafiq qurumu aidiyyəti orqandan daxil olan əsaslandırılmış rəyi nəzərə almaqla, onun daxil olduğu tarixdən 4 (dörd) ay müddətində “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 2-5-ci hissələrinə uyğun olaraq iddia sənədinin ekspertizasını həyata keçirir.
2.8. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinin ekspertizası prosesinə zərurət olduğu halda, digər təşkilatlardan da səlahiyyətli mütəxəssislər dəvət oluna bilər.
2.9. Komissiya həmin ekspertizanın nəticəsi əsasında ixtira, faydalı model və sənaye nümunəsinin məxfilik qrifi və məxfilik müddəti üzrə yekun rəy hazırlayır. Yekun rəy Agentliyin sədri tərəfindən təsdiq edilir.
2.10. Komissiya tərəfindən ixtira, faydalı model və sənaye nümunəsinin qeyri-məxfi olması barədə qərar qəbul edildikdə isə ixtira, faydalı model və sənaye nümunəsinə dair DSMB tərəfindən qəbul edilmiş iddia sənədi və iddia sənədinin mahiyyətini açıqlayan digər materiallar həmin qərar əsasında məxfi kargüzarlıq dövriyyəsindən çıxarılaraq açıq kargüzarlığa təhvil verilir və bu sənədlər üzrə işlər “Patent haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq davam etdirilir.
2.11. İddiaçı Komissiyanın yekun qərarı barədə 3 (üç) iş günü ərzində məlumatlandırılır.
2.12. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinin əvvəl müəyyənləşdirilmiş məxfilik müddəti “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə uyğun olaraq uzadıla bilər.
2.13. Komissiya ixtira, faydalı model və sənaye nümunəsinin dövlət sirri təşkil edən məlumat daşıyıcısı olduğunu, lakin məlumatın qüvvədə olan geniş siyahıdakı məlumatlarla və ya dövlət sirrinə aid edilən məlumatların siyahısı ilə eyniləşdirilməsinin mümkün olmadığını nəzərə alaraq, məsələyə “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq baxır.
[4]
2.14. Komissiyanın Əsasnaməsi və tərkibi Agentliyin İdarə Heyətinin sədri tərəfindən təsdiq edilir.
[5]
3. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi
3.1. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinin ekspertizası zamanı onların “Patent haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 7-ci, 8-ci və 9-cu maddələrinə uyğun gəldiyi müəyyən edildiyi halda, Agentliyin müvafiq qurumu tərəfindən “Patent haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq məxfi ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin verilməsi barədə qərar qəbul edilir. Patent verilməsi barədə qərar əsasında, 1 (bir) ay müddətində ixtira, faydalı model və sənaye nümunəsi xüsusi dövlət reyestrində qeydiyyata alınır və patent tərtib olunaraq patent sahibinə (məlumatın mülkiyyətçisinə) və ya onun hüquqi varisinə verilir.
3.2. Agentliyin müvafiq qurumu məxfi ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinin ekspertizası zamanı onların “Patent haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 7-ci, 8-ci və 9-cu maddələrinə uyğun gəlmədiyini müəyyən etdiyi halda iddia sənədinə baxılmaqdan və ya patent verilməsindən imtina qərarı qəbul edir və bu barədə iddiaçıya 10 gün müddətində bildiriş göndərir.
3.3. İddiaçı qərarla razı olmadığı halda, bildirişi aldığı tarixdən 2 (iki) ay müddətində özünün (nümayəndəsinin) iştirakı təmin olunmaqla və müvafiq sahə üzrə əlavə mütəxəssislər də cəlb edilməklə, Agentliyin müvafiq qurumunun geniş tərkibdə iclasının çağırılması hüququna malikdir.
4. Müəllif
4.1. İxtira, faydalı model və sənaye nümunəsini yaradıcı əməyi ilə yaradan şəxs müəllif sayılır.
4.2. İxtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında bir neçə fiziki şəxs iştirak etdikdə, onların hamısı müəllif sayılır. Müəlliflərə məxsus olan hüquqlardan istifadə qaydası onlar arasında bağlanmış müqavilə ilə tənzimlənir.
4.3. İxtira, faydalı model və sənaye nümunəsinin yaradılmasında şəxsən yaradıcı əməyi olmayan, müəllifə (müəlliflərə) yalnız texniki, təşkilati və ya maddi yardım etmiş, yaxud ixtira, faydalı model və sənaye nümunəsi üzərində hüquqların rəsmiləşdirilməsinə və ondan istifadəyə kömək göstərmiş fiziki şəxslər müəllif sayılmırlar.
4.4. Müəlliflik hüququ özgəninkiləşdirilməyən şəxsi hüquqdur və müddətsiz qorunur.
4.5. Müəlliflə iddiaçı və yaxud patent sahibi (işəgötürən olmayan) arasında ixtira, faydalı model və sənaye nümunəsinin istifadəsi ilə əlaqədar münasibətlər onların bağladıqları müqavilə ilə tənzimlənir. İxtira, faydalı model və sənaye nümunələrinin istifadəsi ilə bağlı onların arasındakı mübahisələrə məhkəmə qaydasında baxılır.
5. Patent sahibi
5.1. Patent aşağıda göstərilən şəxslərə verilir:
5.1.1. ixtira, faydalı model və sənaye nümunəsi müəllifinə (müəlliflərinə) və ya onun (onların) varisinə (varislərinə);
5.1.2. patent verilməsi barədə iddia sənədində, yaxud ixtira, faydalı model və sənaye nümunəsi qeydiyyata alınana qədər Agentliyə verilmiş ərizədə müəllifin (müəlliflərin) və ya onun (onların) hüquqi varislərinin göstərdikləri hüquqi və ya fiziki şəxslərə (onların razılığı ilə);
5.1.3. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda işə götürənə.
6. Məxfi ixtira, sənaye nümunəsi və faydalı modelə görə haqqın ödənilməsi
6.1. “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə uyğun olaraq ixtira, faydalı model və sənaye nümunəsinin məxfiləşdirilməsi ilə bağlı iddiaçıya (məlumatın mülkiyyətçisinə) və ya onun hüquqi varisinə dəyən ziyanın əvəzi məlumatın sərəncamına keçdiyi aidiyyəti dövlət orqanı ilə iddiaçı (məlumatın mülkiyyətçisi) və ya onun hüquqi varisi arasında bağlanan müqavilədə müəyyənləşdirilmiş məbləğdə dövlət tərəfindən ödənilir. İxtira, faydalı model və sənaye nümunəsinin məxfiləşdirilməsi ilə əlaqədar iddiaçıya dəyən ziyanın əvəzinin ödənilməsi üçün bağlanan müqavilədə iddiaçının məxfi məlumatları yaymaması barədə öhdəliyi də nəzərdə tutulur. İddiaçı müqaviləni imzalamaqdan imtina edərsə, ona məxfi məlumatları icazəsiz yaymağa görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilir.
6.2. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinin iddiaçısına (patent sahibinə, məlumatın mülkiyyətçisinə) və ya onun hüquqi varisinə iddia sənədi və ya patent üzrə onlardan istifadəyə görə məlumatın sərəncamına keçdiyi aidiyyəti dövlət orqanı tərəfindən və ya istifadəni həyata keçirən orqan tərəfindən haqq ödənilir. İstifadəyə görə haqqın məbləği məlumatın sərəncamına keçdiyi aidiyyəti dövlət orqanı ilə iddiaçı (məlumatın mülkiyyətçisi) və ya onun hüquqi varisi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir və məxfi ixtira, faydalı model və sənaye nümunəsindən istifadəyə başlanan tarixdən ödənilir.
6.3. Aidiyyəti dövlət orqanının iddiaçının (patent sahibinin, məlumatın mülkiyyətçisinin) və ya onun hüquqi varisinin razılığı olmadan məxfi ixtira, faydalı model və sənaye nümunəsindən istifadəyə icazə vermək hüququ vardır. Bu halda aidiyyəti dövlət orqanı tərəfindən ixtira, faydalı model və sənaye nümunəsinin iddiaçısına (patent sahibinə) və ya onun hüquqi varisinə haqq ödənilir.
6.4. Aidiyyəti dövlət orqanı ixtira, faydalı model və sənaye nümunəsinin iddia sənədi və ya patent obyektinin istifadəsini qadağan etdikdə də ixtira, faydalı model və sənaye nümunəsinin iddiaçısı (patent sahibi, məlumatın mülkiyyətçisi) və ya onun hüquqi varisi həmin aidiyyəti dövlət orqanından müvafiq haqqın ödənilməsini tələb edə bilər.
6.5. Məxfi ixtira, faydalı model və sənaye nümunəsi ilə bağlı ödənilən haqdan iddiaçı (patent sahibi) və ya onun hüquqi varisi müəllifə (müəlliflərə), onlar arasında bağlanan müqaviləyə uyğun haqq ödəyir.
6.6. Haqqın ödənilməsi ilə bağlı yaranan mübahisələrə inzibati qaydada və məhkəmədə baxıla bilər.
[6]
7. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinin məxfiliyinin açılması
7.1. Məxfi ixtira, faydalı model və sənaye nümunəsinin məxfiliyinin açılması “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü və 14-cü maddələrinə uyğun olaraq həyata keçirilir.
7.2. Patent qabiliyyətli məxfi ixtira, faydalı model və sənaye nümunəsinin məxfiliyi açıldıqda, iddiaçı bu barədə 3 (üç) iş günü ərzində məlumatlandırılır.
8. Dövlət rüsumları və haqq
[7]
8.1. Məxfi ixtira, faydalı model və sənaye nümunəsi ilə bağlı dövlət rüsumları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa, haqq isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə haqqın ödənildiyi hallarına müvafiq olaraq ödənilir.
[8]
9. Xarici hüquqi və fiziki şəxslər
9.1. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə başqa hallar nəzərdə tutulmadıqda, bu Qaydalar xarici hüquqi və fiziki şəxslərə şamil edilmir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
29 mart 2013-cü il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 aprel 2013-cü il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 349)
2.
10 iyun 2013-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 724)
3.
25 iyun 2014-cü il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 901)
4.
28 sentyabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 sentyabr 2018-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1949)
5.
18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə 2-ci hissədə “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[2]
18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın 2.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (bundan sonra – Komitə)” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin (bundan sonra – Agentlik)” sözləri ilə əvəz edilmişdir.
[3]
18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın 2.3-cü bəndin birinci abzasında və ikinci abzasının ikinci cümləsində, 2.4-cü bəndin ikinci (hər iki halda) cümləsində, 2.5-ci bənddə, 2.6-cı bəndin birinci və ikinci cümlələrində, 2.7-ci bənddə, 2.9-cu bəndin ikinci cümləsində, 3.1-ci bəndin birinci cümləsində, 3.2-ci, 3.3-cü bəndlərdə və 5.1.2-ci yarımbənddə ismin müvafiq hallarında “Komitə” sözü ismin müvafiq hallarında “Agentlik” sözü ilə əvəz edilmişdir.
[4]
28 sentyabr 2018-ci il tarixli 421 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 sentyabr 2018-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1949) ilə “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın 2.13-cü bəndinə “məlumatlarla” sözündən sonra “və ya dövlət sirrinə aid edilən məlumatların siyahısı ilə” sözləri əlavə edilmişdir.
[5]
18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın 2.14-cü bəndində “Komitənin sədri tərəfindən” sözləri “Agentliyin İdarə Heyətinin sədri tərəfindən” sözləri ilə əvəz edilmişdir.
[6]
25 iyun 2014-cü il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 901) ilə "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nın 6.6-cı bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
6.6. Haqqın ödənilməsi ilə bağlı yaranan mübahisələrə məhkəmə qaydasında baxıla bilər.
[7]
10 iyun 2013-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 724) ilə "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nın 8-ci hissənin adına "rüsumları" sözündən sonra "və haqq" sözləri əlavə edilmişdir.
[8]
29 mart 2013-cü il tarixli 56 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 2 aprel 2013-cü il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 03, maddə 349) ilə “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın 8.1-ci bəndində “Patent” sözü “Dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.
10 iyun 2013-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 iyun 2013-cü il, № 131; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 724) ilə "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nın 8.1-ci bəndə "Azərbaycan Respublikasının Qanununa" sözlərindən sonra ", haqq isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş haqqın ödənildiyi hallarına" sözləri əlavə edilmişdir.
25 iyun 2014-cü il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 iyul 2014-cü il, № 151; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 901) ilə "Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları"nın 8.1-ci bənddə "Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş haqqın" sözləri "Tarif (Qiymət) Şurası tərəfindən müəyyən edilmiş xidmət haqqının (ödənişin)" sözləri ilə əvəz edilmişdir.
18 dekabr 2018-ci il tarixli 538 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 dekabr 2018-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2734) ilə “Milli təhlükəsizliklə bağlı ixtira, faydalı model və sənaye nümunəsinə dair iddia sənədinə baxılma Qaydaları”nın 8.1-ci bənddə “Tarif (Qiymət) Şurası” sözləri “Nazirlər Kabineti” sözləri ilə və “xidmət haqqının (ödənişin)” sözləri “məbləğdə haqqın” sözləri ilə əvəz edilmişdir.