AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.11.2011
QEYDİYYAT NÖMRƏSİ
184
ADI
“Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2011, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1066)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.11.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.310.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201111110184
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.11.2011
“Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 11 noyabr 2011-ci il

   № 184

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 11 noyabr tarixli 184 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bank) normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi məsələlərini müəyyən edir.

1.2. Mərkəzi Bankın normativ xarakterli aktı Mərkəzi Bank tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi (bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər) üçün məcburi davranış qaydasını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir.

1.3. Mərkəzi Bankın normativ xarakterli aktları qərar formasında qəbul edilir.

1.4. Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra - Konstitusiya Qanunu) 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.

1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, Mərkəzi Bankın normativ xarakterli aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil etməməlidir.

1.6. Konstitusiya Qanununun 4.2-ci maddəsinə uyğun olaraq, Mərkəzi Bankın normativ xarakterli aktları onların icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.

 

2. Mərkəzi Bankın normativ xarakterli aktlarının hazırlanması

 

2.1. Mərkəzi Bankın normativ xarakterli aktları Konstitusiya Qanununun 50-ci maddəsinin tələblərinə uyğun olaraq hazırlanır.

2.2. Mərkəzi Bank normativ xarakterli aktın layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya, habelə layihələrin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.

2.3. Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən normativ xarakterli aktın layihəsi Mərkəzi Bankın hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.

2.4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17.8-ci maddəsinə əsasən qəbul edilməli olan normativ xarakterli aktlar Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin təklifləri nəzərə alınmaqla hazırlanır. [1]

2.5. Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Mərkəzi Bankın normativ xarakterli aktının layihəsinin razılaşdırılması müvafiq qanunvericiliyə əsasən məcburi olduqda, habelə normativ xarakterli aktda digər dövlət orqanları ilə bağlı müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.

 

3. Mərkəzi Bankın normativ xarakterli aktlarının qəbul edilməsi

 

3.1. Mərkəzi Bankın normativ xarakterli aktları İdarə Heyəti tərəfindən qəbul edilir və Mərkəzi Bankın sədri tərəfindən imzalanır.

3.2. Mərkəzi Bankın normativ xarakterli aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət Reyestri) daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən 3 gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.

3.3. Mərkəzi Bankın normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

3.4. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar Mərkəzi Bank qüvvədə olan normativ xarakterli aktlarında müvafiq dəyişikliklər edir. Normativ xarakterli aktlarının yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması zərurəti olmadıqda, Mərkəzi Bank Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumat verir.

 

4. Yekun müddəalar

 

4.1. Mərkəzi Bankın normativ xarakterli aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir.

4.2. Bu Qaydanın 4.1-ci bəndində qeyd edilən, Mərkəzi Bankın normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı digər məsələlər həmçinin Azərbaycan Respublikasının “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarına uyğun olaraq tənzimlənir.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [2]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1. 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın 2.4-cü bənd ləğv edilmişdir.

 

[2] 23 avqust 2016-cı il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 27 avqust 2016-cı il, № 187, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №8, maddə 1449) ilə “Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi Qaydası”nın 4.2-ci bənddən sonra yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status