1890 - “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
15.12.2011
QEYDİYYAT NÖMRƏSİ
1890
ADI
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 16-12-2011, Nəşr nömrəsi: 278), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2011, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1172)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.020.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201112151890
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
16.12.2011
“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə qərara alıram:

1. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramının icrasını təmin etmək üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. [1]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 15 dekabr 2011-ci il

     № 1890

 

 

 

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair

 

DÖVLƏT PROQRAMI

 

1. Ümumi əsaslar

 

1.1. Azərbaycanda üzümçülük və şərabçılığın inkişafının mövcud vəziyyəti

 

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Bununla belə, üzümçülük kənd təsərrüfatı istehsalının ən çox kapital tələb edən sahəsidir.

Vaxtilə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir. Onun 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdür. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vurulmuş, insanlar gəlir mənbələrindən məhrum edilmişlər.

Yalnız ölkəmiz müstəqillik əldə etdikdən və ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra 90-cı illərin ikinci yarısından etibarən Azərbaycanda üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradılmış və bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Belə ki, 2002-ci ildə "Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" kimi mühüm sənədlər təsdiq edilmişdir.

2010-cu ilin statistik məlumatlarına əsasən, Azərbaycanda üzümün əkin sahəsi 15,4 min hektar, istehsalın həcmi 129,5 min ton, təzə və qurudulmuş üzüm idxalı 5,5 min ton, ixracı isə 24,1 ton olmuşdur. 2010-cu ildə üzüm şərabı istehsalı 1070,7 min dekalitr təşkil etmişdir ki, onun da 21 faizi və ya 224 min dekalitri ixrac edilmişdir. Bununla yanaşı, həmin il təkrar emal üçün ölkəyə 187 min dekalitr şərab materialı idxal olunmuşdur.

Azərbaycanın təbii-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksək keyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bu isə öz növbəsində üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın əvəzləşdirilməsinə şərait yarada bilər.

Azərbaycanda üzümçülük qədim və ənənəvi istehsal sahələrindən biridir. Əvvəllər Azərbaycanda 600-ə qədər aborigen və introduksiya olunmuş üzüm sortları becərilmiş və bunlardan təxminən 400-ü yerli üzüm sortlarına aid olmuşdur. Ölkə ərazisində üzüm sahələrinin coğrafi cəhətdən yerləşdirilməsi rayonların əlverişli torpaq-iqlim şəraiti nəzərə alınmaqla həyata keçirilmişdir.

Üzümçülüyün ölkə iqtisadiyyatı üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq üzümçülüyün və üzüm emalı sənayesinin inkişafına xüsusi diqqət yetirmişdir. Onun şəxsi göstərişi ilə üzümçülük və şərabçılığın elmi əsaslarla inkişafını təmin etmək üçün 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu, həmçinin şərabçılıq sənayesinə mühəndis-texnoloq, mühəndis-mexanik kadrların hazırlanması məqsədi ilə 1981-ci ildə Azərbaycan Texnologiya İnstitutu yaradılmışdır.

1970-ci ildə üzüm sahələri 121,6 min hektar, üzüm istehsalı 351,7 min ton, məhsuldarlıq 46,8 sentner təşkil etdiyi halda, sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq artıq 1984-cü ildə üzüm sahələri 2,3 dəfə, üzüm yığımı 6 dəfə, məhsuldarlıq isə 2 dəfədən çox artaraq ən yüksək həddə çatmaqla 99,2 sentner təşkil etmişdir. Bununla da o dövrdə Azərbaycan üzüm istehsalının həcminə görə keçmiş İttifaqda birinci yerə çıxmışdır.

Təəssüf ki, keçmiş SSRİ-nin rəhbərliyi tərəfindən 1985-ci ildə qəbul edilmiş "Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri" haqqında səriştəsiz qərardan sonra respublikamızın iqtisadiyyatının aparıcı sahələrindən biri olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu, bar verən üzüm sahələri məhv edildi, uzun illər böyük zəhmət hesabına yaradılmış infrastruktur dağıdıldı, üzüm sahələrində yetişdirilən qiymətli yerli və introduksiya olunmuş üzüm sortları itirilmək təhlükəsi ilə üzləşdi, məhsuldarlıq xeyli azaldı, üzümçülük və şərabçılıq kompleksi böhran vəziyyətinə düşdü. Bununla yanaşı, Ermənistanın torpaqlarımıza 1988-ci ildən başlayan təcavüzü nəticəsində 43 min hektar üzüm bağı işğal altında qalmışdır.

Ulu öndər Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra bu sahədə müşahidə olunan tənəzzülün qarşısı tədricən alındı, üzümçülük və şərabçılığa diqqət yenidən artırıldı. Keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq aqrar sektorda aparılan islahatlar nəticəsində bütün şərab və ilkin şərab emalı, şampan və konyak zavodları özəlləşdirməyə açıq elan edilərək onların bazasında 53 səhmdar cəmiyyəti yaradılmış, qalan 82 emal müəssisəsi isə kiçik müəssisə kimi özəlləşdirilmişdir.

Üzümçülükdə müşahidə olunan tənəzzülün qarşısı 2005-ci ildən başlayaraq alınmış, tədricən yeni üzüm bağlarının salınmasına, eləcə də keçmiş ənənələrdən və beynəlxalq təcrübədən yararlanmaqla üzümçülüyün inkişafında intensiv becərmə üsullarının tətbiqinə başlanılmış, nəticədə üzüm plantasiyalarının genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığında əhəmiyyətli artıma nail olunmuşdur.

Əlverişli biznes mühiti və müvafiq xammal bazasının mövcudluğu ölkədə müasir şərabçılıq müəssisələrinin yaradılmasına imkan vermişdir. Bu müəssisələr yeni üzüm sortları və texnologiyalar əsasında müasir üzüm plantasiyalarının salınmasında iştirak edir.

Üzüm istehsalı üçün ölkəmizin əlverişli təbii-iqlim şəraiti, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksək keyfiyyətli ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm emalı məhsullarına olan yüksək tələbat üzümçülüyün daha da inkişaf etdirilməsini zəruri edir. Məhz buna görə Azərbaycanda üzümçülüyün inkişaf etdirilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

Keyfiyyətli süfrə və texniki üzüm sortlarından ibarət plantasiyaların salınması ilkin mərhələdə bioloji və fitosanitar baxımdan təmiz, yüksək məhsuldar, keyfiyyətli, ölkəmizin təbii-iqlim şəraitinə uyğun üzüm tinglərinin idxalına ehtiyac yaradır ki, bu da əlavə maliyyə vəsaiti tələb edir. Bu baxımdan üzümçülüyün davamlı olaraq inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli üzüm sortlarının yetişdirilməsi ölkəmizdə tingçilik təsərrüfatlarının yaradılmasını şərtləndirir.

Yeni üzüm plantasiyalarının salınması böyük həcmdə uzunmüddətli kapital qoyuluşu tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən 4-5 il ərzində) əkinə xidmət üçün əlavə maliyyə resurslarına ehtiyac yaradır. Odur ki, mövcud və yeni yaradılacaq üzümçülük təsərrüfatlarının uzunmüddətli maliyyə resursları ilə təminatı qarşıda duran ən vacib məsələlərdən biridir.

İstehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü (yığılması, saxlanması, qablaşdırılması, satışı və s.) xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə həmin məhsulların "plantasiya-istehlakçı (şərabçılıq və digər emal müəssisələri, üzümsaxlama anbarları, ticarət-satış şəbəkələri və s.)" sxemi üzrə reallaşdırılması məsələləri həlli vacib olan problemlərdən biridir.

"2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" (bundan sonra - Dövlət Proqramı) qeyd olunan problemlərin həllinə və üzümçülük və şərabçılığın kompleks inkişafına yönəldilmişdir.

 

1.2. Dövlət Proqramının məqsəd və vəzifələri

 

Dövlət Proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

Qeyd olunan məqsədə nail olunması aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

- süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzümlüklərin salınması;

- tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi;

- üzümçülük təsərrüfatları üçün əsas və köməkçi materialların istehsalının dəstəklənməsi;

- üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması;

- üzümçülüyün və şərabçılığın elmi təminatının və kadr potensialının gücləndirilməsi;

- üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi;

- üzüm və şərabçılıq məhsulları emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni belə müəssisələrin yaradılmasının stimullaşdırılması;

- üzüm məhsullarının "plantasiya-istehlakçı" sxemi ilə satışının stimullaşdırılması;

- mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədi ilə anbar şəbəkələrinin və saxlanma kameralarının tikintisinin dəstəklənməsi;

- üzüm və şərabçılıq məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması;

- üzüm və şərabçılıq məhsullarının ixracının stimullaşdırılması;

- üzüm və şərabçılıq məhsulları üzrə daxili bazarın haqsız rəqabətdən qorunması;

- üzüm və şərabçılıq məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi;

- üzüm və şərabçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafının dəstəklənməsi.

 

1.3. Üzümçülüyün və şərabçılığın inkişafının əsas istiqamətləri

 

Azərbaycanda üzümçülük və şərabçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- üzümçülük və şərabçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi;

- institusional tədbirlərin həyata keçirilməsi;

- uzunmüddətli dövr üzrə üzümçülüyün inkişafını təmin edən maliyyələşdirmə mexanizmlərinin yaradılması;

- biotik və abiotik amillərə davamlı, məhsuldar, keyfiyyətli süfrə və texniki üzüm sortlarının müəyyənləşdirilməsi, eləcə də məhsul istehsalının təşkili üzrə kompleks tədbirlərin həyata keçirilməsi;

- şərabçılıq və digər üzüm emalı sahələrinin inkişafının dəstəklənməsi;

- aqrotexniki, aqrokimyəvi, bitki mühafizəsi, irriqasiya və tədarük-satış üzrə infrastrukturun inkişafının dəstəklənməsi.

 

1.4. Dövlət Proqramının maliyyələşmə mənbələri

 

Dövlət Proqramı üzrə tədbirlərin icrasının aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

- dövlət büdcəsi;

- büdcədənkənar fondlar;

- Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu, "Azərbaycan İnvestisiya Şirkəti" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi; [2]

- yerli və xarici özəl birbaşa investisiyalar;

- digər mənbələr.

 

1.5. Dövlət Proqramının icrasından gözlənilən nəticələr

 

Dövlət Proqramının icrasından aşağıdakı nəticələrin əldə edilməsi gözlənilir:

- əhalinin süfrə və quru üzümə, şərabçılıq və digər üzüm emalı məhsullarına, üzüm emalı və şərabçılıq sənayesinin isə xammala olan tələbatının daxili istehsal hesabına ödənilməsinin təmin edilməsi;

- yeni iş yerlərinin yaradılması, kənd əhalisinin gəlirlərinin artımına nail olunması;

- dövlət büdcəsinə və yerli büdcəyə daxilolmaların artırılması;

- kənd yerlərində sosial şəraitin yaxşılaşdırılması;

- üzümçülük və şərabçılıqla bağlı digər sahələrin inkişafının təmin edilməsi.

 


2. Dövlət Proqramının həyata keçirilməsi üzrə

 

TƏDBİRLƏR PLANI [3]

 

Sıra

-si

Tədbirin adı

İcra müddəti

İcraçılar

1

2

3

4

2.1. Üzümçülük və şərabçılığın inkişaf etdirilməsi üzrə institusional tədbirlər

2.1.1.

Üzümçülük və şərabçılıq sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması

2012-2013

Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi

2.1.2.

Üzümçülük və şərabçılıq sahəsində standartların beynəlxalq tələblərə, o cümlədən Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasının sürətləndirilməsi

2012-2013

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2.1.3.

Üzümçülük rayonları (zonaları) üzrə məlumat bankının yaradılması

2012-2013

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, yerli icra hakimiyyəti orqanları

2.1.4.

Azərbaycan Respublikası üzrə ənənəvi üzüm bitkisi genofondunun toplanılması, uçotu, öyrənilməsi, qorunub saxlanılması və səmərəli istifadəsi məqsədi ilə müasir kolleksiya bağının yaradılması

2012-2015

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2.1.5.

Üzüm istehsalı və emalı sahəsində sağlam rəqabət mühitinin yaradılması, daxili bazarın qorunması

2012-2020

İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi

2.1.6.

Üzüm istehsalı və emalı sahəsində klaster yanaşmanın tətbiqi

2012-2016

Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

2.1.7.

Yerli üzüm sortları və şərabçılıq məhsulları reyestrinin yaradılması

2012-2015

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2.1.8.

Səmərəli üzümçülük təsərrüfatlarının formalaşdırılması məqsədi ilə xırda ailə və fermer təsərrüfatlarının könüllülük əsasında birləşməsinin stimullaşdırılması

2012-2016

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

2.1.9.

Üzüm və şərab istehsalçılarının təşkilatlanmasının və sahə birliklərinin yaradılmasının dəstəklənməsi

2012-2015

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi

2.1.10.

Beynəlxalq üzümçülük və şərabçılıq təşkilatları ilə əlaqələrin genişləndirilməsi

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi

2.1.11.

Şərabçılığın ixtisaslaşması istiqamətlərinin müəyyənləşdirilməsi

2012-2013

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2.1.12.

Şərab və şərab məhsulları istehsalına xüsusi icazə (lisenziya) verilməsi prosedurunun sadələşdirilməsinə dair təkliflərin hazırlanması

2012

Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, iqtisadi İnkişaf Nazirliyi

2.1.13.

Üzümçülük və şərabçılıq məhsulları bazarında keyfiyyətə nəzarətin təkmilləşdirilməsi

2012-2013

Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2.2. Üzümçülük və şərabçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi

2.2.1.

Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi, təcrübə təsərrüfatlarının gələcək fəaliyyəti və onların sərəncamında olan torpaq sahələrindən üzümçülük istiqamətində səmərəli istifadə olunması barədə təkliflərin hazırlanması

2012

Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2.2.2.

Üzümçülük və şərabçılıq sahəsində kadrların hazırlanması və əlavə təhsili sisteminin müasir tələblərə uyğunlaşdırılması

2012-2016

Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2.2.3.

Yeni üzüm sortlarının yaradılması, aqrotexniki və aqrokimyəvi tədbirlər, xəstəlik və ziyanvericilərə qarşı mübarizə sahəsində tədqiqatların aparılması və əldə olunmuş nəticələrin tətbiqinə dair təkliflərin hazırlanması

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2.3. Üzümçülük və şərabçılığın infrastruktur təminatının yaxşılaşdırılması

2.3.1.

Üzüm növləri və sortlarının aprobasiyasını, qiymətləndirilməsini və təyin edilməsini təmin edən ampeloqrafik laboratoriyaların yaradılması

2012-2015

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2.3.2.

Üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunluğunun müəyyənləşdirilməsi və sertifikasiyası üçün laboratoriyaların yaradılması

2012-2015

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2.3.3.

Şəhər və rayon mərkəzlərində kənd təsərrüfatı məhsullarını saxlamaq üçün şəraiti olan satış bazarlarının və yarmarkaların yaradılmasının dəstəklənməsi

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2.3.4.

İstehsal olunmuş süfrə üzümünün saxlanılması üçün xüsusi kameraların (anbarların) tikintisinin dəstəklənməsi

2012-2015

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyəti orqanları

2.3.5.

Üzümçülük rayonlarında üzüm sahələrinin su təminatının yaxşılaşdırılması üçün suvarma şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi

2012-2018

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi [4]

2.4. Üzümçülük və şərabçılıq sahəsində dövlət dəstəyi tədbirləri

2.4.1.

Üzüm istehsalı, emalı və şərabçılıq sahəsində innovativ tədbirlərin dəstəklənməsi

2012-2020

Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

2.4.2.

Üzümçülük təsərrüfatları ilə tədarük, emal və şərabçılıq müəssisələri arasında kooperasiyanın dəstəklənməsi

2012-2020

Nazirlər Kabineti, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi

2.4.3.

Yerli şəraitə uyğun, yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və introduksiya olunmuş süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortları barədə istehsalçıların məlumatlandırılması

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2.4.4.

Üzümçülük sahəsində səmərəli əkin strukturunun və istehsal həcminin müəyyənləşdirilməsi, bu sahədə fermerlərə müvafiq tövsiyələrin verilməsi

2012-2015

Kənd Təsərrüfatı Nazirliyi

2.4.5.

Məhsuldar, fillokseraya davamlı və rayonlaşdırılmış üzüm sortlarının tinglərindən istifadənin stimullaşdırılmasına dair təkliflərin hazırlanması

2012

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi

2.4.6.

Mövcud tingçilik müəssisələrinin inkişaf etdirilməsi, yeni belə ixtisaslaşdırılmış təsərrüfatların və calaq üzüm tingi istehsal edən emalatxanaların yaradılmasının dəstəklənməsi

2012-2013

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi inkişaf Nazirliyi

2.4.7.

Üzümçülük təsərrüfatları üçün dəmir-beton və ya digər materiallardan dayaqlar, tara və müxtəlif növ köməkçi materiallar istehsalının dəstəklənməsi

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi

2.4.8.

İstehsal olunmuş üzüm məhsullarının tədarükü, qəbulu, saxlanılması, emalı, satışı və ixracı üzrə müvafiq stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi

2012-2015

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2.4.9.

Üzüm emalı və şərabçılıq müəssisələrinin fəaliyyətinin bərpası, yeni belə emal müəssisələrinin (o cümlədən kişmiş, üzüm şirəsi və digər üzüm məhsullarının istehsalı üzrə) yaradılmasının dəstəklənməsi

2012-2018

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları

2.4.10.

Üzüm istehsalı və emalı zamanı əldə olunan tullantıların təkrar emalının dəstəklənməsi

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2.4.11.

Ekoloji təmiz süfrə üzümü istehsalının dəstəklənməsi

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2.4.12.

Dağ yamaclarında və həyətyanı təsərrüfatlarda üzümçülüyün inkişafının dəstəklənməsi

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2.4.13.

Üzümçülük sahəsində fəaliyyət göstərən fermerlərə müasir aqrotexniki, aqrokimyəvi, bitki mühafizəsi, logistika və sair sahələrdə məsləhət xidmətlərinin təşkili

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

2.4.14.

Üzümçülük təsərrüfatlarına texniki, aqrokimyəvi və digər xidmətlərin göstərilməsi üçün müvafiq tədbirlərin görülməsi

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti [5]

2.4.15.

Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi və digər mənbələr hesabına üzüm istehsalına uzunmüddətli güzəştli kreditlərin verilməsinə dair təkliflərin hazırlanması

2012

İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank

2.4.16.

Üzümçülük və şərabçılıq sahəsində mütərəqqi beynəlxalq sığorta və lizinq xidmətləri təcrübəsinin tətbiqi

2012-2013

Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2.4.17.

Üzüm istehsalçıları, şərabçılıq və digər üzüm emalı sahələri üçün maliyyə stimulları mexanizmlərinin yaradılmasına dair təkliflərin hazırlanması

2012

Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi

2.5. Üzümçülük və şərabçılıqda marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın stimullaşdırılması

2.5.1.

Yerli üzüm və şərabçılıq məhsulları istehsalçılarının beynəlxalq bazarda marketinq fəaliyyətinin dəstəklənməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi

2012-2020

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2.5.2.

Şərabçılıq məhsulları üzrə milli brendlərin yaradılması və müvafiq qaydada qeydiyyatının təmin edilməsi

2012-2015

Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2.5.3.

Yerli üzüm sortları və şərabçılıq məhsulları kataloqunun və internet portalının yaradılması

2012-2015

Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi

2.5.4.

Üzümçülük və şərabçılıq üzrə ölkə və beynəlxalq əhəmiyyətli sərgi, yarmarka, konfrans və digər tədbirlərin keçirilməsi

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

2.5.5.

Üzümçülük və şərabçılıq məhsullarının yerli və dünya bazarı barədə zəruri məlumatları istehsalçılara çatdıracaq informasiya sisteminin yaradılması

2012-2020

Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi [6]

2.5.6.

İstehsal olunmuş üzüm məhsullarının “plantasiya – istehlakçı” sxemi üzrə reallaşdırılmasının təmin edilməsi

2012-2020

Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2.5.7.

Üzüm və şərab məhsullarının ixracının təşviq edilməsi

2012-2020

Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

2.             2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

3.             23 iyul 2015-ci il tarixli 573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 iyul 2015-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 841)

4.             15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251)

5.             16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

6.             7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

7.             27 noyabr 2018-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2287)

8.             12 aprel 2019-cu il tarixli 1112 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2019-cu il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 702)

9.             21 may 2019-cu il tarixli 1188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 909)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 3‑cü hissəsində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 3-cü hissədən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 23 iyul 2015-ci il tarixli 573 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 24 iyul 2015-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 841) ilə 1.4-cü bəndinin dördüncü abzasında “Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi” sözləri “Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri ilə əvəz edilmişdir.

27 noyabr 2018-ci il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2287) ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın 1.4-cü bəndinin dördüncü abzasında “Sahibkarlığa Kömək Milli” sözləri “Sahibkarlığın İnkişafı” sözləri ilə əvəz edilmişdir.

21 may 2019-cu il tarixli 1188 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 909) ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın 1.4-cü bəndinin dördüncü abzasında“Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti” sözləri “Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[3] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 2.1.5-ci, 2.1.6-cı, 2.1.8-ci, 2.1.10-cu, 2.2.2-ci, 2.3.3-cü, 2.3.5-ci, 2.4.1-ci, 2.4.2-ci, 2.4.7-ci, 2.4.9-2.4.13-cü, 2.5.1-ci, 2.5.4-2.5.7-ci yarımbəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat” sözü ilə əvəz edilmişdir.

 

[4] 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, № 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 251) ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın 2.3.5-ci yarımbəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri ilə əvəz edilmişdir.

 

[5] 12 aprel 2019-cu il tarixli 1112 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2019-cu il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 702) ilə “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın 2.4.14-cü yarımbəndinin “İcraçılar” sütunundan “, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılmışdır.

 

[6] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2.5.3-cü və 2.5.5-ci yarımbəndlərin “İcraçılar” sütununda “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın “2. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 2.5.5-ci yarımbəndinin “İcraçılar” sütununa “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status