Aksiz markası ilə markalanmalı olan markalanmamış malların siyahıya alınması və məsul saxlamaya qoyulması Qaydalarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Aksiz markası ilə markalanmalı olan markalanmamış malların siyahıya alınması və məsul saxlamaya qoyulması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə
Bakı şəhəri, 25 dekabr 2000-ci il
№ 228
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2000-ci il 25 dekabr tarixli, 228 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr
Aksiz markası ilə markalanmalı olan markalanmamış malların siyahıya alınması və məsul saxlamaya qoyulması
QAYDALARI
1. Ümumİ müddəalar
Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktlarına uyğun olaraq aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması və məsul saxlamaya qoyulması qaydalarını tənzimləyir.
2. Aksİz markası İlə markalanmalı olan markalanmamış malların sİyahıya alınması qaydaları
2.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması vergi ödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış mallara sahiblik və istifadə etmək və sərəncam vermək hüququna malik olmur.
2.2. Aksiz markaları ilə markalanmalı olan malların həmin markalarla markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satışı və ya saxlanılması aşkar edildikdə (içməli spirtin, mayanın, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) ümumi miqdarı, aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış (içməli spirtin, mayanın, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) miqdarı Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun olan aktla, hüquqi və ya fiziki şəxsin rekvizitləri və onların səlahiyyətli nümayəndəsinin adı və soyadı göstərilməklə rəsmiləşdirilir, akt vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi aktda öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır.
2.3. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış (içməli spirtin, mayanın, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formaya uyğun olan siyahısı tərtib edilir. Siyahıda həmin malların adı, fərqləndirici əlamətləri, mənşə mənbəyi, alış və satış qiymətləri, vergi orqanının adı, siyahıyaalmanı həyata keçirən vəzifəli şəxslərin adı, soyadı və atasının adı, siyahıya almanın həyata keçirildiyi tarix və yer, vergi ödəyicisi və onun nümayəndəsi haqqında məlumat, müşahidəçilər və dövlət olunmuş mütəxəssislər haqqında məlumatlar əks etdirilir.
2.4. Aksiz markaları ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış (içməli spirtin, mayanın, pivənin, spirtli içkilərin bütün növlərinin və tütün məmulatlarının) mənşə mənbəyi, alış və satış qiymətləri ilkin sənədlərlə və ya vəzifəli şəxsdən (vəzifəli şəxs olmadıqda satıcıdan) alınmış izahatla müəyyənləşdirilir.
2.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində göstərilən pozuntulara yol vermiş vəzifəli şəxs (şəxslər) barəsində müvafiq protokol tərtib olunur.
2.6. Tərtib olunmuş aktın, siyahının və protokolun surətləri vəzifəli şəxsə verilir.
2.7. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınmasını həyata keçirən vergi orqanının nümayəndəsi həmin malların siyahıya alınması prosesində vergi ödəyicisinin və ya onun nümayəndəsinin iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.
2.8. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması prosesində vergi orqanının nümayəndəsi vergi ödəyicisinə və ya onun nümayəndəsinə hüquq və vəzifələrini izah edir.
3. Sİyahıya alınmış malların vergİ ödəyİcİsİndə məsul saxlamaya qoyulması qaydaları
3.1. Siyahıya alınmış mallar vergi ödəyicisində məsul saxlamaya qoyulur.
3.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər etibarsız hesab edilir.
3.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, götürmə iki müşahidəçinin iştirakı ilə protokolla rəsmiləşdirilir, mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən götürülür.
3.4. Malların obyektdən götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir:
3.4.1. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
3.4.2. protokolun tərtib edildiyi tarix və yer;
3.4.3. malları götürülən şəxs barəsində məlumat;
3.4.4. protokol tərtibatında iştirak edən müşahidəçilər barəsində məlumat;
3.4.5. götürülən malların siyahısı və miqdarı barədə məlumat;.
3.5. Malların götürülməsi haqqında protokol vergi orqanının nümayəndələrinin, habelə obyektin məsul şəxsinin və müşahidəçilərin imzaları ilə təsdiqlənir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə bu barədə həmin protokolda müvafiq qeyd aparılır.
3.6. Götürülən mallar inzibati xəta haqqında işə baxılanadək, vergi orqanının müəyyən etdiyi yerdə digər vergi ödəyicisinə və ya vəzifəli şəxsə məsul saxlamaya üçün təhvil verilir.
3.7. Bütün hallarda siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar olunmalıdır.
3.8. Tərtib olunmuş aktlara və protokollara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq baxılır.