×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
15.02.2012
QEYDİYYAT NÖMRƏSİ
37
ADI
“Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2012, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 181)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
15.02.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
350.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201202150037
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.02.2012
“Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında

“Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci və 16-cı maddələrinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Bakı şəhəri, 15 fevral 2012-ci il

      № 37

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 15 fevral tarixli 37 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi

 

QAYDALAR

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Fövqəladə vəziyyət haqqında”, “Poçt haqqında”, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 231 nömrəli Fərmanına əsasən hazırlanmışdır və fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə şəbəkələrinin və vasitələrinin ilk növbədə səlahiyyətli dövlət orqanlarının istifadəsinə verilməsi, rabitə şəbəkələrinin mərkəzləşdirilmiş qaydada idarə olunması, abunəçilərə və istifadəçilərə rabitə xidmətlərinin göstərilməsi istiqamətlərini müəyyən edir.

1.2. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvəqqəti məhdudiyyətlərin həyata keçirilməsi nəzərdə tutulduqda, bu Qaydalarla müəyyən edilmiş rabitədən istifadə üçün xüsusi tələblərə riayət olunmalıdır.

1.3. Bu Qaydalar fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə mülkiyyət formasından asılı olmayaraq, bütün telekommunikasiya və poçt rabitəsi operatorlarının fəaliyyətini tənzimləyir.

1.4. Fövqəladə vəziyyət şəraitində mülkiyyət formasından asılı olmayaraq bütün rabitə operatorlarının və müəssisələrinin hüquqlarının və qanuni mənafelərinin, rabitə xidmətlərindən istifadə edən abunəçilərin və istifadəçilərin hüquqlarının məhdudlaşdırılmasını nəzərdə tutan və tətbiq edilən tədbirlər Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu tədbirlər ayrı-ayrı şəxslərin və əhalinin ayrı-ayrı qruplarının ayrı-seçkiliyinə səbəb olmamalıdır.

1.5. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fövqəladə vəziyyət şəraitində qarşılıqlı əlaqədə olan ümumistifadəli rabitə şəbəkələrinin dayanıqlı işinin və səlahiyyətli dövlət orqanlarının rabitə xidmətlərinə yarana bilən ehtiyaclarının ödənilməsi üçün fövqəladə vəziyyət şəraitinə qədər aşağıdakıları təmin edirlər: [1]

1.5.1. material ehtiyatlarının (xüsusi səyyar telekommunikasiya vasitələri, qurğuları, sonlama avadanlıqları, nəqliyyat vasitələri və digər zəruri texnika) yaradılmasını;

1.5.2. istismar müddəti başa çatmış rabitə avadanlığı və vasitələrinin vaxtaşırı yeniləri ilə əvəz edilməsini;

1.5.3. material ehtiyatlarının saxlanılması üçün yerlərin (anbar və bu kimi digər saxlanc yerlərinin (o cümlədən ümumistifadəli telekommunikasiya operatorlarında) müəyyən edilməsini;

1.5.4. material ehtiyatlarının saxlanıldığı yerlərdən zəruri avadanlıq və digər texnikanın aidiyyəti üzrə buraxılması barədə sərəncam verilməsini.

1.6. Ümumistifadəli telekommunikasiya operatoru onun ərazisində yerləşdirilmiş material ehtiyatlarının etibarlı mühafizəsini təmin etməlidir.

 

2. Fövqəladə vəziyyət şəraitində rabitə müəssisələrində iş rejimi və rabitə şəbəkələrinin idarə olunması

 

2.1. Fövqəladə vəziyyət şəraitində ümumistifadəli telekommunikasiya şəbəkələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur.

2.2. Fövqəladə vəziyyət şəraitində digər ümumistifadəli rabitə şəbəkələri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olan şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları, habelə xüsusi rabitə şəbəkəsi olan digər subyektlər ilə əlaqəli şəkildə idarə olunur.

2.3. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yerləşən ümumistifadəli telekommunikasiya şəbəkələrində (o cümlədən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya yayımı və Peyk rabitəsi” İstehsalat Birliyinin yayım obyektlərində) və poçt rabitəsinin milli operatorunun (“Azərpoçt” MMC-nin) poçt rabitəsi obyektlərində fövqəladə iş rejimi tətbiq olunur, rabitə birlik və müəssisələri tərəfindən rəhbər və mütəxəssis heyətindən ibarət növbətçi dispetçer xidməti, onun nəzdində təmir-bərpa qrupları təşkil olunur.

2.4. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yerləşən poçt rabitəsinin milli operatorunun obyektlərində növbətçi qruplar yaradılır.

2.5. Fövqəladə vəziyyət şəraitində telekommunikasiya operatorları və provayderləri ilk növbədə dövlət hakimiyyəti, o cümlədən müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat və daxili işlər orqanlarının, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılmasını, etibarlılığını təmin etməli, zədələnmiş telekommunikasiya kanallarının dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlər görməli, həmin orqanların telekommunikasiya xidmətlərinə tələbatının ödənilməsinə zəruri şərait yaratmalıdırlar. [2]

2.6. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru tərəfindən aidiyyəti üzrə etibarlı rabitənin təmin edilməsi üçün görülən zəruri işlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

2.7. Fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrinin dayanıqlı işləməsinin təmin edilməsi, müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər dövlət orqanlarının (o cümlədən fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantı) ehtiyaclarının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən telekommunikasiya operatorlarının şəbəkələri arasında qarşılıqlı arabağlantının və səlahiyyətli dövlət orqanları ilə razılaşdırılmaqla trafikin istiqamətləndirilməsinin xüsusi şərtləri müəyyən edilir.

2.8. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələrinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmasına Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən məhdudiyyət qoyula bilər.

2.9. Rabitə müəssisələri və poçt rabitəsinin milli operatoru öz funksiyalarını bu Qaydalara uyğun yerinə yetirmədikdə, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə belə rabitə müəssisələrinin ümumistifadəli telekommunikasiya şəbəkələri və poçt rabitəsinin milli operatorunun obyektləri üzərində birbaşa idarəetmə müvəqqəti olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən (tabeliyindəki qurumlar vasitəsilə) həyata keçirilə bilər.

 

3. Fövqəladə vəziyyət şəraitində rabitə şəbəkələrinin və vasitələrinin birinci növbədə səlahiyyətli dövlət orqanlarının istifadəsinə verilməsi

 

3.1. Fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə qanunvericiliyə uyğun olaraq digər səlahiyyətli dövlət orqanları təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, zəruri rabitə şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər.

3.2. Fövqəladə vəziyyət şəraitində zəruri rabitə şəbəkələrinin fəaliyyəti Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, habelə qanunvericiliyə uyğun olaraq digər səlahiyyətli dövlət orqanları tərəfindən müvəqqəti məhdudlaşdırıla və dayandırıla bilər.

3.3. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sərəncamı ilə ümumistifadəli telekommunikasiya xidmətləri göstərən rabitə müəssisələri tərəfindən ilk növbədə müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər orqanlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər dövlət orqanlarının (o cümlədən fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantının) istifadəsinə aşağıdakılar verilir:

3.3.1. rabitə xətləri, ayrılmış rabitə kanalları, o cümlədən sellülar, simsiz və texniki cəhətdən ayrılması mümkün olan digər telekommunikasiya kanalları;

3.3.2. telefon rabitə şəbəkəsində abunə (nömrə) tutumu;

3.3.3. sellülar, simsiz, peycinq, radiotrank və digər telekommunikasiya şəbəkələrində abunə (nömrə) tutumu;

3.3.4. internetə, teleqraf şəbəkəsinə qoşulma;

3.3.5. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə istifadə olunan radiorabitə kanalları;

3.3.6. bu Qaydaların 3.3.2-3.3.3-cü yarımbəndlərində göstərilmiş ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmuş sonuncu avadanlıq və qurğular (aidiyyəti rabitə müəssisələri ilə abunə müqaviləsi bağlamaq şərtilə);

3.3.7. rabitə müəssisələrinə ayrılmış nömrə resursları (ilk növbədə abunəçilərin istifadəsinə verilməmiş (boş) nömrə resursları, zərurət olduqda isə, ilk növbəli abunəçilər istisna olmaqla, digər abunəçilərin istifadəsində olan nömrə resursları);

3.3.8. digər rabitə vasitələri və qurğuları.

3.4. Fövqəladə vəziyyət şəraitində hüquqi rejimi təmin etmək vəzifələrini yerinə yetirən Azərbaycan Respublikasının Daxili Qoşunlarına və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə öz hərbi hissələrini, bölmələrini və qurumlarını idarə etmək üçün qanunvericiliyə əsasən rabitə xətləri və kanalları ilk növbədə və haqqı ödənilmədən istifadəyə verilir.

3.5. Fövqəladə vəziyyət şəraitində vəzifələri icra edərkən Azərbaycan Respublikasının Daxili Qoşunlarına, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, idarələrə və təşkilatlara (diplomatik immuniteti olanlardan başqa), ictimai birliklərə məxsus rabitə vasitələrindən xidməti məqsədlər üçün istifadə etmək hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada verilə bilər.

3.6. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə rabitə müəssisələri tərəfindən müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, daxili işlər orqanlarına, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və digər dövlət orqanlarına (o cümlədən fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi ərazinin komendantına), fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən dövlət hakimiyyəti orqanları tərəfindən təqdim edilmiş siyahı üzrə abunəçilərə rabitə xidmətlərinin göstərilməsinin həmin orqanların və ya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin razılığı olmadan dayandırılmasına yol verilmir. [3]

3.7. Qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə bu Qaydaların 3.3-cü bəndində göstərilmiş dövlət orqanlarının ehtiyaclarını təmin etmək məqsədi ilə rabitə şəbəkələrinin və vasitələrinin fəaliyyətinin (o cümlədən abunəçilərə, ilk növbəli abunəçilər istisna olmaqla, telekommunikasiya xidmətlərinin göstərilməsinin) müvəqqəti məhdudlaşdırılmasına və ya dayandırılmasına aşağıdakı hallarda yol verilir:

3.7.1. ümumistifadəli telekommunikasiya şəbəkələri və kanallarında (xətlərində) boş tutum olmadıqda;

3.7.2. ümumistifadəli telekommunikasiya şəbəkələrinin təhlükəli dərəcədə artıq yüklənməsinin qarşısının alınması tələb olunduqda;

3.7.3. fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə istifadə olunan radioelektron vasitələrinin elektromaqnit uzlaşmasının təmin edilməsi tələb olunduqda.

3.8. Telekommunikasiya şəbəkələrinin və vasitələrinin ilk növbədə aidiyyəti dövlət orqanlarının istifadəsinə verilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması barədə qərar fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə rabitə şəbəkələrinin və vasitələrinin mövcud vəziyyətinin təhlili əsasında bu Qaydaların 3.2-ci bəndində göstərilmiş səlahiyyətli dövlət orqanları tərəfindən qəbul edilir. Qəbul edilmiş qərarda telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin (o cümlədən abunəçilərə, ilk növbəli abunəçilər istisna olmaqla, telekommunikasiya xidmətlərinin göstərilməsinin) məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti göstərilir.

3.9. Telekommunikasiya şəbəkələrinin və vasitələrinin fəaliyyətinin (o cümlədən abunəçilərə, ilk növbəli abunəçilər istisna olmaqla, telekommunikasiya xidmətlərinin göstərilməsinin) məhdudlaşdırılmasının və ya dayandırılmasının müddəti fövqəladə vəziyyətin qüvvədə olma müddətindən artıq ola bilməz.

3.10. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının dövlət hakimiyyəti, o cümlədən müdafiə, milli təhlükəsizlik, fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və hüquq mühafizə orqanlarının ehtiyacları üçün ayrılan kanallara və göstərilən rabitə xidmətlərinə görə qabaqcadan ödənişin tələb olunmasına yol verilmir.

 

4. Abunəçilərlə rabitə xidmətləri üzrə münasibətlərin xüsusiyyətləri

 

4.1. Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyini əvvəlcədən məlumatlandırmaqla, bu Qaydaların 3.7.1-3.7.3-cü yarımbəndlərində göstərilmiş hallarda (abunəçinin və istifadəçinin razılığı olmadan) telefon xidmətləri göstərən rabitə müəssisələrinin abunəçilər üçün müəssisə və mənzillərdə qoyulmuş telefonlarının xətdən müvəqqəti açılmasına qərar vermək, internet provayderlərinin internet xidmətlərinin göstərilməsini dayandırmaq səlahiyyətləri vardır.

4.2. Fövqəladə vəziyyət şəraitində rabitə xidmətlərindən ilk növbədə istifadəyə şərait yaradılması üçün Xüsusi kartoteka abunəçilərinin siyahısı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ildə iki dəfədən az olmayaraq, səlahiyyətli dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında tərtib edilərək icra üçün aidiyyəti rabitə müəssisələrinə və poçt rabitəsinin milli operatoruna göndərilir.

4.3. Abunəçiyə telefon rabitə xidmətinin göstərilməsi (abunəçi üçün qoyulmuş telefon xəttindən açılmadan) məhdudlaşdırıldığı halda, onun telefon vasitəsilə ixtisaslaşdırılmış təcili yardım xidmətləri (yanğından mühafizə, polis, təcili tibbi yardım, fövqəladə hallar, qaz və elektrik qəza xidmətləri və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) ilə əlaqəsi mümkün həddədək təmin edilir.

4.4. Abunəçilər və istifadəçilər (diplomatik immuniteti olanlardan başqa) fövqəladə vəziyyətdə polis, təcili tibbi yardım və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanları işçilərinin telefondan maneəsiz istifadə etmələrinə şərait yaratmalıdırlar.

4.5. Fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin nəticələrinin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi əhali və ərazilərin fövqəladə hal və fövqəladə vəziyyət barədə xəbərdar edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dövlət orqanlarını bu fəaliyyəti həyata keçirmək məqsədi ilə ehtiyac yarandıqda, əlavə resurslarla təmin edir.

 

5. Fövqəladə vəziyyət şəraitində poçt rabitəsinin xüsusiyyətləri

 

5.1. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən poçt operatorlarının fəaliyyəti mərkəzləşdirilmiş şəkildə koordinasiya edilərək əhalinin poçt xidmətlərinə olan ehtiyaclarının ödənilməsi təmin edilir, zərurət yarandıqda, xaricdən daxil olan humanitar yardımların poçt vasitəsilə daşınması təşkil edilir.

5.2. Fövqəladə vəziyyət şəraitində polis, təcili tibbi yardım və fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasını həyata keçirən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və digər dövlət orqanlarının telekommunikasiyadan istifadə imkanları məhdudlaşdığı halda, onlara Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sərəncamı ilə poçt rabitəsinin milli operatoru tərəfindən kuryer xidmətlərindən istifadə imkanları yaradılır. [4]

 

6. Məsuliyyət

 

6.1. Bu Qaydaların tələblərinin pozulması hallarında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət tədbirləri tətbiq edilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747)

2.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

3.       21 yanvar 2019-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 163)

4.       15 iyul 2019-cu il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1333)

5.       4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 yanvar 2019-cu il tarixli 19 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 yanvar 2019-cu il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 163) ilə “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 1.5-ci, 2.1-2.3-cü, 2.6-2.9-cu, 3.1-3.3-cü, 3.6-cı, 4.1-ci, 4.2-ci, 4.5-ci, 5.1-ci və 5.2-ci bəndlərində “Rabitə və Yüksək Texnologiyalar” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

4 aprel 2022-ci il tarixli 136 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 aprel 2022-ci il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 386) ilə “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 1.5-ci, 2.1-2.3-cü, 2.6-2.9-cu, 3.1-3.3-cü, 3.6-cı, 4.1-ci, 4.2-ci, 4.5-ci, 5.1-ci və 5.2-ci bəndlərində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

 

[2] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 2.5-ci, 2.7-ci, 3.3-cü və 3.6-cı bəndlərində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilmişdir.

 

[3] 15 iyul 2019-cu il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, № 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1333) ilə “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 3.6-cı bəndində “abonentlərə” sözü “abunəçilərə” sözü ilə əvəz edilmişdir.

 

[4] 13 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 747) ilə “Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar”ın 2.5-ci, 2.7-ci, 3.3-cü və 3.6-cı bəndlərində “milli təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici kəşfiyyat,” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status