![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
17.02.2012 |
Qeydiyyat nömrəsi |
02 |
Adı |
“Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
29.02.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
010.180.030 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201202170002 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
28.02.2012 |
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 20.2-ci maddəsini, "Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:
1. “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydaları təsdiq edilsin (əlavə olunur). [i]
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (A.Əhmədov) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.
4. Aparatın rəhbərinə (B.Əzizov) tapşırılsın ki, QKDK-nın aparatının və Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını, habelə təsdiq edilmiş Qaydalar barədə məlumatın ictimaiyyətə açıqlanmasını təmin etsin.
5. QKDK sədrinin 31 iyul 2006-cı il tarixli 144 nömrəli Əmri ilə təsdiq edilmiş “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydaları ləğv edilsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
Sədr R.Aslanlı
|
|
Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə uyğun olaraq hazırlanmışdır və stimullaşdırıcı lotereyaların (bundan sonra - lotereya) təşkili, keçirilməsi, məlumatların açıqlanması və hesabatların təqdim edilməsinə dair qaydaları tənzimləyir.
2. Lotereyanın şərtləri
2.1. Lotereya və lotereya üzrə uduşların verilməsi (ödənilməsi) lotereyanın şərtləri ilə müəyyən edilmiş qaydada və müddətdə həyata keçirilməlidir.
2.2. Lotereyanın şərtlərində aşağıdakılar göstərilməlidir:
2.2.1. lotereya təşkilatçısının adı, ona verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer və əlaqə telefonları;
2.2.2. lotereyanın adı, keçirilmə forması, keçirildiyi ərazi, o cümlədən "stimullaşdırıcı lotereya" sözləri;
2.2.3. lotereyanın keçirilmə müddəti, lotereyada iştirak hüququnun və biletlərin əldə edilməsi yerləri və qaydası;
2.2.4. lotereyada iştirak hüququnun təsbit olunması forması (lotereya bileti və ya ona bərabər tutulan digər məlumat daşıyıcısı ilə) və onun əlamətlərinin təsviri;
2.2.5. satışı lotereya ilə stimullaşdırılan malın satışı (işin görülməsi, xidmətin göstərilməsi) üçün xüsusi razılıq (lisenziya) tələb olunduqda, müvafiq fəaliyyət növünün adı, onun həyata keçirilməsinə verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi, qüvvədə olma müddəti və onu verən orqanın adı;
2.2.6. lotereyanın (hər tirajın) uduş fonduna daxil olan hər bir uduşun adı və miqdarı, yaxud yalnız pul vəsaitlərindən ibarət olan uduş fondunun uduşlara bölgüsü aparılmadan ümumi məbləği və oynanılması qaydaları;
2.2.7. tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılması tarixi;
2.2.8. uduşlu lotereya biletlərinin və ya lotereya üzrə uduş fondunun “Lotereyalar haqqında ”Azərbaycan Respublikasının Qanununun 7.4-cü maddəsinə müvafiq olaraq lotereya biletlərinə bərabər tutulan digər məlumat daşıyıcıları əsasında oynanılması və uduşu nəzərdə tutulduğu halda bu məlumat daşıyıcılarının lotereya təşkilatçısı tərəfindən qəbulu, habelə uduşların verilməsi (ödənilməsi) qaydası və müddəti;[ii]
2.2.9. stimullaşdırıcı lotereyalar lotereya biletləri ilə müşayiət olunmadıqda, uduşların verilməsi (ödənilməsi) haqqında lotereya iştirakçılarının məlumatlandırılması qaydası;
2.2.10. lotereyanı keçirmək hüququnu əldə etdikdə, lotereya başlamazdan əvvəl onun şərtlərinin elan olunacağı kütləvi informasiya vasitəsinin adı.
2.3. Lotereyanın şərtləri sənəd formasında təqdim edildikdə, lotereya təşkilatçısının rəhbəri tərəfindən imzalanmalı və möhürü ilə təsdiq edilməli, elektron formada təqdim edildikdə isə gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.
3. Lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) hazırlanmasına və rekvizitlərinə dair tələblər
3.1. Tirajlı lotereyanın lotereya biletlərində aşağıdakı rekvizitlər göstərilməlidir:
3.1.1. lotereya təşkilatçısının adı və olduğu yer;
3.1.2. lotereyanın adı və keçirilmə forması, o cümlədən "stimullaşdırıcı lotereya" sözləri;
3.1.3. lotereya biletinin sıra nömrəsi və seriyası (olduqda);
3.1.4. tirajın uduş fondunun oynanılması tarixi (lotereya bileti ilə bir neçə tirajın uduş fondlarının oynanılmasında iştirak hüququnun təsbit olunduğu hallar istisna olmaqla);
3.1.5. lotereya iki və daha artıq sayda tirajdan ibarət olduqda, lotereya biletinin istifadə edildiyi tirajın sıra nömrəsi (lotereya bileti ilə bir neçə tirajın uduş fondlarının oynanılmasında iştirak hüququnun təsbit olunduğu hallar istisna olmaqla);
3.1.6. uduşlu lotereya biletlərinin lotereyanın təşkilatçısı tərəfindən qəbulu, habelə uduşların verilməsi (ödənilməsi) qaydası və müddəti;
3.1.7. lotereya biletlərini hazırlamış təşkilatın adı, ona verilmiş bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi.
3.2. Ani lotereyanın lotereya biletlərində aşağıdakı rekvizitlər göstərilməlidir:
3.2.1. lotereya təşkilatçısının adı və olduğu yer;
3.2.2. lotereyanın adı və keçirilmə forması, o cümlədən "stimullaşdırıcı lotereya" sözləri;
3.2.3. lotereya biletinin sıra nömrəsi və seriyası (olduqda);
3.2.4. uduş fondunun oynanılması qaydası;
3.2.5. uduşlu lotereya biletlərinin lotereyanın təşkilatçısı tərəfindən qəbulu, habelə uduşların verilməsi (ödənilməsi) qaydası və müddəti;
3.2.6. lotereya biletini hazırlamış təşkilatın adı, ona verilmiş bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi.
3.3. Lotereya biletlərində göstərilən məlumatlar həmin lotereyanın şərtlərində göstərilən məlumatlara uyğun olmalıdır.
3.4. Lotereya biletləri (onlara bərabər tutulan digər məlumat daşıyıcıları) onların istifadə edildiyi lotereyanın (tirajın) eyniləşdirilməsi, həmçinin onların uduşlu olub-olmamasının müəyyən edilməsi üçün kifayət qədər əlamətlərə malik olmalıdırlar.
3.5. Lotereya biletləri bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığa (lisenziyaya) malik olan müəssisələr tərəfindən hazırlanmalıdır.
4. Lotereyanın keçirilməsi barədə məlumatın bildirilməsi
4.1. Lotereyanın təşkilatçısı lotereyanın başlanmasına azı 20 (iyirmi) iş günü qalmış Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra - QKDK) aşağıdakıları təqdim etməlidir:
4.1.1. lotereyanı keçirmək niyyətində olduğu barədə bildirişi (Əlavə № 1);
4.1.2. lotereyalar haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş lotereyanın şərtlərini;
4.1.3. lotereyada istifadə olunacaq lotereya biletinin (məlumat daşıyıcısının) nümunəsini;
4.1.4. lotereya təşkilatçısının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətini;
4.1.5. lotereya təşkilatçısının vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surətini;
4.1.6. stimullaşdırıcı lotereya tapşırıq müqaviləsinə əsasən keçirildiyi halda həmin müqavilənin lotereyanın keçirilməsini tapşıran şəxs tərəfindən təsdiq edilmiş surəti.
4.2. QKDK bu Qaydaların 4.1-ci bəndində göstərilən sənədlərə təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq baxır, zərurət yarandıqda, lotereyanın şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə təqdim olunmuş sənədlərdə nöqsan aşkar edildikdə, onların aradan qaldırılmasını lotereyanın təşkilatçısından tələb edir və ya aşağıdakı əsaslarla lotereyanın keçirilməsini qadağan edir: [iii]
4.2.1. bu Qaydaların 4.1-ci bəndində göstərilən sənədlər QKDK-ya tam şəkildə təqdim edilmədikdə;
4.2.2. təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyin tələblərinə cavab verməyən və ya natamam, qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar daxil edildikdə;
4.2.3. lotereyanın təşkilatçısı, onun tərəfindən keçirilən lotereyanın dayandırıldığı zaman yeni lotereyanın keçirilməsi ilə bağlı QKDK-ya müraciət etdikdə;
4.2.4. lotereya təşkilatçısının keçirdiyi lotereyaya məhkəmə tərəfindən xitam verildiyi tarixdən 6 (altı) aydan az vaxt keçdikdə.
4.3. Təqdim olunmuş sənədlərə QKDK-da baxılan zaman lotereyanın təşkilatçısı tərəfindən onlara əlavələr və (və ya) dəyişikliklər edildikdə, bu Qaydaların 4.2-ci bəndində göstərilən müddətin axımı həmin əlavələrin və (və ya) dəyişikliklərin QKDK-ya təqdim edildiyi tarixdən başlanır.
4.4. Bu Qaydaların 4.2-ci bəndində göstərilən müddət ərzində stimullaşdırıcı lotereyanın keçirilməsi qadağan olunmadıqda lotereya təşkilatçısı lotereyanı keçirmək hüququnu əldə edir.
4.5. Lotereya təşkilatçısı ani lotereyada lotereya biletlərinin yayıma başlamasına, tirajlı lotereyada isə tirajının uduş fondunun oynanılmasına ən azı 1 (bir) iş günü qalmış uduş fondunun tərkibinin formalaşdırılmasını təsdiq edən sənədlərin nüsxələrini QKDK-ya təqdim etməlidir.
4.6. Lotereyanın təşkilatçısı lotereyanın keçirilməsinin qadağan edilməsindən məhkəmə qaydasında şikayət edir.
4.7. Keçirilməsi qadağan olunmuş, habelə keçirilməsinə hüquq əldə olunmamış lotereyaların keçirilməsinə və reklamına yol verilmir.
4.8 Lotereyanın təşkilatçısı lotereyanı keçirmək hüququnu əldə etdikdə, lotereya başlamazdan əvvəl onun şərtlərini kütləvi informasiya vasitəsi ilə elan etməlidir.
4.9. Lotereyanın təşkilatçısı satışı lotereya ilə stimullaşdırılan malı (işi, xidməti) əldə etmək, habelə lotereyada iştirak etmək barədə təkliflərdə, o cümlədən uduş əldə etmək imkanının ifadə olunduğu təkliflərdə lotereya şərtlərinin və ya onlarla tanış olmaq üçün mümkün olan yerlərin göstərilməsini, yaxud bu barədə məlumatı əldə etmək üçün istinadın verilməsini təmin etməlidir.
5. Lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsi
5.1. Lotereyanın təşkilatçısı lotereyanı keçirmək hüququnu əldə etdikdən sonra lotereyanın şərtlərinə əlavələri və (və ya) dəyişiklikləri yalnız QKDK-nın icazəsi ilə edir.
5.2. Lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazə almaq üçün lotereyanın təşkilatçısı QKDK-ya aşağıdakıları təqdim etməlidir:
5.2.1. lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazənin alınması üçün ərizəni (Ərizədə lotereya təşkilatçısının adı, lotereyanın adı və keçirilmə forması göstərilməlidir);
5.2.2. lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin mətnini.
5.3. Lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin mətni lotereya təşkilatçısının rəhbəri tərəfindən imzalanmalı və möhürü ilə təsdiq edilməlidir.
5.4. Bu Qaydaların 5.2-ci bəndində göstərilən sənədlər QKDK-ya təqdim edildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq QKDK lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina haqqında qərar qəbul edib, bu barədə lotereyanın təşkilatçısına məlumat təqdim etməlidir.
5.5. QKDK lotereyanın şərtlərinə əlavələrin və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
5.5.1. bu Qaydaların 5.2-ci bəndində göstərilən sənədlər QKDK-ya tam şəkildə təqdim edilmədikdə;
5.5.2. QKDK-ya təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyə zidd olan, o cümlədən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasını dəyişən, yayılmış lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) iştirak etdiyi tirajın uduş fondunun tərkibini dəyişən (uduşların artırılması halları istisna olmaqla), ani lotereyanın uduş fondunun tərkibini dəyişən, yayılmış lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) iştirak etdiyi tirajın və ya ani lotereyanın uduş fondunun həcmini azaldan əlavələr və (və ya) dəyişikliklər, habelə natamam və ya qeyri-dürüst müddəalar daxil edildikdə.
5.6. Lotereyanın şərtlərinə əlavələr və (və ya) dəyişikliklər lotereyanın (tirajın) uduş fondunun oynanılmasına azı 10 (on) iş günü qalana qədər edilə bilər.
5.7. Lotereyanın təşkilatçısı lotereyanın şərtlərinə edilmiş əlavələri və (və ya) dəyişiklikləri lotereyanın (tirajın) uduş fondunun oynanılmasına azı 7 (yeddi) iş günü qalmış kütləvi informasiya vasitəsi ilə elan etməlidir.
6. Tiraj komissiyası
6.1. Tirajlı lotereyada tiraj komissiyasının tərkibi və onun təşkili məsələləri, eləcə də, tiraj komissiyasına dair məlumatların QKDK-ya təqdim edilməsi müddəti lotereyalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyənləşdirilir və həyata keçirilir.
6.2. Lotereyanın təşkilatçısı tirajlı lotereyanın tiraj komissiyasının üzvləri haqqında aşağıdakı məlumatı QKDK-ya təqdim etməlidir:
6.2.1 lotereya təşkilatçısının adı;
6.2.2 lotereyanın adı və keçirilmə forması;
6.2.3 tirajın nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və uduş fondunun oynanılması tarixi;
6.2.4 tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və işlədiyi yer.
6.3. Tiraj komissiyası qanunvericiliyin tələbləri pozulmaqla yaradıldıqda, lotereyalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülür.
6.4. Uduş fondunun oynanılmasının nəticələri haqqında aktda aşağıdakılar göstərilməlidir:
6.4.1 lotereya təşkilatçısının adı;
6.4.2. lotereyanın adı və keçirilmə forması;
6.4.3 tirajın sıra nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi;
6.4.4. uduş fondunun oynanılmasının nəticələrinə görə uduşlu lotereya biletlərinin nömrələri və seriyaları (olduqda), yaxud uduşlu lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) və ya onların sahiblərini eyniləşdirmək imkanını verən göstəricilər, habelə onların hər birinə düşən uduşlar;
6.4.5. tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və imzası.
6.5. Tiraj komissiyasının üzvləri haqqında məlumat sənəd formasında təqdim edildikdə, lotereya təşkilatçısının rəhbəri tərəfindən imzalanmalı və möhürü ilə təsdiq edilməli, elektron formada təqdim edildikdə isə gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.
6.6. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması aşkar edildikdə lotereyalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülür.
6.7. Tiraj komissiyası aşkar olunmuş pozuntular barədə uduş fondunun oynanılması tarixindən etibarən 3 (üç) iş günündən gec olmayaraq QKDK-ya və lotereyanın təşkilatçısına məlumat verməlidir.
7. Lotereyanın uduş fondunun oynanılmasına, uduşların verilməsinə (ödənilməsinə) və məlumatların açıqlanmasına dair tələblər
7.1. Lotereyanın (tirajın) uduş fondu lotereyanın (tirajın) uduş fondunun oynanılması başlayanadək, lotereya təşkilatçısının hesabına formalaşdırılır.
7.2. Lotereyanın uduş fondu yalnız lotereya təşkilatçısının lotereyanın iştirakçıları qarşısında daşıdığı öhdəliklərin yerinə yetirilməsi məqsədi ilə istifadə olunmalıdır.
7.3. Tirajlı lotereyanın uduş fondu aid olduğu tirajda tam həcmdə oynanılmalıdır.
7.4. Tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılmasının nəticələri həmin lotereyanın (tirajın) uduş fondu oynanıldığı tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq açıqlanmalıdır.
7.5. Tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılmasının nəticələrinin açıqlanması həmin tiraj üzrə uduşlu lotereya biletlərinin nömrələrinin və seriyalarının (olduqda), yaxud uduşlu lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) və ya onların sahiblərini eyniləşdirmək imkanı verən göstəricilərin, habelə onların hər birinə düşən uduşların kütləvi informasiya vasitəsilə elan edilməsi yolu ilə həyata keçirilir.
7.6. Lotereyanın təşkilatçısı uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) lotereyanın şərtlərində göstərilmiş qaydada və müddətdə lotereya iştirakçılarının ilk tələbi ilə qəbul etməlidir.
7.7. Tirajlı lotereyada uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) lotereyanın təşkilatçısı tərəfindən qəbulu müddəti həmin lotereyanın (tirajın) uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və sahibi tərəfindən istifadə müddəti məhdud olan uduşun təyinatı üzrə istifadəsini təmin etmək üçün daha qısa müddətin tətbiqi zərurəti olmadıqda, 90 (doxsan) iş günündən az olmamalıdır.
7.8. Ani lotereyada uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) lotereyanın təşkilatçısı tərəfindən qəbulu müddəti onların yayımı başlandığı tarixdən başlamalı və sahibi tərəfindən istifadə müddəti məhdud olan uduşun təyinatı üzrə istifadəsini təmin etmək üçün daha qısa müddətin tətbiqi zərurəti olmadıqda, lotereya başa çatdığı tarixdən etibarən 90 (doxsan) iş günündən az olmamalıdır.
7.9. Uduş, lotereyanın təşkilatçısı tərəfindən uduşlu lotereya bileti (ona bərabər tutulan digər məlumat daşıyıcısı) qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq sahibinə verilməlidir (ödənilməlidir).
7.10. Lotereyanın şərtlərinə görə uduşların verilməsi (ödənilməsi) üçün lotereya biletlərinə bərabər tutulan digər məlumat daşıyıcılarının lotereyanın təşkilatçısına təqdim edilməsi tələb olunmursa, uduş, onun verilməsi (ödənilməsi) barədə lotereya iştirakçısının tələbi irəli sürüldüyü tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidir).
7.11. Lotereyanın şərtlərinə görə uduşların verilməsi (ödənilməsi) üçün lotereya biletlərinə bərabər tutulan digər məlumat daşıyıcılarının lotereyanın təşkilatçısına təqdim edilməsi və ya uduşun verilməsi (ödənilməsi) barədə tələbin lotereyanın iştirakçısı tərəfindən irəli sürülməsi tələb olunmursa, uduş, uduş fondu oynanıldığı (ani lotereyada - uduşun müəyyən edildiyi) tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidir).
7.12. Tirajlı lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, lotereyanın təşkilatçısı lotereya iştirakçısının yazılı tələbi ilə qeyri-pul uduşunun dəyərinin pul ekvivalentini ona ödəməlidir.
7.13. Uduşu ödənilmiş lotereya biletləri lotereyanın təşkilatçısı tərəfindən 3 (üç) il ərzində saxlanmalıdır.
7.14. Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldıqda, lotereyanın təşkilatçısı QKDK tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırmalıdır.
7.15. Lotereyanın təşkilatçısı ani lotereyanın başa çatması barədə məlumatı həmin lotereya başa çatdığı tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq kütləvi informasiya vasitəsilə elan etməlidir.
8. Lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi
8.1. Lotereyalar haqqında qanunvericiliyin tələblərinin və ya lotereyanın şərtlərinin lotereyanın təşkilatçısı tərəfindən pozulması aşkar edildikdə, QKDK həmin pozuntuların aradan qaldırılması üçün lotereyanın təşkilatçısına xəbərdarlıq və ya lotereyanın dayandırılması barədə qərar qəbul etməlidir.
8.2. Lotereyanın təşkilatçısı xəbərdarlıq və ya lotereyanın dayandırılması barədə bildirişi aldıqdan etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırıb, bu barədə QKDK-ya məlumat verməlidir.
8.3. QKDK pozuntuların aradan qaldırılması barədə lotereyanın təşkilatçısından məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq lotereyanın bərpa edilməsi və ya aradan qaldırılmamış pozuntular göstərilməklə lotereyanın dayandırılmasının qüvvədə saxlanılması barədə lotereyanın təşkilatçısına yazılı bildiriş göndərir.
8.4. Lotereyanın təşkilatçısı aşkar olunmuş pozuntuları bu Qaydaların 8.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda və ya onların aradan qaldırılması barədə məlumatı təqdim etmədikdə, QKDK lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldırmalıdır.
8.5. QKDK aşağıdakı hallar baş verdikdə lotereyanın keçirilməsinə xitam verməlidir:
8.5.1. lotereyanın təşkilatçısı lotereyanın keçirilməsinə xitam verilməsi barədə ərizə ilə QKDK-ya müraciət etdikdə;
8.5.2. lotereyanın təşkilatçısı ləğv edildikdə;
8.5.3. məhkəmənin qərarı olduqda.
8.6. Lotereyanın təşkilatçısı stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi barədə bildirişi aldıqda, bu barədə məlumatı 1 (bir) iş günü ərzində kütləvi informasiya vasitələri ilə elan etməlidir.
8.7. Stimullaşdırıcı lotereyanın keçirilməsinin dayandırılması və ya ona xitam verilməsi barədə lotereyanın təşkilatçısı tərəfindən verilən elanda aşağıdakılar göstərilməlidir:
8.7.1. lotereya təşkilatçısının adı;
8.7.2. lotereyanın adı və keçirilmə forması;
8.7.3. lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən orqanın adı;
8.7.4. lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas;
8.7.5. keçirilməsi baş tutmamış tirajın nömrəsi və onun uduş fondunun oynanılması tarixi (tirajlı lotereyalar üçün).
8.8. Stimullaşdırıcı lotereyanın keçirilməsi dayandırıldıqda və ya ona xitam verildikdə, həmin lotereyada iştirak etmək barədə istənilən formada təkliflərin edilməsi qadağandır.
8.9. Lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi lotereya təşkilatçısını oynanılmış uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.
9. Hesabatların təqdim edilməsi
9.1. Stimullaşdırıcı lotereyanın təşkilatçısı aşağıdakı hesabatları və aktı QKDK-ya təqdim etməlidir:
9.1.1. tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 5 (iş) iş günündən gec olmayaraq - tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında hesabatı (Əlavə №2) və uduş fondunun oynanılmasının nəticələri haqqında lotereyalar haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilmiş tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın (Əlavə №3) bir nüsxəsini;
9.1.2. ani lotereyada uduşların verilməsi (ödənilməsi) müddəti başa çatdığı tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq - ani lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabatı (Əlavə №4);
9.2. Tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında hesabatda aşağıdakılar göstərilməlidir:
9.2.1. lotereya təşkilatçısının adı;
9.2.2. lotereyanın adı və keçirilmə forması;
9.2.3. tirajın sıra nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi;
9.2.4. lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) uduşlu olduğunu müəyyən etmək imkanı verən ardıcıl göstəricilər;
9.2.5. tiraj üzrə uduşlu lotereya biletlərini nömrələri (seriyaları), yaxud uduşlu lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) və ya onların sahiblərini eyniləşdirmək imkanı verən digər göstəricilər və onların hər birinə düşən uduşlar;
9.2.6. tirajın uduş fondunun oynanılmasının nəticələrinin dərc olunduğu kütləvi informasiya vasitəsinin adı və buraxılış tarixi.
9.2.7. Uduş fondunun oynanılmasının nəticələri haqqında hesabat lotereya təşkilatçısının rəhbəri tərəfindən imzalanmalı və möhürü ilə təsdiq edilməlidir.
9.3. Uduş fondunun oynanılmasının nəticələri haqqında aktda aşağıdakılar göstərilməlidir:
9.3.1. lotereya təşkilatçısının adı;
9.3.2. lotereyanın adı və keçirilmə forması;
9.3.3. tirajın sıra nömrəsi (lotereya bir neçə tirajdan ibarət olduqda) və onun uduş fondunun oynanılması tarixi;
9.3.4. uduş fondunun oynanılmasının nəticələrinə görə uduşlu lotereya biletlərinin nömrələri və seriyaları (olduqda), yaxud uduşlu lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) və ya onların sahiblərini eyniləşdirmək imkanını verən göstəricilər, habelə onların hər birinə düşən uduşlar;
9.3.5. tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və imzası.
9.4. Uduş fondunun oynanılmasının nəticələri haqqında akt lotereya təşkilatçısının rəhbəri tərəfindən imzalanmalı və möhürü ilə təsdiq edilməlidir.
9.5. Ani lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabatda aşağıdakılar göstərilməlidir:
9.5.1. lotereya təşkilatçısının adı;
9.5.2. lotereyanın adı və keçirilmə forması;
9.5.3. uduşu verilmiş (ödənilmiş) lotereya biletlərinin nömrələri (seriyaları), yaxud lotereya biletlərini (onlara bərabər tutulan digər məlumat daşıyıcılarını) və ya onların sahiblərini eyniləşdirmək imkanı verən göstəricilər və onların hər biri üzrə verilmiş (ödənilmiş) uduş;
9.5.4. Ani lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabat lotereya təşkilatçısının rəhbəri tərəfindən imzalanmalı və möhürü ilə təsdiq edilməlidir.
9.6. Bu Qaydaların 9.1.1-ci və 9.1.2-ci bəndlərində nəzərdə tutulmuş akt və hesabatlar elektron formada təqdim edildikdə, lotereya təşkilatçısının rəhbəri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.
|
|
|
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 06 sentyabr 2012-ci il tarixli 10 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il)
2. 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[i] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il) ilə 1-ci hissə ləğv edilmişdir.
[ii] Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 06 sentyabr 2012-ci il tarixli 10 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il) ilə Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının 2.2.8-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.2.8. uduşlu lotereya biletlərinin və ya uduşların verilməsi (ödənilməsi) üçün zəruri olduğu halda lotereya biletlərinə bərabər tutulan digər məlumat daşıyıcılarının lotereyanın təşkilatçısı tərəfindən qəbulu, habelə uduşların verilməsi (ödənilməsi) qaydası və müddəti;
[iii] Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 06 sentyabr 2012-ci il tarixli 10 nömrəli Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il) ilə Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının 4.2.-ci bəndində “zərurət yarandıqda, lotereyanın şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə” sözləri çıxarılmışdır.