![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
06.03.2012 |
Qeydiyyat nömrəsi |
04 |
Adı |
“Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi barədə |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
17.03.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201203060004 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
16.03.2012 |
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Q Ə R A R A A L I R:
1. “Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında” Qaydalar təsdiq edilsin (Əlavə olunur). [1]
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaları 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (S.Dadaşova) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. QKDK sədrinin 14 fevral 2008-ci il tarixli 015 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış emitentlərin investisiya qiymətli kağızlarının Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilməsinə və ya tədavülə buraxılmasına icazənin verilməsi haqqında” Qaydalar ləğv edilsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.
Sədr R.Aslanlı
“Təsdiq Edilmişdir”
Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
Qərar № 04
“06” mart 2012-ci il
Sədr
_______________
R.Aslanlı
Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında Qaydalar
Ümumi müddəalar
1.1 Bu Qaydalar “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2004-cü il tarixli 44 nömrəli Fərmanının 2.2-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə uyğun olaraq hazırlanmışdır.
1.2 Bu Qaydalar Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının, baza aktivi Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızları olan qiymətli kağızların və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin iştirakı ilə emissiya edilən qiymətli kağızların (bundan sonra – qiymətli kağızlar) Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsini tənzimləyir.
1.3 Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının, baza aktivi Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızları olan qiymətli kağızların və Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin iştirakı ilə emissiya edilən qiymətli kağızların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsinə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (bundan sonra - QKDK) icazəsi ilə yol verilir.
Qiymətli kağızların yerləşdirilməsinə icazənin verilməsi
2.1 Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs Azərbaycan Respublikasının ərazisindən kənarda qiymətli kağızlarının yerləşdirilməsinə icazənin əldə edilməsi üçün QKDK-ya aşağıdakı sənədləri təqdim edilməlidir:
2.1.1ərizə;
2.1.2təsis sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətləri;
2.1.3Azərbaycan Respublikasının ərazisindən kənarda qiymətli kağızların emissiyası və yerləşdirilməsi barədə qərarın surəti;
2.1.4xarici borclanmağa Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin razılığı (dövlət büdcəsindən maliyyə yardımı və ya investisiyayönümlü təxsisat alan, habelə, dövlət zəmanəti ilə alınmış borc da daxil olmaqla, dövlət büdcəsi qarşısında öhdəliyi olan hüquqi şəxslər üçün);
2.1.5qiymətli kağızların emissiya prospekti (olduqda);
2.1.6qiymətli kağızların yerləşdirilməsində iştirak edəcək peşəkar iştirakçılar haqqında məlumat (tam adı, olduğu yer, lisenziyanın nömrəsi və qüvvədə olduğu müddət);
2.1.7qiymətli kağızların saxlanmasını, onlara hüquqların uçotunu həyata keçirən və qiymətli kağız sahiblərinin reyestrini aparan təşkilat haqqında məlumat (adı, olduğu yer, lisenziyanın nömrəsi və qüvvədə olduğu müddət);
2.1.8son maliyyə ili üzrə tərtib edilmiş və müstəqil auditor tərəfindən yoxlanılmış maliyyə hesabatları;
2.1.9son rüb üzrə tərtib edilmiş, emitentin rəhbər şəxsi və baş mühasibi tərəfindən təsdiq edilmiş maliyyə hesabatları.
2.2. Qiymətli kağızların yerləşdirilməsinə icazənin alınması üçün müraciətə sənədlərin təqdim olunduğu tarixdən etibarən 15 (on beş) iş günü ərzində QKDK tərəfindən baxılır və imtina üçün əsas olmadıqda yazılı formada icazə verilir.
2.3. Qiymətli kağızların yerləşdirilməsinə icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir:[2]
2.3.1. bu Qaydaların 2.1-ci bəndində qeyd edilən sənədlər təqdim edilmədikdə;
2.3.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar aşkar edildikdə;
2.3.3. ərizəçinin tədavüldə olan investisiya qiymətli kağızları Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjasının kotirovka vərəqəsinə daxil edilmədikdə;
2.3.4. icazənin verildiyi halda emitentin Azərbaycan Respublikasının ərazisindən kənarda dövriyyədə olan səhmlərinin həcmi, emitentin səhmlərinə hüquqları təsdiq edən qiymətli kağızlar daxil olmaqla, emitentin cəmi emissiya etdiyi səhmlərin 40%-dən artıq hissəsini təşkil etdikdə.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 06 sentyabr 2012-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il)
2. 03 fevral 2016-cı il tarixli 8-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 fevral 2016-cı il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 03 fevral 2016-cı il tarixli 8-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030008, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 fevral 2016-cı il) ilə 2012-ci il 6 mart tarixli 04 nömrəli Qərarın 1-ci hissəsi edilmişdir.
[2] 06 sentyabr 2012-ci il tarixli 12 nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201209060012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 sentyabr 2012-ci il) ilə “Azərbaycan Respublikasının emitentlərinin qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda yerləşdirilməsi haqqında” Qaydalarının 2.3-cü bəndində “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.