Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında aşağıdakı dövlət xidmətləri yaradılsın:
1.1. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Ərazi Dövlət Nəzarəti İdarələrinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti;
1.2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin bazasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti;
1.3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti.
2. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
[1]
3. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
[2]
4. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
5. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
6. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Aparatının işçilərinin say həddi 112 ştat vahidi müəyyən edilsin.
[3]
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
7.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin maliyyələşdirilməsi və digər təminatı ilə bağlı məsələləri bir ay müddətində həll etsin;
7.2. üç ay müddətində:
7.2.1. beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla “Akkreditasiya haqqında” Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
9. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi:
9.1. strukturuna daxil olan ərazi sınaq və sertifikatlaşdırma idarələrinin ləğvi ilə əlaqədar sertifikatlaşdırma üzrə qurumları akkreditasiyadan keçirməklə, sertifikatlaşdırma sahəsində işlərin səmərəli həyata keçirilməsini təmin etsin;
9.2. Komitənin aparatının və strukturuna daxil olan qurumların fəaliyyətinin təşkili məqsədi ilə zəruri tədbirlər görsün.
10. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 631; 2010, № 12, maddə 1064; 2011, № 2, maddə 85) 2-ci və 3-cü hissələri ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2012-ci il
№ 604
|
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin aparatı (şöbələr və sektorlar);
[4]
2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti;
3. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti;
4. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti.
|
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti (bundan sonra — Xidmət) texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri vasitəsilə həyata keçirir.
1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin fəaliyyət istiqamətləri
2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətini həyata keçirir;
2.1.2. dövlət metroloji nəzarətini həyata keçirir;
2.1.3. texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir;
2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Xidmətin vəzifələri
3.1. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. texniki tənzimləmə və standartlaşdırma sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsində iştirak edir;
3.1.2. texniki tənzimləmə və standartlaşdırma sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər verir;
3.1.3. dövlət metroloji nəzarəti həyata keçirir;
3.1.4. istehlak bazarının keyfiyyətsiz, təhlükəli və saxtalaşdırılmış mallardan qorunması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirməsini təmin edir;
3.1.5. məhsulların istehsalı, saxlanılması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı texniki reqlamentlərin, eləcə də onlarla qarşılıqlı əlaqəli olan dövlət standartlarının və ya texniki tənzimləmə və standartlaşdırma sahəsində digər normativ sənədlərin məcburi tələblərinə, məhsul istehsalçısının məhsulun keyfiyyəti və təhlükəsizliyinə dair bəyan etdiyi göstəricilərə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
3.1.6. çəkilib (ölçülüb) qablaşdırılmış mallar üzərində dövlət metroloji nəzarətin həyata keçirilməsini təmin edir;
3.1.7. texniki normativ hüquqi aktların və ya Azərbaycan Respublikasında tanınan beynəlxalq, regional, dövlətlərarası və digər dövlətlərin standartlarının tələblərinə uyğun olmayan, insanın həyatı, sağlamlığı və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən məhsulların (işlərin, xidmətlərin) istehsalının, idxalının, satışa buraxılmasının, istifadəsinin və icrasının qarşısının alınması məqsədi ilə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
3.1.8. istehlak bazarının texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, qanunvericiliyə uyğun qaydada sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlərdən, xidmətlərdən) qorunması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsini təmin edir;
3.1.9. istehlak məhsullarının (xidmətlərinin, işlərinin) keyfiyyəti və təhlükəsizliyi üzrə tələblərin pozulması haqqında istehlakçıların müraciətlərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxır, müvafiq təşkilatlara, hüquqi və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilməsi üçün müvafiq tədbirlər görür;
3.1.10. məhsulların istehsalı layihəsinin hazırlanması, məhsulların istehsalı, tədarükü, saxlanması, daşınması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi zamanı malların (işlərin, xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin edir;
3.1.11. məhsulların (işlərin, xidmətlərin) normativ sənədlərin tələblərinə uyğunluğunu müəyyən etmək üçün qüvvədə olan normativ sənədlərə müvafiq olaraq sınaq nümunələrini, onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə seçib götürür , sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsinin təsərrüfat subyektinə qaytarılmasını təmin edir;
[5]
3.1.12. malların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarəti həyata keçirilərkən müvafiq qaydada seçilib götürülmüş məhsul nümunələrinin sınaqları üzrə xərclərin təsərrüfat subyektləri tərəfindən sınaqları aparan laboratoriya və ya mərkəzin hesabına köçürülməsini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;
[6]
3.1.13. məhsullarda texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan, lakin aradan qaldırılması mümkün olan qüsurlar aşkar edildikdə, 30 günədək müddət müəyyən etməklə həmin qüsurların aradan qaldırılması barədə təsərrüfat subyektlərinə müvafiq yazılı göstərişlər verir;
3.1.14. məhsullarda (işlərdə, xidmətlərdə) aradan qaldırılması mümkün olmayan qüsurlar aşkar edildikdə, həmin məhsulun (işin, xidmətin) istehsalının və ya satışa buraxılmasının qadağan edilməsi ilə bağlı tələbnamə verir;
3.1.15. texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, saxlama və yararlılıq müddəti bitmiş məhsulların götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;
3.1.16. texniki normativ hüquqi aktların tələblərini, metroloji qayda və normaları pozan və ya dövlət nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri yerinə yetirməyən şəxsləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb edir;
[7]
3.1.17. aşkar edilən pozuntular təsərrüfat subyektləri tərəfindən aradan qaldırılanadək müvafiq tələblərə cavab verməyən istehlak məhsullarını istehsal və ya realizə edən təsərrüfat subyektinin fəaliyyətinə verilmiş xüsusi razılıq (lisenziya) və digər təsdiqedici sənədlərin qüvvəsinin dayandırılması və ya ləğv edilməsi məqsədi ilə müvafiq dövlət orqanlarına təqdimat verilməsi üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırır;
3.1.18. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarının, istehsalının və satışının qadağan edilməsi ilə bağlı tədbirlər görür;
3.1.19. metroloji qayda və normaların pozulmasının aradan qaldırılması üçün 30 günədək müddət müəyyən etməklə iradnamə verir;
3.1.20. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının qadağan edilməsi ilə bağlı tədbirlər görür;
3.1.21. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərə qadağa qoyulması haqqında tələbnamələr verir;
3.1.22. təsərrüfat subyektləri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq məlumat əldə edir, keyfiyyətsiz və standartların tələblərinə cavab verməyən məhsul istehsalçılarını müəyyən etmək üçün aidiyyəti dövlət orqanları ilə birgə iş aparır;
3.1.23. texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, insanın həyatı, sağlamlığı və dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər vura bilən xarici məhsul və xidmətlərin idxalının qadağan edilməsi ilə bağlı təkliflər verir;
[8]
3.1.24. məhsul növü üzrə akkreditə olunmuş sınaq laboratoriyası olmadıqda sınaqların nəticələrinin obyektivliyini təmin edən sınaqlar aparılmasının mümkünlüyünü, yerini və şərtini müəyyən edir;
3.1.25. aidiyyəti dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla, xarici hüquqi şəxslərlə əməkdaşlığın həyata keçirilməsində iştirak edir;
3.1.26. dövlət nəzarəti aparılacaq təsərrüfat subyektlərini müəyyən edir, illik yoxlama planını tərtib edir və sahibkarlıq sahəsində aparılan yoxlamaların nəticələrinin vahid məlumat reyestrinə daxil olunması üçün aidiyyəti üzrə təqdim edir;
3.1.27. qanunvericiliklə müəyyən edilmiş müddət ərzində dövlət nəzarətinin aparılmasını və nəticələrinin rəsmiləşdirilməsini təmin edir;
3.1.28. vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;
3.1.29. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
4. Xidmətin hüquqları
4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. texniki tənzimləmə və standartlaşdırma sahəsinə aid olan Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmək;
4.1.2. texniki tənzimləmə və standartlaşdırma sahəsində qanunvericiliyə riayət olunması üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, ekspertizalar keçirmək, monitorinqlər, təhlillər və ümumiləşdirmələr aparmaq, layihələr, analitik materiallar hazırlamaq, təkliflərlə çıxış etmək;
4.1.5. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər vermək;
4.1.6. xarici və yerli ekspertləri, məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri və elmi təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək üçün tədbirlər görmək;
4.1.7. məhsulların (işlərin, xidmətlərin) texniki normativ hüquqi aktların tələblərinə uyğunluğuna dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat subyektlərinin xidmət və istehsal sahələrinə, ölçmə vasitələrinin istismar, istehsal və təmir edildiyi, satıldığı, yaxud saxlandığı obyektlərə qanunvericiliyə uyğun olaraq sərbəst daxil olmaq, zəruri məlumat və sənədləri almaq, təsərrüfat subyektlərinin mütəxəssislərindən və maddi-texniki vasitələrindən həmin təsərrüfat subyektində dövlət nəzarəti tədbirləri məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək;
4.1.8. məhsulların normativ sənədlərin tələblərinə uyğunluğuna dair təsərrüfat subyektləri ilə dövlət nəzarətini həyata keçirən orqan arasında yaranan fikir ayrılığının aradan qaldırılması məqsədi ilə arbitraj laboratoriyasının yaradılmasına dair təkliflər vermək;
4.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmətin aparatı və ərazi idarələri Xidmətin vahid sistemini təşkil edir.
5.2. Xidmətə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.
5.3. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.4. Xidmət rəisinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.
5.5. Xidmətin aparatının və ərazi idarələrinin inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.
5.6. Xidmətin rəisi:
5.6.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.6.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;
5.6.3. Xidmət rəisinin müavini, struktur bölmələrinin və ərazi idarələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər İşçilərini işə qəbul edir, barələrində intizam tənbehi tədbirləri görür, onların həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;
5.6.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;
5.6.5. Xidmətin vəzifəli şəxslərinin qəbul etdikləri qərarlardan verilən şikayətlərə baxır və əsas olduqda, onları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;
5.6.6. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;
5.6.7. Xidmətin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
5.6.8. Xidmətin rəisinin müavini və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;
5.6.9. Xidmət üçün ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.6.10. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;
5.6.11. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və regional təşkilatlar, fiziki və hüquqi şəxslər ilə münasibətlərdə və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;
5.6.12. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər verir;
5.6.13. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;
5.6.14. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
|
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti (bundan sonra — Xidmət) dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə həyata keçirir.
1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin fəaliyyət istiqamətləri
2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
2.1.2. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edir;
2.1.3. metrologiya və ölçmələrin vəhdətinin təmin olunması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir;
2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Xidmətin vəzifələri
3.1. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir;
3.1.2. Dövlət etalonları bazasını formalaşdırır və inkişaf etdirir;
3.1.3. sahələr üzrə dövlət kəmiyyət vahidləri etalonlarının laboratoriyaları yaratmaq;
3.1.4. dövlət kəmiyyət vahidləri etalonlarının texniki tələblərə əsasən qorunub saxlanmasını və beynəlxalq tutuşdurmalarda iştirakını təmin edir;
3.1.5. kalibrləmə üçün təqdim olunmuş ölçmə vasitələrinin texniki normativ sənədlərin tələblərinə əsasən kalibrlənməsini təmin edir, kalibrlənməni ölçmə vasitələrinin üzərinə kalibrlənmə nişanının vurulması ilə və ya kalibrlənmə haqqında sertifikatla təsdiq edir;
3.1.6. ölkə ərazisində ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində vəziyyəti təhlil edir və təhlilin nəticələri ilə bağlı təkliflər hazırlayır;
3.1.7. elmi-texniki tərəqqinin inkişafı nəticəsində beynəlxalq aləmdə ölçmələrin dəqiqliyinin artırılması sahəsində baş verən yenilikləri öyrənərək təhlil edir və təhlilin nəticələrinə əsasən dövlət etalonlarının təkmilləşdirilməsinə dair təkliflər verir;
3.1.8. metrologiya və ölçmələrin vəhdətinin təmin olunması sahəsində dövlət proqramlarının hazırlanmasında iştirak edir;
3.1.9. dövlət kəmiyyət vahidləri etalonları sahəsində standartlar, qaydalar, tövsiyələr və təlimatlar fondunu yaradır;
3.1.10. vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;
3.1.11. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində kadr hazırlığını təmin edir, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görür;
3.1.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
4. Xidmətin hüquqları
4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmək;
4.1.2. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. xarici və yerli ekspertləri, məsləhətçiləri (mütəxəssisləri), məsləhətçi şirkətləri və elmi təşkilatları qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
4.1.4. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində elmi tədqiqat işlərinin həyata keçirilməsini təşkil etmək;
4.1.5. dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görmək;
4.1.6. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər vermək;
4.1.7. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
4.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmətə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.
5.2. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Xidmətin rəisinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.
5.4. Xidmətin aparatının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.
5.5. Xidmətin rəisi:
5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;
5.5.3. Xidmətin rəisinin müavini və struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini işə qəbul edir, barələrində intizam tənbehi tədbirləri görür, onların həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;
5.5.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;
5.5.5. Xidmətin vəzifəli şəxslərinin qəbul etdikləri qərarlardan verilən şikayətlərə baxır və əsas olduqda, onları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;
5.5.6. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;
5.5.7. Xidmətin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
5.5.8. Xidmətin rəisinin müavini və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsünü aparır;
5.5.9. Xidmət üçün ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.5.10. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;
5.5.11. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və regional təşkilatlar, fiziki və hüquqi şəxslər ilə münasibətlərdə və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;
5.5.12. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər verir;
5.5.13. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;
5.5.14 Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
|
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti haqqında
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti (bundan sonra - Xidmət) akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasının və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.
1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnaməni, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.3. Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə həyata keçirir.
1.4. Xidmət bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.6. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.7. Xidmət Bakı şəhərində yerləşir.
2. Xidmətin fəaliyyətinin istiqamətləri
2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsi, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir;
2.1.2. sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasını həyata keçirir;
2.1.3. akkreditasiya sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir;
2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. Xidmətin vəzifələri
3.1. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. akkreditasiya sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsində iştirak edir;
3.1.2. akkreditasiya sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması ilə bağlı təkliflər verir;
3.1.3. Milli Akkreditasiya Sisteminin yaradılması ilə əlaqədar qaydaların hazırlanmasında və digər tədbirlərin həyata keçirilməsində iştirak edir;
3.1.4. sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyasını həyata keçirir, o cümlədən akkreditasiya attestatının verilməsinə, qüvvədəolma müddətinin artırılmasına, qüvvəsinin dayandırılmasına, ləğv edilməsinə və akkreditasiya sahəsinə dəyişikliklər edilməsinə dair qərar qəbul edir;
3.1.5. akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi orqanlarının fəaliyyətinə inspeksiya nəzarətinə dair qaydaların hazırlanmasında iştirak edir;
3.1.6. akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının fəaliyyətinə inspeksiya nəzarətinin həyata keçirilməsini təmin edir;
3.1.7. xarici və ya beynəlxalq qurumların verdiyi akkreditasiya attestatlarının tanınması ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin edir;
3.1.8. akkreditasiya olunmuş sınaq və kalibrlənmə laboratoriyaları və uyğunluğun qiymətləndirilməsi orqanlarının reyestrini aparır;
3.1.9. xarici dövlətlərlə, beynəlxalq və regional təşkilatlarla akkreditasiya sahəsində əməkdaşlıq və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) üzrə işlərin nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlərin bağlanmasında iştirak edir;
3.1.10. akkreditasiya edilmiş orqanlar tərəfindən təsərrüfat subyektlərində idarəetmə sistemlərinin sertifikatlaşdırılması ilə bağlı işlər aparılarkən qanunvericiliyə və beynəlxalq standartların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin edir;
3.1.11. akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının fəaliyyətini əlaqələndirir və həmin orqanlar tərəfindən qanunvericiliyə müvafiq olaraq təsərrüfat subyektlərinə uyğunluğun qiymətləndirilməsi sahəsində təsdiqedici sənədlərin verilməsində qanunvericiliyə riayət olunmasına nəzarət edir;
3.1.12. akkreditasiya işlərinin həyata keçirilməsinə cəlb olunan ekspertlərin və qiymətləndiricilərin seçilməsini təmin edir və onların məlumat bazasını formalaşdırır;
3.1.13. akkreditasiya keçirilən zaman tərəflərin bərabər iştirakını təmin edir;
3.1.14. vətəndaşların qəbulunu təşkil edir, ərizə, təklif və şikayətlərə qanunvericilikdə müəyyən olunmuş qaydada və müddətdə baxılmasını təmin edir;
3.1.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.
4. Xidmətin hüquqları
4.1. Xidmət öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin təkmilləşdirilməsi təklifləri Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etmək;
4.1.2. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində qanunvericiliyə riayət edilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. qanunvericiliklə müəyyən olunmuş qaydada akkreditasiya sahəsində beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin qabaqcıl təcrübəsini öyrənmək və tətbiq etmək, fəaliyyətinin beynəlxalq və regional sistemlərə uyğunlaşdırılması istiqamətində tədbirlər görmək;
4.1.4. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası sahəsində analitik materiallar hazırlamaq, rəy vermək, təhlillər, ümumiləşdirmələr, tədqiqatlar aparmaq, təkliflər vermək;
4.1.5. xarici və yerli ekspertləri, məsləhətçiləri, məsləhətçi şirkətləri, elmi təşkilatları əməkdaşlığa cəlb etmək;
4.1.6. akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, sınaq və kalibrlənmə laboratoriyalarının və uyğunluğun qiymətləndirilməsi (təsdiqi) orqanlarının akkreditasiyası məsələlərinə dair konfranslar, seminarlar və digər tədbirlər təşkil etmək;
4.1.7. akkreditasiya üzrə texniki komitələrin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər vermək;
4.1.8. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər vermək;
4.1.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
5. Xidmətin fəaliyyətinin təşkili
5.1. Xidmətə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir.
5.2. Xidmətin rəisi Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.
5.3. Xidmətin rəisinin Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.
5.4. Xidmətin aparatının inzibati vəzifə tutan işçiləri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq qaydada işə qəbul edilirlər.
5.5. Xidmətin rəisi:
5.5.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.5.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Xidmətin aparatının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;
5.5.3. Xidmətin rəisinin müavini və struktur bölmələrinin rəhbərləri istisna olmaqla, Xidmətin digər işçilərini işə qəbul edir, barələrində intizam tənbehi tədbirləri görür, onların həvəsləndirilməsi və mükafatlandırılması barədə tədbirlərin həyata keçirilməsini təmin edir;
5.5.4. işçilərin peşə hazırlığı və əlavə təhsili üçün zəruri tədbirlər görür;
5.5.5. Xidmətin vəzifəli şəxslərinin qəbul etdikləri qərarlardan verilən şikayətlərə baxır və əsas olduqda, onları dəyişdirmək və ya ləğv etmək barədə qərar qəbul edir;
5.5.6. Xidmətin işçilərinə icrası məcburi olan əmrlər və göstərişlər verir;
5.5.7. Xidmətin struktur bölmələrinin əsasnamələrini təsdiq edir;
5.5.8. Xidmətin rəisinin müavini və təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Xidmətin struktur bölmələrinin rəhbərləri arasında vəzifə bölgüsü aparır;
5.5.9. Xidmət üçün ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;
5.5.10. Xidmətə dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsinə dair hesabatı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim edir;
5.5.11. Xidməti dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və regional təşkilatlar, fiziki və hüquqi şəxslər ilə münasibətlərdə və məhkəmələrdə vəkalətnaməsiz təmsil edir;
5.5.12. Xidmətin strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təkliflər verir;
5.5.13. Xidmətin fəaliyyəti barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə mütəmadi olaraq hesabat verir;
5.5.14. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
31 oktyabr 2014-cü il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2014-cü il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1204)
2.
26 yanvar 2018-ci il tarixli 1797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 yanvar 2018-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 53)
3.
4 avqust 2022-ci il tarixli 1801 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 861)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
4 avqust 2022-ci il tarixli 1801 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti, 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 861) ilə 2-ci, 6-cı və 9-cu hissələr ləğv edilmişdir.
[2]
26 yanvar 2018-ci il tarixli 1797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 yanvar 2018-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 53) ilə 3-cü, 4-cü və 5-ci hissələr ləğv edilmişdir.
[3]
26 yanvar 2018-ci il tarixli 1797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 yanvar 2018-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 53) ilə 6-cı hissə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
6. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 112 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti aparatının işçilərinin say həddi 60 ştat vahidi, ərazi idarələrinin işçilərinin say həddi 98 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidməti aparatının işçilərinin say həddi 40 ştat vahidi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti aparatının işçilərinin say həddi 22 ştat vahidi müəyyən edilsin.
[4]
26 yanvar 2018-ci il tarixli 1797 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 27 yanvar 2018-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 53) ilə Əlavə I – “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin strukturu”nun 2-ci, 3-cü və 4-cü hissələri ləğv edilmişdir.
[5]
31 oktyabr 2014-cü il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2014-cü il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1204) ilə 3.1.11-ci yarımbənddə “əvəzsiz qaydada” sözləri “, onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “, sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsinin təsərrüfat subyektinə qaytarılmasını təmin edir” sözləri çıxarılmışdır.
[6]
31 oktyabr 2014-cü il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2014-cü il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1204) ilə 3.1.12-ci yarımbənd ləğv edilmişdir.
[7]
31 oktyabr 2014-cü il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2014-cü il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1204) ilə 3.1.16-cı yarımbənddə “nəzarətini həyata keçirən dövlət müfəttişinin qərarını və yazılı göstərişlərini” sözləri “nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri” sözləri ilə əvəz edilmişdir.
[8]
31 oktyabr 2014-cü il tarixli 319 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 1 noyabr 2014-cü il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1204) ilə 3.1.7-ci və 3.1.23-cü yarımbəndlərdə “əmlakına, habelə ətraf mühitə zərər” sözləri “dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilmişdir.