×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
30.04.2012
QEYDİYYAT NÖMRƏSİ
06
ADI
“Dövlət istiqrazlarının emissiyası və tədavülü” Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.05.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201204300006
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.05.2012
“Dövlət istiqrazlarının emissiyası və tədavülü” Qaydalarının təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin qərarı

Qəbul edildiyi tarix

30.04.2012

Qeydiyyat nömrəsi

06

Adı

“Dövlət istiqrazlarının emissiyası və tədavülü” Qaydalarının təsdiq edilməsi barədə[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

11.05.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201204300006

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

10.05.2012

 

 

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 mart tarixli 44 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1. “Dövlət istiqrazlarının emissiyası və tədavülü” Qaydaları təsdiq edilsin (Əlavə olunur).

2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

4. Aparatın rəhbərinə (B.Əzizov) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. QKDK sədrinin 28 avqust 2000-ci il tarixli 139 nömrəli Əmri ilə təsdiq edilmiş “Dövlət qısamüddətli istiqrazlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında” Əsasnamə ləğv edilsin.

 

6. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

Sədr                                                                                                 R.Aslanlı

 

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 06

“30” aprel 2012-ci il

 

Sədr

____________________

R. Aslanlı

 

 

 

Dövlət istiqrazlarının emissiyası və tədavülü

Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır və dövlət istiqrazlarının emissiyasını, tədavülünü və ödənilməsini tənzimləyir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar:

1.2.1. emitent – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

1.2.2. dövlət istiqrazı (bundan sonra - istiqraz) – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən buraxılan adlı, sənədsiz istiqrazdır;

1.2.4. qısamüddətli istiqraz – tədavül müddəti bir ilədək olan istiqrazdır;

1.2.5. ortamüddətli istiqraz – tədavül müddəti bir ildən beş ilədək olan istiqrazdır;

1.2.6. uzunmüddətli istiqraz – tədavül müddəti beş ildən artıq olan istiqrazdır;

1.2.7. rəqabətli sifariş alınacaq istiqrazların qiymət və miqdarını özündə əks etdirən emitentə ünvanlanmış sifarişdir;

1.2.8. qeyri-rəqabətli sifariş alınacaq istiqrazların məbləğini özündə əks etdirən emitentə ünvanlanmış sifarişdir;

1.2.9. Milli Nömrələyici Agentlik – Milli Nömrələyici Agentliklər Assosiyasiyasının üzvü olan “Milli Depozit Mərkəzi” qapalı səhmdar cəmiyyəti;

1.3. İstiqrazların yerləşdirilməsi, ödənilməsi, habelə istiqrazlar üzrə faizlərin ödənilməsi ilə bağlı emitentlə fond birjasının və qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan depozitarın (bundan sonra - depozitar) və klirinq təşkilatının hüquq və vəzifələri onlar arasında bağlanılan müqavilə ilə tənzimlənir.

1.4. Kütləvi təklif üsulu ilə yerləşdirilən istiqrazlar Azərbaycan Respublikasının rezidentləri və qeyri-rezidentləri tərəfindən məhdudiyyətsiz əldə olunur.

1.5. Bu Qaydalar dövlət daxili uduşlu istiqrazların, habelə Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşdirilən dövlət istiqrazlarının emissiyasına, tədavülünə və ödənilməsinə şamil olunmur.

 

2. İstiqrazların emissiyası

 

2.1. Bir təqvim ili ərzində kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan, eyni növü, faiz ödənişi və dövriyyə müddəti olan istiqraz buraxılışları üçün bir emissiya prospekti tərtib olunur. Emissiya prospekti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - QKDK) tərəfindən dövlət qeydiyyatına alınır.

2.2. İstiqrazların emissiya prospektinin dövlət qeydiyyatına alınması üçün emitent ərizə ilə QKDK-ya müraciət edir. Ərizə poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə verilə bilər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.2.1. istiqrazların emissiyası haqqında emitent tərəfindən qəbul edilmiş qərarın (əmrin) surəti;

2.2.2. emissiya prospekti;

2.2.3. emissiya prospektinin qeydiyyata alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

2.3. Emissiya prospektində aşağıdakı məlumatlar əks olunmalıdır:

2.3.1. emitentin tam adı və hüquqi ünvanı;

2.3.2. istiqrazların növü (faizli və ya faizsiz istiqrazlar), forması, dövriyyə müddəti (qısamüddətli, ortamüddətli və ya uzunmüddətli);

2.3.3. istiqrazların yerləşdirilməsi, ödənilməsi, onlar üzrə gəlirliyin hesablanması və ödənilmə qaydası, habelə istiqrazların ə ödənilməsini həyata keçirən təşkilat barədə məlumat;

2.3.4. istiqraz sahibinin bir istiqrazla təsbit edilmiş hüquqları;

2.3.5. istiqrazın nominal dəyəri və sayı;

2.3.6. istiqrazların emissiyasının ümumi məbləği;

2.3.7. fond birjasının adı, olduğu yer, fond birjası fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi;

2.3.8. klirinq təşkilatının adı, olduğu yer, klirinq fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi;

2.3.9. istiqrazların saxlandığı depozitarın adı, olduğu yer, depozitar fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi;

2.3.10. istiqrazların yerləşdirilməsi, ödənilməsi, habelə onlar üzrə faizlərin ödənilməsi (faizli istiqrazlar üçün) barədə məlumatların açıqlanması qaydası;

2.4. Emissiya prospekti emitentin səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlənir.

2.5. Emissiya prospektinin dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 10 (on) iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, emissiya prospekti QKDK tərəfindən dövlət qeydiyyatına alınır və bu barədə emitentə yazılı məlumat verilir.

2.6. Emissiya prospekti dövlət qeydiyyatına alındıqdan və emissiya prospektində olan məlumatlar açıqlandıqdan sonra emitent istiqrazların yerləşdirilməsi hüququnu əldə edir.

2.7. İstiqrazlar buraxılışlarla yerləşdirilir. Emitent hər bir buraxılışa beynəlxalq eyniləşdirmə kodunun əldə edilməsi məqsədi ilə Milli Nömrələyici Agentliyinə müraciət edir.

2.8. Beynəlxalq eyniləşdirmə kodu alındıqdan sonra istiqrazların yerləşdirilməsinin başlanma tarixinə 3 (üç) iş günü qalmış emitent istiqraz buraxılışının uçota alınması üçün depozitara müraciət edir.

2.9. Fond birjası istiqrazların emissiya prospektini və hər buraxılışı üzrə məlumatı hərrac iştirakçılarına və internet səhifəsində açıqlayır.

 

3. İstiqrazların yerləşdirilməsi

 

3.1. İstiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsi, onların fond birjası vasitəsi ilə hərraca çıxarılması yolu ilə həyata keçirilir. İstiqrazların qapalı yerləşdirməsi emitent tərəfindən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan broker vasitəsi ilə həyata keçirilir.

3.2. Hərrac günü sifarişlərin qəbul edilmə müddəti ərzində hərrac iştirakçıları öz adından və öz hesabına və ya öz adından investorun hesabına və onun tapşırığı ilə rəqabətli və qeyri-rəqabətli sifarişləri təqdim edir.

3.3. Sifarişlərin təqdim edilmə müddəti ərzində, hərrac iştirakçısı sifarişinin şərtlərini dəyişdirə və ya sifarişi ləğv edə bilər. Sifarişlərin təqdim edilmə müddəti bitdikdə sifarişlərin təqdim ediliməsinə, dəyişdirilməsinə və ləğv edilməsinə yol verilmir.

3.4. Fond birjası təqdim olunmuş sifarişlərin reyestrini tərtib edir. Fond birjasının səlahiyyətli nümayəndəsi həmin reyestri imzalayır və emitentə təqdim edir.

3.5. Emitent sifarişlərin reyestri əsasında istiqrazların minimal qiymətini (bundan sonra – “kəsmə qiyməti”) və hərrac zamanı yerinə yetiriləcək rəqabətli sifarişlərin ortaçəkili qiymətini müəyyən edir.

3.6. Rəqabətli sifariş sifarişdə qeyd olunan qiymət kəsmə qiymətindən az olmadıqda yerinə yetirilir.

3.7. Qeyri-rəqabətli sifariş emitent tərəfindən ortaçəkili qiymətlə yerinə yetirilir. Bu halda, qeyri-rəqabətli sifarişlər ilə alınan istiqrazların sayı, sifarişdə göstərilən pul vəsaitinin məbləğinin ortaçəkili qiymətinə bölünməsi yolu ilə hesablanır (tam ədədlə).

3.8. Hərrac zamanı, təqdim edilmiş rəqabətli və qeyri-rəqabətli sifarişlərin ümumi həcmi emitent tərəfindən müəyyən edilmiş limitdən artıq olduğu halda, eyni qiymətlə təqdim edilmiş sifarişlərdən daha tez təqdim edilən rəqabətli sifariş icra edilir.

3.9. Hərrac bitdikdən sonra fond birjası tərəfindən hərrac iştirakçıları ilə istiqrazlar üzrə bağlanılmış əqdlərin reyestri emitentə və depozitara, əqdlər reyestrindən çıxarışlar isə hərrac iştirakçılarına təqdim olunur.

3.10. Fond birjasında bağlanmış əqdlər reyestrindən çıxarış, hərrac iştirakçısı və emitent arasında istiqrazlar üzrə alqı-satqı müqaviləsinin bağlanmasının təsdiqidir.

3.11. İstiqrazların qapalı yerləşdirilməsi broker vasitəsi ilə həyata keçirilir.

3.12. Emitent istiqrazların emissiyası (təqvim ili ərzində yerləşdirilməsi nəzərdə tutulan istiqrazların emissiyası yaxud istiqrazların bir buraxılışının yerləşdirilməsi) başa çatdığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq, QKDK-ya onların emissiyasının yekunları haqqında hesabatı təqdim etməlidir.

3.13. İstiqrazların emissiyasının yekunları haqqında hesabatda aşağıdakılar əks olunmalıdır:

3.13.1 istiqrazların yerləşdirilməsinin başlandığı və başa çatdığı tarixlər;

3.13.2 istiqrazların yerləşdirilməsi qiyməti;

3.13.3 yerləşdirilmiş istiqrazların sayı.

 

4. İstiqrazların tədavülü

 

4.1. Yerləşdirilmiş istiqrazların tədavülü fond birjasında həyata keçirilir.

4.2. İstiqrazların alqı-satqısı ticarət iştirakçılarının öz adından və öz hesabına və ya öz adından investorun hesabına və onun tapşırığı ilə almaq və ya satmaq üçün sifarişlərin təqdim edilməsi ilə həyata keçirilir.

4.3. Sifarişlər aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

4.3.1. sifarişin təqdim olunduğu daha sərfəli qiymət (alqı zamanı ən yüksək, satqı zamanı ən aşağı) ilə verilmiş sifariş;

4.3.2. qiymətlərin bərabərliyi olacağı təqdirdə daha əvvəl təqdim olunmuş sifariş.

4.4. Sifarişin icra növbəliliyi onun həcmindən asılı deyil.

4.5. Əqdin bağlanması zamanı sifarişin müəyyən hissəsi yerinə yetirildikdə onun qalan hissəsi ayrıca sifariş kimi çıxış edir.

4.6. Ticarət iştirakçısı sifarişi icra edilənə qədər onu ləğv edə bilər.

 

5. İstiqrazların ödənilməsi

 

5.1. Kütləvi təklif üsulu ilə yerləşdirilmiş istiqrazların və onlar üzrə faizlərin (faizli istiqrazlar üçün) ödənilməsi emitent tərəfindən müəyyən edilmiş tarixdə klirinq təşkilatı vasitəsi ilə həyata keçirilir.

5.2. Qapalı yerləşdirilmiş istiqrazların və onlar üzrə faizlərin (faizli istiqrazlar üçün) ödənilməsi emitent tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

5.3. İstiqrazların dəyərini və onlar üzrə ödənilməli olan faizləri (faizli istiqrazlar üçün) emitent tərəfindən ödənildikdən sonra istiqrazlar depozitar tərəfindən dövriyyədən çıxarılır.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status