×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
12.09.2011
QEYDİYYAT NÖMRƏSİ
04
ADI
“Azərbaycan Respublikasında mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi” Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.09.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201109120004
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.09.2011
“Azərbaycan Respublikasında mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi” Qaydalarının təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

12.09.2011

Qeydiyyat nömrəsi

04

Adı

“Azərbaycan Respublikasında mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi” Qaydalarının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.09.2011

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.030

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201109120004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.09.2011

 

 

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni əsas tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1. “Azərbaycan Respublikasında mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi” Qaydaları təsdiq edilsin (Əlavə olunur).[1]

2. Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinə (E.Allahverdiyev) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.

3. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

4. Ümumi şöbəyə (S.Dadaşova) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5. QKDK sədrinin 11 noyabr 2004-cü il tarixli 193 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi haqqında” Əsasnamə qüvvədən düşmüş hesab edilsin.

6. Bu Qərarın icrasına nəzarət sədr müavini C.Əliyevə həvalə edilsin.

 

 

Sədr                                                                                                                                       R.Aslanlı

 

 


 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

Qərar № 04

12 sentyabr 2011-ci il

 

Sədr

_________________

R. Aslanlı

 

 

Azərbaycan Respublikasında mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 5 mart 2008-ci il tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mənzil sertifikatlarının buraxılışı, tədavülü və ödənilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.2.1. emitent – mənzil sertifikatlarının buraxılışını həyata keçirən şəxs;

1.2.2. təminatçı – mənzil sertifikatları üzrə təminatı təqdim etmiş şəxs;

1.2.3. xüsusi yığım hesabı – emitent tərəfindən bankda açılmış və mənzil sertifikatlarının yerləşdirilməsindən daxil olan pul vəsaitlərinin saxlanması üçün hesab;

1.2.4. mənzil sertifikatlarının depozitarı (bundan sonra – depozitar) - depozitar fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi razılığa (lisenziyaya) malik olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısı;

1.2.5. mənzil sertifikatlarının sahiblərinin reyestrsaxlayıcısı (bundan sonra – reyestrsaxlayıcı) - qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə xüsusi razılığa (lisenziyaya) malik olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısı;

1.3. Emitent mənzil sertifikatlarını tikinti işlərinin ümumi smeta dəyərinin 70%-dək (yetmiş) maliyyələşdirilməsi üçün buraxa bilər. Tikinti işlərinin ümumi smeta dəyərinin azı 30%-i (otuz) emitent tərəfindən ödənilməlidir.

1.4. Kütləvi təklif üsulu ilə yerləşdirilən mənzil sertifikatları dövlət qeydiyyatına alındıqdan sonra depozitarda deponentləşdirilməlidir. Qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən mənzil sertifikatları emitentin qərarı əsasında dövlət qeydiyyatına alındıqdan sonra depozitarda deponentləşdirilə bilər.

 

2. Mənzil sertifikatlarının buraxılışının dövlət qeydiyyatı

 

2.1. Mənzil sertifikatlarının buraxılışı Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - QKDK) tərəfindən dövlət qeydiyyatına alınır.

2.2. Azərbaycan Respublikasının ərazisində təmin edilmiş və ya təmin edilməmiş mənzil sertifikatları buraxılır. Təmin edilmiş mənzil sertifikatları üzrə öhdəliklər bank qarantiyası ilə təmin edilir.

2.3. Mənzil sertifikatları üzrə təminatın dəyəri mənzil sertifikatlarının buraxılışının məcmu nominal dəyərindən və mənzil sertifikatları üzrə öhdəliklər yerinə yetirilmədikdə ödəniləcək kompensasiya məbləğindən az olmamalıdır.

2.4. Mənzil sertifikatlarının dövlət qeydiyyatına alınması üçün emitent ərizə ilə QKDK-ya müraciət edir. Ərizə poçt və ya QKDK-nın rəsmi internet informasiya ehtiyatında xüsusi elektron xidmət bölməsi vasitəsi ilə verilə bilər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

2.4.1. mənzil sertifikatının buraxılışı haqqında qərar;

2.4.2. mənzil sertifikatının buraxılış şərtləri;

2.4.3. emitentin təsis sənədlərinin notariat qaydasında təsdiq olunmuş surətləri;

2.4.4. emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

2.4.5. tikinti üçün torpaq sahəsinin ayrılmasını və ya mövcudluğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

2.4.6. tikinti işlərinin aparılması ilə bağlı müvafiq icazəverici sənədin surəti;

2.4.7. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən “Tikintidə dövlət nəzarəti jurnalı”nın verilməsini sübut edən müvafiq sənədin surəti;

2.4.8. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintinin işçi layihəsinin memarlıq-planlaşdırma həllinə dair rəyinin sürəti;

2.4.9. tikinti işlərinin ümumi smeta dəyərini əks etdirən sənəd və həmin məbləğin azı 30%-nin (otuz) emitent tərəfindən ödənilməsi barədə məlumat (xüsusi yığım hesabından çıxarış və ya çəkilmiş xərclərin təsviri);

2.4.10. bank qarantiyası (təmin edilmiş mənzil sertifikatları üçün);

2.4.11. mənzil sertifikatının nümunəsi.

2.5. Mənzil sertifikatı yalnız bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış mətbəə tərəfindən çap edilir.

2.6. Mənzil sertifikatlarının buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərə onların təqdim edilməsi tarixindən etibarən 20 (iyirmi) iş günü müddətində baxılır və qeydiyyatdan imtina üçün əsas olmadıqda, mənzil sertifikatlarının buraxılışı dövlət qeydiyyatına alınır.

2.7. QKDK təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə emitentə 10 (on) iş günü müddətində bildiriş göndərir və onlardan bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı tələb edir. Bu tələb 10 (on) iş günü ərzində yerinə yetirilməlidir. Tələbin təqdim edilməsi bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan müddətin axımını dayandırır.

2.8. Mənzil sertifikatlarının buraxılışı dövlət qeydiyyatına alındıqda, həmin buraxılışa dövlət qeydiyyatı nömrəsi verilir və bu məlumat qiymətli kağızların dövlət reyestrinə daxil edilir.

2.9. Mənzil sertifikatlarının buraxılışı dövlət qeydiyyatına alındıqda QKDK tərəfindən emitentə mənzil sertifikatlarının buraxılışının dövlət qeydiyyatına alınması barədə qiymətli kağızların dövlət reyestrindən çıxarış verilir (Əlavə №1).

2.10. Mənzil sertifikatlarının dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilir:

2.10.1. mənzil sertifikatlarının buraxılışının dövlət qeydiyyatına alınması üçün təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;

2.10.2. təqdim olunmuş sənədlərdə yanlış və ya qeyri-dürüst məlumatlar aşkar olunduqda.

2.11. Mənzil sertifikatlarının buraxılışı dövlət qeydiyyatından keçənə qədər onların reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi və buraxılış şərtlərinin potensial investorlara təqdim edilməsi qadağandır.

 

3. Mənzil sertifikatlarının buraxılış şərtləri

 

3.1. Mənzil sertifikatlarının buraxılış şərtlərində aşağıdakılar öz əksini tapmalıdır:

3.1.1. emitentin təşkilati-hüquqi forması, tam və qısaldılmış adı (olduqda), dövlət qeydiyyatının tarixi və nömrəsi;

3.1.2. emitentin hüquqi ünvanı;

3.1.3. emitentin adında və təşkilati-hüquqi formasında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları və təşkilati-hüquqi formaları, habelə onların qeydiyyata alındığı tarixlər;

3.1.4. emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı və təşkilati-hüquqi forması;

3.1.5. emitent hüquqi şəxslərin birləşməsi şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları və təşkilati-hüquqi formaları;

3.1.6. emitentin nizamnamə kapitalının 10% (on) az olmayan miqdarda səhmlərə (paylara) malik olan şəxslər barədə məlumat;

3.1.7. emitentin nizamnamə kapitalı və onun tərkibi haqqında, o cümlədən, nizamnamə kapitalının miqdarı, səhmlərin miqdarı, onların nominal dəyəri və növləri, habelə səhmlərin ayrı-ayrı növlərinin imtiyazları haqqında məlumat (səhmdar cəmiyyətləri üçün);

3.1.8. emitentin digər hüquqi şəxslərin nizamnamə kapitalında payı 10% (on) artıq olduqda həmin hüquqi şəxslərin siyahısı və rekvizitləri;

3.1.9. buraxılış haqqında qərarı qəbul etmiş və buraxılışın şərtlərini təsdiq etmiş səlahiyyətli orqanın adı və qərarın qəbul edilmə tarixi;

3.1.10. tikintinin texniki və istehlak xarakteristikası (yerləşdiyi ünvan, tikintinin yerləşdiyi ərazinin sahəsi, girişlərin, mərtəbələrin və mənzillərin sayı, mənzillərin nömrələri göstərilməklə);

3.1.11. tikinti işlərinin ümumi smeta dəyəri və həmin məbləğin azı 30%-nin (otuz) emitent tərəfindən xüsusi yığım hesabında deponentləşdirilməsi barədə məlumat və ya müstəqil qiymətləndirici tərəfindən təsdiq edilmiş çəkilmiş xərclərin təsviri;

3.1.12. tikinti işlərinin həyata keçirilməsinin mərhələləri və hər bir mərhələnin smeta dəyəri;

3.1.13. tikinti ilə bağlı görülmüş işlər barədə məlumat;

3.1.14. tikintinin başlanma və başa çatma tarixləri;

3.1.15. buraxılışda olan mənzil sertifikatlarının nominal dəyəri və sayı;

3.1.16. mənzil sertifikatlarının yerləşdirilməsinin başlanma və başa çatma tarixləri (yerləşdirmə müddəti);

3.1.17. mənzil sertifikatlarının ödənilməsinin son tarixi;

3.1.18. mənzil sertifikatının ödənilməsi zamanı mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi proseduru;

3.1.19. emitent tərəfindən mənzil sertifikatları üzrə öhdəliklər yerinə yetirilmədikdə mənzil sertifikatlarının sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və ödənişin həyata keçirildiyi yer;

3.1.20. təminatçının adı, yerləşdiyi ünvan və onun tərəfindən mənzil sertifikatlarının ödənilməsi qaydaları (təmin edilmiş mənzil sertifikatları üçün);

3.1.21. mənzil sertifikatlarının yerləşdirilməsi qaydaları;

3.1.22. mənzil sertifikatlarının yerləşdirilməsində iştirak edən qiymətli kağızlar bazarının peşəkar iştirakçıları barədə məlumat;

3.1.23. mənzil sertifikatları üzrə hüquqların ötürülməsi qaydaları;

3.1.24. mənzil sertifikatları sahiblərinin hüquqları;

3.1.25. emitentin tədavüldə olan qiymətli kağızları (qiymətli kağızların növü, forması və qeydiyyat nömrəsi) və öhdəlikləri barədə məlumat;

3.1.26 reyestrsaxlayıcı haqqında məlumat (adı, yerləşdiyi ünvan, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti);

3.1.27. mənzil sertifikatlarının saxlanması və onlara hüquqların uçotu depozitar tərəfindən aparıldığı halda, həmin depozitar haqqında məlumat (adı, yerləşdiyi ünvan, qiymətli kağızlar bazarının peşəkar iştirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olma müddəti);

3.1.28. tikinti işlərini həyata keçirən podratçının adı və yerləşdiyi ünvan;

3.1.29. emitentin həyata keçirdiyi digər tikinti layihələri haqqında məlumat;

3.1.30. müstəqil auditorun hesabatı ilə birlikdə, emitentin sonuncu balansı və toplu maliyyə hesabatı;

3.1.31. mənzil sertifikatlarının buraxılış şərtlərinin və tikintinin gedişatı haqqında məlumatların açıqlandığı mənbə.

3.2 Mənzil sertifikatlarının buraxılış şərtlərinin səhifələri nömrələnməli, tikilməli və emitentin möhürü ilə təsdiq edilməlidir.

 

4. Mənzil sertifikatının məcburi rekvizitləri

 

4.1. Mənzil sertifikatı aşağıdakı məcburi rekvizitləri özündə əks etdirməlidir:

4.1.1. emitentin tam adı və yerləşdiyi ünvan;

4.1.2. qiymətli kağızın adı – “Mənzil sertifikatı”;

4.1.3. mənzil sertifikatının nominal dəyəri;

4.1.4. mənzil sertifikatının sahibinin tam adını qeyd etmək üçün yer;

4.1.5. mənzil sertifikatlarının buraxılışının qeydiyyat tarixi və nömrəsi;

4.1.6. mənzil sertifikatı üzrə emitentin öhdəliyi;

4.1.7. mənzilin nömrəsi;

4.1.8. mənzil sertifikatının sahibinin hüquqları;

4.1.9. mənzil sertifikatının ödənilmə tarixi;

4.1.10. təminatçının adı və yerləşdiyi ünvan (təmin edilmiş mənzil sertifikatları üçün);

4.1.11 mənzil sertifikatını çap etmiş bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığa (lisenziyaya) malik olan mətbəənin adı, ünvanı, lisenziyanın verilmə tarixi, dövlət qeydiyyat nömrəsi.

 

5. Məlumatların açıqlanması

 

5.1. Kütləvi təklif üsulu ilə yerləşdirilən mənzil sertifikatlarının emitenti mənzil sertifikatlarını yerləşdirməzdən əvvəl onların buraxılış şərtləri ilə tanış olmaq üçün zəruri olan şəraiti yaratmalı və buraxılış şərtlərində olan məlumatlarla tanış olmağın mümkün olduğu ünvanı və vaxtı kütləvi informasiya vasitələrində açıqlamalıdır.

5.2 Kütləvi təklif üsulu ilə yerləşdirilən mənzil sertifikatının buraxılış şərtləri emitentin ünvanında, mənzil sertifikatlarının satış yerlərində olmalı və tanışlıq üçün emitent və ya onların satışını həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən heç bir ödəniş tələb edilmədən təqdim edilməlidir.

5.3. Mənzil sertifikatları qapalı yerləşdirmə üsulu ilə yerləşdirildikdə emitent mənzil sertifikatlarının buraxılış şərtlərini mənzil sertifikatlarını əldə edəcək şəxslərə açıqlamalıdır.

5.4. Mənzil sertifikatlarının yerləşdirilməsi başa çatdıqdan sonra, mənzil sertifikatlarını kütləvi təklif üsulu ilə yerləşdirmiş emitent hər rüb başa çatdıqdan sonra, növbəti ayın 15-dək tikintinin gedişatı haqqında aşağıdakı məlumatları açıqlamalıdır:

5.4.1. tikintinin mövcud vəziyyəti;

5.4.2. xərclənmiş vəsaitlərin məbləği.

5.5. Mənzil sertifikatlarını qapalı yerləşdirmə üsulu ilə yerləşdirmiş emitent bu Qaydaların 5.4-cü bəndində qeyd edilmiş məlumatı mənzil sertifikatlarının sahiblərinə hər rüb başa çatdıqdan sonra növbəti ayın 15-dək açıqlamalıdır.

 

6. Mənzil sertifikatlarının yerləşdirilməsi

 

6.1. Mənzil sertifikatlarının yerləşdirilməsi onların ilk sahiblərinə özgəninkiləşdirilməsidir. Mənzil sertifikatları qapalı yerləşdirmə və ya kütləvi təklif üsulları ilə yerləşdirilir. Mənzil sertifikatlarının qapalı yerləşdirilməsi broker vasitəsi ilə həyata keçirilir. Mənzil sertifikatlarının kütləvi təklif üsulu ilə yerləşdirilməsi fond birjasında və ya broker vasitəsi ilə birjadan kənar bazarda həyata keçirilir.

6.2. Mənzil sertifikatlarının ilk sahibinin adına rəsmiləşdirilməsi pul vəsaitlərinin xüsusi yığım hesabına daxil olmasından sonra həyata keçirilir. Mənzil sertifikatı depozitar tərəfindən alıcının adına açılmış “depo” hesabına köçürülməsindən (emitentin “depo” hesabında deponentləşdirilən mənzil sertifikatları üçün) və mənzil sertifikatlarının sahiblərinin reyestrində müvafiq qeydlər edildikdən sonra əldə edilmiş hesab edilir. Mənzil sertifikatları alıcının “depo” hesabına köçürüldüyü (emitentin “depo” hesabında deponentləşdirilən mənzil sertifikatları üçün) və reyestrdə müvafiq qeydlərin edildiyi gündən 2 (iki) iş günü ərzində depozitar tərəfindən “depo” hesabından çıxarış alıcıya təqdim edilir.

6.3. Mənzil sertifikatlarının yerləşdirilməsindən əldə edilmiş vəsaitlər yalnız buraxılış şərtləri ilə nəzərdə tutulmuş bank hesabında saxlanılır və tikinti məqsədləri üçün istifadə edilir.

6.4. Emitent mənzil sertifikatlarının yerləşdirilməsi müddəti ərzində bu Qaydaların 2 nömrəli Əlavəsinə uyğun olaraq QKDK-ya mənzil sertifikatlarının yerləşdirilməsi haqqında hesabat mənzil sertifikatlarının buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən etibarən, onların yerləşdirilməsi başa çatanadək hər altı aydan bir təqdim etməlidir.

6.5. Mənzil sertifikatlarının yerləşdirilməsi başa çatdığı tarixdən etibarən, 20 (iyirmi) iş günündən gec olmayaraq, emitent bu Qaydaların 3 nömrəli Əlavəsinə uyğun olaraq yerləşdirmənin yekunları haqqında hesabatı QKDK-ya təqdim etməlidir.

6.6. Yerləşdirmənin yekunları haqqında hesabat bu Qaydaların tələblərinə uyğun olduqda, həmin hesabat QKDK tərəfindən 15 (on beş) iş günü ərzində nəzərə alınır və emitentə bu barədə yazılı məlumat verilir.

6.7. Mənzil sertifikatlarının buraxılışının baş tutmuş hesab edilməsi üçün yerləşdirmə müddəti ərzində buraxılışa daxil olan mənzil sertifikatlarının azı 50%-i (əlli) yerləşdirilməlidir.

6.8. Mənzil sertifikatlarının yerləşdirilməsindən daxil olmuş vəsaitlərin istifadəsinə yalnız mənzil sertifikatlarının yerləşdirilməsi başa çatdıqdan və bu barədə qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edildikdən sonra yol verilir.

 

7. Mənzil sertifikatlarının yerləşdirilməsinin dayandırılması və buraxılışın baş tutmamış hesab edilməsi

 

7.1. Mənzil sertifikatlarının yerləşdirilməsinin dayandırılması QKDK-nın qərarı ilə mənzil sertifikatlarının reklamının, təklifinin və yerləşdirilməsi üzrə digər tədbirlərinin dayandırılmasıdır.

7.2. Mənzil sertifikatlarının yerləşdirilməsi aşağıdakı əsaslarla QKDK tərəfindən dayandırılır:

7.2.1. qeydiyyata alınmış mənzil sertifikatlarının buraxılış şərtlərinin və ya mənzil sertifikatlarına dair qanunvericiliyin tələbləri pozulduqda;

7.2.2. investorların hüquqları pozulduqda;

7.2.3. mənzil sertifikatlarının yerləşdirilməsindən əldə edilmiş vəsaitlər tikinti məqsədləri üçün istifadə edilmədikdə.

7.3. Mənzil sertifikatlarının yerləşdirilməsinin dayandırılması haqqında QKDK tərəfindən qərar qəbul edildikdə bu barədə emitentə dayandırmanın əsasları göstərilməklə 5 (beş) iş günü ərzində bildiriş verilir.

7.4. Mənzil sertifikatlarının yerləşdirilməsinin dayandırılması haqqında bildiriş alındıqdan dərhal sonra, emitent kütləvi informasiya vasitələri ilə bu barədə məlumat verməli və mənzil sertifikatlarının yerləşdirilməsi zamanı yol verilmiş pozuntuların 15 (on beş) iş günü müddətində aradan qaldırılmasını təmin etməlidir.

7.5. Mənzil sertifikatlarının yerləşdirilməsinin dayandırılması üçün əsas olan pozuntular aradan qaldırıldıqdan sonra, mənzil sertifikatlarının yerləşdirilməsi emitentin yazılı müraciəti əsasında QKDK tərəfindən bərpa olunur. Bu zaman mənzil sertifikatlarının yerləşdirilməsi müddəti emissiyanın dayandırıldığı müddətə uzadılır.

7.6. Mənzil sertifikatlarının yerləşdirilməsinin dayandırılması üçün əsas olan pozuntular bu Qaydaların 7.4-cü bəndində müəyyən edilmiş müddət ərzində aradan qaldırılmadıqda mənzil sertifikatlarının buraxılışı QKDK tərəfindən baş tutmamış hesab edilir.

7.7. Mənzil sertifikatlarının yerləşdirilməsi müddəti ərzində buraxılışa daxil olan mənzil sertifikatlarının 50%-dən (əlli) az hissəsi yerləşdirildikdə mənzil sertifikatlarının buraxılışı QKDK tərəfindən baş tutmamış hesab edilir.

7.8. Mənzil sertifikatlarının buraxılışı baş tutmamış hesab edildikdə, bu barədə QKDK tərəfindən emitentə, depozitara və reyestrsaxlayıcıya buraxılışın baş tutmamış hesab edilməsi barədə qərarın qəbul edildiyi tarixindən 3 (üç) iş günü ərzində müvafiq bildiriş verilir.

7.9. Mənzil sertifikatlarının buraxılışı baş tutmamış hesab edildiyi zaman mənzil sertifikatlarının sahiblərinə vəsaitlərin qaytarılması və öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar buraxılış şərtləri ilə müəyyən edilmiş kompensasiyanın ödənilməsi emitent tərəfindən təmin edilir.

 

8. Mənzil sertifikatlarının tədavülü

 

8.1. Depozitarda saxlanılan mənzil sertifikatları ilə alqı-satqı əqdlərində tərəf müqabili diler olmadıqda, əqdlər broker vasitəsilə bağlanılmalıdır. Depozitarda saxlanılmayan mənzil sertifikatları ilə əqdlər broker vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili diler olmadıqda həmin əqdlər notariat qaydasında təsdiq olunmalıdır.

8.2. Mənzil sertifikatları üzrə hüquqlar mənzil sertifikatlarının yeni sahibinin “depo” hesabına köçürülməsi (kütləvi təklif üsulu ilə yerləşdirilmiş mənzil sertifikatlarının) və mənzil sertifikatlarının sahiblərinin reyestrində müvafiq qeydlərin edilməsi yolu ilə ötürülür.

8.3. Mənzil sertifikatlarının ödənilmə tarixindən sonra, mənzil sertifikatlarının tədavülünə yol verilmir.

 

9. Mənzil sertifikatlarının ödənilməsi

 

9.1. Mənzil sertifikatının ödənilməsi emitent tərəfindən həyata keçirilir. Mənzil sertifikatlarının ödənilməsi onların sahiblərinin mülkiyyətinə mənzil sertifikatında göstərilən tikilinin verilməsi və bu hüququn dövlət qeydiyyatına alınmasından ibarətdir. Bu halda depozitarda saxlanılan mənzil sertifikatları emitentə təqdim edilir.

9.2. Mənzil sertifikatlarının ödənilməsi tarixindən etibarən 2 (iki) ay ərzində emitent mənzil sertifikatlarının sahiblərinə, onlar tərəfindən verilmiş etibarnamə əsasında, müvafiq mənzillərə mülkiyyət hüquqlarını təsdiq edən sənədləri təqdim etməlidir.

9.3. Mənzil sertifikatlarının buraxılış şərtləri ilə müəyyən edilmiş müddət ərzində tikinti başa çatdırılmadıqda və ya emitent tərəfindən bu Qaydaların 9.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində mənzillərə mülkiyyət hüququnu təsdiq edən sənədlər mənzil sertifikatlarının sahiblərinə təqdim edilmədikdə, emitent tərəfindən mənzil sertifikatlarının sahiblərinə mənzil sertifikatının nominal dəyəri və buraxılış şərtləri ilə müəyyən edilmiş kompensasiya ödənilir.

9.4. Mənzil sertifikatları təmin edilmiş olduqda, emitent tərəfindən onların nominalı dəyəri və kompensasiya ödənilmədikdə bu Qaydaların 9.2.-ci bəndində göstərilmiş müddət başa çatdıqdan sonra, bir ay ərzində mənzil sertifikatlarının nominal dəyəri və kompensasiya təminatçı tərəfindən ödənilir.

9.5. Emitent hər bir mənzil sertifikatının ödənilməsi tarixindən etibarən 5 (beş) iş günü ərzində bu barədə məlumatı, mənzil sertifikatları sahibinin mülkiyyətinə mənzil sertifikatında göstərilən mənzilin verilməsinin dövlət qeydiyyatına alınması haqqında müvafiq sənədin surətini və ya mənzil sertifikatlarının sahiblərinə mənzil sertifikatının nominal dəyərinin və buraxılış şərtləri ilə müəyyən edilmiş kompensasiyanın ödənilməsini təsdiq edən sənədin sürətini reyestrsaxlayıcıya, depozitara (olduqda) və təminatçıya (olduqda) təqdim etməlidir.

9.6. Mənzil sertifikatları təminatçı tərəfindən ödənildikdə bu Qaydaların 9.5-ci bəndi ilə nəzərdə tutulmuş məlumat reyestrsaxlayıcıya təminatçı tərəfindən təqdim edilir.

9.7. Mənzil sertifikatlarının ödənilməsi tarixindən etibarən 3 (üç) ay ərzində reyestrsaxlayıcı onların ödənilməsi haqqında məlumatı (ödənilmiş mənzil sertifikatlarının sayı və ödənişin qaydasını göstərməklə) QKDK-ya təqdim etməlidir.

 

 


 

Azərbaycan Respublikasında mənzil sertifikatlarının

 buraxılışı, tədavülü və ödənilməsi Qaydaları”na

Əlavə №1

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ

 QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

QİYMƏTLİ KAĞIZLARIN DÖVLƏT REYESTRİNDƏN

ÇIXARIŞ

 

Mənzil sertifikatlarının emitenti

 

........................................................................................

 

Mənzil sertifikatlarının buraxılışının dövlət qeydiyyat nömrəsi

......................................................................................

 

Tikintinin ünvanı

 

.....................................................................................

 

Buraxılışa daxil olan mənzil sertifikatlarının sayı

......................................................................................

 

 

QKDK-nın səlahiyyətli şəxsi   /......................................./             .........................................

                                                      (imza)                                                    (adı və soyadı)

 

M. Y.

 

 


 

“Azərbaycan Respublikasında mənzil sertifikatlarının

 buraxılışı, tədavülü və ödənilməsi Qaydaları”na

Əlavə №2

 

MƏNZİL SERTİFİKATLARININ YERLƏŞDİRİLMƏSİ

HAQQINDA HESABAT

 

Emitentin adı: …………………………...….………................………….....…………………………

 

Mənzil sertifikatlarının buraxılışının dövlət

qeydiyyat nömrəsi və qeydiyyat tarixi: …..…………………..……...………………..……………

 

Mənzil sertifikatlarının növü:……..………………………………………………………................

 

Buraxılışa daxil olan Mənzil sertifikatlarının sayı: ................................….......……………….....

 

Hesabat dövrü: ……....……………………………………………………...........…………………....

 

Yerləşdirilmiş Mənzil sertifikatlarının sayı: ……………………………........……………………

 

Mənzil sertifikatlarının yerləşdirilməsindən

daxil olan vəsaitin məbləği: …………………………………........………………………...………..

 

Emitentin olduğu yer, poçt indeksi göstərilməklə: …………...…................…………….............

 

Emitentin əlaqə telefonlarının nömrələri,

şəhərlərarası telefon kodu göstərilməklə: .....................……………………...................................

 

Emitentin rəhbərinin vəzifəsi, soyadı, adı və atasının adı: …..………….....................................

 

                                                                                                                         imza

Tarix …………………………

 

                                                                      M. Y.

 

 


 

“Azərbaycan Respublikasında mənzil sertifikatlarının

 buraxılışı, tədavülü və ödənilməsi Qaydaları”na

Əlavə №3

 

MƏNZİL SERTİFİKATLARININ YERLƏŞDİRİLMƏSİNİN

YEKUNLARI HAQQINDA HESABAT

 

Emitentin adı: …………………………….....................................................……………….….......…

 

Mənzil sertifikatlarının buraxılışının dövlət

qeydiyyat nömrəsi və qeydiyyat tarixi: …..…………………..…………................………….…....

 

Mənzil sertifikatlarının növü:  ………………………............................………................................

 

Buraxılışa daxil olan Mənzil sertifikatlarının sayı: ………………................................…….......

 

Mənzil sertifikatlarının yerləşdirilməsinin

başlanma və başa çatma tarixləri: .............................…….……………….. ………………….…......

 

Yerləşdirilmiş Mənzil sertifikatlarının sayı: ………………………………........………….….......

 

Mənzil sertifikatlarının yerləşdirilməsindən

daxil olan vəsaitin məbləği: ..........................................…..........................……………………….…

 

Emitentin olduğu yer, poçt indeksi göstərilməklə: …………………….………………….….......

 

Emitentin əlaqə telefonlarının nömrələri,

şəhərlərarası telefon kodu göstərilməklə: ...............…….………………..........……………….…..

 

Emitentin rəhbərinin vəzifəsi, soyadı, adı və atasının adı:

…………………………………..............................................................……..………………….….......

 

                                                                                                                  imza

 

Tarix _____________________

                                                                                            M. Y.

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 3 fevral 2016-cı il tarixli 11-q nömrəli Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 fevral 2016-cı il tarixli 11-q nömrəli Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201602030011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 fevral 2016-cı il) ilə 2011-ci il 12 sentyabr tarixli 04 nömrəli Qərarın 1-ci hissəsi ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status