AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
05.11.2012
QEYDİYYAT NÖMRƏSİ
736
ADI
Yüksək Texnologiyalar Parkının yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-11-2012, Nəşr nömrəsi: 247), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2012, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1096)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201211050736
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.11.2012
Yüksək Texnologiyalar Parkının yaradılması haqqında

Yüksək Texnologiyalar Parkının yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Bakı şəhəri, Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkı (bundan sonra - “YT Park”) yaradılsın. [1]

2. Müəyyən edilsin ki, “YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi: [2]

3.1. “YT Park”ın fəaliyyətinin təşkili üçün bu Fərmanın 7.1.1-ci yarımbəndinə müvafiq olaraq ayrılmış ərazidə zəruri infrastrukturun yaradılması, xidmətlər göstərilməsinin və parkın fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün tədbirlər görülməsini;

3.2. “YT Park”ın fəaliyyət istiqamətləri üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın təşkili və genişləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görülməsini təmin etsin. [3]

4. “YT Park”ın fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi həyata keçirir. [4]

5. “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:

5.1.1. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;

5.1.2. Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;

5.1.3. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. Cəmiyyətin müşahidə şurasının seçilməsi;

5.1.5. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

5.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

5.2. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:

5.2.1. Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona dəyişikliklərin təsdiqi;

5.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyində hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;

5.2.3. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

6. Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. [5]

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

7.1. üç ay müddətində:

7.1.1. “YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən 50 ha torpaq sahəsinin Cəmiyyətə ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [6]

7.1.2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə “Texnologiyalar parkları haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.1.3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə “YT Park”da vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin; [7]

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 noyabr 2012-ci il

     № 736

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 sentyabr 2013-cü il tarixli 984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1050)

  1. 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

3.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

4.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

5.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

6.        12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 sentyabr 2013-cü il tarixli 984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1050) ilə 1-ci hissədə “Sumqayıt şəhərində” sözləri “Bakı şəhəri, Pirallahı rayonunda” sözləri ilə əvəz edilmişdir.

 

[2] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 3-cü və 4-cü hissələrdə, 5.1-ci və 5.2-ci bəndlərdə, 7.1.2-ci və 7.1.3-cü yarımbəndlərdə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 3-cü və 4-cü hissələrə, 5.1-ci və 5.2-ci bəndlərə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

[3] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə 3.2-ci bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 3.2-ci bənddən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[4] 12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027) ilə 4-cü hissə yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

4. “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

 

[5] 12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027) ilə 5-ci, 6-cı və 8-ci hissələr ləğv edilmişdir.

 

[6] 16 sentyabr 2013-cü il tarixli 984 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1050) ilə 7.1.1-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

7.1.1. “YT Park”ın fəaliyyəti üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin tabeliyindəki Superfosfat Zavodunun ərazisindən 30 hektar torpaq sahəsinin Cəmiyyətə verilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

[7] 12 iyun 2019-cu il tarixli 735 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №6, maddə 1027) ilə 7.2-ci bənddən “, habelə “Yüksək Texnologiyalar Parkı - “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status