![]() |
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ |
Aktın növü |
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı |
Qəbul edildiyi tarix |
19.12.2012 |
Qeydiyyat nömrəsi |
20 |
Adı |
“Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiya” Qaydalarının təsdiq edilməsi haqqında |
Rəsmi dərc edildiyi mənbə |
|
Qüvvəyə minmə tarixi |
29.12.2012 |
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu |
090.110.000 |
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi |
15201212190020 |
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix |
28.12.2012 |
"Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanını və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏRARA ALIR:
1. “Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiya” Qaydaları təsdiq edilsin (Əlavə olunur). [1]
2. Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələləri həll etsin.
4. Ümumi şöbəyə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və QKDK-nın Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.
5. QKDK sədrinin 17 avqust 2009-cu il tarixli 158 nömrəli Əmri ilə təsdiq edilmiş “Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiya” Qaydaları ləğv edilsin.
6. Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.
|
|
Qiymətli kağızlar bazarı iştirakçılarının attestasiya
Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında” Qaydalara və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 07 noyabr tarixli 174 nömrəli “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” Qərara müvafiq olaraq hazırlanmış və qiymətli kağızlar bazarında peşəkar fəaliyyət növləri ilə məşğul olmaq üçün attestasiya qaydalarını müəyyən edir.
2. Attestasiyanın məqsədi
2.1. Attestasiya, qiymətli kağızlar bazarında peşəkar fəaliyyətin müxtəlif növləri ilə məşğul olmaq istəyən şəxslərin bilik və bacarıqlarının onların qiymətli kağızlar bazarında iddia etdikləri müvafiq funksiyalara uyğunluğunu müəyyən etmək məqsədi ilə keçirilir. Attestasiya rəhbər və sıravi əməkdaşlar olmaqla iki kateqoriya üzrə aparılır.
2.2. Attestasiya “ümumi nəzəriyyə” və “qiymətli kağızlar bazarı ilə bağlı qanunvericilik” istiqamətində aparılır. Hər bir istiqamət üzrə minimum keçid balı ayrı-ayrılıqda müəyyən edilir.
2.3. Attestasiyada minimal keçid balı və ya daha yüksək bal toplamış şəxslərə müvafiq fəaliyyət növü üzrə ixtisas şəhadətnaməsi verilir.
3. Attestasiya komissiyasının təşkili və fəaliyyəti
3.1. Attestasiyanın keçirilməsi üçün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (bundan sonra – QKDK) 5 (beş) əməkdaşından ibarət mərkəzi attestasiya komissiyası yaradılır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi (bundan sonra – İdarə) tərəfindən attestasiyanın keçirilməsi üçün İdarənin rəhbərinin əmri ilə İdarənin 3 (üç) əməkdaşından ibarət yerli attestasiya komissiyası yaradılır.
3.2. Mərkəzi attestasiya komissiyasının sədri hər iki komissiyanın fəaliyyətini əlaqələndirir və onlara ümumi rəhbərliyi həyata keçirir.
3.3. Mərkəzi attestasiya komissiyası attestasiyanın keçirilməsini təmin edir və aşağıdakı səlahiyyətlərə malikdir:
3.3.1. hər bir peşəkar fəaliyyət növü üzrə keçiriləcək attestasiya suallarının sayının və cavablarının müəyyən edilməsi, habelə attestasiya imtahanının davam etmə müddətinin müəyyən edilməsi;
3.3.2. attestasiyanın keçirilmə tarixinin və vaxtının müəyyən edilməsi;
3.3.3. hər bir peşəkar fəaliyyət növü üzrə attestasiyanın minimal keçid balının müəyyən edilməsi;
3.3.4. attestasiyanın nəticələri üzrə qərarın qəbul edilməsi;
3.3.5. komissiyanın işinin təkmilləşdirilməsi üçün təkliflərin irəli sürülməsi;
3.3.6. apellyasiya şikayətlərinə baxılması.
3.4. Yerli attestasiya komissiyası Naxçıvan Muxtar Respublikası ərazisində peşəkar fəaliyyətlə əlaqədar attestasiyanın keçirilməsini təmin edir və aşağıdakı səlahiyyətlərə malikdir:
3.4.1. attestasiyanın keçirilmə tarixinin və vaxtının müəyyən edilməsi;
3.4.2. attestasiyanın nəticələri üzrə qərarın qəbul edilməsi;
3.4.3. komissiyanın işinin təkmilləşdirilməsi üçün təkliflərin irəli sürülməsi.
4. Attestasiyanın keçirilməsi və qiymətləndirilmə
4.1. Attestasiyadan keçmək üçün QKDK-ya, Naxçıvan Muxtar Respublikası ərazisində attestasiyadan keçmək üçün isə İdarəyə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almaq istəyən, habelə həmin xüsusi razılığa (lisenziya) malik olan şəxslər və ya səhmdarların reyestrini özü aparmaq istəyən səhmdar cəmiyyətləri tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:
4.1.1. attestasiyadan keçmək üçün ərizə-anket (Əlavə № 1);
4.1.2. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin sürəti;
4.1.3. namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;
4.1.4. namizədin ali təhsili haqqında sənədin surəti;
4.1.5. namizədin 2 (iki) ədəd 4x6 ölçüdə fotoşəkili;
4.2. Təqdim edilmiş sənədlərdə nöqsan və ya uyğunsuzluq olmadıqda, müraciət edildikdən sonrakı 30 (otuz) iş günü müddətində attestasiya təşkil olunur. Attestasiyanın yeri və keçirilmə tarixi haqqında məlumat namizədə attestasiyanın keçirilməsinə 5 (beş) iş günü qalmış yazılı şəkildə bildirilir.
4.3. Attestasiyadan keçmək üçün təqdim edilən sənədlərdə nöqsan və ya uyğunsuzluq aşkar edildikdə ərizəçiyə 15 (on beş) iş günü müddətində nöqsanların və ya uyğunsuzluğun aradan qaldırılması üçün rəsmi bildiriş göndərilir.
4.4. Attestasiya avtomatlaşdırılmış test üsulu ilə həyata keçirilir.
4.5. Hər bir attestasiya sualı yalnız biri doğru olmaqla 4 (dörd) cavab variantına malikdir.
4.6. Attestasiya üzrə cavabların məqbul olub-olmaması avtomatlaşdırılmış test sistemi tərəfindən müəyyən olunur.
4.7. Attestasiya suallarının cavabları aşağıdakı qaydada qiymətləndirilir:
4.7.1. düzgün cavab 3 (üç) bal;
4.7.2. səhv cavab – 1 (mənfi bir) bal;
4.7.3. cavablandırılmamış 0 (sıfır) bal.
4.8. Attestasiyanın nəticələri avtomatlaşdırılmış sistemin müvafiq çıxarışı əsasında dərhal elan edilir və iştirakçıya həmin çıxarış təqdim edilir.
4.9. Attestasiyanın nəticələri haqqında mərkəzi attestasiya komissiyası və ya müvafiq olaraq yerli komissiya tərəfindən protokol tərtib edilir və azı 3 (üç) komissiya üzvünün iştirakı ilə qərar qəbul olunur. Yerli attestasiya komissiyası tərəfindən attestasiyanın nəticələri üzrə qəbul olunmuş qərarın surəti 3 (üç) iş günü ərzində İdarə tərəfindən QKDK-ya göndərilir.
4.10. Attestasiyanın nəticələrinə əsasən minimal keçid balını və ya daha yüksək bal toplamış şəxsə QKDK tərəfindən 3 (üç) iş günü ərzində müvafiq ixtisas şəhadətnaməsi verilir. Minimal keçid balını toplamamış şəxsə bu barədə QKDK və ya müvafiq olaraq İdarə tərəfindən yazılı məlumat verilir.
4.11. Attestasiya keçirilən zaman ərizəçinin xüsusi və ya məlumat xarakterli ədəbiyyatdan, rabitə vasitələrindən və hər hansı məlumat daşıyıcılarından istifadə etməsinə, habelə imtahan vaxtı digər ərizəçilərlə məsləhətləşməsinə, ünsiyyət qurmasına və attestasiyanın keçirildiyi otağı müvəqqəti tərk etməsinə yol verilmir. Bu tələblərə riayət etməyən ərizəçinin attestasiyası dayandırılır və attestasiyadan keçməməsi haqqında qərar qəbul olunur.
4.12. Attestasiyanın keçirildiyi otaqda müvafiq komissiyanın üzvlərindən, komissiyanın müəyyən etdiyi səlahiyyətli şəxslərdən və attestasiyadan keçən şəxslərdən başqa digər şəxslərin olmasına yol verilmir.
4.13. Ərizəçi attestasiyanın nəticəsi barədə qəbul olunmuş qərarla razılaşmadıqda, QKDK-ya 7 (yeddi) iş günü ərzində apellyasiya şikayəti ilə müraciət edə bilər. Apellyasiya şikayətinə 15 (on beş) iş günü ərzində baxılır və müvafiq qərar qəbul olunur. Qəbul olunmuş qərar haqqında məlumat yazılı surətdə 5 (beş) iş günü ərzində ərizəçiyə bildirilir.
4.14. Test üzrə cavablar məqbul hesab edilmədikdə 1 (bir) aydan sonra, attestasiyaya gəlmədiyi halda isə 3 (üç) aydan sonra ərizəçi attestasiyadan keçmək üçün yenidən müraciət edə bilər.
5. İxtisas şəhadətnaməsinin qüvvədə olma müddəti
5.1. İxtisas şəhadətnaməsi 5 (beş) il müddətinə verilir.
5.2. İxtisas şəhadətnamələrinin reyestri QKDK tərəfindən aparılır.
5.3. Qüvvədə olan ixtisas şəhadətnaməsinin müddətinin bitməsinə 3 (üç) ay və ya daha az müddət qalmış yeni ixtisas şəhadətnaməsinin verilməsi üçün müraciət edilə bilər.
5.4. İxtisas şəhadətnaməsinin yeni müddətə verilməsi bu Qaydaların 4-cü bəndində göstərilən qaydada həyata keçirilir. Qüvvədə olan ixtisas şəhadətnaməsinə malik ərizəçi attestasiyadan müsbət nəticə ilə keçdikdə, yeni ixtisas şəhadətnaməsi həmin fəaliyyət növü üzrə verilmiş əvvəlki ixtisas şəhadətnaməsinin müddəti bitdiyi gündən verilir.
5.5. İxtisas şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində həmin ixtisas üzrə son 2 (iki) il fasiləsiz iş stajına malik və ya son 5 (beş) il ərzində fasilələrlə 3 (üç) il 6 (altı) ay iş stajına malik olan şəxs yeni ixtisas şəhadətnaməsini attestasiyadan keçmədən əldə edir. Bu halda QKDK-ya və ya müvafiq olaraq İdarəyə aşağıdakılar təqdim edilməlidir:
5.5.1. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin sürəti;
5.5.2. eyni ixtisas üzrə ixtisas şəhadətnaməsinin alınması üçün ərizə;
5.5.3. son 2 (iki) il fasiləsiz və ya son 5 (beş) il ərzində fasilələrlə 3 (üç) il 6 (altı) ay iş stajına malik olması haqqında sənədin surəti;
5.5.4. namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti (dəyişiklik olduqda);
5.5.5. namizədin təhsili haqqında sənədin surəti (dəyişiklik olduqda);
5.5.6. namizədin 2 (iki) ədəd 4x6 ölçüdə fotoşəkili.
5.7. İxtisas şəhadətnaməsinə malik olan şəxs qiymətli kağızlar bazarının peşəkar iştirakçısının ştatına daxil olandan sonra 10 (on) iş günü ərzində QKDK-ya və ya müvafiq olaraq İdarəyə həmin peşəkar iştirakçı tərəfindən təsdiq edilmiş arayış təqdim edilməlidir. İxtisas şəhadətnaməsinə malik olan şəxs iş yerini dəyişərsə 10 (on) iş günü ərzində QKDK-ya və ya müvafiq olaraq İdarəyə bu barədə məlumat verməlidir.
|
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 29 sentyabr 2015-ci il tarixli 13-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 sentyabr 2015-ci il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 sentyabr 2015-ci il tarixli 13-q nömrəli Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201509290013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 sentyabr 2015-ci il) ilə 1-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir.