AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
28.12.2012
QEYDİYYAT NÖMRƏSİ
323
ADI
“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 31-12-2012, Nəşr nömrəsi: 294), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2012, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1386)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.12.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201212280323
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.01.2013
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.3.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 28 dekabr 2012-ci il

                  № 323

 


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 28 dekabr tarixli

323 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması

 

QAYDALARI

 

1. Ümumi müddəa

 

Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra-Gömrük Məcəlləsi) 279.2-ci maddəsinə əsasən hazırlanmışdır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların (bundan sonra - mallar) reyestrinin aparılması qaydalarını müəyyən edir.

 

2. Malların reyestrə daxil edilməsi və oradan çıxarılması

 

2.1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə malların reyestrini kağız üzərində və elektron daşıyıcılarda aparır.

2.2. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) mallar gömrük sərhədindən keçirilərkən, onun əqli mülkiyyət hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə Komitəyə əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Ərizə kağız üzərində yazılı və ya elektron formada təqdim edilir.

2.3. Əqli mülkiyyət hüquqlarının qorunması və malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:

2.3.1. hüquq sahibi haqqında məlumat;

2.3.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat;

2.3.3. malların təsviri;

2.3.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar;

2.3.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.

2.4. Ərizəyə mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.

2.5. Bu Qaydaların 2.3.5-ci yarımbəndində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi üçün ərizəçi Gömrük Məcəlləsinin 258.1-ci maddəsində göstərilən təminatlardan birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada gömrük orqanları tərəfindən müəyyənləşdirilir.

2.6. Ərizə ilə birlikdə malların, habelə pirat, yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər.

2.7. Komitə ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və malların reyestrə daxil edilməsi, yaxud bu Qaydaların 2.8-ci bəndində nəzərdə tutulmuş halda bundan imtina edilməsi barədə qərar qəbul edir.

2.8. Ərizəçi Gömrük Məcəlləsinin 280-ci maddəsinin tələblərinə riayət etmədiyi halda, Komitə malların reyestrə daxil edilməsindən imtina olunması barədə ərizəçini yazılı formada məlumatlandırır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra malların reyestrə daxil edilməsi barədə ərizə ilə yenidən müraciət oluna bilər.

2.9. Ərizədə və ya ona əlavə olunmuş sənədlərdəki məlumatlarda dəyişiklik edildikdə, ərizəçi dərhal bu barədə Komitəyə məlumat verməlidir.

2.10. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar ərizəçinin təqdim etdiyi səhv məlumatlar əsasında reyestrə daxil olunduğu hallarda, həmin mallar Komitənin qərarı ilə reyestrdən çıxarılır. Bu barədə Komitə ərizəçini yazılı formada məlumatlandırır.

2.11. Malların reyestrə daxil edilməsi haqqında qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin mallar reyestrə daxil edilir.

2.12. Reyestrə aşağıdakı məlumatlar daxil edilir:

2.12.1. malların qeydiyyat nömrəsi;

2.12.2. malların adı (təsviri);

2.12.3. hüquq sahibi haqqında məlumatlar;

2.12.4. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat;

2.12.5. malların reyestrə daxil edildiyi tarix;

2.12.6. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu;

2.12.7. qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada hüquq sahibinin maraqlarını təmsil edən şəxslər haqqında məlumatlar (hüquqi şəxsin adı, hüquqi ünvanı, elektron ünvanı (olduqda), əlaqə telefonları və ya fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, elektron ünvanı (olduqda), əlaqə telefonları);

2.12.8. reyestrə daxil edilmiş mallar barədə Komitə tərəfindən gömrük orqanlarına göndərilmiş məktubun tarixi və qeydiyyat nömrəsi.

2.13. Əqli mülkiyyət obyektinin reyestrə daxil edilməsinə dair qeydiyyat nömrəsi - XXXXX/YYY/ZZ/GGAAİİ işarələri ilə formalaşdırılır. Buradakı işarələr aşağıdakıları ifadə edir:

2.13.1. XXXXX - Komitə tərəfindən mallara ardıcıllıqla verilmiş beşrəqəmli nömrə;

2.13.2. YYY - Komitənin qərarının üçrəqəmli nömrəsi;

2.13.3. ZZ - əqli mülkiyyət obyekti növünün ikihərfli kodu;

2.13.4. GGAAİİ - malların reyestrə daxil edilmə tarixi, hər biri iki rəqəmlə göstərilməklə gün, ay və il.

2.14. Aşağıdakı hallarda mallar reyestrdən çıxarılır:

2.14.1. ərizəçinin yazılı müraciəti əsasında;

2.14.2. ərizədə göstərilən məlumatların bu Qaydaların 2.3-cü bəndinin tələblərinə uyğun olmadığı müəyyən edildikdə;

2.14.3. məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən reyestrə daxil edilmiş malların hüquq sahibləri həmin mallara olan hüquqlardan məhrum edildikdə və ya onların bu hüquqları məhdudlaşdırıldıqda;

2.14.4. hüquq sahibinin dəyişilməsi və ya bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədlərin vaxtından əvvəl qüvvədən düşməsi barədə məlumat verilmədikdə;

2.14.5. malların səhv məlumatlar əsasında reyestrə daxil edilməsi aşkar olunduqda.

 

3. Malların reyestrində olan məlumatların gömrük orqanlarına və ərizəçilərə çatdırılması

 

3.1. Bu Qaydaların 2.12-ci bəndində göstərilmiş məlumatlar kağız üzərində yazılı və ya elektron formada gömrük orqanlarına və ərizəçilərə çatdırılır.

3.2. Malların reyestrində olan məlumatlar reyestrə daxil edildiyi tarixdən kağız üzərində yazılı və ya elektron formada 1 (bir) iş günü müddətində gömrük orqanlarına və ərizəçiyə göndərilir.

 

4. Gömrük orqanları tərəfindən hüquqların qorunma müddəti

 

4.1. Hüquq sahibinin hüquqlarının qorunma müddəti Komitə tərəfindən malların reyestrə daxil edilməsi haqqında qərar qəbul olunduğu gündən etibarən ərizəçinin göstərdiyi müddət nəzərə alınmaqla, 5 (beş) ilədək müəyyən olunur. Ərizəçinin müraciəti olduqda, Komitənin qərarı ilə həmin müddət uzadılır.

4.2. Mallara olan hüquqların gömrük orqanları tərəfindən qorunmasının ümumi müddəti hüquq sahibinin əqli mülkiyyət obyektinə olan hüquqlarının qüvvədə olma müddətindən artıq olmamalıdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status