AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
18.01.2013
QEYDİYYAT NÖMRƏSİ
9
ADI
“Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 25-01-2013, Nəşr nömrəsi: 17), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2013, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 70)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
25.01.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201301180009
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.01.2013
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 18 yanvar 2013-cü il

                  № 9

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 18 yanvar tarixli 9 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması

 

QAYDALARI

 

1. Bu qaydalar “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması ilə bağlı məsələləri tənzimləyir.

2. Nüsxələrinə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin dövlət reyestri (bundan sonra - Dövlət Reyestri)  audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinə (bundan sonra - nüsxələr) yapışdırılan nəzarət markalarının verilməsi üçün sənədlər, nüsxələri hazırlayan (istehsal edən) və yayan hüquqi və fiziki şəxslər (hüquqi şəxsin təşkilati-hüquqi forması), nüsxələrin adları, seriyası, nömrəsi və verilmə tarixi göstərilməklə, nəzarət markalarının sayı barədə məlumatları özündə əks etdirən dövlət informasiya ehtiyatıdır.

3. Dövlət Reyestri “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) tərəfindən aparılır. [1]

4. Dövlət Reyestri (forması əlavə olunur) kağız və elektron daşıyıcılarda tərtib edilir. Kağız daşıyıcıda tərtib edilən Dövlət Reyestri kitabı cildlənir, hər bir səhifəsi nömrələnir, qaytanlanır və möhürlənir.

5. Dövlət Reyestri hər il üzrə ayrıca tərtib edilir. İl tamam olduqda, bu Qaydaların 12-ci hissəsində göstərilən məlumatların daxil edildiyi səhifələrin sayı və qalan boş səhifələrin sayı, reyestrin aparılmasının başlandığı və həmin il üzrə qurtardığı tarixləri göstərilməklə “Xüsusi qeydlər” nəzərdə tutulan səhifədə Dövlət Reyestrini aparan məsul işçi tərəfindən müvafiq qeyd aparılır.

6. Dövlət Reyestrinə daxil edilən hüquqi və fiziki şəxslərin adları və digər məlumatlar düzgün yazılmalı, reyestr nömrələrinin sıra ardıcıllığına əməl edilməli, göstərilən məlumatlar bütöv verilməli, qeydlər aydın və yığcam olmalıdır.

7. Dövlət Reyestrində aşkar edilmiş səhv məlumatın (qeydin) üstündən xətt çəkilir və bu Qaydalara uyğun yeni qeydlər yazılır. Yeni qeyddə səhv hesab edilmiş məlumata (qeydə) istinad olunur.

8. Dövlət Reyestri Azərbaycan dilində tərtib edilir. Xarici adlar Azərbaycan dilinin tələffüz qaydalarına uyğun şəkildə Azərbaycan əlifbası ilə yazılır.

9. Dövlət Reyestri kitabına daxil edilən məlumatlar bu məlumatlar üçün ayrılmış bölməyə yerləşmədikdə, həmin bölməyə əlavə vərəqlər tikilir. Belə əlavələr edildikdə, reyestri aparan şəxs kitabın "Xüsusi qeydlər" nəzərdə tutulan səhifəsində müvafiq əlavə barədə qeyd yazmalıdır.

10. Dövlət Reyestrinin kağız və elektron daşıyıcılarındakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcıda olan qeydlər əsas götürülür.

11. Dövlət Reyestri illər üzrə və nüsxələrə yapışdırılmaq üçün nəzarət markalarının verilməsindən sonra istifadəçilər tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Agentliyə təqdim edilən və bu Qaydaların 12-ci hissəsində göstərilən sənədlər və məlumatlar əsasında aparılır.

12. Nəzarət markaları istifadəçiyə verildiyi tarixdən 3 iş günündən gec olmayaraq aşağıdakı məlumatlar Agentlik tərəfindən Dövlət Reyestrinə daxil edilir:

12.1. nəzarət markalarının verilməsi üçün ərizənin (sifarişin) Agentliyə daxil olma tarixi və qeydiyyat nömrəsi, ərizəçinin (sifarişçinin) adı (fiziki şəxsin soyadı, adı, atasının adı, yaşadığı və olduğu yer), hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, əlaqə telefonları, elektron poçt ünvanları və müraciətin qısa məzmunu;

12.2. nüsxələrin növü, hazırlandığı (istehsal edildiyi) yer (ölkə, şəhər);

12.3. nüsxələrin adları və yazıldığı maddi daşıyıcının növü;

12.4. müəlliflərin (hüquq sahiblərinin), ifaçıların adları;

12.5.  nüsxələrin kim tərəfindən və nə vaxt hazırlanması barədə məlumatlar;

12.6.  nəzarət markasının verilməsi barədə qərarın qəbul edildiyi tarix;

12.7. nəzarət markalarının istifadəçilərə təhvil verildiyi tarix, təhvil alan şəxsin adı.

13. Nəzarət markalarını alan hüquqi şəxs fəaliyyətini dayandırdıqda, yenidən təşkil olunduqda və ya ləğv edildikdə, yaxud məhkəmənin qərarı ilə müflis elan olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs hüquqi şəxs yaratdıqda və ya həyata keçirdiyi sahibkarlıq fəaliyyətini dayandırdıqda, bu barədə Dövlət Reyestrinin “Hüquqi varislik” qrafasında müvafiq qeyd yazılır.

14. Bu qaydaların 12-ci hissəsində göstərilən məlumatlar ictimaiyyət üçün açıqdır. Maraqlı şəxslərin və qanunla səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının müraciətləri əsasında 3 iş günü müddətində Dövlət Reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində verilir.

15. İstifadəçilərin Agentliyə təqdim etdikləri sənədin (sənədlərin) saxta olduğu və ya məlumatlarda təhriflərə yol verildiyi müəyyən edildikdə, bu Qaydaların 12-ci hissəsində nəzərdə tutulan məlumatlar Dövlət Reyestrinə daxil edilmir, yaxud daxil edilmiş belə məlumatlar Agentliyin İdarə Heyətinin sədrinin müvafiq qərarı ilə qüvvədən düşmüş hesab olunur və bu barədə Dövlət Reyestrinin “Məlumatların hüquqi qüvvəsi” qrafasında müvafiq qeyd yazılır. [2]

 

 


 

“Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”na

ƏLAVƏ

 

 

Nüsxələrinə nəzarət markası yapışdırılan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab)

 

DÖVLƏT REYESTRİNİN FORMASI

 

 

Ərizənin (sifarişin) qeydiyyat tarixi və qeydiyyat nömrəsi

Ərizəçi (sifarişçi) fiziki şəxs olduqda soyadı, adı, atasının adı, yaşadığı və olduğu yerin ünvanı, əlaqə telefonları, elektron poçt ünvanı (olduğu halda)

Ərizəçi (sifarişçi) hüquqi şəxs olduqda hüquqi şəxsin adı, təşkilati hüquqi forması, yerləşdiyi  ünvan, əlaqə telefonları, elektron poçt ünvanı

Müraciətin qısa məzmunu

Nüsxələrin növü, hazırlandığı (istehsal edildiyi) yer (ölkə, şəhər) barədə məlumat

Nüsxələrin adları və yazıldığı maddi daşıyıcının növü

Müəlliflərin (hüquq sahiblərinin), ifaçıların adları

Nüsxələrin istehsalçısı və nə vaxt hazırlandığı barədə məlumat

Nəzarət markasının istifadəçiyə verilməsi barədə qərarın qəbul edildiyi tarix

Nəzarət markalarının təhvil verildiyi tarix

Nəzarət markalarını Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən təhvil alan şəxsin soyadı, adı, atasının adı, yaşadığı və olduğu yer [3]

Verilmiş nəzarət markalarının sayı (əvvəlinci və sonuncu sıra nömrələri daxil olmaqla seriya nömrələri göstərilməlidir)

Hüquqi varislik

Məlumatların hüquqi qüvvəsi

Xüsusi qeydlər

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 dekabr 2017-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2509)

2.       3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902) ilə “Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nın 3-cü hissədə “2.2-ci” sözü “2.3-cü” sözü ilə və “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 dekabr 2017-ci il tarixli 561 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2509) ilə “Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”nın 15-ci hissəsinə “Agentliyin” sözündən sonra “İdarə Heyətinin” sözləri əlavə edilmişdir.

 

[3] 3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902) ilə “Nüsxələrinə nəzarət markası yapışdırılması nəzərdə tutulan müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) dövlət reyestrinin aparılması Qaydaları”na əlavənin 11-ci sütununda “Müəllif Hüquqları” sözləri “Azərbaycan Respublikasının Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status