“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Yaqub EYYUBOV,
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Bakı şəhəri, 31 yanvar 2013-cü il
№ 17
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 31 yanvar tarixli 17 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Evdə (səyyar) sosial xidmətin göstərilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən hazırlanmışdır və əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.
[1]
1.2. Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.
1.3. Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlilliyi olan şəxslər ayrıca qeydə alınırlar.
1.4. İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.
2. Evdə (səyyar) sosial xidmət göstərilməsi üçün müraciət edilməsi
2.1. Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə müraciət edirlər.
[2]
2.2. Sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.
[3]
2.3. Sosial xidmətin göstərilməsi barədə müraciət Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə daxil olduğu gündən sonra, 10 (on) iş günü müddətində sosial işçi tərəfindən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi aparılır və sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən hesabat və şəxsə (ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi plan hazırlanır.
2.4. Sosial işçi tərəfindən hesabatın təqdim edildiyi gündən sonra, 5 (beş) iş günü müddətində Qurum və ya Mərkəz tərəfindən sosial xidmətin göstərilməsi və ya sosial xidmətin göstərilməsindən imtina edilməsi barədə qərar qəbul olunur.
3. Evdə (səyyar) sosial xidmətin təşkili
3.1. Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.
3.2. Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
3.2.1. sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;
3.2.2. qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlilliyi olan şəxslərin internat evinə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;
[4]
3.2.3. əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərmək;
3.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;
3.2.5. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial uyğunlaşmasına dəstək vermək;
3.2.6. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;
3.2.7. ailənin sosial inkluziyasına köməklik göstərmək;
3.2.8. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək.
3.3. Sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:
3.3.1. yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);
3.3.2. özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;
3.3.3. şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;
3.3.4. yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;
3.3.5. yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;
3.3.6. paltarların xırda təmirini etmək;
3.3.7. mənzili yığışdırmaq və təmizləmək;
3.3.8. zəruri ərzaq, sənaye və məişət mallarını almaq;
3.3.9. mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;
3.3.10. istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;
3.3.11. həyətyanı sahəni nizama salmaq;
3.3.12. evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;
3.3.13. sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.
3.4. Sosial işçi xidmətə götürülmüş şəxsə fərdi plana uyğun olaraq xidmət göstərir. Əlilliyi olan şəxslərə xidmət göstərilməsi vaxtı reabilitasiya xidmətinin növündən asılı olaraq tərəflərin razılığı ilə müəyyən edilir.
[5]
3.5. Evdə (səyyar) sosial xidmət ödənişsiz, qismən ödənişli və tam ödənişli əsaslarla göstərilir. Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) evlərdə (səyyar) sosial xidmət zəmanət verilmiş həcmdə ödənişsiz göstərilir.
3.6. Qismən ödənişli və tam ödənişli sosial xidmət tərəflər arasında bağlanmış sosial xidmət müqaviləsi əsasında həyata keçirilir.
3.7. Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:
3.7.1. qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda;
3.7.2. sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda;
3.7.3. tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;
3.7.4. əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda;
3.7.5. sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)
2.
7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514)
3.
9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320)
4.
5 mart 2021-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 273)
5.
6 oktyabr 2021-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1163)
6.
21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 1.1-ci, 1.3-cü, 2.1-ci bəndlərdə və 3.2.3-cü, 3.7.3-cü və 3.7.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “əlillərə və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ismin müvafiq hallarında “əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilmişdir.
[2]
28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 2.1-ci bənddə “Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalisinin sosial müdafiəsi mərkəzlərinə (bundan sonra - Mərkəz)” sözləri “Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra - Şöbə)” sözləri ilə əvəz edilmişdir.
9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 2.1-ci bəndinə “(bundan sonra – Şöbə)” sözlərindən sonra “və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz)” sözləri əlavə edilmişdir.
5 mart 2021-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 273) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 2.1-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə (bundan sonra – Şöbə)” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına (bundan sonra – Qurum)” sözləri ilə əvəz edilmişdir.
6 oktyabr 2021-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1163) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 2.1-ci bənddə “və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz)” sözləri “, “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə” sözləri ilə əvəz edilmişdir.
[3]
28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərdə ismin müvafiq hallarında “Mərkəz” sözü ismin müvafiq hallarında “Şöbə” sözü ilə əvəz edilmişdir.
9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 2.2-ci, 2.3-cü və 2.4-cü bəndlərinə ismin müvafiq hallarında “Şöbə” sözündən sonra ismin müvafiq hallarında “və ya Mərkəz” sözləri əlavə edilmişdir.
5 mart 2021-ci il tarixli 54 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 273) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 2.2-2.4-cü bəndlərində ismin müvafiq hallarında “Şöbə” sözü ismin müvafiq hallarında “Qurum” sözü ilə əvəz edilmişdir.
6 oktyabr 2021-ci il tarixli 294 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 8 oktyabr 2021-ci il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1163) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 2.2-ci və 2.3-cü bəndlərdə “Quruma və ya Mərkəzə” sözləri “Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəz-lərinə” sözləri ilə əvəz edilmişdir.
[4]
7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 3.2.2-ci yarımbəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilmişdir.
21 sentyabr 2022-ci il tarixli 366 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 23 sentyabr 2022-ci il, “Xalq” qəzeti, 25 sentyabr 2022-ci il, № 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 9, maddə 1099) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 3.2.2-ci, 3.2.4-cü, 3.2.5-ci, 3.2.6-cı və 3.2.8-ci yarımbəndlərində ismin müvafiq hallarında “sağlamlıq imkanları məhdud uşaqlar” sözləri ismin müvafiq hallarında “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” sözləri ilə əvəz edilmişdir.
[5]
7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 3.4-cü bəndin ikinci cümləsində “Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara” sözləri “Əlilliyi olan şəxslərə” sözləri ilə əvəz edilmişdir.