AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
07.03.2013
QEYDİYYAT NÖMRƏSİ
843
ADI
2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 08-03-2013, Nəşr nömrəsi: 53), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 10-03-2013, Nəşr nömrəsi: 54), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2013, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 245)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.03.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.03.2013
2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə

2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il fevralın 8-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 mart 2013-cü il

   № 843

 

 


Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti,

hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi və möhkəmləndirməyi arzu edərək,

hər iki ölkədə əhaliyə səmərəli və dayanıqlı xidmətlərin göstərilməsi ilə əlaqədar eyni məqsədləri bölüşərək,

informasiya və kommunikasiya texnologiyaları sahəsində aparılan əməkdaşlığın hazırkı səviyyəsinin təkmilləşdirilməsinin və ideyalar, məlumatlar, bilik və təcrübələr mübadiləsi yolu ilə ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığın Tərəflər üçün faydalı olacağını nəzərə alaraq,

informasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud imkanlardan tam istifadə etmək üçün ehtiyacı nəzərə alaraq,

hər iki Tərəfin informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə müəssisələri, ümumi maraqları, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunu nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər qarşılıqlı fayda əsasında və bu Saziş çərçivəsində dövlətlərinin milli qanunvericiliklərinə və iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq, informasiya və kommunikasiya texnologiyaları sahəsində öz iqtisadi, sənaye, elmi və texniki əməkdaşlıqlarını inkişaf etdirəcək və təkmilləşdirəcəklər.

 

Maddə 2

 

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakı sahələri əhatə edəcəkdir:

1. telekommunikasiyanın tənzimlənməsində hər iki ölkənin təcrübəsinin öyrənilməsini;

2. E-hökumət və e-imzanın tətbiqi sahəsində əməkdaşlığı;

3. Serbiya Respublikası tərəfindən Azərbaycan Respublikasının informasiya və kommunikasiya texnologiyaları sahəsinə sərmayə qoyuluşlarının dəstəklənməsini;

4. qarşılıqlı məqbul şərtlərlə hər iki Ölkədə informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasının dəstəklənməsini;

5. Serbiya Respublikasının telekommunikasiya qurumlarında azərbaycanlı mütəxəssislər üçün təlim kurslarının təşkilini;

6. birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsini;

7. beynəlxalq təşkilatlarda (ÜPİ və BTİ kimi) hər iki ölkənin milli maraqları üst-üstə düşdüyü təqdirdə, bir-birini dəstəkləmələrini;

8. təcrübə mübadiləsi məqsədilə hər iki Tərəfin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkilini;

9. elektromaqnitik uyğunluq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, öz məhsullarının dəstəklənməsi, təşviq edilməsi və sertifikatlaşdırılması sahəsində müvafiq tədbirlərin görülməsini;

10. qarşılıqlı razılaşma əsasında digər məsələləri.

 

Maddə 3

 

Tərəflər İKT sahəsində fəaliyyətlərin təşviq olunması, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və birgə müəssisələrin təşviqi məqsədi ilə hər iki ölkənin aidiyyəti orqan, təşkilat və müəssisələrini bu sahədə sıx əlaqələrin və məlumat mübadiləsinin təkmilləşdirilməsinə, eləcə də mümkün olduqda xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşğa həvəsləndirəcəklər.

Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının və Serbiya Respublikasının təcrübəsinin tətbiqi üçün hər iki tərəfin mütəxəssislərinin birgə iş aparmasını təmin edəcəklər.

 

Maddə 4

 

Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 5

 

Tərəflər əməkdaşlıq çərçivəsində mübadilə etdikləri informasiyanın konfidensiallığının öz qanunvericiliklərinə uyğun surətdə qorunması üçün zəruri tədbirlər görəcəklər, həmçinin belə informasiyanı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu informasiyanı üçüncü tərəfə aşkarlamayacaq və yaymayacaqlar. Bu müddəa hazırkı Saziş qüvvədən düşdükdən sonra 3 (üç) il müddətində qüvvədə qalır.

 

Maddə 6

 

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir.

 

Maddə 7

 

Bu Sazişin həyata keçirilməsi üzrə və fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar aşağıdakılardır:

Azərbaycan Respublikası Hökuməti adından Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;

Serbiya Respublikası Hökuməti adından Serbiya Respublikasının Xarici və Daxili Ticarət və Telekommunikasiya Nazirliyi.

Bu Sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi üzrə səlahiyyətli orqanların qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir.

Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul olan digər hökumət orqanlarını təyin edə bilərlər. Tərəflər bu barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandırırlar.

 

Maddə 8

 

Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissi olan və 9-cu maddəsində müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollar şəklində rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

 

Maddə 9

 

Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş beş il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı altı ay əvvəlcədən bu Sazişi ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər Tərəfə bildiriş verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beş illik müddətlərə uzadılır.

Bu Saziş Bakı şəhərində 2013-cü il 8 fevral tarixində, hər biri Azərbaycan, serb və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikası

Serbiya Respublikası

Hökuməti adından

Hökuməti adından

(imza)

(imza)

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

  1. 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
  2. 31 may 2022-ci il tarixli 1706 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2-ci hissədə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 2-ci hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

31 may 2022-ci il tarixli 1706 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyun 2022-ci il, № 116) ilə 2-ci hissəsində “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status