“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında və həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 858; Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 815 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.7.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“5.7.2. daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;”;
1.2. 5.11-ci bənd aşağıdakı redaksiyada verilsin:
“5.11. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin verilməsi;”.
2. Həmin Fərmanla təsdiq edilmiş “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.2.4-cü yarımbənd ləğv edilsin;
2.2. aşağıdakı məzmunda 4.6-cı və 4.7-ci bəndlər əlavə edilsin:
“4.6. “ASAN xidmət” mərkəzlərində aşağıdakı funksional yardımçı xidmətlər həyata keçirilir:
4.6.1. bank xidmətləri:
4.6.1.1. cari bank hesablarının açılması;
4.6.1.2. valyuta mübadiləsi;
4.6.1.3. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu;
4.6.1.4. inzibati xətalara dair cərimələrin qəbulu;
4.6.2. sığorta xidmətləri:
4.6.2.1. avtomobillərin sığortası;
4.6.2.2. daşınmaz əmlakın sığortası;
4.6.3. hüquqi yardım xidmətləri:
4.6.3.1. hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi;
4.6.3.2. məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi;
4.6.3.3. ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi;
4.6.3.4. vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsi;
4.6.4. bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər;
4.6.5. tibb xidmətləri:
4.6.5.1. tibbi arayışların verilməsi;
4.6.5.2. ilkin tibbi yardım göstərilməsi;
4.6.6. rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər:
4.6.6.1. real vaxt rejimində növbənin tutulması;
4.6.6.2. vətəndaş müraciətlərinin real vaxt rejimində qəbulu və cavablandırılması;
4.6.6.3. “Asan xidmət” mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması;
4.6.6.4. e-asan bölməsi vasitəsi ilə “Asan xidmət” mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulunun və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkili;
4.6.7. mərkəzlərdə quraşdırılan xüsusi terminallar vasitəsi ilə göstərilən xidmətlər:
4.6.7.1. mobil rabitə və internet xidmətlərinin ödənişi;
4.6.7.2. kommunal xidmətlərin ödənişi;
4.6.7.3. kredit və sığorta ödənişlərinin həyata keçirilməsi.
4.7. Mərkəzlərdə bu Qaydaların 4.6-cı bəndində nəzərdə tutulmayan digər funksional yardımçı xidmətlər də göstərilə bilər.
Mərkəzlərdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzi, kafe və digər ictimai-iaşə məntəqələri fəaliyyət göstərə bilər.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2013-cü il
№852