AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.03.2013
QEYDİYYAT NÖMRƏSİ
44
ADI
“Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-03-2013, Nəşr nömrəsi: 60), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2013, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 337)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.03.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.080.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201303140044
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
19.03.2013
“Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi barədə

“Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın və “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği” təsdiq edilsin (2 nömrəli əlavə).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 14 mart 2013-cü il

     № 44

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 14 mart tarixli 44 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

1 nömrəli əlavə

 

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi

 

Q A Y D A L A R I

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 12-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində buraxılan kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə və audio-videoyazılara müvafiq olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi prosedurlarını müəyyən edir.

1.2. Beynəlxalq standart eyniləşdirmə nömrələri aşağıdakı mənaları ifadə edir:

1.2.1. İSBN (International Standard Book Number) - kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.2. İSMN (International Standard Music Number) - not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.3. İSSN (International Standard Serial Number) - dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə;

1.2.4. İSAN (International Standard Audiovisual Number) - audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə;

1.2.5. İSRC (International Standard Recording Code) - audio-videoyazıların beynəlxalq standart eyniliyini müəyyən edən nömrə.

 

2. Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsivə bu sahədə fəaliyyətin həyata keçirilməsi

 

2.1. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) Qanunun 12.2-ci maddəsinə uyğun olaraq İSBN, İSMN, İSSN, İSAN, İSRC üzrə beynəlxalq agentliklərlə (bundan sonra - BA) razılaşdırmaqla beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi ilə bağlı işləri təşkil edir. [1]

2.2. İSBN, İSMN, İSSN, İSAN, İSRC beynəlxalq standart eyniləşdirmə nömrələri (bundan sonra - beynəlxalq eyniləşdirmə nömrələri) BA-nın Azərbaycan Respublikası üzrə milli mərkəzləri (bundan sonra - milli mərkəzlər) vasitəsilə verilir.

2.3. Milli mərkəzlər təsərrüfat hesabı prinsipi ilə fəaliyyət göstərən qurumlardır.

2.4. Milli mərkəzlərin fəaliyyəti Agentlik tərəfindən koordinasiya olunur. [2]

2.5. Milli mərkəzlər Agentlikdə qeydiyyatdan (akkreditasiyadan) keçirlər və onların yaradılması və ləğvi barədə məlumatlar Agentlik tərəfindən BA-ya təqdim olunur.

2.6. Azərbaycan Respublikasının ərazisində bütün növ daşıyıcılarda olan kitablarda, not nəşrlərində və audio-videoyazılarda müvafiq beynəlxalq eyniləşdirmə nömrələrinin (İSBN, İSMN, İSRC) istifadəsi məcburi, dövri nəşrlərdə və audiovizual əsərlərdə isə beynəlxalq eyniləşdirmə nömrələrinin (İSSN, İSAN) istifadəsi könüllüdür.

2.7. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üzrə milli mərkəzlər beynəlxalq eyniləşdirmə nömrələrinin reyestrini aparır, istifadəçilər haqqında məlumat bazası yaradır, onlara eyniləşdirmə nömrələrinin verilməsi barədə məlumat kitabçalarını nəşr edir, hüquqi və fiziki şəxslərin, həmçinin dövlət orqanlarının sorğuları əsasında məlumat bazalarından çıxarışlar verir.

2.8. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi barədə milli mərkəzlər və istifadəçilər arasında yazılı müqavilə bağlanılır.

2.9. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.

2.10. Beynəlxalq eyniləşdirmə nömrələri Agentlik və ya onun strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən verildikdə, həmin nömrələrin verilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi üçün tələb olunan xərclər Agentliyin büdcədənkənar xüsusi vəsaitləri hesabına ödənilir. [3]

2.11. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi sahəsində vahid məlumat bazasının formalaşdırılması məqsədi ilə milli mərkəzlər il ərzində verilmiş beynəlxalq eyniləşdirmə nömrələrinin sayı, həmin nömrələrin verildiyi şəxslər və beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə əldə olunan vəsaitin məbləğləri barədə məlumatları Agentliyə göndərir və ya təqdim edirlər.

2.12. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi və istifadəsi ilə bağlı yaranan mübahisələr BA-nın tövsiyələrinə uyğun qaydada həll edilir.

 

3. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsinə görə tələb olunan sənədlərin tərkibi, müraciətin forması, müraciətə baxılma müddəti və beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsindən imtinanın əsasları

 

3.1. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üçün istifadəçi tərəfindən bu Qaydaların əlavəsində göstərilən ərizə nümunəsi doldurulur.

3.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

3.2.1. beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğin ödənildiyini təsdiq edən sənəd;

3.2.2. istifadəçi fiziki şəxs olduqda - şəxsiyyət vəsiqəsinin surəti və fiziki şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda yaşadığı yer üzrə vergi orqanında uçota alınması barədə şəhadətnamənin surəti;

3.2.3. istifadəçi hüquqi şəxs olduqda təşkilatın nizamnaməsinin (əsasnaməsinin) və onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışının) surəti.

3.3. Təqdim edilmiş sənədlər bu Qaydalara uyğun olduqda, beynəlxalq eyniləşdirmə nömrəsi ərizənin milli mərkəzə daxil olduğu tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq verilir.

3.4. Bu Qaydaların 3.2-ci bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə və ya sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsindən imtina olunur və bu barədə ərizəçiyə 2 (iki) iş günü müddətində əsaslandırılmış cavab verilir.

Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra beynəlxalq eyniləşdirmə nömrəsinin verilməsi barədə müraciətə yenidən baxılır və 3 (üç) iş günündən gec olmayaraq istifadəçiyə müvafiq eyniləşdirmə nömrəsi verilir.

3.5. Verilmiş beynəlxalq eyniləşdirmə nömrələri və onun istifadəçisi barədə məlumatlar Agentliyin internet informasiya ehtiyatında (saytında) yerləşdirilir və digər kütləvi informasiya vasitələri ilə yayılır.

 

 


 


“Beynəlxalq standart eyniləşdirmə

nömrələrinin verilməsi Qaydaları”na

əlavə

 

BEYNƏLXALQ STANDART EYNİLƏŞDİRMƏ NÖMRƏSİNİN VERİLMƏSİ HAQQINDA

 

ƏRİZƏ

 

___ ______________ 20___- il

 

Azərbaycan Respublikası

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri [4]

cənab ____________________________

Ərizəçi _________________________________________________________________

(ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxsin tam adı və hüquqi ünvanı qeyd edilməli, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin yaşayış yeri üzrə vergi orqanında uçota alınması barədə məlumatlar göstərilməlidir)

_____________________________________________________________________________

(fiziki şəxslərin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, verildiyi tarix, şəxsiyyət vəsiqəsini verən orqanın adı, ərizəçinin yaşadığı və olduğu ünvanlar)

_____________________________________________________________________________

(beynəlxalq standart eyniləşdirmə nömrəsi istifadə olunacaq obyektin adı)

 

________________________________ ədəd beynəlxalq standart eyniləşdirmə nömrəsinin

               (rəqəmlə və sözlə)

verilməsini xahiş edirəm.

Sonuncu alınmış beynəlxalq standart nömrəsi (olduğu təqdirdə)________________

______________________________________________________________________________

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ____ ____________ tarixli _____ nömrəli qərarı ilə təsdiq edilmiş “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” ilə tanışam və beynəlxalq standart eyniləşdirmə nömrələrindən təyinatı üzrə istifadəyə təminat verirəm.

 

İstifadəçi ________________________________________________________________

                           (vəzifəsi, soyadı, adı, atasının adı)

 

əlaqə telefonları: ____________  ünvan:_____________  ____         e-mail: _________

 

M.Y                                           _________________

                                                              (imza)

Fiziki şəxs üçün                      _________________

                                                                       (imza)

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2013-cü il 14 mart tarixli 44 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

2 nömrəli əlavə

 

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə

 

HAQQIN MƏBLƏĞİ

 

Sıra

№-si

Beynəlxalq eyniləşdirmə

nömrələri

Ödənilən haqqın məbləği

(manatla)

1.

İSBN

15 AZN

2.

İSMN

10 AZN

3.

İSSN

5 AZN

4.

İSAN

10 AZN

5.

İSRC

15 AZN

 

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 dekabr 2017-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2508)

2.       3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 sentyabr 2018-ci il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1902) ilə “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın 2.1-ci bəndində və həmin Qaydalara əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrəsinin verilməsi haqqında ərizə”də “Müəllif Hüquqları” sözləri “Əqli Mülkiyyət” sözləri ilə əvəz edilmişdir.

 

[2] 15 dekabr 2017-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2508) ilə 1 nömrəli əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın 2.4-cü bəndində “Agentliyin tabeliyində olan və tabeliyində olmayan qurumlarda yaradılan milli” sözləri “Milli” sözü ilə əvəz edilmişdir.

 

[3] 15 dekabr 2017-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2508) ilə 1 nömrəli əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”nın 2.10-cu bəndindən “və ya onun strukturuna daxil olmayan tabeliyindəki qurumlar” sözləri və “büdcədənkənar xüsusi vəsaitləri” sözləri çıxarılmışdır.

 

[4] 15 dekabr 2017-ci il tarixli 560 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 dekabr 2017-ci il, № 282, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №12, II kitab, maddə 2508) ilə Qaydalara əlavə - “Beynəlxalq standart eyniləşdirmə nömrəsinin verilməsi haqqında ərizə”yə “Agentliyinin” sözündən sonra “İdarə Heyətinin” sözləri əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status