AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
04.03.2013
QEYDİYYAT NÖMRƏSİ
01
ADI
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.03.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201303040101
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.03.2013
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

04.03.2013

Qeydiyyat nömrəsi

01

Adı

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin  təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

29.03.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.020

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201303040101

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

28.03.2013

 

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə”nin 15.2-ci hissəsini rəhbər tutaraqAzərbaycan Respublikasında dövlət qaz nəzarəti haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 7 iyun tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2012-ci il tarixli 236 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi qərara alır:

 

1. “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).[1]

2. Dövlət Qaz Nəzarəti İdarəsinin rəisinə tapşırılsın ki, idarənin fəaliyyətini təsdiq edilmiş Əsasnamənin və müvafiq hüquqi aktların tələblərinə uyğun olaraq təşkil edilməsini təmin etsin.

3. Hüquqi münasibətlər və Metrologiya şöbəsinin müdiri İ.Ağayevə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

4. “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 22 fevral 2008-ci il tarixli 08 nömrəli əmri ləğv edilsin.

5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Nazir

Natiq Əliyev

 


 

 

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Sənaye və Energetika Nazirliyi

Qərar № 01

“04” mart 2013-cü il

Nazir _____________ N.Əliyev

 

 

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin

Dövlət Qaz Nəzarəti İdarəsinin

ƏSASNAMƏSİ

 

I. Ümumİ müddəalar

 

            1. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsi (bundan sonra - İdarə) dövlət qaz nəzarətini həyata keçirən orqandır və əsas vəzifəsi neft və qaz yataqlarının işlənməsində, energetika məhsullarının hasilatında, qaz təchizatında (istehsalı, emalı, saxlanması, nəqli, paylanması, mayeləşdirilməsi və istifadəsi), satışında, sənaye və məişət qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və digər obyektlərinin layihələndirilməsində və yenidən qurulmasında (bundan sonra - müvafiq sahədə) qaz resurslarından səmərəli istifadənin və qaz qurğularının etibarlı istismarının təmin edilməsinə, həmçinin Azərbaycan Respublikasının qanunlarının, qazdan istifadə qaydalarının və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət etməkdir.

            2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin (bundan sonra - Nazirlik) əmr, sərəncam və qərarlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

            3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

      4. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və özünün adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

      5. İdarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr hesabına maliyyələşdirilir.

     

 

II. İdarənİn FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

 

6. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

6.1. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən qaz resurslarından səmərəli istifadənin və etibarlı istismarın təmin edilməsinə nəzarət edir;

6.2. müvafiq sahədə Azərbaycan Respublikası qanunlarının, qazdan istifadə qaydalarının və müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət edir və aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görür;

6.3. tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərinin, həmçinin fəaliyyətdə olan obyektlərin enerjidən səmərəli istifadə üzrə ekspertizasını həyata keçirir;

6.4. sahibkarlıq fəaliyyəti subyektlərində qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamalar (o cümlədən araşdırmalar, müşahidələr, baxışlar və s.) həyata keçirir;

6.5. Nazirliyin adından inzibati xətalar haqqında işlərə baxır və inzibati tənbeh tədbirləri tətbiq edir;

6.6. səlahiyyətləri daxilində qaz təchizatı subyektləri ilə istehlakçılar arasında yaranan mübahisəli məsələləri araşdırır və müvafiq tədbirlər görür;

6.7. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

III. İdarənİn vəzİfələrİ

 

7. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

7.1. İdarə müvafiq sahədə aşağıdakılara dövlət nəzarətini həyata keçirir:

7.1.1. müvafiq sahədə normativ hüquqi aktların, o cümlədən qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl edilməsinə;

7.1.2. müvafiq sahənin qaz qurğularının, avadanlıqlarının, kəmərlərinin və qaz paylayıcı şəbəkələrin   layihələndirilməsinə  və  yenidən  qurulmasına  texniki şərtlərin verilməsi, tikintisi, təmiri, sazlanması və istismara qəbulu üzrə tələblərə əməl edilməsinə;

7.1.3. neft və qaz yataqlarının işlənməsinin, energetika məhsullarının hasilatının, qaz təchizatının və satışının qaz qurğularında, avadanlıqlarında, kəmərlərində və qaz paylayıcı şəbəkələrdə  baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlıqların sıradan çıxması hallarının qeydiyyatının aparılmasına, araşdırılmasına, bu hadisələrin qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasına və yerinə yetirilməsinə;

7.1.4. qazın keyfiyyət göstəricilərinin müəyyən edilmiş dövlət standartlarına uyğunluğuna, həmçinin qazın keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsinə;

7.1.5. qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun aparılmasına;

7.1.6. müəssisə və təşkilatlarda qazdan istifadə üzrə müəyyən edilmiş istehlak limitlərinə əməl edilməsinə;

7.1.7. istehlak olunan qaza görə hesablaşmaların Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları vasitəsilə aparılmasına;

7.1.8. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən qaza qənaət üzrə qəbul edilmiş tələblərə, qaz itkilərinə, texnoloji sərf və daxili istehlak limitlərinə əməl olunmasına və azaldılmasına yönələn təşkilati-texniki tədbirlərin işlənib hazırlanmasına və həyata keçirilməsinə;

7.1.9. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu və qazdan istifadə qaydaları ilə müəyyən edilmiş hallarda və qaydada istehlakçılara qazın verilməsinin  dayandırmasına;

7.1.10. qaza olan tələbatın tam ödənilməsini təmin etmək üçün təşkilati-texniki tədbirlərin həyata keçirilməsinə;

7.1.11. qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi olan şəxslərin ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində qanunvericiliklə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə;

7.2. müvafiq qaydada razılaşdırılmış layihəyə uyğun tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismara qəbulu və qaz şəbəkəsinə qoşulması üzrə işçi komissiyalarının işində iştirak edir;

7.3. buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akta əsasən sənaye qurğularının istismara buraxılmasına icazə verir;

7.4. sənaye qurğusu olan istehlakçıların qaza olan tələbatında dəyişiklik baş verməsi ilə əlaqədar qaz sayğacının dəyişdirilməsinə zərurət yarandığı hallarda, qaz sayğacının dəyişdirilməsində iştirak edir;

7.5. neft və qaz yataqlarının işlənməsini, energetika məhsullarının hasilatını və qaz təchizatını həyata keçirən müəssisələr tərəfindən qaz istehlakı barədə təqdim olunan hesabatlar əsasında təhlillər aparır və nəticələrindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;

7.6. elektrik və istilik enerjisinin istehsalında, həmçinin sənaye qurğuları olan istehlakçılar tərəfindən istehsal edilən məhsulun, göstərilən xidmətin və görülən işin vahid kəmiyyətinə sərf edilən qazın miqdarı barədə hesabatları alır, təhlil edir və nəticələrindən asılı olaraq qanunvericiliklə müəyyən edilmiş tədbirlər görür;

7.7. müvafiq sahəyə aid olan məsələlər üzrə hüquqi akt layihələrini hazırlayır və müvafiq qaydada baxılmaq məqsədilə göndərilən hüquqi akt layihələri barədə rəy və təkliflərini Nazirliyə təqdim edir;

7.8. neft və qaz yataqlarının işlənməsi, energetika məhsullarının hasilatı, qaz təchizatı və satışı obyektlərinin qurğularında, avadanlıqlarında, kəmərlərində baş vermiş qəza, yanğın və qaz sızması ilə bağlı olan hadisələrin araşdırılmasını həyata keçirən komissiyalarda iştirak edir;

7.9. fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxır və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görür;

7.10. aşağıdakıları Nazirliyə təqdim edir:

7.10.1. fəaliyyəti ilə bağlı illik iş planını;

7.10.2. sənaye qurğularının istismara buraxılmasına dair verilmiş icazələr, qaz qurğularının layihələrinin ekspertizasının keçirilməsi, aparılmış yoxlamaların nəticələri və inzibati hüquqpozmalarla bağlı icrası başa çatmış işlər barədə hesabatları;

7.10.3. elektrik stansiyalarında qaz yanacağından səmərəli istifadə olunması üzrə təşkilati-texniki tədbirlərin icrası barədə hesabatları;

 7.10.4. qazpaylayıcı şəbəkələrdə qaz itkilərinin azaldılması üzrə təşkilati-texniki tədbirlərin icrası barədə hesabatları;

7.10.5. qazpaylayıcı şəbəkələrin qış mövsümünə hazırlığı barədə hesabatları;

7.10.6.  təbii qazın keyfiyyət parametrləri haqqında məlumatları;

7.10.7. qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi olan şəxslər tərəfindən ətraf mühitin qorunmasını təmin edən planlar barədə hesabatları;

7.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

 

IV. İdarənİn hüquqları

 

      8. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

            8.1. müvafiq sahəyə dair qanunvericilik normalarına riayət edilməsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş  “Qazdan istifadə Qaydaları”nın tələblərinin yerinə yetirilməsinə (qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi hissəsində) dövlət nəzarətini həyata keçirmək;

            8.2. qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, digər hallarda mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq qaz təchizatı obyektlərinə, eləcədə qazlaşdırılmış obyektlərə müvafiq bildiriş göndərilməklə, daxil olmaq icazəsi və səbəbi haqqında yazılı sənədin əslini və xidməti vəsiqəni təqdim etməklə daxil olmaq;

            8.3. səlahiyyətinə aid vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müvafiq sahədə fəaliyyət göstərən subyektlərə (hüquqi, vəzifəli və fiziki şəxslərə):

      8.3.1. normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş yazılı göstərişlər vermək;

      8.3.2. qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatları, məlumatları almaq;

      8.3.3. neft və qaz yataqlarının işlənməsi, energetika məhsullarının hasilatı və qaz təchizatı sahəsində texnoloji itkilərin və sərfin azaldılması barədə hesabatları almaq;

      8.4. İnzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinə aid olan inzibati  xətalar haqqında işlər üzrə icraat başlamaq və işlərə baxmaq;

      8.5. qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə, həmin halların aradan qaldırılması üçün yazılı göstərişlər vermək, onların icrasını təmin etmək üçün tədbirlər görmək, o cümlədən işin hallarından asılı olaraq inzibati xətalar haqqında işlər üzrə icraat başlamaq;

      8.6. müvafiq sahənin subyektlərinin rəhbərlərindən, istehlakçılardan və icra hakimiyyəti orqanlarından səlahiyyətlərinə aid məsələlər üzrə məlumatlar və sənədlər almaq;

      8.7. neft və qaz yataqlarının işlənməsi, energetika məhsullarının hasilatı, qaz təchizatı və satışı subyektləri tərəfindən qaz qurğularında, avadanlıqlarında, kəmərlərində müvafiq sahəyə aid normativ hüquqi aktların, o cümlədən qazdan istifadə qaydalarının və təlimatların tələblərinə əməl olunmadığı hallarda müvafiq materialları tədbir görülməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim etmək;

      8.8. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

      8.9. qazla əlaqədar fəaliyyət göstərən podratçı kimi xüsusi icazəsi olan şəxslər tərəfindən müqavilənin qüvvədə olduğu müddətdə öz fəaliyyətini yerinə yetirərkən görüləcək müvafiq tədbirlərdən ibarət ətraf mühitin qorunmasını təmin edən planı almaq;

      8.10. səlahiyyətlərinə aid olan məsələlərlə bağlı məhkəmədə iddiaçı, cavabdeh və üçüncü şəxs qismində iştirak etmək;

      8.11. müqavilə əsasında fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək;

      8.12. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 

V.    İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

 

      9. İdarə bilavasitə Nazirliyə tabedir.

      10. İdarə sektorlardan və regional sektorlardan ibarətdir. Regional sektorlar onun yerli bölmələridir. İdarə öz fəaliyyətini bilavasitə və regional sektorları vasitəsilə həyata keçirir.

      11. İdarənin strukturu və ştat cədvəli Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri (bundan sonra - Nazir) tərəfindən müəyyən edilir.

      12. İdarənin tərkibində olan sektorlarının müdirləri, baş mühasib və regional sektorların müdirləri Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir;

      13. İdarənin digər dövlət qulluqçuları Nazirlə razılaşdırılmaqla İdarə rəisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilir.

      14. İdarəyə Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin olunan və vəzifədən azad edilən rəis rəhbərlik edir. İdarə rəisi idarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

      15. İdarə rəisinin Nazir tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini var.

      16. İdarə rəisinin müavini ona idarə rəisi tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

      17. İdarə rəisi:

      17.1. İdarənin işini təşkil edir və ona rəhbərlik edir;

      17.2. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr, sərəncam yazılı göstərişlər verir, onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

      17.3. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan göstərişlərini ləğv edir;

      17.4. İdarənin fəaliyyəti ilə bağlı illik iş planını təsdiq edir;

      17.5. İdarənin icraatında olan inzibati xətalar haqqında işlərə baxır və həmin işlər üzrə qərarlar çıxarır;

      17.6. İdarənin tərkibində olan sektorlarının və regional sektorların əsasnamələrini və dövlət qulluqçularının vəzifə təlimatlarını təsdiq edir;

    17.7. İdarənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür və müvafiq sahədə xüsusi fərqlənən işçilərin fəxri adlarla təltif edilməsi üçün Nazirə təkliflər verir;

      17.8. İdarəni təmsil edir.

            18. İdarə rəisi eyni zamanda Azərbaycan Respublikasının qaz nəzarəti üzrə baş dövlət müfəttişidir. İdarə rəisinin müavini Azərbaycan Respublikasının qaz nəzarəti üzrə baş dövlət müfəttişinin müavinidir. İdarənin tərkibində olan sektorların və regional sektorların müdirləri qaz nəzarəti üzrə böyük dövlət müfəttişləri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçi inzibati vəzifələri tutan digər əməkdaşları isə qaz nəzarəti üzrə dövlət müfəttişləridirlər.

            19. Qaz nəzarəti üzrə böyük dövlət müfəttişləri və qaz nəzarəti üzrə dövlət müfəttişləri:

            19.1. təsdiq edilmiş illik iş planına və müvafiq iş bölgüsünə əsasən müvafiq sahədə fəaliyyət göstərən subyektlərdə yoxlamalar aparır və nəticələrini aktla rəsmiləşdirir;

            19.2. normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş yazılı göstərişlər verir və onların icrasını təmin etmək üçün tədbirlər görür;

            19.3. müvafiq sahənin subyektlərinin rəhbərlərindən, istehlakçılardan və icra hakimiyyəti orqanlarından səlahiyyətlərinə aid məsələlər üzrə məlumatlar və sənədlər alır;

            19.4. inzibati xəta törətmiş hüquqi, vəzifəli və fiziki şəxslər barəsində inzibati xəta haqqında protokollar tərtib edir;

            19.5. bu Əsasnamədən irəli gələn və səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.

      20. İdarənin vəzifəli şəxslərinin verdiyi yazılı göstərişlərə mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, qaz təchizatı subyektləri (hüquqi, vəzifəli və fiziki şəxslər) tərəfindən əməl edilməlidir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyun 2014-cü il tarixli 05 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406130005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2014-cü il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyun 2014-cü il tarixli 05 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406130005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2014-cü il) ilə 1-ci hissə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status