×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
09.04.2013
QEYDİYYAT NÖMRƏSİ
2837
ADI
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 10-04-2013, Nəşr nömrəsi: 73), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 11-04-2013, Nəşr nömrəsi: 75), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2013, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 391)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.04.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201304092837
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.04.2013
“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, qloballaşma şəraitində Azərbaycan dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının həyata keçirilməsinə nəzarət və tədbirlərin icrası zamanı müvafiq təşkilatlarla işlərin əlaqələndirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 aprel 2013-cü il

  № 2837

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair

 

DÖVLƏT PROQRAMI

 

 

1. Giriş

 

Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində normativ hüquqi aktlar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur.

Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlmişdir və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

 

2. Dövlət Proqramının məqsədi

 

Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

 

3. Dövlət Proqramının əsas vəzifələri

 

3.1. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması;

3.1.2. dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi;

3.1.3. dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

3.1.4. dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi;

3.1.5. dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;

3.1.6. dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;

3.1.7. dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi;

3.1.8. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;

3.1.9. dil və nitq mədəniyyətinin yüksəldilməsi;

3.1.10. Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi;

3.1.11. Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi.

 

4. Gözlənilən nəticələr

 

4.1. Dövlət Proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması;

4.1.2. dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın digər elmi müəssisələrində, ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

4.1.3. dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi;

4.1.4. Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi;

4.1.5. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;

4.1.6. qədim dillərin öyrənilməsi sahəsində dönüş yaradılması və müasir dünya dilçiliyi­nin nəzəri səviyyəsinə uyğun elmi tədqiqatlar aparılması işinin gücləndirilməsi;

4.1.7. dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi;

4.1.8. dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi;

4.1.9. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi;

4.1.10. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;

4.1.11. mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi;

4.1.12. elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi;

4.1.13. reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi;

4.1.14. Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbaycanlılar üçün tədris vəsaitlərinin daha intensiv hazırlanmasının təmin olunması;

4.1.15. Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması;

4.1.16. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi.

 

5. Dövlət Proqramının maliyyələşdirilməsi

 

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsində müvafiq dövlət qurumlarının xərclər smetasında elmi tədqiqatların aparılması üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 


6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı [1]

 

Tədbirin adı

İcraçılar

İcra müddəti

(illər üzrə)

6.1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi

6.1.1.

Dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Ədliyyə Nazirliyi

2013-2015

6.1.2.

Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması

Təhsil Nazirliyi,

Azərbaycan Milli

Elmlər Akademiyası

2013-2015

6.1.3.

Qloballaşma dövrünün tələblərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası

2013

6.1.4.

Milli transliterasiya standartlarının hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyası

2013-2014

6.1.5.

Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

yerli icra hakimiyyəti orqanları

2013-2014

6.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi

6.2.1.

Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərində əcnəbi vətəndaşlar, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfathesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması

Xarici İşlər Nazirliyi,

Təhsil Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası,

Mədəniyyət və Turizm Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi

2015

6.2.2.

Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunmasının təmin edilməsi

Elm və Təhsil Nazirliyi [2]

mütəmadi

6.2.3.

Dövlət idarəçiliyində, mediada Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

mərkəzi və yerli icra hakimiyyəti orqanları,

Mətbuat Şurası,

Audiovizual Şura [3]

mütəmadi

6.3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi

6.3.1.

Ölkədə tədrisin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində dövlət dilinin tədrisinin təmin edilməsi

Elm və Təhsil Nazirliyi,

Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

6.3.2.

Ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Elm və Təhsil Nazirliyi

mütəmadi

6.3.3.

Türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması

Azərbaycan Milli

Elmlər Akademiyası, Təhsil Nazirliyi

2013-2020

6.3.4.

Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Elm və Təhsil Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi [4]

mütəmadi

6.3.5.

Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Elm və Təhsil Nazirliyi,

Xarici İşlər Nazirliyi,

Diasporla İş üzrə Dövlət Komitəsi

mütəmadi

6.3.6.

Qloballaşma şəraitində Azərbaycanda dil situasiyasının və dillərin qarşılıqlı əlaqəsinin öyrənilməsinin intensivləşdirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası

mütəmadi

6.3.7.

Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi

İqtisadiyyat və Sənaye Nazirliyi,

Dövlət Gömrük Komitəsi,

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi [5]

mütəmadi

6.3.8.

Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Mədəniyyət və Turizm Nazirliyi,

Əmlak Məsələləri Dövlət Komitəsi,

yerli icra hakimiyyəti orqanları və bələdiyyələr

2013-2015

6.3.9.

Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyası,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2013-2014

6.4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi

6.4.1.

Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2013-2015

6.4.2.

Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması

Azərbaycan Milli Elmlər Akademiyası,

Təhsil Nazirliyi,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2013-2020

6.4.3.

Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Elm və Təhsil Nazirliyi,

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

mütəmadi

6.4.4.

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2013-2015

6.4.5.

Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,

Azərbaycan Milli Elmlər Akademiyası

2013-2015

6.4.6.

Azərbaycan dilində antiplagiat sistemin yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası,

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,

Müəllif Hüquqları Agentliyi

2013-2016

6.4.7.

Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi [6]

2013-2020

6.5. Azərbaycan dilinin mediada təbliği [7]

6.5.1.

Mediada dövlət dilinin təbliğinin gücləndirilməsi

Azərbaycan Milli

Elmlər Akademiyası,

Elm və Təhsil Nazirliyi,

Audiovizual Şura,

Mətbuat Şurası [8]

mütəmadi

6.5.2.

Televiziya və radio proqramlarında, çap və onlayn mediada Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə media sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Audiovizual Şura,

Mətbuat Şurası, Elm və Təhsil Nazirliyi [9]

mütəmadi

6.5.3.

Teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması

Milli Televiziya və Radio Şurası

2013

6.5.4.

Qeyri-hökumət təşkilatlarının, media nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio proqramlarının təşkil edilməsi

Azərbaycan Milli Elmlər Akademiyası,

Elm və Təhsil Nazirliyi,

Audiovizual Şura,

Mətbuat Şurası [10]

mütəmadi

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477)

2.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

3.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

4.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

5.       4 avqust 2022-ci il tarixli 3408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 909)

6.       28 dekabr 2022-ci il tarixli 3687 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1515)

7.       3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)

8.       8 aprel 2023-cü il tarixli 3833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73)

 

SƏRƏNCAMDA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsinin 6.1.5-ci, 6.3.4-cü, 6.3.9-cu, 6.4.1-ci, 6.42-ci, 6.4.3-cü, 6.4.4-cü, 6.4.6-cı və 6.4.7-ci yarımbəndlərinin “İcraçılar” sütununda “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsinin 6.2.2-ci, 6.3.1-ci, 6.3.2-ci, 6.3.4-cü, 6.3.5-ci, 6.4.3-cü, 6.5.1-ci, 6.5.2-ci və 6.5.4-cü yarımbəndlərinin “İcraçılar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[3] 8 aprel 2023-cü il tarixli 3833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın 6.2.3-cü yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilmişdir.

 

[4] 28 dekabr 2022-ci il tarixli 3687 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 dekabr 2022-ci il, “Xalq” qəzeti, 30 dekabr 2022-ci il, № 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 12, maddə 1515) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsinin 6.3.4-cü və 6.4.3-cü yarımbəndlərinin “İcraçılar sütununda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar sözləri Rəqəmsal İnkişaf və Nəqliyyat sözləri ilə əvəz edilmişdir.

 

[5] 14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 16 may 2014-cü il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 5, maddə 477) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.7-ci yarımbəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 6.3.7-ci yarımbənddən “və Sənaye” sözləri çıxarılmışdır.

 

4 avqust 2022-ci il tarixli 3408 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 909) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsinin 6.3.7-ci yarımbəndinin “İcraçılar” sütunundan “, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılmışdır.

 

[6] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı” hissəsinin 6.3.4-cü, 6.4.2-ci, 6.4.3-cü və 6.4.7-ci yarımbəndlərinin “İcraçılar” sütununa “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

 

[7] 8 aprel 2023-cü il tarixli 3833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın 6.5-ci bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilmişdir.

 

[8] 8 aprel 2023-cü il tarixli 3833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın 6.5.1-ci yarımbəndin “Tədbirin adı” sütununda “Kütləvi informasiya vasitələrində” sözləri “Mediada” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilmişdir.

 

[9] 8 aprel 2023-cü il tarixli 3833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın 6.5.2-ci yarımbəndin “Tədbirin adı” sütununda “verilişlərində, yazılı və elektron mətbuatda” sözləri “proqramlarında, çap və onlayn mediada” sözləri ilə, “teleradio şirkətləri və kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilmişdir.

 

[10] 8 aprel 2023-cü il tarixli 3833 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Xalq” qəzeti, 9 aprel 2023-cü il, № 73) ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın “6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı”nın 6.5.4-cü yarımbəndin “Tədbirin adı” sütununda “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə, “verilişlərinin” sözü “proqramlarının” sözü ilə, “İcraçılar” sütununda “Milli Televiziya və Radio Şurası” sözləri “Audiovizual Şura” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status