×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi
QƏBUL EDİLDİYİ TARİX
02.05.2013
QEYDİYYAT NÖMRƏSİ
4
ADI
“Lotereyaların təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.05.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.110.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201305020004
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.05.2013
“Lotereyaların təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qərarı

Qəbul edildiyi tarix

02.05.2013

Qeydiyyat nömrəsi

4

Adı

“Lotereyaların təşkili və keçirilməsi” Qaydalarının təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

18.05.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

090.110.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201305020004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

17.05.2013

 

 

"Lotereyalar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 may tarixli 64 nömrəli Fərmanını və 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməni rəhbər tutaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

 

QƏRARA ALIR:

 

1.      “Lotereyaların təşkili və keçirilməsi” Qaydaları təsdiq edilsin (əlavə olunur).[1]

2.      Hüquq şöbəsinə (K.Babayev) tapşırılsın ki, bu Qaydaların 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

3.      Lisenziyalaşdırma və nəzarət şöbəsinə (F.Rəhimli) tapşırılsın ki, bu Qərardan irəli gələn məsələlərin həll edilməsini təmin etsin.

4.      Ümumi şöbənin müdirinə (E.İsayev) tapşırılsın ki, QKDK-nın aparatının və Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin bu Qərarla tanış olmalarını təmin etsin.

5.      QKDK sədrinin 16 mart 2006-cı il tarixli 044 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən lotereyaların təşkili və keçirilməsi” Qaydaları və 05 oktyabr 2007-ci il tarixli 138 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərlotereya” açıq səhmdar cəmiyyəti tərəfindən lotereyaların təşkili və keçirilməsi Qaydaları”na əlavə və dəyişikliklər ləğv edilsin.

6.      Bu Qərarın icrasına nəzarət sədr müavini İ.Muradova həvalə edilsin.

 

Sədr                                                                                             R.Aslanlı

 


 

 

“Təsdiq edilmişdir”

 Azərbaycan Respublikasının Qiymətli

 Kağızlar üzrə Dövlət Komitəsi

 Qərar № 4

 “02” may 2013-cü il

Sədr

 

 _________________________

 R. Aslanlı

 

 

Lotereyaların təşkili və keçirilməsi Qaydaları

 

1. Ümumi müddəalar

 

1.1 Bu Qaydalar “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 mart tarixli 70 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə uyğun olaraq hazırlanmışdır və lotereya təşkilatçısı (bundan sonra – Təşkilatçı) tərəfindən lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) təşkili, keçirilməsi, məlumatların açıqlanması və Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (bundan sonra – QKDK) hesabatların təqdim edilməsi qaydalarını tənzimləyir.

 

2. Lotereyanın şərtləri

 

2.1             Lotereyanın şərtlərinin təsdiq edilməsi haqqında qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir.

2.2             Lotereyanın şərtlərində aşağıdakı məlumatlar göstərilməlidir:

2.2.1           lotereyanın şərtlərinin təsdiq edilməsi haqqında qərarın tarixi və nömrəsi;

2.2.2           Təşkilatçının tam adı və olduğu yer;

2.2.3           lotereyanın adı və keçirilmə forması;

2.2.4           lotereyanın keçirilməsi müddəti;

2.2.5           lotereyanın keçirildiyi ərazi;

2.2.6           lotereyanın uduş fonduna daxil olan uduşların adları, hər uduş adı üzrə sayı, habelə qeyri-pul uduşlarının hər birinin qiyməti; uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə minimal faiz nisbəti;  

2.2.7           uduş fondunun oynanılması qaydası;

2.2.8           uduş fondunun oynanılması tarixi(ləri) haqqında məlumat;

2.2.9           lotereya biletinin nümunəsi;

2.2.10      lotereya biletlərinin sayı və nömrələri (uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edilən lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla);

2.2.11      bir lotereya biletinin və ya bir oyun variantının qiyməti;

2.2.12      uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu və uduşların ödənilməsi müddəti və qaydası.

2.3             Məqsədli lotereyanın şərtlərində bu Qaydaların 2.2-ci bəndində göstərilən məlumatlardan əlavə lotereyanın keçirilməsi barədə qərarın tarixi, onu qəbul etmiş dövlət orqanının adı və maliyyələşdirilən layihə haqqında məlumat göstərilməlidir.

2.4             Təşkilatçı lotereya iştirakçısının tələbi ilə lotereyanın şərtlərini ona təqdim etməlidir.

2.5             Lotereyanın şərtləri Təşkilatçının möhürü ilə təsdiq edilməli və icra orqanının rəhbəri tərəfindən imzalanmalıdır.

2.6             Təşkilatçı lotereyanın şərtlərini yalnız lotereya qeydiyyata alındıqdan sonra, lotereya biletlərinin satışı başlanana qədər kütləvi informasiya vasitələri ilə elan etməlidir.

 

3. Lotereya biletlərinin hazırlanmasına və rekvizitlərinə dair tələblər

 

3.1             Lotereya biletində ən azı aşağıdakı məlumatlar göstərilməlidir:

3.1.1           Təşkilatçının tam adı və olduğu yer;

3.1.2           lotereyanın adı və keçirilmə forması;

3.1.3           lotereya biletinin seriyası (olduqda) və nömrəsi;

3.1.4            tirajın nömrəsi və həmin tirajın uduş fondunun oynanılması tarixi (tirajlı lotereyalar üçün);

3.1.5           lotereyanın uduş fonduna daxil olan uduşların adları, hər uduş adı üzrə sayı, habelə qeyri-pul uduşlarının hər birinin qiyməti; uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti;

3.1.6           uduş fondunun oynanılması qaydası;

3.1.7           uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu və uduşların ödənilməsi müddəti və qaydası;

3.1.8           lotereyanın qeydiyyat tarixi və nömrəsi;

3.1.9           lotereya biletinin və ya bir oyun variantının qiyməti;

3.1.10        lotereya biletini çap etmiş hüquqi şəxsin adı, ona verilmiş bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2             Lotereya biletlərində olan məlumatlar onların istifadə edildiyi lotereyanın şərtlərində göstərilən məlumatlarla eyni olmalıdır.

3.3             Lotereya biletləri (digər formada məlumat daşıyıcıları olan lotereya biletləri istisna olmaqla) bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyətinə xüsusi razılığa (lisenziyaya) sahib olan hüquqi şəxslər tərəfindən hazırlanmalıdır.

3.4             Digər formada məlumat daşıyıcıları olan lotereya biletlərində aşağıdakılar göstərilməlidir:

3.4.1  Təşkilatçının tam adı və olduğu yer;

3.4.2  lotereyanın adı və keçirilmə forması;

3.4.3  lotereya biletinin seriyası (olduqda) və nömrəsi;

3.4.4 tirajın nömrəsi və həmin tirajın uduş fondunun oynanılması tarixi (tirajlı  lotereyalar üçün);

3.4.5 lotereyanın uduş fonduna daxil olan uduşların adları, hər uduş adı üzrə sayı, habelə qeyri-pul uduşlarının hər birinin qiyməti; uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, uduş fondunun satılmış lotereya biletlərinin ümumi məbləğinə faiz nisbəti;

3.4.6  uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu və uduşların ödənilməsi müddəti və qaydası;

3.4.7  lotereyanın qeydiyyat tarixi və nömrəsi;

3.4.8  lotereya biletinin və ya bir oyun variantının qiyməti.

 

4. Lotereya biletlərinin elektron qaydada satılması

 

4.1             Təşkilatçı digər formada məlumat daşıyıcıları olan lotereya biletlərinin elektron qaydada satışını elektron ticarət haqqında qanunvericiliyə uyğun olaraq və xüsusi elektron sistem vasitəsi ilə həyata keçirməlidir.

4.2             Xüsusi elektron sistem aşağıdakılara imkan verməlidir:

4.2.1.          hər bir lotereya iştirakçısı üçün lotereya hesabının açılmasına, o cümlədən “istifadəçi adı” və “şifrə”-nin müəyyən edilməsinə və dəyişdirilməsinə;

4.2.2.           lotereya iştirakçısının bank hesabından lotereya hesabına, habelə lotereya hesabından bank hesabına köçürmələr edilməsinə və bu barədə məlumatların uçotunun aparılmasına;

4.2.3.          lotereya iştirakçısı tərəfindən lotereya biletlərinin seçilməsinə, tərtib edilməsinə və alınmasına;

4.2.4.          lotereya iştirakçısı tərəfindən lotereya hesabındakı qalıq haqqında məlumatların onun elektron poçtuna göndərilməsinə və çap olunmasına;

4.2.5.           lotereya iştirakçısı tərəfindən alınmış lotereya biletinin nüsxəsinin onun elektron poçtuna göndərilməsinə və çap olunmasına.

4.3             Lotereya iştirakçısı üçün xüsusi elektron sistemdə lotereya hesabının açılması, lotereya hesabına köçürmələrin edilməsi və uduşların ödənilməsi zamanı təşkilatçı lotereya iştirakçısını eyniləşdirməli və bu zamanı onun adını, soyadını, atasının adını, doğulduğu tarix (gün, ay, il) və yer (ölkə, rayon, şəhər, qəsəbə, kənd), şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsini müəyyənləşdirməlidir.

4.4             Təşkilatçı xüsusi elektron sistemə nəzarətin təmin edilməsi məqsədilə QKDK-nı aşağıdakılara imkan verən birbaşa çıxışla təmin etməlidir:

4.4.1            lotereyanın təşkili və keçirilməsinə nəzarət etmək, o cümlədən bilet nömrəsi və seriyası, lotereyanın adı və keçirilmə forması, tiraj nömrəsi və tarixi, habelə lotereya iştirakçısının adı və soyadı üzrə axtarışlar aparmaq, habelə nəticələrin elektron və çap formasında çıxarışlarını almaq;

4.4.2            lotereya iştirakçısının bank hesabından lotereya hesabına, habelə lotereya hesabından bank hesabına edilmiş köçürmələrlə bağlı məlumatlara nəzarət etmək, o cümlədən udmuş şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət təsdiq edən sənədin növü, seriyası və nömrəsi, uduşa düşmüş biletin nömrəsi və seriyası, lotereyanın adı və keçirilmə forması, tiraj nömrəsi və tarixi, və uduşun məbləği üzrə axtarışlar aparmaq, habelə nəticələrin elektron və çap formasında çıxarışlarını almaq;

4.4.3            müəyyən dövr ərzində keçirilmiş lotereyaların nəticələri haqqında məlumatlar, udmuş biletlərin seriyaları və nömrələri, hər bir lotereya biletində düşmüş uduşun məbləği və həmin dövr ərzində müəyyən olunmuş uduşların ümumi məbləği haqqında məlumatların əks olunduğu hesabatları tərtib etmək, habelə nəticələrin elektron və çap formasında çıxarışlarını almaq;

4.4.4            Lotereya iştirakçılarına ödənilmiş uduşlar və onların sahibləri (ödənişin məbləği, tarixi və vaxtı, lotereya iştirakçısının adı, atasının adı, soyadı, vətəndaşlığı, şəxsiyyətini təsdiq edən sənədin növü, seriyası və nömrəsi), habelə Təşkilatçı tərəfindən ödənilməli olan, lakin qəbul edilməmiş uduşlar (uduşa düşmüş biletin nömrəsi və seriyası, lotereyanın adı və keçirilmə forması, tiraj nömrəsi və tarixi) haqqında məlumatların əks olunduğu hesabatları tərtib etmək.

4.5             Xüsusi elektron sistemdə emal olunan və saxlanılan informasiyalara təşkilatçının əməkdaşları tərəfindən çıxışı təşkilatçı tərəfindən reqlamentləşdirilməlidir. Bu reqlamentdə məlumatlara çıxış iki pilləli (istifadəçi və rəhbər şəxs) avtorizasiyadan sonra əldə edilməsi, habelə istifadəçilərin sistemdə uçotunun yaradılması və ləğv edilməsi ilə bağlı prosedurlar müəyyən edilməlidir.

4.6             Səhvləri, saxtakarlıq hallarını, sistemdə saxlanılan məlumatların səlahiyyətsiz şəxslər tərəfindən istifadəsi və ya dəyişdirilməsi risklərini azaltmaq məqsədilə xüsusi elektron sistemə daxil olma hüquqları ilə sistemə giriş qeydlərinin mütəmadi müqayisəsi aparılmalıdır.

4.7             Xüsusi elektron sistemin üzləşdiyi risklərin səviyyələrinin aşağı salınması məqsədilə məlumat bazasında toplanmış dəyişikliklər üzrə qeydlərin (loqların) ehtiyat surətlərinin gündəlik olaraq yaradılmalıdır. Bu qeydlər (loqlar), tələb olunduqda QKDK-ya təqdim olunmalıdır.

4.8             Elektron qaydada satılan lotereya biletlərinin nömrə və seriyaları ardıcıl olaraq müəyyən edilməli, həmçinin çap formasında satılan biletlərin nömrə və seriyalarını təkrar etməməlidir.

4.9             Lotereya iştirakçısı almaq istədiyi bileti seçdikdən və ya tərtib etdikdən sonra, xüsusi elektron sistem tərəfindən iştirakçıya biletin alınmasının təsdiqi üçün sorğu göndərilməlidir. Lotereya iştirakçısı sorğunu təsdiq etdikdən sonra lotereya biletini almış hesab edilir.

4.10        Təşkilatçı lotereya biletlərinin elektron satışını təşkili zamanı lotereya iştirakçısı barəsində əldə etmiş olduğu məlumatların təhlükəsizliyini təmin etməli və qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla digər şəxslərə verməməlidir.

4.11        Təşkilatçı tərəfindən lotereya biletlərinin elektron satışının təşkili zaman lotereya iştirakçısı barəsində əldə etmiş olduğu məlumatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istifadəçi və təşkilatçının serverləri arasında məlumatlar Təhlükəsiz Soket Protokolu (SSL - Secure Sockets Layer) vasitəsi ilə şifrlənmiş vəziyyətdə ötürülməlidir.

4.12        Təşkilatçı xüsusi elektron sistemin davamlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə daxili nəzarət sistemini tətbiq etməli və mütəmadi olaraq arxivləşdirmə və yedəkləmə tədbirlərini həyata keçirməlidir.

 

5. Lotereyanın uduş fondu

 

5.1.            Lotereyanın uduş fondu Təşkilatçının yalnız lotereya iştirakçıları qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə istifadə olunur.

5.2.            Lotereyanın uduş fondu bu fondun oynanılmasınadək azı 1 (bir) saat qalmış formalaşdırılmalıdır.

5.3.            Tirajlı lotereyanın uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə buraxılmış, uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə isə, satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox ola bilməz.

5.4.            Ani lotereyanın uduş fondunun həcmi buraxılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az və 80%-dən çox olmamalıdır.

5.5.            Tirajlı lotereyanın uduş fondunun məbləği satılmış lotereya biletlərinin məbləğindən asılı olaraq müəyyən edildikdə, bir tirajın uduş fondunun oynanılmamış hissəsi lotereyanın şərtlərində nəzərdə tutulduqda növbəti tirajda oynanıla bilər.

5.6.            Tirajlı lotereyanın uduş fondunun oynanılmasında yalnız satılmış lotereya biletləri iştirak edir.

 

6. Lotereyanın qeydiyyatı

 

6.1             Lotereyanın qeydiyyata alınması üçün Təşkilatçı lotereyanın keçirilməsinin başlanmasına azı 20 (iyirmi) iş günü qalmış QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:

6.1.1           lotereyanın qeydiyyata alınması üçün ərizəni. Ərizədə Təşkilatçının tam adı, olduğu yer, lotereyanın adı və keçirilmə forması göstərilməlidir;

6.1.2           lotereyanın şərtlərini;

6.1.3           lotereyada istifadə olunacaq lotereya biletinin nümunəsini;

6.1.4            Təşkilatçının dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətini;

6.2       Bu Qaydaların 6.1.4-cü bəndində göstərilən sənədin surəti Təşkilatçı tərəfindən keçirilən sonrakı lotereyaların qeydiyyatı zamanı tələb olunmur.

6.3             QKDK lotereyanın şərtlərində göstərilən müddəaların aydınlaşdırılmasını və ya onlara konkretləşdirici müddəaların əlavə edilməsini, habelə təqdim olunmuş digər sənədlərdə aşkar edilmiş nöqsanların aradan qaldırılmasını, onlar təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günü müddətində Təşkilatçıdan tələb etmək hüququna malikdir.

6.4             Bu Qaydaların 6.1-ci bəndində göstərilən sənədlər QKDK-ya təqdim edildiyi tarixdən etibarən 15 (on beş) iş günündən gec olmayaraq o, lotereyanın qeydiyyata alınması və ya bundan imtina barədə qərar qəbul edib, bu barədə Təşkilatçıya məlumat təqdim etməlidir.

6.5             QKDK aşağıdakı əsaslarla lotereyanın qeydiyyata alınmasından imtina edir:

6.5.1       bu Qaydaların 6.1-ci bəndində göstərilən sənədlər QKDK-ya tam şəkildə təqdim edilmədikdə;

6.5.2      QKDK-ya təqdim olunmuş sənədlərə “Lotereyalar haqqında” Qanunun və bu Qaydaların tələblərinə cavab verməyən və ya natamam, qeyri-dürüst, yaxud təhrif olunmuş məlumatlar daxil edildikdə.

6.6             Təşkilatçı lotereyanın qeydiyyata alınmasından imtina barədə qərardan inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

6.7             Qeydiyyata alınmamış lotereyaların keçirilməsinə və reklamına yol verilmir.

 

7. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi.

 

7.1             Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir.

7.2             Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi üçün Təşkilatçı QKDK-ya aşağıdakı sənədləri təqdim etməlidir:

7.2.1            lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi üçün ərizəni. Ərizədə Təşkilatçının tam adı, olduğu yer, lotereyanın adı və keçirilmə forması, lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi haqqında qərarın tarixi və nömrəsi, habelə həmin əlavə və (və ya) dəyişikliklərin qüvvəyə minməsi tarixi göstərilməlidir;

7.2.2           Lotereya şərtlərinə əlavə və (və ya) dəyişikliklərin Təşkilatçının möhürü ilə təsdiq edilmiş və icra orqanının rəhbəri tərəfindən imzalanmış mətnini;

7.2.3           lotereya şərtlərinin yeni redaksiyasını.

7.3             Bu Qaydaların 7.2-ci bəndində göstərilən sənədlər QKDK-ya təqdim edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq o, lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsi və ya bundan imtina haqqında qərar qəbul edib, bu barədə Təşkilatçıya məlumat təqdim etməlidir.

7.4             QKDK lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə icazənin verilməsindən aşağıdakı əsaslarla imtina edir:

7.4.1            bu Qaydaların 7.2-ci bəndində göstərilən sənədlər QKDK-ya tam şəkildə təqdim edilmədikdə;

7.4.2            QKDK-ya təqdim olunmuş sənədlərə lotereyalar haqqında qanunvericiliyə zidd olan, o cümlədən lotereya iştirakçılarının hüquqlarını məhdudlaşdıran, lotereyanın formasını dəyişən, satışa buraxılmış lotereya biletlərinin iştirak etdiyi tirajın və ya ani lotereyanın uduş fondunun tərkibini dəyişən, satışa buraxılmış lotereya biletlərinin iştirak etdiyi tirajın və ya ani lotereyanın uduş fondunun həcmini azaldan, habelə natamam və ya qeyri-dürüst müddəalar daxil edildikdə.

7.5             Tirajlı lotereyanın şərtlərinə əlavələr və (və ya) dəyişikliklər, onların aid olduğu tirajın uduş fondunun oynanılmasına azı 10 (on) iş günü qalana qədər edilir.

7.6             Təşkilatçı lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişiklikləri onların aid olduğu tirajın uduş fondunun oynanılması tarixinə azı 7 (yeddi) iş günü qalmış kütləvi informasiya vasitələri ilə elan etməlidir.

 

8. Tiraj komissiyası

 

8.1             Tirajlı lotereyalarda uduş fondunun oynanılmasına nəzarəti həyata keçirən tiraj komissiyası Təşkilatçı tərəfindən yaradılır.

8.2             Tiraj komissiyası üzvlərinin sayı 5 (beş) nəfərdən az olmamaq şərti ilə tək sayda yaradılır.

8.3             Təşkilatçı tiraj komissiyasının ən azı bir üzvünü kütləvi informasiya vasitələrinin və ya ictimai təşkilatların nümayəndələrindən təyin edir.

8.4             Təşkilatçının vəzifəli şəxsləri, onların ailə üzvləri (ər, arvad, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, onların ərləri və arvadları, bacılar, qardaşlar, bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, qəyyumlar və qəyyumluğa götürülənlər) tiraj komissiyasının üzvləri ola bilməzlər.

8.5             Təşkilatçı uduş fondunun oynanılmasına azı 3 (üç) iş günü qalmış tiraj komissiyasının üzvləri haqqında aşağıdakı məlumatı QKDK-ya təqdim etməlidir:

8.5.1           lotereyanın adı və növü;

8.5.2           tirajın nömrəsi və həmin tirajın uduş fondunun oynanılması tarixi;

8.5.3           tiraj komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və işlədiyi yer.

8.6             Tiraj komissiyası qanunvericiliyin tələbləri pozulmaqla yaradıldıqda, QKDK tiraj komissiyasının tərkibinə dəyişikliklərin edilməsi barədə Təşkilatçıya icrası məcburi olan göstəriş verir.

8.7             Tiraj komissiyasının sədri tiraj komissiyasının üzvləri tərəfindən adi səs çoxluğu ilə seçilir.

8.8             Tiraj komissiyasının qərarları adi səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən tiraj komissiyasının üzvü bitərəf qala bilməz.

8.9             Tirajlı lotereyanın uduş fondunun oynanılmasının nəticələri tiraj komissiyasının üzvləri tərəfindən imzalanan aktla təsdiq olunur.

8.10        Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması aşkar edildikdə bu, uduş fondunun oynanılmasının nəticələri haqqında aktda qeyd edilir. Tiraj komissiyası aşkar olunmuş pozuntular barədə 3 (üç) iş günü ərzində QKDK-ya və lotereya təşkilatçısına məlumat verməlidir.

 

9. Uduşlu lotereya biletlərinin qəbulu və uduşların verilməsi (ödənilməsi)

 

9.1             Təşkilatçı tirajlı lotereyada uduş fondunun oynanılması tarixindən etibarən 5 (beş) iş günündən gec olmayaraq oynanılmış uduş fondu və uduşa düşmüş lotereya biletlərinin nömrələri və (və ya) seriyaları barədə məlumatı kütləvi informasiya vasitələri ilə elan etməlidir.

9.2             Təşkilatçı uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərini lotereyanın şərtlərində göstərilmiş qəbul müddəti ərzində lotereya iştirakçılarının ilk tələbi ilə qəbul etməlidir. Elektron qaydada satılmış lotereya biletləri üzrə pul uduşları həmin biletin uduşa düşməsi müəyyənləşdikdən sonra 30 iş günündən gec olmayaraq lotereya təşkilatçısı tərəfindən lotereya iştirakçısının lotereya hesabına köçürülür.  Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalenti lotereya iştirakçısının lotereya hesabına köçürülür. 

9.3             Tirajlı lotereyada uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti həmin tirajın uduş fondu oynanıldığı tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.

9.4             Ani lotereyada uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu lotereya başlandığı tarixdən başlamalı və lotereya başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam etməlidir. Ani lotereyanın başa çatması barədə məlumatın Təşkilatçı tərəfindən elan edildiyi tarix ani lotereyanın başa çatdığı tarix hesab olunur.

9.5             Uduş Təşkilatçı tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilməlidir (ödənilməlidlir).

9.6             Lotereyanın şərtlərində nəzərdə tutulduğu halda, lotereya iştirakçısının tələbi ilə qeyri-pul uduşlarının əvəzinə onların pul ekvivalentinin ödənilməsinə yol verilir.

9.7             Uduş fondunun oynanılması zamanı lotereyanın şərtlərinin pozulması barədə tiraj komissiyasından məlumat aldıqda, lotereyanın təşkilatçısı QKDK tərəfindən müvafiq qərar qəbul edilənədək uduşların verilməsini (ödənilməsini) dayandırmalıdır.

 

10. Uduşlu lotereya biletlərinin saxlanılması, satılmamış lotereya biletlərinin satıcılardan geri alınması və məhv edilməsi

 

10.1        Tirajlı lotereyada tiraj üzrə satılmamış lotereya biletləri həmin tirajın uduş fondunun oynanılmasına azı 2 (iki) saat qalmış Təşkilatçı tərəfindən satıcılardan geri alınmalıdır. Bu müddət bitdikdən sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunurlar.

10.2        Uduşu ödənilmiş lotereya biletləri Təşkilatçı tərəfindən 3 (üç) il ərzində saxlanmalıdır.

10.3        Satılmamış lotereya biletləri və saxlanma müddəti başa çatmış uduşlu lotereya biletləri Təşkilatçının yaratdığı ləğvetmə komissiya tərəfindən məhv edilir.

10.4        Lotereya biletlərinin məhv edilməsi onların tamlığını pozan, təyinatı üzrə istifadəsini və eyniləşdirilməsini qeyri-mümkün edən üsullarla (lotereya biletlərinin yandırılması və s.) həyata keçirilir.

10.5        Ləğvetmə komissiyası üzvlərinin sayı 3 (üç) nəfərdən az olmamaq şərti ilə tək saylı olmalıdır.

10.6        Lotereya biletlərinin məhv edilməsinin nəticələrinə görə ləğvetmə komissiyası tərəfindən akt tərtib edilməlidir. Lotereya biletlərinin məhv edilməsi haqqında aktda aşağıdakılar göstərilməlidir:

10.6.1      Təşkilatçının tam adı;

10.6.2      məhv edilən lotereya biletlərinin istifadə edildiyi lotereyanın adı, növü, qeydiyyat tarixi və qeydiyyat nömrəsi;

10.6.3      lotereya biletlərinin məhv edilməsi tarixi və yeri;

10.6.4      ləğvetmə komissiyasının hər bir üzvünün adı, atasının adı, soyadı və işlədiyi yer;

10.6.5      tirajın nömrəsi və həmin tiraj üzrə məhv edilən uduşlu lotereya biletlərinin ümumi sayı (tirajlı lotereyalar üçün);

10.6.6      tirajın nömrəsi və həmin tiraj üzrə məhv edilən satılmamış lotereya biletlərinin ümumi sayı (tirajlı lotereyalar üçün);

10.6.7      ani lotereya üzrə məhv edilən uduşlu lotereya biletlərinin ümumi sayı;

10.6.8      ani lotereya üzrə məhv edilən satılmamış lotereya biletlərinin ümumi sayı;

10.6.9      lotereya biletlərinin məhv edilməsi üsulu.

10.7        Lotereya biletlərinin məhv edilməsi haqqında akt hər lotereya üzrə ayrıca tərtib olunur.

10.8        Lotereya biletlərinin məhv edilməsi haqqında aktın hər səhifəsi ləğvetmə komissiyasının üzvləri tərəfindən imzalanır. Ləğvetmə komissiyasının üzvü aktı imzalamaqdan imtina etdikdə, bunun səbəblərini aktda göstərməlidir.

10.9        Aktın tərtib edildiyi tarixdən etibarən 7 (yeddi) iş günündən gec olmayaraq, onun bir nüsxəsi Təşkilatçı tərəfindən QKDK-ya təqdim olunmalıdır.

10.10    Tirajlı lotereyada tirajın uduş fondunun oynanılması başa çatanadək həmin tiraj üzrə satılmamış lotereya biletlərinin məhv edilməsinə yol verilmir.

10.11    Ani lotereyada uduşların verilməsi müddəti başa çatanadək həmin lotereya üzrə satılmamış lotereya biletlərinin məhv edilməsinə yol verilmir.

 

11. Lotereyaların təşkili və keçirilməsi ilə bağlı hesabatların QKDK-ya təqdim edilməsi

 

11.1        Təşkilatçı aşağıdakıları QKDK-ya təqdim etməlidir:

11.1.1          tirajlı lotereyada (Təşkilatçının filialları vasitəsilə keçirilən tirajlı lotereyalar istisna olmaqla) tirajın uduş fondunun oynanılmasına azı 1 (bir) saat qalmış - həmin tirajın lotereya biletləri haqqında hesabatı;

11.1.2           tirajlı lotereyada (Təşkilatçının filialları vasitəsilə keçirilən tirajlı lotereyalar istisna olmaqla) tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq - tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında hesabatı və uduş fondunun oynanılmasının nəticələri haqqında tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsini;

11.1.3          tirajlı lotereyada (Təşkilatçının filialları vasitəsilə keçirilən tirajlı lotereyalar istisna olmaqla) uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti başa çatdığı tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq – tirajlı lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabatı;

11.1.4        ani lotereyanın keçirilməsi və həmin lotereyada uduşların ödənilməsi müddəti ərzində hər təqvim ayı bitdiyi tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq - ani lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabatı;

11.1.5         Təşkilatçının filialı vasitəsilə keçirilən tirajlı lotereyanın keçirilməsi müddəti ərzində hər təqvim ayı bitdiyi tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq – həmin filial vasitəsilə keçirilən tirajlı lotereya haqqında hesabatı. 

11.2        Tirajın lotereya biletləri haqqında hesabatda aşağıdakılar göstərilməlidir:

11.2.1       Təşkilatçının tam adı;

11.2.2       lotereyanın adı, növü və tirajın nömrəsi;

11.2.3       tirajın uduş fondunun oynanılması tarixi;

11.2.4       uduş fondunun oynanılmasında iştirak edən lotereya biletlərinin sayı;

11.2.5      uduş fondunun oynanılmasında iştirak etməyən lotereya biletlərinin sayı və nömrələnməsi;

11.2.6          tirajın uduş fonduna daxil olan qeyri-pul uduşlarının hər birinin adı, qiyməti, habelə pul uduşlarının məbləği.

11.3        Tirajın uduş fondunun oynanılması haqqında hesabatda aşağıdakılar göstərilməlidir:

11.3.1       Təşkilatçının tam adı;

11.3.2       lotereyanın adı, növü və tirajın sıra nömrəsi;

11.3.3       tirajın uduş fondunun oynanılması tarixi;

11.3.4         lotereya biletlərinin uduşlu olmasını müəyyən etmək imkanı verən ardıcıl göstəricilər (uduş fondunun oynanılması bir neçə mərhələdən ibarət olduqda, hər mərhələ üçün ayrı-ayrılıqda göstərilir);  

11.3.5            tiraj üzrə uduşlu lotereya biletlərinin nömrələri (seriyaları) və onların hər birinə düşən uduş(lar).

11.4        tirajlı lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabatda aşağıdakılar göstərilməlidir:

11.4.1      Təşkilatçının tam adı;

11.4.2      lotereyanın adı və növü;

11.4.3      tirajın tarixi və sıra nömrəsi;

11.4.4      tirajın uduş fondunun oynanılması tarixi;

11.4.5      tiraj üzrə uduşu verilmiş (ödənilmiş) lotereya biletlərinin nömrələri (seriyaları) və onların hər biri üzrə verilmiş (ödənilmiş) uduş.

11.5   Ani lotereyada verilmiş (ödənilmiş) uduşlar haqqında hesabatda aşağıdakılar göstərilməlidir:

11.5.1      Təşkilatçının tam adı;

11.5.2      lotereyanın adı və növü;

11.5.3      hesabat ayı;

11.5.4       hesabat ayı ərzində uduşu verilmiş (ödənilmiş) lotereya biletlərinin nömrələri (seriyaları) və onların hər biri üzrə verilmiş (ödənilmiş) uduş;

11.5.5      satılmamış lotereya biletlərinin nömrələri (seriyaları) – ani lotereya üzrə sonuncu hesabatda göstərilir.

11.6        Təşkilatçının filialı vasitəsilə keçirilən tirajlı lotereya haqqında hesabatda aşağıdakılar göstərilməlidir:

11.6.1      filialın adı;

11.6.2      lotereyanın adı və növü;

11.6.3      hesabat ayı;

11.6.4      hesabat ayı ərzində keçirilmiş uduş fondu oynanılmalarının tarixləri, tirajların nömrələri, hər tirajda oynanılmış uduş fondu və lotereya biletlərinin uduşlu olmasını müəyyən etmək imkanı verən ardıcıl göstəricilər (uduş fondunun oynanılması bir neçə mərhələdən ibarət olduqda, hər mərhələ üçün ayrı-ayrılıqda göstərilir);

11.6.5      hesabat ayı ərzində keçirilmiş hər uduş fondu oynanılmasının nəticələrinə görə uduşlu lotereya biletlərinin nömrələri (seriyaları) və onların hər birinə düşən uduş(lar). 

11.7        Təşkilatçı bu Qaydaların 11-ci bəndində göstərilən hesabatlardan əlavə pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair hesabatı QKDK tərəfindən təsdiq edilmiş “Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə peşəkar fəaliyyəti həyata keçirənlər, habelə investisiya fondları və lotereya təşkilatçısı tərəfindən «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi” Qaydalarına uyğun olaraq təqdim etməlidir.

11.8        Bu Qaydaların 11-ci bəndində göstərilən hesabatlar Təşkilatçının möhürü ilə təsdiq edilməli və icra orqanının rəhbəri tərəfindən imzalanmalıdır.

 

12. Lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi

 

12.1        Lotereyalar haqqında qanunvericiliyin tələblərinin və ya lotereyanın şərtlərinin  Təşkilatçı tərəfindən pozulması aşkar edildikdə, QKDK lotereyanın dayandırılması barədə qərar qəbul edir və həmin pozuntuların aradan qaldırılması üçün Təşkilatçıya tələbnamə göndərir.

12.2        Təşkilatçı lotereyanın dayandırılması barədə tələbnaməni aldığı tarixdən etibarən 20 (iyirmi) iş günü ərzində aşkar edilmiş pozuntuları aradan qaldırmalı və bu barədə QKDK-ya məlumat verməlidir.

12.3        QKDK pozuntuların aradan qaldırılması barədə Təşkilatçıdan məlumat aldıqda, 5 (beş) iş günündən gec olmayaraq lotereyanın bərpa edilməsi və ya aradan qaldırılmamış pozuntular göstərilməklə, lotereyanın dayandırılmasının qüvvədə saxlanılması barədə Təşkilatçıya yazılı bildiriş göndərir.

12.4        Təşkilatçı aşkar olunmuş pozuntuları bu Qaydaların 12.2-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda və ya onların aradan qaldırılması barədə məlumatı təqdim etmədikdə, QKDK lotereyanın keçirilməsinə xitam verilməsi barədə məhkəmədə vəsatət qaldıra bilər.

12.5        QKDK aşağıdakı əsaslarla lotereyanın keçirilməsinə xitam verir:

12.5.1       Təşkilatçı lotereyanın keçirilməsinə xitam verilməsi barədə ərizə ilə müraciət etdikdə;

12.5.2       Təşkilatçı ləğv edildikdə;

12.5.3       məhkəmənin qərarı olduqda.

12.6        Təşkilatçı lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə bildirişi aldıqda, bu barədə məlumatı kütləvi informasiya vasitələri ilə dərhal elan etməlidir.

12.7        Lotereyanın dayandırılması və ya ona xitam verilməsi barədə Təşkilatçı tərəfindən verilən elanda aşağıdakılar göstərilməlidir:

12.7.1       Təşkilatçının tam adı;

12.7.2       lotereyanın adı və növü;

12.7.3        lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edildiyi tarix və onu qəbul edən orqanın adı;

12.7.4       lotereyanın dayandırılması və ya ona xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas;

12.7.5       keçirilməsi baş tutmamış tirajın nömrəsi və onun uduş fondunun oynanılması nəzərdə tutulduğu tarix (tirajlı lotereyalar üçün);

12.7.6       uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılması və ödənilməsi müddəti;

12.7.7       uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılmasının və ödənilməsinin həyata keçirildiyi yerlərin ünvanları və mövcud olan digər əlaqə məlumatları.

12.8        Uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin Təşkilatçı tərəfindən yığılması müddəti bu Qaydaların 12.7-ci bəndində göstərilən elan dərc edildiyi tarixdən etibarən 3 (üç) iş günündən gec olmayaraq başlamalı və 90 (doxsan) iş günündən az olmamalıdır.

12.9        Uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletləri Təşkilatçı tərəfindən qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq ödənilməlidir.

12.10    Təşkilatçı lotereyanın dayandırılması və ya onun keçirilməsinə xitam verilməsi haqqında məhkəmə qərarının qəbul edilməsi barədə bildiriş aldıqda, lotereyanın uduş fondunun oynanılmasında iştirak etməmiş lotereya biletlərinin yığılmasını və onların dəyərini lotereya biletlərinin sahiblərinin ilk tələbi ilə ödənilməsini təmin etməlidir.

12.11    Lotereyanın dayandırılması və ya ona xitam verilməsi Təşkilatçını oynanılmış uduşların verilməsi (ödənilməsi) vəzifəsindən azad etmir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                  7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 iyul 2017-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201707070277, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 iyul 2017-ci il) ilə 1-ci hissə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status