×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
19.05.1997
QEYDİYYAT NÖMRƏSİ
51
ADI
Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin «Seleksiya nailiyyətləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 1997-ci il 17 yanvar tarixli 538 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş nazirinin müavini

A.ABBASOV

 

Bakı şəhəri, 19 may 1997-ci il

                       № 51

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1997-ci il 19 may tarixli 51 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında

 

Əsasnamə

 

1. Bu Əsasnamə Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi şərtlərini və qaydalarını müəyyən edir.

2. Seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnaməsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra – Nazirlik) yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra Agentlik) tərəfindən verilir. [1]

3. Patent almaq üçün ərizəni seleksiya nailiyyətlərini yaradan tərəf Agentliyə verir. [2]

4. Patent almaq üçün ərizə verilməsi hüququ ilk növbədə seleksiya nailiyyətinin müəllifinə və ya onun hüquqi varisinə verilir.

5. Patent üçün ərizə vermək hüququ müəllifin ərizəsində göstərilən başqa şəxsə də verilə bilər. Belə halda müəllifin ərizəsi patent verilməsi barədə qərar qəbul edilməzdən əvvəl Agentliyə daxil olmalıdır.

6. Seleksiya nailiyyəti müştərək yaradılıbsa, yaxud ərizəçilər müəllifin hüquqi varisləridirsə, onda ərizə bir neçə şəxs tərəfindən verilir və onların arasında münasibətlər bağlanmış müqavilə ilə tənzimlənir.

7. Seleksiya nailiyyəti xidməti vəzifəsini yerinə yetirən şəxs tərəfindən əldə edilibsə, bağlanmış müəlliflik müqaviləsində başqa şərtlər olmadığı halda, patent almaq üçün sifarişi onu işə götürən tərəf verir.

8. Xarici dövlətlərin hüquqi şəxsləri və vətəndaşları Agentliyə seleksiya nailiyyətinə patent almaq üçün sifariş verə bilərlər. Bu zaman patentin verilməsi üçün sifariş Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

9. Hər seleksiya nailiyyəti üçün ayrıca sifariş verilir.

10. Seleksiya nailiyyətinə patent almaq üçün təqdim olunan ərizə fiziki şəxs tərəfindən verilirsə sifariş imzalanır, hüquqi şəxs olanda isə sifariş müəssisənin rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Sifariş bir neçə şəxs tərəfindən verilən halda həmin sənəd bu şəxslər tərəfindən imzalanır. Sifarişi imza edən şəxslərin soyadı, adı və atasının adı dəqiq yazılmalıdır.

11. Patent almaq üçün aşağıdakı sənədlər təqdim olunur:

§    seleksiya nailiyyətlərinə patent verilməsi üçün ərizə;

§    seleksiya nailiyyətlərinin təsvirini və əlamətlərini əks etdirən anket;

§    tələb olunan rüsumların ödənişi haqqında qəbz; [3]

§    seleksiya nailiyyəti nümunəsinin Azərbaycan Respublikasının Milli Genbankında saxlanmağa qəbulu haqqında arayış;

§    genetik pasport.

12. Seleksiya nailiyyətlərinə patent almaq üçün təqdim olunmuş ərizə və ona aid olan bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində və yaxud başqa dildə təqdim oluna bilər. Həmin sənədlər başqa dildə təqdim olunarsa, bu zaman ərizəyə sənədlərin Azərbaycanın dövlət dilində tərcüməsi əlavə olunur.

Patent almaq üçün lazım olan bütün sənədlər makinada, botaniki terminlər isə latınca yazılmalıdır.

13. Agentliyin rəsmi bülletinində seleksiya nailiyyətlərinin qeydiyyatı, istifadəsi və mühafizəsinə dair aşağıdakı məlumatlar dərc edilir:

    • patent almaq üçün dövlət reyestrinə qəbul edilmiş sifarişlərin siyahısı;
    • dövlət reyestrinə yeni qəbul olunmuş seleksiya nailiyyətlərinin siyahısı və təsviri;
    • dövlət reyestrindən çıxarılmış seleksiya nailiyyətlərinin siyahısı;
    • dövlət sort sınağında sınağı başa çatdırılmış seleksiya nailiyyətlərinin siyahısı;
    • dövlət sort sınağı metodikasına dəyişikliklər və əlavələr;
    • seleksiya nailiyyətlərinin adlarının dəyişdirilməsi haqqında;
    • patentin etibarsız sayılması və onların ləğv edilməsi haqqında;
    • açıq və məcburi lisenziyaların verilməsi.

14. Agentlik il ərzində seleksiya nailiyyətlərinə patent almaq üçün sifariş qəbul edir. Bitkilər və tut ipəkqurdu üzrə sifarişlər il ərzində aşağıdakı müddətdə qəbul edilir:

    • payızlıq dənli bitkilər, tut ipəkqurdu, tut ağacları üzrə — 10 dekabrdan gec olmayaraq;
    • yazlıq dənli və dənlipaxlalı (çəltikdən başqa), kartof, tərəvəz və bostan bitkiləri, birillik və çoxillik otlaq (sorqo bitkisindən başqa), çuğundur və efir yağlı bitkilər üzrə — 15 noyabrdan gec olmayaraq;
    • tütün bitkisi üzrə — 1 dekabrdan gec olmayaraq;
    • qarğıdalı, çəltik, pambıq və sorqo üzrə — 15 dekabrdan gec olmayaraq;
    • meyvə, giləmeyvə, subtropik, üzüm, gül-bəzək və meyvə bitkiləri üzrə —25 dekabrdan gec olmayaraq.

15. Seleksiya nailiyyətinə müəllif tərəfindən təklif olunmuş və Agentlik tərəfindən qəbul edilmiş ad verilir. Seleksiya nailiyyətinin adı, onu müəyyənləşdirməyə imkan verməklə bərabər oxşar botaniki və zooloji növə aid mövcud adlardan fərqlənməli, qısa, aydın olmalı, yalnız rəqəmlərdən ibarət olmamalıdır. Digər xarici dövlətlərə seleksiya nailiyyətinə görə patent almaq üçün ərizə verilərsə, seleksiya nailiyyətinin adı dəyişdirilmir. Seleksiya nailiyyətinin adı yuxarıda göstərilən şərtlərə uyğun gəldikdə Agentliyin təklifi ilə verilmiş ad bir ay müddətində dəyişdirilməlidir. [4]

16. Seleksiya nailiyyətlərinə patent almaq üçün sənədlər Agentlik qeydiyyatdan keçirilir və bir ay müddətində ilkin ekspertiza aparılır.

Müəyyən olunmuş müddətdə ərizəçi sənədlərdə əlavələr, düzəlişlər və dəqiqləşdirmələr edə bilər.

İlkin ekspertiza zamanı ərizəçinin günahı üzündən sənədlərdə lazımi dəqiqləşmələr aparılmadıqda və çatışmayan sənədlər təqdim olunmadıqda ərizəyə baxılmır və bu barədə sifarişçiyə Agentlik tərəfindən məlumat verilir.

17. Sifarişin ilkin ekspertizası keçirildikdən sonra seleksiya nailiyyəti Nazirliyin təlimatına uyğun olaraq onun yeniliyinə görə ekspertizası aparılır. [5]

Seleksiya nailiyyəti yeniliyin şərtlərinə uyğun gəlmirsə sınaqdan çıxarılır.

18. Patent almaq üçün ekspertizadan keçmiş seleksiya nailiyyətlərinin Nazirlik tərəfindən təsdiq edilmiş müvafiq təlimatlara uyğun sınağı aparılır. Sınaq təcrübələri qoymaq üçün sifarişçi təmənnasız olaraq tələb olunan miqdarda və vaxtında toxum, əkin materialları və damazlıq ehtiyatlarını təqdim etməlidir. Həmin seleksiya nailiyyətləri aşağıdakı tələbləri ödəməlidir:

  • yenilik:

seleksiya nailiyyəti sifariş verilənə qədər Azərbaycan Respublikasının ərazisində tarla bitkiləri üçün bir il, üzüm sortları, dərman və bəzək bitkiləri, meyvə və meşə ağacları, heyvan cinsləri üçün dörd il, xarici ölkə ərazisində isə müvafiq olaraq dörd və altı il müddətində heç bir fiziki və hüquqi şəxslərə satılıb və ya verilməyibsə seleksiya nailiyyəti yeni hesab olunur.

  • fərqlilik:

seleksiya nailiyyəti dövlət reyestrinə qeydiyyatda olan mövcud seleksiya nailiyyətindən kəmiyyət və keyfiyyət göstəricilərinə görə bir və ya bir neçə əlamətlərinə görə fərqlənməlidir.

  • oxşarlıq:

seleksiya nailiyyətinin əlamətləri çoxaldılma xüsusiyyətlərinə görə bəzi fərqlər istisna olmaqla genotip və fenotip cəhətcə oxşar olmalıdır. Seleksiya üsullarından, mutasiya və digər səbəblərindən asılı olaraq (sortcins-populyasiyaları istisna olmaqla) sortun və cinsin dəyişkənliyi iki faizdən artıq olmadıqda və eyniliyi müəyyən edildikdə seleksiya nailiyyətləri oxşar hesab edilir.

  • sabitlik:

seleksiya nailiyyəti o zaman sabit hesab edilir ki, dəfələrlə artırıldıqda və artırılma mərhələlərinin sonunda da onun əsas əlamətləri sabit və dəyişməz qalsın və öz təsvirinə uyğun olsun.

19. Ərizəçi ekspertiza və sınağın nəticələrinə dair verilən qərar ilə razılaşmadıqda üç ay müddətində Nazirlik tərəfindən bu məqsəd üçün yaradılmış apelyasiya komissiyasına müraciət edə bilər.

20. Bu Əsasnamənin 18-ci maddəsində göstərilən şərtlərin tələblərinə cavab verən seleksiya nailiyyətlərinə Nazirlik tərəfindən müəyyən edilmiş mütəxəssislərin, sifarişçisinin və digər marağı olan tərəflərin iştirakı ilə ekspertiza və sınağın nəticələrinə baxılır və patent verilməsi haqda qərar qəbul edilir. Seleksiya nailiyyətinin yaradılmasında bir neçə müəllif iştirak edibsə onların adına bir patent verilir.

Qəbul edilmiş qərar Nazirliyin əmri ilə rəsmiləşdirilir və həmin seleksiya nailiyyəti Dövlət reyestrində qeydə alınır. [6]

21. Dövlət reyestrində qeydiyyata alınmış seleksiya nailiyyətinin müəlliflərinə müəlliflik şəhadətnaməsi verilir. Əgər seleksiya nailiyyəti bir neçə şəxs tərəfindən yaradılıbsa, onlar müəllif hesab olunur və hər birinə müəlliflik şəhadətnaməsi verilir. Müəlliflik şəhadətnaməsi müəlliflərə patent sahibindən bağlanmış qarşılıqlı müqavilə əsasında yeni seleksiya nailiyyətindən istifadəyə görə mükafat almağa müstəsna səlahiyyət verir.

22. Seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin formaları Nazirlik tərəfindən təsdiq edilir.

23. Patentlərin və müəlliflik şəhadətnamələrin verilməsi və icra olunması zamanı qarşıya çıxan bu və ya digər məsələlərin həll edilməsində Azərbaycan Respublikasının «Seleksiya nailiyyətləri haqqında» Qanunu və bu Əsasnamə rəhbər tutulur.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 may 2013-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 570)

2.       17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72) ilə “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci hissəsinə Nazirliyi sözündən sonra (bundan sonra Nazirlik) yanında Aqrar Xidmətlər Agentliyi (bundan sonra Agentlik)” sözləri əlavə  edilmişdir.

 

[2] 17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72) ilə “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 3-cü, 5-ci, 8-ci, 13-cü, 14-cü, 15-ci və 16-cı (hər iki halda) hissələrində ismin müvafiq hallarında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilmişdir.

 

[3] 24 may 2013-cü il tarixli 84 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 02 iyun 2013-cü il, № 119, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 570) ilə 11-ci hissəsinin dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda beşinci və altıncı abzaslar əlavə edilmişdir.

 

[4] 17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72) ilə “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 15-ci hissədə (ikinci halda) Kənd Təsərrüfatı Nazirliyinin sözləri Agentliyin sözü ilə əvəz edilmişdir.

 

[5] 17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72) ilə “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 17-ci, 18-ci, 19-cu, 20-ci və 22-ci hissələrində ismin müvafiq hallarında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” sözləri ismin müvafiq hallarında Nazirlik sözü ilə əvəz edilmişdir.

 

[6] 17 yanvar 2022-ci il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 yanvar 2022-ci il, № 13, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 1, maddə 72) ilə “Azərbaycan Respublikasında seleksiya nailiyyətlərinə patent və müəlliflik şəhadətnamələrinin verilməsi qaydaları haqqında Əsasnamə”nin 20-ci hissəsində (ikinci halda) Kənd Təsərrüfatı Nazirliyinin sözləri Nazirliyin sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status