"Kontinental şelfdə yerləşən stasionar platformaların təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında" Protokola qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1988-ci il martın 10-da Roma şəhərində imzalanmış "Kontinental şelfdə yerləşən stasionar platformaların təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında" Protokola qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 dekabr 2003-cü il
№ 549-IIQ
Kontinental şelfdə yerləşən stasionar platformaların təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında
PROTOKOL
Bu Protokolun iştirakçısı olan dövlətlər,
"Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında Konvensiya"nın iştirakçısı olaraq,
Konvensiyanın işlənib hazırlandığı səbəblərin kontinental şelfdə yerləşən stasionar platformalarla da əlaqəli olduğunu etiraf edərək,
həmin Konvensiyanın müddəalarına diqqət yetirərək,
bu Protokolla tənzimlənməyən məsələlərin ümumi beynəlxalq hüquq normaları və prinsipləri ilə tənzimlənməsinin davam etdirildiyini təsdiq edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
1. "Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında Konvensiya"nın (bundan sonra - "Konvensiya") 5-ci, 7-ci maddələrinin və 10-16-cı maddələrinin qaydaları, bu Protokolun 2-ci maddəsində qeyd olunmuş cinayətlər kontinental şelfdə yerləşən stasionar platformaların göyərtəsində yaxud onlara qarşı törədildikdə, həmin cinayətlərə də mutatis mutandis tətbiq edilir.
2. Bu Protokolun 1-ci bəndə müvafiq surətdə tətbiq edilməməsi hallarının təsbit olunmasına baxmayaraq, cinayətkar və ya güman edilən cinayətkar daxili sularında yaxud dənizinin ərazisində stasionar platformanın yerləşdiyi dövlətin deyil, başqa iştirakçı dövlətin ərazisində olarsa, bu Protokol tətbiq ediləcək.
3. Bu Protokolun məqsədləri üçün "stasionar platforma" anlayışı süni adanı, ehtiyatların kəşfiyyatı, istismarı və ya digər iqtisadi məqsədlərdən ötrü dənizin dibində daimi bərkidilmiş qurğunu və ya mexanizmi bildirir.
Maddə 2
1. Əgər hər hansı şəxs qeyri-qanuni və qəsdən aşağıdakı əməllərdən hər hansı birini törədərsə, bu zaman o, cinayət törətmiş olur:
a) stasionar platformanı zəbt etmək yaxud zorla, hədə və ya hər hansı digər qorxutma yolu ilə ona nəzarəti ələ almaq; yaxud
b) stasionar platformadakı şəxsə qarşı həmin stasionar platformanın təhlükəsizliyinə təhdid ola biləcək zorakılıq aktı törətmək; və ya
c) stasionar platformanı məhv etmək yaxud həmin platformanın təhlükəsizliyinə təhdid ola biləcək hərəkət etmək - stasionar platformaya zərər vurmaq; yaxud
d) stasionar platformanı dağıda biləcək və ya onun təhlükəsizliyi üçün təhdid ola biləcək qurğu və ya maddəni hər hansı bir üsulla stasionar platformada yerləşdirmək və ya bu məqsədlə müəyyən hərəkətləri etmək;
e) "a" - "d" yarımbəndlərində qeyd edilmiş cinayətlərdən hər hansı birini törətməklə yaxud törətməyə cəhd göstərməklə, istənilən şəxsə xəsarət yetirmək və ya onu öldürmək.
2. Əgər hər hansı şəxs aşağıdakı əməllərdən hər hansı birini törədərsə, bu zaman o, eynilə cinayət törətmiş olur:
a) 1-ci bənddə qeyd olunmuş cinayətlərdən hər hansı birini törətməyə cəhd etmək; yaxud
b) istənilən şəxs tərəfindən törədilən belə cinayətlərdən hər hansı birinin törədilməsinə təhrik etmək yaxud belə cinayəti törədən şəxslə başqa şəkildə əlbir olmaq; və ya
c) fiziki və ya hüquqi şəxsi şərtlə yaxud milli qanunvericilikdə nəzərdə tutulduğu kimi, şərtsiz hər hansı hərəkət etməyə və ya ondan imtina etməyə məcbur etmək məqsədi ilə 1-ci bəndin "b" və "e" yarımbəndlərində qeyd olunmuş cinayətlərdən stasionar platformanın təhlükəsizliyinə qorxu yarada bilən hər hansı birini törətməklə hədələmək.
Maddə 3
1. Hər bir iştirakçı dövlət cinayətin aşağıdakı tərzdə törədildiyi təqdirdə, 2-ci maddədə qeyd olunan cinayətlərlə əlaqədar öz yurisdiksiyasını müəyyənləşdirmək üçün zəruri ola bilən tədbirləri görür:
a) stasionar platforma bu dövlətin kontinental şelfində olduqda, cinayət həmin platformaya qarşı və ya onun göyərtəsində törədildikdə; yaxud
b) həmin dövlətin vətəndaşı tərəfindən törədildikdə.
2. İştirakçı dövlət aşağıdakı hallarda da hər hansı belə cinayətlə əlaqədar öz yurisdiksiyasını müəyyənləşdirə bilər:
a) o, adətən həmin dövlətdə yaşayan, vətəndaşlığı olmayan şəxs tərəfindən törədildikdə; yaxud
b) onun törədildiyi vaxt həmin dövlətin vətəndaşı tutulduqda, hədəyə məraz qaldıqda, yaralandıqda, yaxud öldürüldükdə; və ya
c) o, həmin dövləti hər hansı hərəkəti törətməyə yaxud ondan imtina etməyə məcbur etmək cəhdi ilə törədildikdə.
3. 2-ci bənddə qeyd olunmuş yurisdiksiyasını müəyyənləşdirən hər hansı iştirakçı dövlət Beynəlxalq Dənizçilik Təşkilatının Baş katibinə (bundan sonra - "Baş katib") bu barədə xəbər verir. Əgər həmin iştirakçı dövlət sonralar belə yurisdiksiyadan imtina edərsə, o, Baş katibi bu barədə məlumatlandırır.
4. Güman edilən cinayətkar iştirakçı dövlətin ərazisində olduğu və sonuncu, cinayətkarı bu maddənin 1-ci və 2-ci bəndlərinə müvafiq surətdə öz yurisdiksiyasını müəyyənləşdirən iştirakçı dövlətlərdən hər hansı birinə vermədiyi hallarda, hər bir iştirakçı dövlət 2-ci maddədə qeyd edilmiş cinayətlərlə əlaqədar öz yurisdiksiyasını müəyyənləşdirmək üçün zəruri ola bilən tədbirləri görür.
5. Bu Protokol milli qanunvericiliyə müvafiq surətdə həyata keçirilən hər hansı bir cinayət yurisdiksiyasını istisna etmir.
Maddə 4
Bu Protokolda heç nə kontinental şelfdə yerləşən stasionar platformaya aid olan beynəlxalq hüquq normalarına hər hansı şəkildə toxunmur.
Maddə 5
1. Bu Protokol Konvensiyanı imzalamış istənilən dövlət tərəfindən 1988-ci il martın 10-da Romada və 1988-ci il martın 14-dən 1989-cu il martın 9-dək Beynəlxalq Dənizçilik Təşkilatının (bundan sonra - "Təşkilat") qərargah mənzilində imzalanmaq üçün açıqdır.
2. Dövlətlər bu Protokolun onlar üçün məcburiliyinə razılığını aşağıdakı yolla ifadə edə bilərlər:
a) ratifikasiya, qəbul edilmə və ya təsdiq olunmaya dair qeyd-şərtsiz imzalama; yaxud
b) sonradan ratifikasiya, qəbul, yaxud təsdiq etməklə, ratifikasiya, qəbul və ya təsdiq etməyə dair qeyd-şərt etməklə imzalama; və ya
c) qoşulma.
3. Ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma müvafiq sənədin Baş katibə saxlanca verilməsi yolu ilə həyata keçirilir.
4. Yalnız Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq etməyə dair qeyd-şərtsiz imzalamış yaxud Konvensiyanı ratifikasiya, qəbul, təsdiq etmiş və ya ona qoşulmuş dövlətlər bu Protokolun iştirakçısı ola bilərlər.
Maddə 6
1. Bu Protokol üç dövlətin ya ratifikasiya, qəbul və ya təsdiq edilməyə dair qeyd-şərtsiz imzaladığı, ya da ratifikasiya, qəbul, təsdiq etmə yaxud qoşulma haqqında müvafiq sənədlərin saxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir. Lakin Konvensiya qüvvəyə minməyənə qədər bu Protokol qüvvəyə minmir.
2. Bu Protokolun ratifikasiyası, qəbul olunması və ya təsdiq edilməsi yaxud Protokolun qüvvəyə minməsindən ötrü zəruri olan şərtlər yerinə yetirildikdən sonra ona qoşulmaq haqqında sənədi saxlanca verən dövlətlərə münasibətdə ratifikasiya, qəbul, təsdiq etmə yaxud qoşulma müvafiq sənədlər saxlanca verildikdən doxsan gün sonra qüvvəyə minir.
Maddə 7
1. Bu Protokol hər hansı iştirakçı dövlət tərəfindən bu Protokolun həmin dövlət üçün qüvvəyə mindiyi tarixdən bir il keçdikdən sonra istənilən vaxt denonsasiya edilə bilər.
2. Denonsasiya etmə bu barədə sənədin Baş katibə saxlanca verilməsi yolu ilə həyata keçirilir.
3. Denonsasiya bu barədə sənədin Baş katib tərəfindən alındığı bir il yaxud denonsasiya haqqında sənəddə qeyd oluna bilən daha uzun müddət keçdikdən sonra qüvvəyə minir.
4. İştirakçı dövlətin Konvensiyanı denonsasiya etməsinə iştirakçının bu Protokolu denonsasiya etməsi kimi baxılır.
Maddə 8
1. Təşkilat bu Protokola yenidən baxmaq və ya ona düzəlişlər etmək məqsədi ilə konfrans çağıra bilər.
2. Baş katib, hansı sayın çoxluq təşkil etməsindən asılı olaraq, iştirakçı dövlətlərin üçdə birinin yaxud beş iştirakçı dövlətin xahişi ilə Protokola yenidən baxmaq və ya ona düzəlişlər etmək məqsədi ilə bu Protokolun iştirakçısı olan dövlətlərin konfransını çağırır.
3. Bu Protokola düzəlişlərin qüvvəyə minməsi tarixindən sonra saxlanca verilmiş ratifikasiya, qəbul, təsdiq etmə yaxud qoşulma haqqında hər hansı sənəd düzəliş edilmiş Protokola aid olan sənəd kimi nəzərdon keçirilir.
Maddə 9
1. Bu Protokol Baş katibə saxlanca verilir.
2. Baş katib:
a) bu Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə, habelə Təşkilatın bütün üzvlərinə aşağıdakılar barədə məlumat verir:
I) Protokolun hər yeni imzalanması yaxud tarixləri göstərilməklə, ratifikasiya, qəbul, təsdiq etmə və ya qoşulma haqqında sənədin saxlanca verilməsi;
II) bu Protokolun qüvvəyə minməsi tarixi;
III) bu Protokolun denonsasiyası haqqında hər hansı sənədin alınması tarixi və denonsasiyanın qüvvəyə minməsi tarixi göstərilməklə, həmin sənədin saxlanca verilməsi;
IV) bu Protokola yaxud Konvensiyaya müvafiq surətdə verilən və bu Protokola aid olan hər hansı bəyanatın və ya bildirişin alınması;
b) bu Protokolun əsl mətninin təsdiqlənmiş surətlərini Protokolu imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə göndərir.
3. bu Protokol qüvvəyə mindikdən dərhal sonra onun əsl mətninin təsdiq olunmuş surəti Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq surətdə qeydiyyata alınmaq və dərc olunmaq üçün depozitari tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərilir.
Maddə 10
Bu Protokol ingilis, ərəb, ispan, çin, rus və fransız dillərində bir əsl nüsxədə tərtib edilmişdir və bütün mətnlər eyni qüvvəyə malikdir.
Aşağıda imza edən, öz hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş şəxslər bu Protokolu imzalamışlar.
Min doqquz yüz səksən səkkizinci il martın onunda Romada tərtib edilmişdir.