AKTIN NÖVÜ
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
QƏBUL EDİLDİYİ TARİX
30.07.2013
QEYDİYYAT NÖMRƏSİ
162Q
ADI
“Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.08.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201307300162
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.08.2013
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının Qərarı

Qəbul edildiyi tarix

30.07.2013

Qeydiyyat nömrəsi

162Q

Adı

“Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

08.08.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

330.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201307300162

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

07.08.2013

 

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci hissəsinin icrasını təmin etmək məqsədilə Komissiya

 

QƏRARA ALIR:

 

1. “Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq sektorunun müdiri Vüqar Əsgərov bu Qərarı 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin 2009-cu il 1 oktyabr tarixli 251 nömrəli Əmri ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları” ləğv edilsin.

4. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

Sədr                                                                                                                 Bəhram Xəlilov

 

 

Təsdiq edilmişdir:

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya

Sədr______________ Bəhram Xəlilov

Qərar № 162Q

30 iyul 2013-cü il

 

 

Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması

QAYDALARI

 

Ümumi müddəalar

 

1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və dövlət orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul məqsədi ilə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması qaydalarını müəyyən edir.

2. Test imtahanının (bundan sonra - imtahan) məqsədi dövlət qulluğuna qəbul edilmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada (bundan sonra – Komissiya) namizəd kimi qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra – namizədlər) dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərinin, Azərbaycan dili üzrə biliklərinin, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və informasiya texnologiyalarından istifadə üzrə biliklərinin, məntiqi düşünmə qabiliyyətinin yoxlanılmasıdır.

3. İmtahan qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.

 

İmtahanının təşkili və keçirilməsi ilə bağlı hüquqlar, vəzifələr və qadağalar

 

4. Dövlət qulluğuna qəbul məqsədi ilə elan edilmiş hər bir müsabiqədə imtahanı keçirmək üçün Komissiya tərəfindən imtahan heyəti və imtahan prosesində iştirak edən digər şəxslər müəyyən edilir. İmtahan heyəti dedikdə, test imtahanının təşkili və keçirilməsinə məsul olan imtahan rəhbəri, nəzarətçilər və administrator, imtahan prosesində iştirak edən digər şəxslər dedikdə, təhlükəsizliyi təmin edən şəxslər, müşahidəçilər, tibbi və texniki heyət nəzərdə tutulur.

5. İmtahanın təşkilinə və keçirilməsinə məsul olan imtahan heyəti və imtahan prosesində iştirak edən digər şəxslərin vəzifələri və onlar barədə qadağalar aşağıda göstərilən qaydada müəyyən edilir.

6. İmtahan rəhbərinin vəzifələri aşağıdakılardır:

6.1. imtahanın keçirilməsini təşkil etmək;

6.2. imtahan zamanı imtahanın keçirilməsi ilə bağlı yaranmış problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görmək;

6.3. nəzarətçilərin və administratorun bu Qaydalar haqqında məlumatlandırmasını və onların qaydalara riayət etməsini təmin etmək;

6.4. nəzarətçilər, administrator və digər şəxslər bu Qaydalara riayət etmədiyi halda onların imtahanın təşkili və keçirilməsi prosesindən kənarlaşdırılması haqqında qərar qəbul etmək və onların başqa şəxslərlə əvəz edilməsi ilə bağlı Komissiyanın rəhbərliyinə müraciət etmək;

6.5. namizəd bu Qaydalara riayət etmədiyi halda törədilmiş pozuntuya uyğun olaraq onun xəbərdarlıq edildikdən sonra və ya birbaşa imtahan zalından kənarlaşdırılması haqqında qərar qəbul etmək;

6.6. imtahanın keçirilməsinə mane olan hallar olduqda təhlükəsizliyi təmin edən şəxsləri imtahan zalına dəvət etmək;

6.7. fövqəladə hallarda müvafiq qərar qəbul etmək;

6.8. imtahan heyətinin qeydlərinin imtahan protokoluna daxil edilməsini və müşahidəçilərin qeyd və təkliflərinin protokola əlavə edilməsini təmin etmək;

6.9. namizədlərin test tapşırıqları ilə əlaqədar texniki problemlərlə bağlı müvafiq qeydlərinin imtahan protokoluna daxil edilməsini təmin etmək;

6.10. imtahanın nəticəsi ilə bağlı apellyasiya şikayətinə baxılması üçün müvafiq məlumatları apellyasiya komissiyasına vermək.

7. Nəzarətçilərin vəzifələri aşağıdakılardır:

7.1. namizədlərin şəxsiyyətini təsdiq edən sənədi yoxlamaq, onların qeydiyyatdan keçməsini təmin edərək, imtahan zalında yerləşdirmək;

7.2. namizədləri bu Qaydalar, onların hüquq və vəzifələri, müəyyən edilmiş qadağalar haqqında məlumatlandırmaq;

7.3. namizədlər, administrator və digər şəxslər tərəfindən bu Qaydalara riayət edilməsinə nəzarəti həyata keçirmək;

7.4. namizədlər, administrator və digər şəxslər tərəfindən bu Qaydalar pozulduğu halda imtahan rəhbərinə məlumat vermək;

7.5. imtahanın keçirilməsinə mane olan hallar olduqda təhlükəsizliyi təmin edən şəxsləri imtahan zalına dəvət etmək (imtahan rəhbəri imtahan zalında olmadıqda);

7.6. imtahan rəhbəri tərəfindən bu Qaydalar pozulduğu halda Komissiyanın rəhbərliyinə məlumat vermək;

7.7. Bu Qaydalarda nəzərdə tutulmuş hallarda imtahan rəhbərinin vəzifələrini yerinə yetirmək və onun barəsində müəyyən edilmiş qadağalara riayət etmək;

7.8. namizədin imtahanı başa çatdırdıqdan sonra digər namizədlərə mane olmadan imtahan zalını tərk etməsini təmin etmək;

7.9. fövqəladə hallarda imtahan rəhbərinə məlumat vermək və bu halların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

7.10. imtahan protokolunun tərtibində iştirak etmək və müvafiq qeydlər olduğu halda həmin qeydləri imtahan protokoluna daxil edilməsi üçün təqdim etmək;

7.11. imtahan rəhbərinin göstərişlərini yerinə yetirmək.

8. Administratorun vəzifələri aşağıdakılardır:

8.1. imtahanın keçirilməsi üçün nəzərdə tutulmuş proqram təminatının işini təmin etmək;

8.2. imtahan zamanı informasiya təhlükəsizliyini təmin etmək;

8.3. texniki səbəblərdən imtahanın davam etdirilməsi mümkün olmadığı hallarda imtahan rəhbərinə məlumat vermək;

8.4. imtahanın keçirilməsi üçün nəzərdə tutulmuş proqram təminatında yaranmış problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər görmək, zərurət olduqda əlavə mütəxəssisin (mütəxəssislərin) cəlb edilməsi barədə imtahan rəhbərinə müraciət etmək;

8.5. proqram təminatı əsasında imtahanın nəticəsinə dair namizədlərin arayışlarının çap edilməsini təmin etmək;

8.6. imtahan protokolunun tərtibində iştirak etmək, müvafiq qeydlər olduğu halda həmin qeydləri imtahan protokoluna daxil edilməsi üçün təqdim etmək və protokolun çap edilməsini təmin etmək;

8.7 imtahanın nəticəsi ilə bağlı apellyasiya şikayətinə baxılması üçün müvafiq məlumatları apellyasiya komissiyasına vermək;

8.8. imtahan rəhbərinin və nəzarətçilərin göstərişlərini yerinə yetirmək.

9. Təhlükəsizliyi təmin edən şəxslərin vəzifələri aşağıdakılardır:

9.1. imtahanın keçirilməsi zamanı təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirləri görmək;

9.2. imtahan rəhbərindən, namizədlərdən, nəzarətçilərdən, administratordan və digər şəxslərdən qadağan edilmiş vasitələri təhvil almaq;

9.3. qadağan edilmiş vasitələri təhvil vermədiyi halda namizədləri, nəzarətçiləri, administratoru və digər şəxsləri imtahan zalına buraxmamaq;

9.4. imtahan zalına daxil olmaq üçün gözləyən namizədlərin sakitçiliyə riayət etməsini təmin etmək;

9.5. namizədlərin imtahan zalına növbə ilə buraxılmasını təmin etmək;

9.6. imtahan rəhbərinin və nəzarətçilərin dəvəti ilə imtahan zalına gəlmək, zərurət olduqda bu Qaydaları pozan namizədlərin, nəzarətçilərin, administratorun və digər şəxslərin imtahan zalını tərk etməsini təmin etmək;

9.7. bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla imtahan zalını tərk etmiş namizədin imtahan zalına qayıtmasına yol verməmək;

9.8. imtahan rəhbərinin və nəzarətçilərin göstərişlərini yerinə yetirmək.

10 Müşahidəçilərin vəzifələri aşağıdakılardır:

10.1. bu Qaydalar pozulduğu halda müvafiq olaraq imtahan rəhbərinə və ya nəzarətçilərə məlumat vermək;

10.2. imtahan rəhbərinin və nəzarətçilərin göstərişlərini yerinə yetirmək;

10.3. müşahidəçi vərəqinə müvafiq qeydlərini daxil etmək;

10.4. imtahanın nəticəsi ilə bağlı apellyasiya şikayətinə baxılması üçün müvafiq məlumatları apellyasiya komissiyasına vermək.

11. Tibbi heyətin vəzifələri aşağıdakılardır:

11.1. namizədlərin, imtahan heyətinin və digər şəxslərin səhhəti ilə bağlı problemlər olduqda müvafiq olaraq imtahan rəhbərinin və ya nəzarətçilərin dəvəti ilə imtahan zalına gəlmək və həmin şəxslərin səhhətinin yaxşılaşdırılması üçün tədbirlər görmək;

11.2. imtahan rəhbərinin və nəzarətçilərin göstərişlərini yerinə yetirmək.

12. Texniki heyətin vəzifələri aşağıdakılardır:

12.1. imtahanın keçirilməsi ilə bağlı texniki problemlər olduqda müvafiq olaraq imtahan rəhbərinin və ya nəzarətçilərin dəvəti ilə imtahan zalına gəlmək və yaranmış problemlərin həll edilməsi üçün zəruri tədbirlər görmək;

12.2. imtahan rəhbərinin və nəzarətçilərin göstərişlərini yerinə yetirmək.

13. İmtahan rəhbərinə, nəzarətçilərə və administratorla bağlı qadağalar aşağıdakılardır:

13.1. Komissiya tərəfindən imtahan zalına gətirilməsi qadağan edilmiş vasitələri imtahan zalına keçirmək;

13.2. imtahan prosesində imtahan zalını tərk etmək (imtahan rəhbəri istisna olmaqla);

13.3. namizədlərə mane olmaq və ya kömək etmək;

13.4 namizədlərin bir-birinə kömək etməsinə şərait yaratmaq;

13.5. imtahanın keçirilməsinə mane olan digər hərəkətləri etmək.

14 Təhlükəsizliyi təmin edən şəxslərə, müşahidəçilərə, tibbi və texniki heyəti ilə bağlı qadağalar aşağıdakılardır:

14.1. qadağan edilmiş vasitələri imtahan zalına keçirmək;

14.2. namizədlərə mane olmaq və ya kömək etmək;

14.3. imtahanın keçirilməsinə mane olan digər hərəkətləri etmək.

15. İmtahanda iştirak edən namizədin hüquq və vəzifələri, həmçinin namizədə dair qadağalar aşağıda göstərilən qaydada müəyyən edilir.

16. Namizədin hüquqları aşağıdakılardır:

16.1. nəzarətçilərdən imtahanın keçirilməsi ilə əlaqədar bu Qaydalarla bağlı müvafiq aydınlıq gətirilməsini tələb etmək;

16.2. imtahan testinə daxil olan test tapşırıqlarını istənilən ardıcıllıqla cavablandırmaq;

16.3. imtahan zamanı yaranmış, habelə test tapşırıqları ilə bağlı texniki problemlərin aradan qaldırılmasını tələb etmək;

16.4. namizədlər, nəzarətçilər, administrator və imtahan prosesində iştirak edən digər şəxslər tərəfindən bu Qaydalar pozulduğu halda imtahan rəhbərinə müraciət etmək;

16.5. imtahan rəhbəri tərəfindən bu Qaydalar pozulduğu halda Komissiyanın rəhbərliyinə məlumat vermək;

16.6. imtahanın nəticəsinə dair arayış almaq.

17. Namizədin vəzifələri aşağıdakılardır:

17.1. şəxsiyyətini təsdiq edən sənədi nəzarətçiyə təqdim etməklə qeydiyyatdan keçmək və imtahan zalında müəyyən edilmiş yerdə oturmaq;

17.2. imtahan zalında sakitliyə riayət etmək;

17.3. imtahanı müəyyən edilmiş vaxtdan tez başa çatdırdıqda imtahan zalını tərk etmək;

17.4. imtahan heyətinin imtahanın keçirilməsi ilə əlaqədar tələblərini yerinə yetirmək;

17.5. bu Qaydalara riayət etmək.

18. Namizədə aşağıdakılar qadağandır:

18.1. Komissiya tərəfindən imtahan zalına gətirilməsi qadağan edilmiş, imtahan testinin cavablandırılması üçün istifadə edilə biləcək və ya imtahanın gedişinə mane ola biləcək vasitələri imtahan zalına keçirmək;

18.2. bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla imtahan testi ona təqdim edildikdən sonra imtahan zalını tərk edərsə, imtahan zalına qayıtmaq;

18.3. digər namizədə kömək etmək və ya onun köməyindən istifadə etmək;

18.4. imtahan prosesinə mane olan hərəkətlərə (danışmaq, imtahan zalında gəzmək və s.) yol vermək;

18.5. imtahan rəhbərinin icazəsi olmadan imtahan zamanı zalda yerini dəyişmək;

18.6. digər namizədin imtahan testinə baxmaq və ya namizədlərin onun imtahan testinə baxmasına şərait yaratmaq.

19. İmtahanın keçirildiyi müddətdə müəyyən edilmiş qaydalara riayət etməyən namizədlər imtahan zalından kənarlaşdırılır və onların imtahanda əldə etdiyi nəticələr ləğv edilir.

 

İmtahanının təşkili və keçirilməsi

 

20. İmtahanın keçirilmə yeri və tarixi Komissiya tərəfindən müəyyən edilir və imtahanın keçirilməsinə azı 5 gün qalmış bu barədə Komissiyanın rəsmi internet saytında məlumat verilir.

21. İmtahan informasiya təhlükəsizliyinə riayət edilmək şərti ilə xüsusi proqram təminatı vasitəsi ilə keçirilir.

22. İmtahanda namizəd şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə qeydiyyatdan keçir və imtahan zalında müəyyən edilmiş qaydada yerləşdirilir.

23. Namizədlərin imtahan zalında yerləşdirilməsi prosesi başa çatdıqdan sonra onlar imtahan heyəti tərəfindən bu Qaydalar, namizədlərin hüquq və vəzifələri, müəyyən edilmiş qadağalar haqqında məlumatlandırılır.

24. İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının (bundan sonra - imtahan testinin) yerinə yetirilməsi nəzərdə tutulur.

25. İmtahan testi aşağıdakı test bloklarından ibarət olur:

25.1. dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklərin və Azərbaycan dili üzrə biliklərin yoxlanılması üçün 15 test tapşırığından ibarət test bloku;

25.2. qanunvericilik üzrə biliklərin yoxlanılması üçün 40 test tapşırığından ibarət test bloku;

25.3. informasiya texnologiyalarından istifadə üzrə biliklərin yoxlanılması üçün 15 test tapşırığından ibarət test bloku;

25.4. məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün 30 test tapşırığından ibarət test bloku.

26. Namizədlərə imtahan testinin yerinə yetirilməsi üçün 2 saat 30 dəqiqə vaxt ayrılır. Ayrılmış vaxt qurtardıqda imtahan başa çatmış hesab edilir. Namizəd imtahanı müəyyən edilmiş vaxtdan tez başa çatdıra bilər və bu zaman başa çatdırılmış imtahanın yenidən davam etdirilməsinə yol verilmir.

27. Texniki və digər səbəblərdən imtahanın davam etdirilməsi mümkün olmadıqda Komissiya tərəfindən müəyyən edilmiş vaxtda imtahan yenidən keçirilir.

28. Komissiya tərəfindən namizədə imtahanın nəticəsinə dair arayış verilir. Arayışda namizəd, onun iddia etdiyi vakant vəzifə, səhv və düzgün yerinə yetirilmiş test tapşırıqları haqqında məlumat, test imtahanından toplanmış yekun bal və nəticə göstərilir.

 

Qiymətləndirilmənin aparılması

 

29. İmtahanda namizədə təqdim edilən test tapşırıqlarına verilmiş hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

30. İnzibati vəzifələrin beşinci təsnifatına uyğun olan vəzifələr üzrə təqdim olunan 100 test tapşırığından ibarət imtahan testinin azı 75 faizini düzgün cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

31. İnzibati vəzifələrin altıncı və yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə təqdim olunan 100 test tapşırığından ibarət imtahan testinin azı 70 faizini düzgün cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

32. İnzibati vəzifələrin beşinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün müəyyən edilmiş tələblərə cavab verən namizəd vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak edə bilər.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 mart 2017-ci il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201703100086, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 mart 2017-ci il tarixli 86 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201703100086, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 mart 2017-ci il) ilə “Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 30 iyul tarixli 162Q nömrəli qərarı ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status